Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Xoşbəxt Yusifzadə: «Əsrin müqaviləsi» göstərdi ki, bu ölkəyə sərmayə qoymaq olar


Xoşbəxt Yusifzadə
Xoşbəxt Yusifzadə

-

Tarixə «Əsrin müqaviləsi» adi ilə daxil olan ilk neft kontraktlarının imzalanmasından iyirmi il ötür. Bu tarixi hadisənin şahidlərindən və iştirakçılarından biri - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə AzərTAc-a müsahibəsində «Əsrin müqaviləsi» ilə bağlı əsas məqamlardan danışıb. Müsahibəni ixtisarla təqdim edirik.

YA 30-40 İL GÖZLƏMƏK, YA DA XARİCİ NEFT ŞİRKƏTLƏRİNİ RESPUBLİKAYA DƏVƏT ETMƏK...

- «Əsrin müqaviləsi» ərəfəsində ölkədəki vəziyyəti xatırlayırsınızmı? Üç il əvvəl müstəqillik qazanmış Azərbaycan xaos və anarxiyadan təzəcə xilas olurdu. Ölkə iqtisadiyyatı, o cümlədən neft sənayesi dərin böhran içində idi...

- 1991-ci ilin sonunda dünyanın siyasi xəritəsində böyük dəyişiklik baş verdi. Sovet İttifaqı dağıldı. Keçmiş müttəfiq respublikalar müstəqillik əldə etdilər. Azərbaycan da öz müstəqilliyini elan etdi. Lakin bu vaxt respublika hansı vəziyyətdə idi?! Keçmiş ittifaqın respublikaları ilə əlaqələr qırılmış, maliyyə və texniki təchizat məsələləri son dərəcə kəskinləşmiş, iqtisadiyyat iflic olmuşdu. Siyasi həyat qeyri-sabit idi, işsizliyin və yoxsulluğun səviyyəsi təşviş doğururdu. Respublika iqtisadiyyatını düşdüyü ağır vəziyyətdən neft-qaz sənayesi xilas edə bilərdi. Amma o dövrdə neft və qaz sənayesinin özü də ağır böhran içində idi. Buna görə də hələ 1979-1987-ci illərdə kəşf edilmiş «Günəşli», «Çıraq» və «Azəri» yataqlarında işləmək mümkün deyildi. İmkanımız yalnız «Günəşli» yatağının suyun dərinliyi 200 metrə qədər olan hissəsində işləməyə çatırdı.

Belə bir çətin və mürəkkəb vaxtda ikinci dəfə siyasi rəhbərliyə gələn ulu öndər Heydər Əliyev respublikanın neft sənayesi ilə yaxından məşğul olmağa başladı. O vaxt «Azəri», «Çıraq», «Günəşli» (dərinsulu hissə) yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini respublikaya dəvət etmək! Nə etməli və hansı yolu seçməli? Bu sual hamımızı düşündürürdü. Amma o vaxt Azərbaycanın özündə və onun sərhədlərindən kənarda elə qüvvələr var idi ki, xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasının əleyhinə çıxırdılar. Buna görə də Ümummilli Lider bizi – neftçi mütəxəssisləri toplayıb, məsələyə aydınlıq gətirilməsinin zəruriliyini qeyd etdi, məsləhətləşdi və nəticədə fikir belə oldu ki, xarici neft şirkətlərini ölkəmizə dəvət etmək lazımdır.

Qeyd etməliyəm ki, xarici şirkətlərlə iş birliyinin qurulmasında təəccüblü heç nə yoxdur. Dünyanın demək olar ki, bütün neft ölkələri – ABŞ, Böyük Britaniya, Norveç və başqaları bu metoddan geniş istifadə edirlər. Bunun səbəbi məlumdur: neft sənayesi böyük sərmayə qoyuluşu tələb edir və heç bir ölkə xüsusilə dənizdə bu riskli işə təklikdə getmək istəmir.

XARİCİ ŞİRKƏTLƏRLƏ İŞ GÖRMƏK İDEYASI SSRİ DÖVRÜNDƏ MEYDANA GƏLMİŞDİ

Xatırlayıram ki, Xəzər dənizində xarici şirkətlərlə birlikdə iş görmək ideyası bizdə hələ keçmiş SSRİ dövründə – ötən əsrin 80-ci illərinin sonlarında meydana gəlmişdi. Lakin bu sahədə danışıqlar başa çatdırılmamışdı. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə yenidən respublikanın sükanı arxasına keçdikdən sonra bu işi sürətləndirdi. Bakıda başlanan danışıqlar İstanbulda, ABŞ-ın Hyuston şəhərində davam etdirildi. Tərkibi Ümummilli Lider tərəfindən müəyyən olunmuş nümayəndə heyəti (onun üzvlərindən biri də mən idim) 1994-cü ilin iyulunda Birləşmiş Ştatlara getdi. Orada danışıqlar 45 gün çəkdi. Danışıqlar asan getmirdi. Tərəflərin hər biri öz mövqeyini, öz mənafeyini qoruyurdu. Bəzən iş o yerə çatırdı ki, ya qarşı tərəf, ya da biz danışıqları tamamilə dayandırmaq istəyirdik. Bir dəfə qarşı tərəf şərt qoydu: Azərbaycan Rusiya ilə razılığa gəlib Xəzər dənizinin hüquqi statusunu həll etməsə, danışıqlar davam etdirilməyəcək. Təsəvvür edirsinizmi, bu nə demək idi? Məlum olduğu kimi, Rusiya ilə bu məsələ ulu öndər Heydər Əliyevin səyi nəticəsində yalnız 2002-ci ildə həll edildi. Deməli, 1994-cü ildə Hyustonda danışıqlar dayandırılsaydı, biz yeddi-səkkiz il gözləməli olacaqdıq. Nümayəndə heyətimizin üzvü, o vaxt ARDNŞ-in xarici əlaqələr üzrə vitse-prezidenti vəzifəsində çalışan İlham Əliyev qarşımıza qoyulmuş şərt barədə Ulu Öndərə məlumat verdi, onun göstərişi ilə Vaşinqtona uçdu. Nümayəndə heyətimizin digər üzvlərinə isə danışıqlarda iştirak edən şirkətlərə getmək, məsələni ətraflı izah etmək tapşırıldı. Yadımdadır ki, o vaxt mən «Yunokal» şirkətində oldum.

Nəzərə almaq lazımdır ki, o zaman müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Lakin Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib, alimlik elmi dərəcəsi almış və sonra da həmin institutda dərs demiş İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub mürəkkəb vəziyyətlərdən çıxış yolları tapması və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi.

Nəhayət, bütün bu gərgin işin nəticəsində 1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin titanik əməyi sayəsində Azəri-Çiraq-Günəşli (dərinsulu hissə) yataqlarının işlənməsi üzrə dünyanın yeddi ölkəsinin 11 məşhur neft şirkəti ilə – bp, Statoyl, Amoko, TPAO, İtoci, ExxonMobil, Lukoyl, Delta, Remko, MacDermot, Hess şirkətləri ilə sonralar tarixə «Əsrin müqaviləsi» kimi düşmüş «Məhsulun pay bölgüsü» sazişi imzalandı. Həmin vaxtdan başlayaraq, müstəqil Azərbaycanın neft strategiyası dövlətin həm daxili, həm də xarici siyasətinin əsas tərkib hissəsinə çevrildi.

«ƏSRİN MÜQAVİLƏSİ»NİN İMZALANMASINI BU KEYFİYYƏTLƏR TƏMİN ETDİ...

- Azərbaycana bir çox xarici təzyiqlərin olduğu belə bir mürəkkəb dövrdə»Əsrin müqaviləsi» nə dərəcədə real görünürdü? Xoşbəxt müəllim, şəxsən Siz bu sövdələşmənin baş tutacağına, nəticə verəcəyinə inanırdınızmı?

- Əlbəttə, təzyiqlər var idi, özü də bunlar güclü təzyiqlər idi. Təəssüf ki, xarici təzyiqlərə Azərbaycanın daxilində də müəyyən qüvvələr dəstək verirdilər. Bundan əlavə, dediyim kimi, Qərb şirkətləri ilə danışıqlarımız da rəvan getmirdi. Amma həmin danışıqların iştirakçısı kimi mən başlanmış işin uğurla nəticələnəcəyinə inanırdım. Çünki ortada iki mühüm faktor vardı. Biri o idi ki, bizim tərəfdaşlarımız – Qərbin iri neft şirkətləri çox yaxşı bilirdilər ki, Azəri-Çıraq-Günəşli yataqlarında zəngin karbohidrogen ehtiyatları mövcuddur və buraya qoyulan sərmayə heç vaxt batmayacaq. Digər mühüm faktor isə ulu öndər Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev iradəsi, qətiyyəti və müdrikliyi ilə, Ümummilli Liderin siyasi uzaqgörənliyi ilə bağlı idi. Partnyorlarımız Azərbaycanı etibarlı tərəfdaş kimi ulu öndər Heydər Əliyevin timsalında görürdülər. Danışıqların uğurla başa çatmasını və «Əsrin müqaviləsi»nin imzalanmasını da elə Ümummilli Liderin bu keyfiyyətləri təmin etdi.

YAZDILAR Kİ, KƏMƏRİN MARŞRUTU DÜZGÜN SEÇİLMƏYİB, KƏMƏR ÇƏKİLSƏ DƏ BOŞ QALACAQ...

- Müqavilə imzalandıqdan sonra hadisələr necə cərəyan etdi? Xüsusən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri, onun marşrutu qızğın diskussiyalara səbəb olmuşdu. Hətta bunu xülya, əfsanə hesab edənlər vardı...

- Azərbaycan nefti Avropaya və dünya bazarlarına 1997-ci ildən «Şimal istiqaməti» (Bakı-Novorossiyski) və 1999-cu ildən «Qərb marşrutu» (Bakı-Supsa) ilə çıxarılırdı. 2006-cı ilin mayında bunlara Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri də əlavə olundu.

İxrac neft və qaz boru kəmərlərinin diverfikasiyası, şaxələndirilməsi ideyası da ulu öndər Heydər Əliyevə məxsusdur. Bu, ixracatçı ölkəni ərazisindən hər hansı bir boru kəməri marşrutunun keçdiyi dövlətin qəfil qərarlarından sığortalamaqla bərabər, daha çox ölkələrlə əməkdaşlıq üçün də əlverişli imkanlar açır.
BTC layihəsi barəsində söhbət başlananda və onun reallaşdırılması məsələsi gündəmə gələndə bu layihənin xaricdəki əleyhdarları nələr uydurmadılar?! Yazdılar ki, kəmərin marşrutu düzgün seçilməyib, kəmər çəkilsə də boş qalacaq, çünki onu doldurmaq üçün Azərbaycanın nefti kifayət etməyəcək. Digər tərəfdən, bunu da xüsusi qeyd edirdilər ki, kəmərin təhlükəsizliyinə kim zəmanət verəcək və sair. Amma kəmər ətrafında hay-küy salanların,»terror-təxribat təhlükəsini» ortaya atanların əsl niyyətləri məlum idi və Azərbaycan rəhbərliyini yolundan döndərə bilməzdi.

Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri 2005-ci il may ayının 28-də istismara verildi. Kəmərin təntənəli açılışı isə 2006-cı il iyul ayının 13-də oldu. Açılış mərasiminin iştirakçısı kimi deməliyəm ki, bu əsas ixrac neft kəməri bütün dünyaya səs saldı. Azərbaycan Prezidenti İlham Əliyev təntənəli mərasimdəki nitqində əminliklə vurğuladı ki, neft kəməri Avropa və dünya dövlətləri arasında iqtisadi əlaqələrin və dostluq münasibətlərinin möhkəmlənməsində mühüm rol oynayacaq. Prezidentimizin dediyi kimi də oldu.

«ƏSRİN MÜQAVİLƏSİ»NİN ÖVLADI...

Kəmərin uzunluğu 1730 kilometr, illik buraxıcılıq qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. «Əsrin müqaviləsi»nin övladı olan bu layihənin bir çox üstün cəhətləri var və onların faydası barəsində çox danışmaq olar. Mən iki əsas cəhəti qeyd etmək istəyirəm: birinci, bu ixrac neft kəməri Qara dənizdən yan keçərək, birbaşa Aralıq dənizinə çıxdı və bu dənizi əhatə edən dövlətlərin neftə böyük həcmdə ehtiyaclarını ödəməyə imkan verdi; ikinci, Aralıq dənizində böyük tutumlu tankerlərin hərəkət etmək imkanları çox olduğundan neftin ən müxtəlif istiqamətlərdə daşınmasının iqtisadi cəhətdən sərfəli olacağı barədə fikirlər təsdiqini tapdı...

Azərbaycanda hasil edilən neftin əsas hissəsi Ulu Öndərimizin adını daşıyan Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunur. 2014-cü il sentyabrın 1-dək dünya bazarlarına 357 milyon ton neft, o cümlədən Bakı-Tbilisi-Ceyhan kəməri ilə 255 milyon ton, Bakı-Supsa kəməri ilə 69 milyon ton, Bakı-Novorossiysk kəməri ilə 11,3 milyon ton və dəmir yolu ilə 20,4 milyon ton neft ixrac edilib.

- İyirmi il bundan qabaq çıxarılan qərarın düzgünlüyünü tarix özü təsdiqləyir. «Əsrin müqaviləsi» bu illər ərzində Azərbaycana nə verdi?

- Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, o, Azərbaycanın müstəqil dövlət və etibarlı tərəfdaş olduğunu göstərdi. Dünyanın aparıcı dövlət və şirkətlərini əmin oldular ki, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 32 müqavilə bağlandı.

«Əsrin müqaviləsi»nin iqtisadi əhəmiyyətinə gəldikdə isə deməliyik ki, neft hasilatı bizim müasir neftçıxarma tariximizdə ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Başqa sözlə, hasilat 5,6 dəfə artdı.

Respublikada karbohidrogen hasilatı artımının əsas hissəsi «Azəri-Çıraq-Günəşli» və»Şahdəniz» yataqları hesabına əldə edilir. Hazırda «Çıraq», «Azəri» və «Günəşli» yatağının dərinsulu hissəsində 79 hasilat quyusundan gündə orta hesabla 90 min tonadək neft və 35 milyon kubmetr qaz hasil olunur. İşlənmənin əvvəlindən bu il sentyabrın 1-dək «Azəri-Çıraq-Günəşli» yatağından 345 milyon ton neft və 100 milyard kubmetr qaz çıxarılıb. Artıq 15-ci ildir ki, Azəri-Çıraq-Günəşli» yatağı layihəsinin iştirakçıları, o cümlədən Azərbaycan «mənfəət nefti»ndən gəlir əldə edir...

XS
SM
MD
LG