Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:22

Anne Brasseur: «Mən o qədər də nikbin deyiləm»


Anne Brasseur: «Mən o qədər də nikbin deyiləm»
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

-

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Anne Brasseur sentyabrın 21-dən Bakıda səfərdədir. Səfərinin nəticəsi haqda Bakıda keçirdiyi mətbuat konfransında o, AzadlıqRadiosunun suallarını da cavablandırıb:

- Prezident İlham Əliyevlə siyasi məhbuslar, özəlliklə son həbslər məsələsi müzakirə etdinizmi? Müzakirələrinin nəticəsi varmı? Onların azadlığı gözlənilə bilərmi?

- Əlbəttə, mən prezident İlham Əliyevlə son həbsləri müzakirə etdim. Ondan avqust ayında niyə bu qədər çox adamın həbs edildiyini soruşdum. Cavab belə oldu ki, bu həbslər bir cinayət işi üzrə bir şahidin verdiyi məlumatlar əsasında baş verib. Həmin məlumatlarda söhbət vətənə xəyanətdən gedir. Bu məsələni ədliyyə naziri və baş prokurorla söhbətlərdə də qaldırdım. Mənə bildirildi ki, bu həbslər cinayət-prosessual məcəllənin müddəalarına uyğun aparılıb və hansısa qanun pozuntusuna yol verilməyib.

- İstər son aylar, istər də bundan öncə həbs olunanların azadlığa buraxılması gözlənilə bilərmi?

- Təəssüflər olsun ki, mən o qədər də nikbin deyiləm bu məsələdə.

- Bəs, həbslərin davamı ola bilərmi?

- Mən bu haqda nəsə deyə bilmərəm. Ümid edirəm ki, olmaz. Avropa Şurası ölkədəki siyasi məhbus probleminin həlli üçün nə edə bilər? Bunun hüquqi yolu odur ki, Avropa İnsan Haqları Məhkəməsi bu həbsləri qanunsuz olmasını tanısın. Siyasi yolu isə odur ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarının icrasına parlament nəzarət edilə bilər.

- Sizə deyildiyi kimi, bu həbslər hansısa cinayət işində bir şahidin verdiyi məlumat əsasında aparılıb. Bir az konkretləşdirsək, söhbət hansı məlumatlardan gedir?

- Mən bu sualı cavablandıra bilməyəcəyəm. Ona görə yox ki mən bu suala cavab vermək istəmirəm. Ona görə ki, bu sualın cavabını mən də bilmirəm.

- Azərbaycan may ayından Avropa Şurası Nazirlər Komitəsinə sədrliyə başlayıb. Sədrlik müddətində ölkənin ən tanınmış insan hüquq müdafiəçiləri, hüquqşünasları, jurnalist və fəallar həbs olunub. Azərbaycanın sədrliyi ərəfəsində bu həbslərin olması təsadüfdür, ya zərurət?

- Ümid edirəm ki, bu həbslərin sədrliklə hər hansı əlaqəsi yoxdur. Çünki belə olan halda hakimiyyət tam şəkildə nümayiş edirmiş olardı ki, Avropa Şurasının standartlarına uyğun olmayan addımlar atır. İnanın mənə. Mən keçirdiyim bütün görüşlərdə nəyə görə son aylar bu qədər kütləvi həbslərin olmasını soruşmuşam. Hər dəfə də mənə eyni cavab verilib ki, bir cinayət işində adı keçən şahidin verdiyi məlumat əsasında olub bu həbslər.

- İstintaq altında olanlarla görüş imkanınız yoxdur. Amma onların saxlanma şəraiti, vəziyyətlərini hansısa formada nəzarət imkanı varmı? Məsələn, Leyla Yunusun vəkilləri onun döyülməsi, təcridxanada işgəncələrə məruz qalması ilə bağlı məlumat yayıblar. Onların durumunu necə nəzarətdə saxlayırsınız?

- Avropa Şurasının lazımi saxlanma şəraiti ilə bağlı öhdəliyinə bütün üzv dövlətlər, eləcə də Azərbaycan əməl etməlidir. Avropa Şurasının saxlanma şəraitini yoxlamaq üçün hansısa imkanları var? Bu nəzarəti Avropa Şurasının insan hüquqları üzrə komissarı və işgəncələr əleyhinə komitə həyata keçirir. Mən hakim deyiləm və burada hansısa qərar verə bilmərəm. Amma Leyla Yunusa qarşı həqiqətən belə bir hallar baş veribsə, hakimiyyət bu məsələnin hərtərəfli araşdırılması üçün tədbir görməlidir.

XS
SM
MD
LG