Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:21

Müəmmalı şəxs təyyarəni kimin vurduğunu deyənə 30 milyon verir


-

Almaniyanın detektiv agentliyi anonim şəxsin Malayziya təyyarəsini vuranın kimliyi haqda informasiyaya 30 milyon dollar təklif etdiyini bildirir.

Rusiyada xarici şirkətlərə qarşı “partizan müharibəsi”.

“Vegetarian dövründə” Yevtushenkov kimi milyarderlər salamat qala bilərdi, indi isə yırtıcılar dövrüdür, yalnız yırtıcılar salamat qalacaq.

Dünya mediası nədən yazır?

30 MİLYON

ABŞ Osama bin Ladenin yerini deyənə 25 milyon dollar mükafat təyin etmişdi. Müəmmalı bir şəxs isə Malayziya təyyarəsini vuranın kim olduğunu deməyə görə 30 milyon dollar mükafat verir.

İndependent qəzeti yazır ki, Malayziya təyyarəsinin vurulmasında kimin məsuliyyət daşıdığını, təyyarəni kimin vurduğunu müəyyən ertməyə aparan informasiyaya görə 30 milyon dollar mükafat təyin olunub. Belə bir mükafatın təyin olunduğunu Almaniyanın özəl detektiv şirkəti Wifka elan edib.

Şirkət bildirir ki, adı çəkilməyən bir nəfər İsveçrənin Sürix şəhərində bank hesabına 30 milyon dollar qoyub. Malayziya təyyarəsini vuran kimdir? Buna kim əmr vermişdi? Həmin adamlar indi hardadırlar? – bu kimi suallara cavab tapılacaq məlumatı verən şəxs həmin 30 milyonu ala biləcək.

Wifka şirkətindən Josef Resch Almaniyanın Capital jurnalına deyib ki, Almaniya müstəntiqlərinin rəsmi araşdırmasında isə tərəqqi gözə dəymir.

Wifka nümayəndəsi onu da deyib ki, təyyarə qəzasının səbəblərini doğrudan da bilən varsa, o bunu açsa, çox ehtiyatlı olmalıdır.

Amsterdamdan Kuala Lumpura uçan Malayziya təyyarəsi iyulun 17-də Ukrayna üzərində qəzaya uğradı. 298 adam öldü. Onların 3-də 2-si Hollandiya vətəndaşı idi.

Qərb ölkələri əmindirlər ki, təyyarəni Rusiya raketi ilə rusiyapərəst yaraqlılar vurub. Rusiya və yaraqlılar bu ittihamı rədd edirlər.

BMT təhlkəsizlik Şurasında Rusiyanın tələbi ilə sentyabrın 19-da dinləmə keçirilməlidir. Bir Qərb diplomatı İndependent qəzetinə deyib ki, Rusiyanın niyə belə bir müzakirə tələb etməsi bir çoxlarını çaşdırıb. Ancaq diplomat deyir ki, “bunun səbəbi cümə günü bilinəcək”.

PARTİZAN MÜHARİBƏSİ

Financial Times qəzeti yazır ki, Qərb Rusiyaya qarşı sanskiyalar qoyur, Rusiya isə Qərb şirkətlərinə qarşı “partizan müharibəsinə” başlayıb.

Tənzimləyici, nəzarətedici dövlət qurumları, polis Rusiyada fəaliyyət göstərən Qərb şirkətlərini göz açmağa qoymur.

McDonald’sın Rusiyada onlarla yeməkxanası bağlanıb, yerdə qalanlarda 100-dən çox yoxlama keçirilib.

Bir həftə qabaq İsveşçin ev avadanlığı satan İKEA şirkətinin Moskvadakı qəragahına reyd oldu. Müfəttişlər İKEA-nın 14 il qabaq bağladığı torpaq müqaviləsini yoxlamağa başladılar.

Finlyandiyanın gündəlik mallar satan Valio şirkətində də yoxlama aparılır ki, pul yuma ittihamları var.

Qəzetin fikrincə, maskalı və silahlı müstəntiqlərin yoxlamaları Rusiyada qanunun alililiyinin və mülkiyyət hüuqlarının zəif olduğunu göstərir.

Son illər xarici şirkətlərdə belə reydlər az idi. Ancaq son vaxtlar bunun çoxalmağı onu göstərir ki. 10 il əvvəlki Rusiya təcrübəsi qayıdır.

VEGETARİAN DÖVRÜ QURTARDI

Moscow Times qəzeti yazır ki, rusiyalı milyarder Yevtushenkovun ev dustağı edilməsi Rusiyada vəhşi kapitalizmin qayıtmasını göstərir.

Yevtyushenkovun başçılıq etdiyi şirkət Rusiyanın ən böyük neft şirkətlərindən olan Başnefti Başqırdıstan hökumətindən 2009-cu ildə 2,5 milyard dollar alamağa razı oldu. 2 milyard dollar ödəndi. Qalan yarım milyardı növbəti 14 ayda ödəmək razılığı əldə olundu. Ancaq bir ay sonra razılaşdılar ki, son qiymət 2 milyardda qalsın.

İndi İstintaq Komitəsi bildirir ki, həmin yarım milyard qanunsuz puldur və mənimsəmə obyektidir.

İstintaq Komitəsi Başqırdıstanın keçmiş prezidenti Murtaza Rakhimovun oğlu Ural Rakhimovun da həbsinə order verib. Başqırdısıtan prezidentinin oğlu Başneft satılanda onun prezidenti olub və müqaviləyə o qol çəkib.

Yevtushenkov iyul ayında Başneftlə bağlı ifadə verəndən sonra Vedomosti qəzetinə demişdi ki, öz korporasiyasının reydersayağı hücumla zəbt olunacağını istisna etmir. Ancaq hücumu kimin edəcəyini deməmişdi.

İqtisadiyyat Məktəbinin siyasi təhlilçisi Nikolai Petrov deyir ki, Rusiyanın siyasi elitası resursların yenidən bölünməsi erasına, yeni eraya qədəm qoyur. Onun fikrincə, Rusiyada “vegetarian dövrü” qurtardı. Indi yırtıcılar dövrüdür. “Vegetarian dövründə Yevtushenkov kimilər salamat qala bilərdi. Ancaq indi yırtıcılar salamat qala bilər.”

O deyir ki, “Növbədə Lukoil ola bilər”.

XS
SM
MD
LG