Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:19

Ülgüc kimi iti kağız...


Azad Qaradərəli
Azad Qaradərəli

-

Görəsən, mən sənin həyatında neçənci kişiydim, Rəmziyyə?

Bu divanda gah altımda balıq kimi çabalayan, gah da üstümə çıxıb məni at kimi çapan sən deyildinmi? İndi nə oldu, müstəntiqin yanında həyalı gəlin oldun?..

Azad Qaradərəli

BIR VƏRƏQ AĞ KAĞIZ

(hekayə)

Masanın üstündəki bir dəst ağ kağıza baxdı: ağappaq, şax-şax şaqqıldayan, ülgüc kimi iti kənarları ilə adamın əlini doğrayan, parlaqlığı ilə gözün nurunu aparan bu kağızlar onu gözləyirdi.

“Ülgüc kimi iti kənarları ilə adamın əlini doğrayan” sözünü elə belə demədim. Neçə dəfə olmuşdu ki, kağız bağlamasından çıxaranda bu ağappaq, şax vərəqlər onun ipək kimi yumşaq barmaqlarının uclarını yaralamışdı.

Hətta yalan-gerçək danışırdılar ki, bir zamanlar filosof Heydər Hüseynov da bağ evində damarlarını almazla deyil, bu ağappaq, şax kağızlarla doğramışdı...

(Heç yadından çıxmaz. Bir dəfə sevimli avtoqələmini mürəkkəblə doldurandan sonra əyləşib idarə sənədlərini qarşısındakı ağ vərəqlərə yazmağa başladı. Adətən, o öz iş otağında işləyəndə qapı bağlı olardı. Bu dəfə unutmuş, açıq qoymuşdu. Yaşı səksəni adlasa da, çox gümrah qalan nənəsi əli qoynunda onun başının üstündə durub ağı deyirmiş kimi səssizcə yığır-yığır yırğalanır, dodağının altında ozalanırdı. Arvada baxıb gülümsündü və nənəsinin bu görkəmindən şübhələnərək soruşdu:”Nə var, ay arvad, niyə belə eləyirsən?”

Nənəsi əlini onun sol tərəfində qalaqlanmış bir dəstə ağ kağıza uzadaraq demişdi:”O kağızlardan qorxuram, bala, bir gecənin içində bizim evdə hökümət adamları həmən ağ kağızlara nələrisə yazdılar, hərf tanımayan babana barmaq basdırdılar, səhəri kəndimizin say-seçmə oğullarını tutub apardılar. Bir daş bir gölə düşdülər elə bil. O gedən oldular... İndi ağ kağız görəndə içim qan ağlayır. Dayımı da o kağızlar tutdurdu, əmimi də... O kağızlar çox baş kəsib, bala...”

Arvad danışa-danışa qapıdan çıxmışdı.)

Bu idarədə yeganə adam idi ki, əllə, içinə mürəkkəb yığdığı avtoqələmlə yazırdı – özü də kirillə. Ona görə yox ki, kompüterdə işləyə bilmirdi, ona görə ki, o, əllə yazmağın sehrindən çıxa bilmirdi. Elə bilirdi ki, əllə yazmasa, onun yazısının sehri sınacaq, mənası itəcək. Axı bu idarədə onun qara qaşına, qara gözünə aşiq deyildilər ki – məhz o ciddi, sərt yazı tərzinə, dəyişməz üslubuna və bir də qənirsiz redəktəsinə görə başına and içirdilər. Sədrdən tutmuş mühasibəcən hamı Yelmar müəllimlə hesablaşırdı. Elə bu idarə yaranandan – düz 18 il idi - həmin üç adam: sədr, Yelmar müəllim və mühasib Əşrəf kişi burda idilər. Özü də bir-birinin tikəsi boğazlarından ötürdü.

Yaxşı yadındadr. Bir gün (onda idarə təzə-təzə formalaşırdı) sədr onu və Əşrəf kişini çağırıb üzüntülü bir səslə dedi: “Yelmar müəllim, mən bura yalnız sənə görə gəlmişəm. Səni bir eloğlu kimi bura işə düzəldəndə, dəqiq bilmirdim ki, bir zaman bir yerdə işləyəcəyik. Yaxşı bilirsən, mən bu yaşımacan bir çox vəzifələrdə olmuşam. Komsomoldan tutmuş, o boyda ERSU-nun rəisliyinəcən. (Yeganə qadın idi ki, o vaxt təmir-tikinti idarəsinin başçısı idi – Yelmar müəllimin yazar dostu) Hər işin də azadan-çoxdan öhdəsindən gəlmişəm. Nə bir töhmətim, nə bir vıqovorum var... Tərcümeyi-halım gül kimidir. Papa rəhmətlik biləndə ki, səninlə bir yerdə işləyəcəyik, çox sevinmişdi. Deyirdi, hə, zatlı-köklü adamdır Yelmar, həm də savadlı və gözütox. Bir-iki dəfə görməynən sənə qiymət vermişdi kişi... Nəysə, sözüm onda deyil... Bilirsiniz ki, idarəmizin statusunda dəyişiklik olur: yeni yaranan şirkət 51+49-dur, yəni 51 faiz QSC - Qapalı Səhmdar Cəmiyyət, 49 faiz dövlət məsuliyyəti... Özün bilirsən ki, bu faiz-filan oyundur, burda hər şey dövlətə tabedir... Mən işdən qorxan adam deyiləm, amma qorxum ayrı şeydəndir: idarə pristijlidir, gözdə-nəzərdə olandır, amma göndərilən yeni işçilərilə yüngülvari sobesedivaniye keçirdik səninlə... Özün gördün ki! Noldurlar. Mən bu boyda strukturu o sıfır səviyyəli komanda ilə necə idarə edəcəm? Gündə yüz məktub daxil olacaq, yüzü də çıxacaq burdan. Kim edəcək bunları? İstəyirəm gedəm şefin yanına, xahiş edəm ki, məni elə bu şirkətdəcə bir aşağı işə keçirsin, lap elə şöbə müdiri... ”

Araya dərin bir sükut çökmüşdü. Yelmar müəllim gözlüyünün iri şüşələrinin altından sədri diqqətlə süzmüş, onun doğrudan sarısını udduğunu görüb demişdi: “Olmaz, Solmaz xanım. Bilmirsiniz, O belə şeyləri bağışlamır? Onun dəftərində yox kəlməsi olmayıb heç vaxt... Qorxulu adamdır O... Özünüzə yazığınız gəlsin. Bir təhər yola verərik. Mən gecə-gündüz çalışaram, əlimdən gələni edərəm ki, üzünüzə söz gəlməsin. Təzələr də öyrənəcəklər. Rusca, ingiliscə təmiz bilirlər. Qalır öz dilimiz, bunu da öyrənərlər... Yadınızdadır, özünüz bura gələndə dilimizdə vurğuların hamısını səhv vururdunuz. Amma indi maşallah, məndən yaxşı danışırsınız... Bunlar da cavandırlar, dili də öyrənəcəklər, işi də.”

Mühasib Əşrəf ifadəsiz baxışlarını sədrə dikib başını tərpətmişdi, yəni ki, Yelmar düz deyir, biz sənə necə lazımdır, kömək edərik.

Sədrin gözləri parıldamışdı. Gəlib onun əlini ikiəlli sıxıb demişdi: “Belə danışırıq: mən göstəriş verəcəyəm ki, siz baxmadan bir kağız da buradan çıxmasın. Qazancınızın da layiqli olmasına yüz faiz zəmanət verirəm.”

Üç ayda bir dəfə maaş qədərində mükafat alırdı, üstəlik, hər bayramda sədr zərfdə ona 200, bəzən 300 dollar həcmində əlavə pul da verirdi. Bir sözlə, Yelmar müəllimin maddi vəziyyəti tamam düzəlmişdi.

Hələ orasını da deyim ki, idarə yavaş-yavaş özünə gələndən, sədr oturuşandan sonra evdar qadın olan arvadının adına əmək kitabçası açılmış, şirkətin elektrik işi onun adına sənədləşdirilmişdi. Düzdür, o buna etiraz etmiş, hətta sədrə açıqca demişdi ki, bu dövlətin cibinə girməkdir, mən bunu edə bilmərəm, amma sədr xanım barmağını ona tuşlayıb bir növ onu hədələmişdi:

-Sən, Yelmar müəllim, bir şeyi unutma, bu idarə idarə olunca, yer yerdən ayrılıb, mən hər gecə qol çəkdiyim sənədlərə görə allaha yalvarırdım ki, aşibkam olmasın... Mən özüm də işi bilmirdim axı... Maşallah, sənin hesabına bu idarə dövlətin gözündə idarəyə çevrildi. Sənə nə eləsəm, azdır... Amma gərək bir şeyi də unutmayasan: mən sənə güvəndiyim kimi, sən də mənə güvənməlisən. Başqa idarə rəhbərləri o elektrik ştatı kimi elə-belə ştatları başqa-başqa adamların adına sənədləşdirir, ciblərinə qoyurlar, kak myortvıye duşi. Qonşu idarə rəisləri mənə də təklif elədilər ki, onların yerişin yeriyim, dedim, pah, padumaeş! Mən belə şey eliyərəmmi? Özün də bilirsən ki, eləmərəm. Ni v koyemsluçaye!.. Amma sənə halaldır... Onsuz da bu binada bir nəfər var ki, hər idarənin rəisi ona ayda 20-30 manat verir, o da işıq, telefon mantyorluğu kimi işləri görür... Daha mən ayrıca elektriki neynirəm axı?.. Tak şto, sən belə şeylərdən abijinni olma, bunu mən eləmişəm, mən də cavab verəcəyəm...

Daha etiraza yer qalmırdı. Bu söhbətdən sonra hər ayın sonunda Yelmar müəllim arvadının da əvəzindən maaş cədvəlinə qol çəkir, 160 manat pulu alıb evə gətirirdi. Lap son vaxtlarda par-par parıldayan plastik kart vermişdilər maaş almaq üçün. O da kartı gətirib arvadına vermiş və bir az da forsla demişdi: “Buyur, mantyor xanım!” (Amma burası da vardı ki, kişinin elektrikdən nəinki başı çıxmırdı, cin dəmirdən qorxan kimi ondan qorxurdu. Həmişə deyirdi ki, iki şeydən qorxmayana lənət: ilan, elektrik. Ona görə əvvəl əl-ayağa düşmüş, etiraz etmək istəmişdi...)

***

İdarə yarandığı gündən bu yana çox çətinliklərlə üzləşmişdilər. Hətta ilk illərdə elə olurdu, iki-üç ayla maaş ala bilmirdilər. Amma dözdülər. Çətinliklər arxada qaldı. Deyilənə görə, indi idarədə elə şöbə müdiri vardı ki, günə min, bəzən iki min qazanırdı. Əlbəttə, bunun hamısı ona qalmırdı, sədrə, müavinlərə də verməli olurdu. Burada əsasən iş xaricilərlə aparılırdı. Övladlığa götürmə, övladlıqdan xaric etmə, xarici vətəndaşla nigah, boşanma, vərəsəlik məsələləri və sair. Sözsüz ki, onlar bu işin yalnız ilkin hissələrini hazırlayır, ölkə qanunlarına uyğunlaşdırırdılar. Qalan məsələləri qeydiyyat idarələrinə, məhkəmələrə, polis və icra orqanlarına tövsif edirdilər. Aydındır ki, bu tövsiflər həm əsaslandırdığına görə, həm də idarənin və sədr Solmaz xanımın nüfuzuna rəğmən geri qayıtmırdı. Bir iş də var ki, idarənin bütün bu əməliyyatlarına son dəmdə Yelmar müəllim baxır və qol çəkirdi. Yalnız bundan sonra sədr ötəri baxır, qollayırdı.

(Axı iş sahibləri də əllərini əllərinin üstünə qoyub oturmurdular. O biri, əsas instansiyalaracan gedir, oralarda da pul xərcləyir, işlərini həll edirdilər. Ona görə də burada görülən işlər təmiz həll olunurdu. Çox az hallarda kimlərsə gəlib işlərinin son anda düzəlmədiyini deyir, sakitcə verdiklərini alıb gedirdilər.)

Günlərin birində əvvəllər hansı rayondasa icra başçısı işləmiş sədrin birinci müavini Gülfəm xanım Yelmar müəllimlə öz kabinetində çox mübhəm bir söhbət eləmişdi. (Sədr onda Əlcəzairdə işgüzar görüşdəydi.) Dağdan-bağdan danışmış, Yelmar müəllimin müavinçün hansısa tədbirdə edəcəyi çıxışın hazırlanmış variantını (Yelmar müəllim sədrin və müavinlərin çıxış və məruzələrini də hazırlayırdı) oxuyub müzakirə etmiş, sonra məsələni gətirmişdi onun baxdığı və qol çəkdiyi sənədlərin üstünə və demişdi:

-Yelmarciyim, (o dilini şirin eləməkçün özünü əzdirir-büzdürür, idarənin işçilərinin gözünə girməyə çalışırdı, halbuki deyilənə görə, başçı olanda bir müdirin üstünə elə qışqırıb ki, kişi yerindəcə infark olub – Yelmar müəllimin yazıçı dostu) sən bilirsənmi ki, ya, necə bahalı sənədlərə imza atırsan? Məsələn elə bu sonuncu imzaladığın vərəsəlik məsələsi... Burada ata ölüb, əslində ölməyib, kiçik qızı tərəfindən zəhərlənib, yeganə qardaşı da dəlixanaya saldırılıb, uşaqları detdoma verilib, anaları da qorxudan qaçıb atası evinə sığınıb... işim onda deyil. Amma sən bu qadının, yəni bu cinayətkar qadının türkiyəli iş adamı ilə evlilik sənədlərini və vərəsəlik hüququnu təsbit edən sənədləri işləmisən, təsdiq etmisən və... hətta ali instansiyaya – məhkəməyə tövsif etmisən?.. Bunun qiymətini bilirmisən, Yelmarciyim? Baxışlarınnan bilirəm ki, bilmirsən... İyirmi mindir bunun qiyməti! Aparatın rəhbəri çağırıb iyirmi mini alıb, 200-300 manatını cibinə qoyub, qalanını da... Sənə nə oldu, Yelmarciyim, özünü pismi hiss edirsən?

(Bu Gülfəm xanım əslən Ermənistanın Yeravan şəhərindən idi və bununla həmişə fəxr etdiyini dilə gətirərdi. Və elə bu idarəyə gələndə də açıq-aydın işarə vurmuşdu ki, onun başçılıqdan sədr müavinliyinə gəlməsini panijeniye kimi yozub eləməsinlər, çünki o bura qabağa getməyə gəlib. Buna görə də hamı ilə açıq-saçıq danışmağıynan bir növ arxalı olduğunu, sədrdən çəkinmədiyini nümayiş etdirirdi.)

O, doğrudan da, özünü pis hiss edirdi.

O qədər də avam deyildi. Özü də çörəyi qulağına yemirdi. Anlayırdı ki, son illər idarədə çirkli maxinasiyalar gedir, oyunlar oynanılır. Amma bir şeydən təskinlik tapırdı: o bu oyunlardan uzaq idi. Yəni, haram yemirdi... Di gəl, bu Gülfəm xanımın danışıqlarından belə çıxırdı ki, dolayısıyla o da bu işdə iştirak edir. Yəni, sənədləşmə məsələlərinə sonda o qol çəkirdi axı. Sədr yalnız onun qoluna inanırdı.

Bu yaxınlarda 50 yaşı olanda sədrin təşəbbüsü ilə elə idarədəcə iclas keçirildi, Yelmarı o ki var təriflədilər. Hətta sədr çıxışında belə bir cümlə də işlətdi:”O bizim hər mənada dirəyimizdir.” Və gülə-gülə əlavə etdi ki, kənd yerlərində vaxtilə dam olarmış, damın ortasından dirək bitirərmişlər – o bunu atasından eşitdiyini vurğulamışdı – bax, Yelmar müəllim bizim damımızın – idarəmizin dirəyidir!

Sonra hamı əl çalmışdı və “Əməkdə fərqlənməyə görə” medalını təntənəylə onun döşünə taxan sədr gövrələrək demişdi:

-Biz bu idarəni üçümüz – Yelmar müəllim, buxalter Aşraf və mən qurmuşuq. Sizə bir sirr açım: mən sədrliyi qəbul etməkdən ehtiyatlanırdım. Mənə qorxma deyən bax bu Yelmar müəllim oldu. Təbrik edirəm, yüz yaşayın!

Sonra bir zamanlar şahmat üzrə Azərbaycan çempionu, qrossmeyster olmuş sədrin başqa bir müavini Şəhla xanım söz alıb çıxış etmiş, onu təbrik etmiş, axırda da dolamışdı:

...-bu Yelmar müəllimin adı ilan adı olsa da özü çox fağır və sakit adamdır. Mən bura ilk dəfə gələndə ağsaqqal kimi ondan xeyir-dua almışam. İlk sözü hələ də yadımdan çıxmayıb: qızım, çalış adamlarla dil tapasan, şahmatçılar sakit adam olsalar da, enerjiləri içlərinə yığılır, özlərini sonda ələ ala bilmirlər. Fişer yadındadı? Nə oyunlardan çıxırdı? Amma sən həm gözəlsən, həm də sakit. Mən də sakitəm. Adımın Yelmar olmağına baxma, özüm dünyada iki şeydən qorxmuşam: ilan və tok... Bir də qorxduğum şey var, rüşvətdir o! Özünü bu namərdliklərdən qoruya bilsən, dərdin olmaz...

Zalı qəh-qəhə sədaları bürümüşdü. İndi idarənin əməkdaşları açıq-aydın onu ələ salırdılar. Nə var ki daha? Onun sayəsində bütün sənədləşmələri öyrəndilər, bütün qoruq-qaytaqlardan keçə bildilər, hətta elə yerlərə çatdılar ki, daha Yelmarın əli oralar yetməz. İndi sədrin ona olan inamı və etimadı sadəcə bir refleks idi. Yəni, əslində daha idarədə ona elə bir ehtiyac qalmamışdı. Hər kəs öz işini saat kimi görürdü. Yalnız ən qorxulu anda, ən çətin məqamda ona üz tuturdular... Əslində o indi bu idarədə bir simvol kimi lazım idi. Bərk məqamda qabağa vermək üçün – qalxan kimi.

***

Kənddə məktəb direktoru işləyirdi. Cəmi 26 yaşı vardı. Necə deyərlər, onu zorla direktor qoymuşdular. Rəhmətlik maarif müdiri demişdi:”Yelmar, bala, adam vəzifəni nənəsinin qarnında öyrənmir ki. Sənin gözəl poçerkin var, yaxşı zehnin, iti qələmin və zəkan var. Bunlar vəzifə sahibi üçün mühüm şərtdir, amma gərək aşağıdan başlayasan ki, yuxarı çıxa biləsən. İşlə mənimçün, öyrən özünçün...”

Heç pis də işləmirdi. Düz bir ilin tamamında məktəbə bir müstəntiq gəldi. Çox cavan adam idi.( Bəlkə də təzə qurtarmışdı universiteti.) Oturdu kabinetdə və kobud tərzdə dedi:”Müəllim, sizdən şikayət var. Məktəbin idman müəllimini zorlamısınız.”

O eşitdiyinə inanmaq istəməmiş, müstəntiqdən dediyini bir də təkrar etməyi xahiş etmişdi. Cavan oğlan isə heç nə deməmiş, saymazyana qovluğundakı ağappaq bir vərəqi onun qabağına qoyub demişdi:”Oxuyun.”

O ağappaq vərəqi necə oxuyacağını soruşmaq istəyəndə vərəqin baş tərəfində solğun qələmlə iki cümlə yazıldığını görmüş, əyilib həmin cümlələri oxumuşdu:”Sizə bildirirəm ki, direktorumuz məni idman zalında cinsi istismara sövq etmişdir. İmza Alıyeva Rəmziyyə”

Və kağız-kuğuz məsələlərində rayonda qabağında bir kimsənin at oynada bilməyəcəyini bildiyi üçün çox inamla demişdi:

-Hansı idman zalında? Bizdə axı idman zalı yoxdur?

Müstəntiq əvvəl çaşmış, bir qədər düşündükdən sonra ağzını sürümüşdü:

-Nə fərqi varmış ki? İdman zalı olmasın, elə bu kabinet olsun! Bax, bu divanda eləmisiniz...

-Siz nə haqla mənə böhtan atırasınız?! Hələ kəndin adlı-sanlı nəslindən olan bir xanımı da ləkələyirsiniz! Mən sizdən şikayət edəcəyəm...

Son sözləri bir az inamsız səslənmişdi. Nədən ki, bu Rəmziyyə xanım o direktor olandan üç ay sonra dərs qurtarana yaxın onun kabinetinə gəlmiş və otağını yığışdırmağı təklif etmişdi. O da əvvəl etiraz etmiş, sonra qadının gözlərində cin oynadığını görüb sıvılmış, razı olmuşdu.

(Bu qadın ondan 5-6 yaş böyük olsa da, məktəbdə ən gözəgəlimli qadın idi. Deyirdilər, heç ərini vecinə almır, kefi istədiyi kimi geyinir, gəzib-dolanırdı. Üzümçülük briqadiri olan əri yazıq səhərdən-axşamacan üzüm sahələrində olur, axşam it kimi yorulmuş gələrdi evə. Rəmziyyə onun yediyini-içdiyini haram eləmişdi. Kəndin ən mötəbər adamı, bu məktəbin bünövrəsini qoyanlardan biri Qara müəllim olmasaydı, Rəmziyyə çətin ki, ərinə arvadlıq eləyəydi. Əslində buna arvadlıq demək də çətin idi.)

Rəmziyyə damdar, qısadan-qısa yubkadaydı. Əyilib kağız-kuğuzu götürəndə ağappaq göbəyi çöldə qalırdı. Hətta kreslosunda oturan direktorun çiyni üstündən əyilib nəsə düzəldəndə məmələri çiyinlərinə toxunub onu yandırdı. Düzü, bunu təsadüf sandığından durub çıxmaq istəyəndə gəlin onu arxadan qucaqlamış, “hara qaçırsan, kişi deyilsən” deyib özünə tərəf çəkmiş və divana yıxılmışdılar. Hətta o dərəcədə özlərini unutmuşdular ki, qapını içəridən bağlamaq da yadlarına düşməmişdi...

Bu hal dəfələrlə təkrar olunandan sonra bir gün Yelmar Rəmziyyəni çağırıb demişdi:”Sən, mənim çox xoğuma gəlirsən. Evli olmamağımdandır bəlkə - səninlə hər gün görüşmək istəyirəm. Bu həzz üçün dünyanı verərəm. Amma mən, bu kənddə qonağam. (Onların kəndi bir neçə kilometr aralıdaydı.) Hər gün atanla məktəbdə rastlaşıram, salamlaşıram... Bilirsən, çox vicdan əzabı çəkirəm... Sənin adının ləkələnməyini istəmirəm... elə öz adımın da...”

Qadın sərt şəkildə demişdi:”Sən, mənim adımın dərdini çəkib-eləmə! Atamla da işin olmasın. Onun özünün iki arvadı var... Məni heç si...ə də almır it oğlu!.. Sənə deyən yoxdu ki, mənimlə evlən?! Mən səninlə kefimi çəkirəm, vəssəlam... Bir də o Xəyyam eşşək oğlundan uşaq istəmirəm... Əgər sən istəsən, səndən bir uşağım olmasını istəyərəm... Ayrı nə təmənnam var sənnən? Niyə qorxuya düşmüsən? Adam kişi olar, bir poxu yeyəmmirdin, yeməyəydin!”

Və beləcə, onlar küsüşmüşdülər. Heç üstündən iki ay keçməmiş, bu müstəntiq gəlmişdi...

...Müstəntiq oturduğu yerdə pəncərəni açmış, bir uşaq çağırıb qulağına nəsə demişdi. Heç on dəqiqə keçməmiş, ədəb-ərkanla geyinmiş (donu qısa olsa da dar deyildi, başında da dəsmal vardı) Rəmziyyə müəllimə içəri girmiş və pörtüb-qızarmış halda qapının arxasında dayanmışdı. Yelmar gözünün ucu ilə ona baxanda anladı ki, bu qadının canında nələr olduğunu o fəhm edə bilməyib. Onu zorla tutub divana yıxan, dodaqlarını quzu anasını əmən kimi marçhamarçla əmən, elə paltar-palazdaca onunla bu divanda ayaq-baş olan bu qadın indi az qalırdı yaşmaqlansın. Üzü doğrudan da, qızarmış, dodaqları allanıb əsmiş, əlləri titrəməyə başlamışdı.

(“Görəsən, mən sənin həyatında neçənci kişiydim, Rəmziyyə? Bu divanda gah altımda balıq kimi çabalayan, gah da üstümə çıxıb məni at kimi çapan sən deyildinmi? İndi nə oldu, müstəntiqin yanında həyalı gəlin oldun? Səni öz canın, bunun kabinetində nə oyundan çıxdın?.. Hələ o nədi yazmısan, “cinsi istismar”, “sövq etmək”, “idaman zalı”... Ətin tökülsün, sən sövq etmək sözünün mənasını bilirsən heç?!”)

Qadın elə bil gənc direktorun ürəyindən keçənləri duyub qəfildən ağlamağa başladı və dedi:

-Yoldaş müstəntiq, bu adam mənim şərəfimlə oynadı, namusuma sataşdı, qürurumu məhv elədi... (“Mehriban düşmən” serialının dəbdə olduğu vaxtlar idi və elə bu cümlələri də Rəmziyyə deyəsən ordan əzbərləmişdi – Yelmar müəllimin yazıçı dostu) İndi gül kimi ailəm dağılır... Ərim zəhmətkeş adamdır, gün axşamacan üzümlüklərdədir... Bu adam da xalqın malını yeyib harınlayıb... Məni zorladı...

-Harda zorladı, hansı şəraitdə zorladı?

O dik gözlərimin içinə baxdı. Sonra müstəntiqin əyləşdiyi divana nəzər salıb lap sırtıq bir görkəm alaraq dedi:

-Bax, bu kabinetində, o divanın üstündə zorladı. Maa dedi ki, sənnən uşaq istəyirəm. Özü də yoldaş müstəntiq, bu çox eşşək adamdır. Mənimlə hər cür cinsi əlaqədə oldu... O məni təhqir etdi... Qeyri... qeyri...

Müstəntiq onun sözünü tamamladı:

-...ənənəvi demək istəyirsiniz yəqin...

-Hə, hə, qeyri-ənənəvi yolla cinsi əlaqədə oldu mənimlə... Məni təhqir etdi...

Başı fırlandı. Hər tərəf qaranlıqlaşdı bir anda. Naməlum tərəfdən kino-aparatdan çıxan ağ işığa oxşar işıqlar düşdü. Gözləri önündə hansısa filmdən kadrlar görünürdü elə bil...

... televizorda gördüyü filmdən fraqmentlər idi . Adını unutduğu o filmdə İsa peyqəmbərin çarmıxa çəkilmə səhnəsi təsvir olunmuyşdu. Həvarilər bir qadını tutub İsanın yanına gətirdilər və dedilər:”Ya İsa, bu qadın zina edib, Musaya görə daş-qalaq edilməlidir, bəs sən nə deyirsən?” İsa çiynindən sürüşən çarmıxı yerinə oturdub aşağı əyildi, barmağıyla yerdə bir güzgü kimi çəkdi, həvarilərin şəkilləri və əməlləri o güzgüdə görsəndi. İsa əzablar içində dedi:

“Aranızda günahsız olan kimdir, ona ilk daşı da o atsın”

Həvarilər bir göz qırpımında qaçıb gözdən itdilər. Qadın İsanın çarmıxını öpdü...

...- qeyri-ənənəvi yolla... cinsi istismara sövüq etdi...

Bilmədi ki, bu son sözü İsanın çarmıxını öpən qadın dedi, ya Rəmziyyənin ağzından çıxdı...

(...Direktor sonralar yazıçı dostuna həmin əhvalatı belə danışırdı:“Rəmziyyə bu dəfə, doğrudan, ağlayırdı. Mən onu başa düşdüm. O əslində məni istəyibmiş, sadəcə mənim onnan aralanmaq fikrimi həzm edə bilməyib, gedib şikayətə. Əslində bu şikayətin də ona bir fayda gətirməyəcəyini elə bu anda anlayıb ürəkdən ağlayırdı. Mən hələ də stolumun üstündə olan solğun rəngli qələmlə yazılmış o iki cümləlik kağızı əlimə alıb ona göstərdim:

-Rəmziyyə müəllimə, bunu siz yazmısınız?

O qəhərli-qəhərli dedi:

-Hə, mən yazmışam! Sonra sözün nədi?!

-Axı burada yazmısan ki, mən səni idman zalında zorlamışam, hansı idman zalıdır bu? Bizim məktəbin idman zalı yoxdur axı.

Qadın bir anlığa çaşdı. Gənc müstəntiqə baxdı, amma ikisinin də gözündə inamsızlıq gördüm. Kağızı qatlayıb qoydum cibimı və dedim:

-Bu kağızı siz, gənc müstəntiq, bu xanıma təzyiq göstərərək, zorla yazdırmısınız. Əslində onu siz zorlamısınz... Sabah üçümüz də yoldaş prokurorun yanında bu məsələyə aydınlıq gətirərik...

Rəmziyyə əlini ölçə-ölçə üstümə gəlib nəsə demək istədi. Amma deməmişdən qarnını göstərdi, anladım ki, məndən uşağa qaldığını deməyə hazırlaşır. Amma müstəntiq onun qolundan tutub bayıra çıxardı, qapını örtüb mənə dedi:

-Yelmar müəllim, mən ötən il təyinatla sizin rayona gəlmişəm... Düzü, bu işə baş qoşmaq istəmirdim. Bu xanım atasıyla gəlmişdi yanıma. O cümlələri də mən diktə etmişəm, bu başı batmış yazıb. Yazanda heç demədi ki, bizim məktəbdə idman zalı yoxdur... Aramızda az yaş fərqi olar... Mən bir il burada işləyib, başqa bir rayona baş müstəntiq gedəcəyəm, uje papa danışıb. Sizdən gizli qalmasın, haqlarını da verib... Tak şto, məni bu cəncəldən qurtarın, o cibinizdəki kağızı da verin, mən çıxım gedim... Sizə Dağüstü parkda bir qonaqlıq vermək məndə!

-Kağızı verə bilmərəm, -dedim, - bu kağız mənim yeganə müdafiəçimdir. Anladığım qədərilə, əslində bu işi qadın atasının əliylə edirmiş... Əgər sizə pul-zad verməyiblərsə, çıxın gedin, bağlayın işi. Yox, sizə nəsə veriblərsə, daha onda özünüz bilərsiniz...

-Yox, atası pul gətirmişdi, amma mən götürmədim. Dedim, işi bitirim, sonra alaram... Yaxşı ki, almamışam. Birdən prokuror sizi çağırsa, nə edəcəksiniz?

-Narahat olmayın, prokuror məni tanıyır... Mən özümü müdafiə edə biləcəyəm... Özü də bu cibimdəki kağız bəsimdir... Tapşırım sizə yemək hazırlasınlarmı?

-Yox, - dedi, - sonra onu da söz edərlər. Yaxşısı budur, mən çıxım aradan...

O getdi. Həyət qapısından çıxanda Qara müəllim də tülyan özünü bayıra atdı. Heç beş dəqiqə keçməmiş maşın tərpəndi. Bu dəfə başıaşağı həyət qapısından içəri kirən Qara müəllim mənim kabinetimə tətəf gəlirdi – mən bütün bunları kabinetimin arxa pəncərəsinin pərdəsini azca qaldıraraq müşahidə edirdim.

Qapım iki dəfə döyülsə də, dillənmədim. Üçüncüdə “gəlin” dedim. Kişinin rəngi üstündə deyildi. Burnunun ucunacan saralmışdı. Bunun da artistlik, yoxsa məğlubiyyət nişanəsi olduğunu anlamaq istədim. Mən ona oturmağa belə yer göstərmədim. Yetmişi haxlasa da, hələ gümrah olan bu ikiarvadlı müəllim (bu gerçəkdən beləydi, bir arvadı bizim məktəbdə müəllim işləyirdi, elə özü yaşdaydı, o biri isə özündən otuz yaş cavan olan gənc bir qadındı, elə səkkizincini qurtarar-qurtarmaz evlənmişdi, hərəsindən 5-6 uşağı vardı, elə bu Rəmziyə də birinci arvadından olan idi) başını aşağı salıb ikrah doğuran bir səslə dedi:

-O qoltuq cibindəki kağızı ver maa, day sənnən işimiz olmuyacax...

Mən acı-acı güldüm və başımı elə onun kimi aşağı salıb dedim:

-Mən o kağızı sizə verə bilmərəm... Birdən səhər burda idman zalı tikərlər, yaxam qalar əldə... Üz vurmayın... Verə bilmərəm...

Dərs ili başa çatan kimi ərizəmi yazıb direktorluqdan və rayon müəllimliyindən azad olundum, asta qaçan namərddir, deyib, düz Bakıya gəldim. Çox iş axtarmalı olmadım – bir vaxtlar nazir işləmiş atası həmyerlimiz olan Solmaz xanım – indiki sədrimiz, məni bu idarəyə düzəltdi və dedi ki, bəlkə özüm də ora sədr gəldim. Elə üç ay sonra gəldi də...)

***

Bir gün yoxlama gəlmişdi. (Danışırdılar ki, Gülfəm xanım donos yazıbmış.) Oranı iylədilər, buranı çüylədilər, axırı gəlib durdular bu boyda şirkəti işıqlandıran sarımtıl qutunun üstündə və onlardan biri əlini uzadıb sayğacın sarımtıl qutusunun qapağını qaldırdı, düyməsini basıb işıqları söndürdü. İçi sədr qarışıq bütün işçilər bircə anda çölə tökülüşdülər. Axı 90-cı illərin sonları və 2000-ci illərin əvvəllərini nəzərə almasaq, bu son illərdə işıqlar demək olar ki, sönmürdü. Bəs indi nə olmuşdu?

Komissiya üzvlərindən biri qapağı astaca yerinə itələdi, üzünü key-key ona baxan aparat rəhbəri Əflatun müəllimə tutub dedi:

- Elektriki çağırın, gəlsin baxsın... Şotçikinizdə problem var...

Hamı soyuq nəzərlərlə elə indicə dəhlizə çıxan Yelmar müəllimə baxdı. Kişi isə günahkar adamlar kimi başını aşağı salmışdı. Bu vaxt sədr bomba kimi açıldı:

-Nə boy-boya vermisiniz?! Keçin içəri!

İşçilər bircə anda otaqlarına dağılışdılar. Sədr üzünü komissiya üzvlərinə tutub üzürxahlıqla dedi:

-Üzürlü sayın, o yoldaşın vacib işi çıxmışdı, icazə istəmişdi mənnən... Bu gün işə gəlməyib...

Sədr qonşu idarənin rəisinə zəng çalmış, binadakı bütün idarələrin elektrik işinə baxan adamı onun vasitəsilə gətirdib sayğacın düyməsini yerinə oturtmuş, işıqlar yanmışdı...

(Sayğacda yüklənmə çox olanda hərdən öz-özünə atırdı və işıqlar sönürdü. İdarənin cavan işçiləri artıq bunu öyrəndiklərindən özləri qutunu açıb, düyməni basıb, işığı yandırırdılar. Amma indi içi aparat rəhbəri Əflatunqarışıq heç kim buna cəsarət etməmişdi.)

Səhəri gün Yelmar müəllim sədrin yanına gəlib ərizəni onun stolunun üstünə qoydu və xahiş etdi ki, yoldaşını bu formal işdən azad etsin. Sədr başını bulayaraq dedi:

-Yelmar müəllim, biz indi bu Gülfəmin qabağından qaçsaq, deyəcək qorxdular mənnən. Yaxşısı budur, sən yoldaşına de, qoy gündə bir-iki sahat gəlib buralarda hərlənsin, Aflatunun düzəltdiyi spisika qol çəkib getsin. Sonra lazım olar, nəsə edərik. Amma indi yox. Qoy hər şey necə var, elə də qalsın.

***

Avtoqələmini təzəcə çıxardıb nəsə yazmaq istəyirdi ki, dedilər Şahnaz xanım çağırır. Asılqandan yaz-payız geyindiyi kostyumun pencəyini alıb geyindi. Gözlüyünü qabına yerləşdirib döş cibinə qoydu. Qalstukunu sıxıb düzəltdi, güzgüdə əyin-başına, üz-gözünə nəzər yetirdi, dəftərçəsini və qələmini götürüb ikinci mərtəbəyə qalxdı. Elə bu vaxt dəhlizdə sədr göründü. O tez divara tərəf çəkilib ona yol verdi və yüngülcə təzim edərək salamlaşdı. O da gülə-gülə onun salamını alıb otağına keçdi.

Sədr müavininin qəbulunda çox dayanası olmadı. Heç beş dəqiqə keçməmiş onu içəri ötürdülər. İnsafən müavin kişini yaxşı qarşıladı. Ordan-burdan söz salıb hal-xoş eləyəndən sonra qabağına bir ağappaq vərəq qoyub dedi:

-Yelmar müəllim, bura, bax baş tərəfdən qol çəkin, qabağından da adınızı, soyadınızı və vəzifənizi yazın, sonra bu günkü tairxi qoyun, amma mümkünsə latınla yazın...

Kişi ağ vərəqi qabağına çəkdi. Qələmi döş cibindən götürüb başlığını çıxartdı. Elə ağ vərəqə yaxınlaşdırmaq istəyirdi ki, gözünün önündə qarmaqarışıq şeylər oynaşmağa başladı. Daha ağ vərəq ağ vərəq deyildi, kənd yerlərində kino verən zaman divara vurulan ağ mələfə idi sanki. Və bu mələfənin üstündə - ekranda qəribə-qəribə şeylər göründü. Qulağına səslər gəldi hətta... Leyla xanım idi, haçansa televiziya ekranında görmüşdü onu... “Atamı öz əlləri ilə yazdığı əsərinə görə intihara məcbur etdilər... Bağ evimizdə qollarının damarını kəsmişdi, qan onun iş otağındakı kitablara, yazdığı əlyazmalarına, hələ yetirib yazmadığı ağ vərəqlərə sıçramışdı... “

Daha sonra Rəmziyyə göründü “ekranda”. Dilini əyə-əyə rəngi solğun qələmlə yazdıqlarını höccələyirdi:” Sizə bildirirəm ki, direktorumuz məni idman zalında cinsi isti... istismara sövüğ etmişdir. İmza Alıyeva Rəmziyyə” İstədi desin ki, ay Rəmziyyə, isti-istismar, yox ay qız, istismar, bir də sövüğ nədi, sövq... Amma tez bu redəktə əhvalatından vaz keçmiş, əlini qarnının üstünə qoyub “qeyri ənnəvi yolla cinis əlaqə” deyib qarnına şappıldadan Rəmziyyəyə bir də baxmış, “ay qız, sən canın, o uşax doğrudan mənnən idi?” söyləməkdən güclə özünü saxlamışdı.

“Kadr” dəyişmiş, İsa peyqəmbərdən bəhs edən filmdən parça “ekrana” çıxmışdı. Çarmıxını kürəyində aparan İsa Mel Gibsonun çəkdiyi filmdəki İsaya az oxşayırdı – bir suyumu “Nəsimi” filmindəki Nəsimiydi ki, durmuşdu. Onun bu mələfə-vərəq ekranında bu iki cəfakeşin obrazı birləşmişdi. Bu vaxt hardansa həvarilər bir qadını tutub (bu, bir az Rəmziyyəyə, bir az da elə Gülfəm xanıma bənzəyirdi) İsanın yanına gətirdilər və dedilər:”Ya İsa, bu qadın zina edib, Musaya görə daş-qalaq edilməlidir, bəs sən nə deyirsən?” İsa çiynindən sürüşən çarmıxı yerinə oturdub aşağı əyildi, Yelmar müəllimin avtoqələmiylə bir güzgü kimi çəkdi, həvarilərin şəkilləri və əməlləri o güzgüdə görsəndi. İsa əzablar içində dedi:

“Aranızda günahsız olan kimdir, ona ilk daşı da o atsın”

Həvarilər bir göz qırpımında qaçıb gözdən itdilər. Qadın İsanın çarmıxını öpüb uzaqlaşdı. Sonra əlini qarnına vurub bağırdı:”Bu uşağı...” O dalısın eşitmədi, çünki indi ekranda başqa adam vardı: “Sədr dedi ki, ilk imzanı siz atacaqsınız...”

-Mənim günahım nədi?

-Nə günah, Yelmar müəllim?! Biz sizi ən savadlı, ən ləyaqətli adam bilirik... Günah nədi?

Ayıldı ki, “ekran” yığışılıb, sədr müavini qrossmeyster Şahnaz xanımla üz-üzədir.

-Nəyə görədir bu imza?

Müavin yerində qurcuxdu, rəng verib, rəng aldı və dedi:

-Düzü, mən də bilmirəm... Öz aramızda qalsın, məncə mühüm aksiyadır... Yaxşısı budur, dərinə getməyək... İlk imzanı siz atın, sonra mən işçiləri bir-bir çağırım...

Qələmin başlığını əlində tutmuşdu. Başlıq o qədər böyümüşdü ki, onu necə əlində saxladığına təəccüb edirdi. Elə bil qələm başlığı deyildi, nüvə başlığı idi.

Əlləri əsə-əsə başlığı qələmin ucuna keçirdi, ağappaq vərəqə bir də baxıb ayağa qalxdı. Yan-yörəsinə devikə-devikə müavinin otağını tərk etdi. Arxadan müavinin səsini eşitsə də dayanmadan pillələri düşüb öz otaqlarına getdi.

***

Sədr idi, bir də sədrlə üzbəüz əyləşmiş bir qaraqabaq kişi idi. Kişini görmüşdü, hardasa yuxarı vəzifədə işləyirdi deyəsən. Belə olmasaydı, sədr öz kreslosundan düşüb gəlib onunla üzbəüz əyləşməzdi.

Ona da yer göstərdilər. Keçib oturdu və gözünü bir-birinə daraqladığı barmaqlarına zillədi. Bu dəfə yalın əllə gəlmişdi. Qəsdən səhər işə gələndə avtoqələmini cibinə qoymamışdı. Bu isə o demək idi ki, onu daha heç cürə məcbur eləyə bilməzdilər.

-Cənab Yelmar müəllim! Biz, məşhur “Ağ lövhə” nəzəriyyəsində də deyildiyi kimi... kstati yadınızdadır o nəzəriyyə?

-Bəli, Con Lokun nəzəriyyəsidir... – deyib gülümsünmək istədi.

-Hə, biz bu dünyaya ağ lövhə kimi gəlmişik. Bu ölkə, bu dövlət bizdən belə bacarıqlı kadrlar hazırlayıb. Biz kimik ki, dövlətimizin, ölkəmizin tələbinin əleyhinə gedək?! Soruşuram, biz kimik?!. Belə baxanda, heç kim! Bütün ölkənin dövlət təşkilatlarının dövlət qulluqçuları o ağ kağıza imza atıb. Sizə böyük etimad göstərilib, deyilib ki, bu idarənin ilk qolunu siz atacaqsınız...

-Axı mənim günahım nədir? – yazıq-yazıq dedi Yelmar müəllim.

-Nə günah?! Bu günah deyil, şərəfdir, şərəf! Sizdən soruşuram, səndən soruşuram, sən kimsən ki, o ağ kağıza qol çəkmirsən? Cavab ver. Sən kimsən!?

-Sən yox, siz demək lazımdır... Özünüzə hörmət qoyun...

-Belə oldu?! Mən sizə... sənə göstərərəm!

-Ə, Yelmar, deyəsən səni adam yerinə qoyduq, qudurdun?! Sən kimsən ə, adın qulağına dəyib? Mənim sənə elədiklərim burnunun deşiyindən gəlsin! Bessovisni neşşasnıy! Uxadi atsyuda! – Bu isə Solmaz xanım idi. – Dur get də, nə gözünü bərəldirsən!? Get, ərizəni yaz, rədd ol burdan!

-Axı mənim pensiya vaxtıma hələ üç il var... – Bunu niyə dediyini heç özü də bilmədi.

...Otaqda üzünə də baxan olmadı. İki gün əvvəl çayını süzən, qulluğunda duran bu gənc adamlar indi ona arxalarını çevirmişdilər.

Stolunda bir neçə kitab vardı – Nizaminin “Sirlər xəzinəsi”, Sədinin “Bustan”ı, Cəbranın “Sükutun poeziyası”, Çingiz Aytmatovun təzə bitirdiyi “Qiyamət” romanı və Milan Kunderanın uzun adı olan kitabı. Onları sellofan torbaya yığdı, işdə geyindiyi içi dəvə yunundan olan başmaqlarını da kağıza büküb kitabların yanına qoydu. Sonra həmişə çay içəndən sonra kağızla silib yerinə qoyduyğu fincanını, kiçik xörək qabını, çay və xörək qaşıqlarını da qəzetə büküb torbada onlara da yer elədi. Bir an duruxdu. Nəyisə unutmuşdu deyəsən. Amma nəyi? Birdən geri qanrılıb arxasında iri təqvimin yanına sancdığı Rəsulzadənin şəklini görüb eyni açıldı. İstədi götürməsin, amma qəlbinə qara fikirlər çökdü və bu böyük adamın balaca şəklini (düz on səkkiz il idi ki, bu şəkil bu divardan asılıydı) ehtiyatla yerindən çıxardıb döş cibinə qoydu və ona arxalarını çevirmiş otaq yoldaşlarına “sağlıqla qalın, haqqınızı halal edin” deyib qapıdan çıxdı.

Müəllif

Dostum Yelmar müəllim başına gələnləri mənə danışıb qurtarandan sonra ortaya bir litrlik çaxır butulkası qoyub dedi:

-Deyirəm bəlkə, köhnə dostlar kimi bu giley-güzardan sonra boğazımızı yaşlayaq?

Mən gülüb dedim:

-Sən canın, bir sualıma da cavab ver, sonra içərik: bu Rəmziyyəni heç görmədin ki, sonralar?

Gülüb dedi:

-Görməyinə görmədim, amma haqqında eşitdim. Mənim yerimə direktor təyin ediblər. Elə ilk işi məktəbə idman zalı tikdirmək olub. Amma mən də işimi etibarlı tutmuşam bu illərdə. Bax, bu ( kitab rəfindəki qovluqdan nəsə götürüb mənə uzadır – Yelmarın dostu) həmin müstəntiqə solğun rəngli qələmlə yazdığı donosun kserokopiyasıdı. Bu da əsli. Əsli bu illər ərzində solub, amma oxunur...

-Bəs uşaq?

-Nə uşaq?.. Hə, Rəmziyyənin uşağını deyirsən? Bu barədə dəqiq bir söz deyə bilmərəm... Olsun ki, onun növbəti fırıldağıymış...

Sonra əyləşib kəmşirin şərabdan içməyə başladıq. Amma insafən, şərab dadlıydı.

Avqust-sentyabr, 2014

XS
SM
MD
LG