Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:46

Pambıqla boğazı belə kəsirdilər...


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu

-

İçməli su ümumiyyətlə yox idi...

Tualet məsələsi biabırçılıq idi...

Susuzluğa dözməyib köynəyi və ya maykanı dodağıma yapışdırıb çöküntü sularını içirdim. Sonra paltar üzərində olan həmin lilə baxanda adamı dəhşət bürüyürdü...

O qız gündüzlər də, bəzən yoxa çıxmağa başlamışdı. Günlərin bir günü böyük çamadanla gəldi, çamadanın içində iki böyük kukla var idi, birini Fatmayı Zəhra, digərini isə Məhəmməd peyğəmbər adlandırdı...

Şahbaz Xuduoğlu

PAMBIQLA BAŞ KƏSƏNLƏR...

Bu yazını may ayından başlayaraq altı ay sərasər pambıq tarlalarında həyat çürüdən qızlar və oğlanlara həsr edirəm

Həmin payız Jdanov (indiki Beyləqan) rayonuna pambığa getdim. Evdən getməyimə icazə vermirdilər, sonda böyük narazılıqla olsa da, icazə ala bildim. Əvvəla, yaşım az idı – 11 yaşındaydım, ikincisi, evdə mənim işlərimi görən yox idi. Mənim işlərim – odun daşımaq, ot yığımı vaxtı bitsə də çölləri, heyvan ayağı dəyməyən kolluqları gəzmək və dırnağa (dırmığa) gələn otları dənləmək, qışa hazırlıq uçun meşələrdən odun, bəzi hallarda isə qışda isladıb heyvana vermək üçün palıd qozası daşımaq...

Meşədən odun doğrayıb gətirmək günün yarısını alırdı.

Əgər köç (ailəmizin bir hissəsi yayda dağlara – yaylağa qalxırdı) dağdadırsa, orada heyvanları “idarə etmək”, vaxtında yataqdan oyatmaq, sağdırmaq, otlaqlara, suya aparmaq, sonra ocağa, təndirə odun yığmaq idi mənim işim.

Dağda ocaq dayanmadan yanmalıdır – alaçığın istiliyi təmin olunur, su qızdırılır, süd bişirilir, ayran qaynadılır (şor hazırlamaq üçün), çay dəmlənir, yemək bişirilir və sair.

Yeri gəlmişkən, Knut Hamsının “Torpağın bərəkəti” əsərini oxuduqca yaylaqdakı yerlər, oradakı həyat gözümdə canlanırdı. O əsərdən sonra qəti qərara gəldim ki, mən də dünyanın hansı yerində olmamdan asılı olmayaraq, həyatımı sıfırdan başlaya bilərəm.

Ümumiyyətlə, çöllərdə, ibtidai həyatda işsiz adam olmur. Əgər zirəksənsə, qoçaqsansa iş nə qədər desən var, tənbəl adam üçün isə heç iş yoxdur.

... Başa düşürdüm ki, Jdanov yeganə çıxış yoludur: orda pambıq yığıb və pul qazanmalı, həmin pulla məktəbə hazırlıq görməliydim – Bakıya yol bileti, məktəb paltarı almalı idim.

Jdanova gün yarıma gəldik. Yük avtomobilinin üstündə. Bu avtomobil kəndlərdən işçi toplamaq üçün Jdanovdan xüsusi olaraq gəlmişdi. Bir neçə gün kəndləri dolanır, ailələrlə görüşür, pul qazanmaq şansını qaçırmamağı onlara izah edirdi.

Jdanovun Sevil Qazıyeva adına sovxoz ilə bizim Mirbəşir Qasımov adına sovxoz arasında müqavilə var idi. Həmin müqaviləyə əsasən, bizim sovxoz onlara işçi qüvvəsi göndərir, qarşılığında isə taxıl əkmək üçün 200 hektar əkin sahəsi alırdı. Fəhlələri isə ailələrdən seçib aparırdılar. Hər ailədən, yaşından asılı olmayaraq, kimsə getməli idi. Minimum yaş həddi isə yox idi. Hətta 9 yaşında olanlar da gedə bilərdi.

Kənddə camaat uşağını hər adama etibar etmirdi. Kənddən kimsə briqadir adı ilə camaatı toplayardı. (Ardı aşağıda)

Pulun cazibəsi inanılmaz güclüdür

Dağlarda insana pul lazım olmur. Heç nə satılmırsa, heç nə alınmırsa, orada pul mənasını itirir. Bu mənada pulun gərək olmadığı yerlərdə belə o öz cazibəsi ilə insanları ovsunlayır.

Açıq kuzada hərə bir tərəfdə, daha doğrusu, böyüklər qabaqda, kiçiklər arxada uzanır... səmaya baxırdı. Sürücü bərk-bərk tapşırmışdı ki, ətrafa baxmaq olmaz. Yolda, elə maşının üstündə hamı boğçasını açır, kimin nəyi var, yeyirdi.

Boğçada nə olurdu? Pendir, yaxud yumurta soyutması, bir baş soğan, bir kəllə qənd və əlbəttə, çörək. Masallı bazarından aldığımız şora qoyulmuş badımcanın dadı isə bir başqa idi: bir şora qoyulan badımcanla bir çörəyi rahat yemək olardı.

... Jdanovda həyat gözlədiyimdən çətin başladı. Hamını bir otağa yerləşdirdilər. Yerli camaat gəlmələri, xüsusən bizim kimi mövsümi işlərə gələnləri sevmirdi. Gəlmələr və yerlilər arasında böyük bir sədd çəkilmişdi. Heç bir məsələdə bu səddi aşmaq olmurdu. Hətta suyu da bizlərlə paylaşmırdılar. Buna görə ya kəndlərdə boş idarə binalarında, ya da kəndlərin kənarındakı xırmanlarda olan taxıl anbarında qalırdıq.

Yerli və gəlmələrin münasibətinə bir faktı əlavə edim

Sovetlər dağılana qədər Jdanovun sovxozlarına bizim dağ kəndlərindən işçilər gətirilirdi. Hələ bu vaxta qədər o zamandan başlayan bir dostluq, ya bir əlaqənin şahidi olmadım.

Qəbilələr kimi yaşayırdıq. Qadınlarla kişiləri ortadan çəkilən pambıq kisələrindən – meşok deyirdik – tikilən “divar” ayırırdı. Qadın, kişi, uşaq – hamı bir otağın havasını paylaşırdı.

Otağın baş tərəfində briqadir dəmir çarpayıda yatardı. Əslində, yatmır, sadəcə, xoruldayırdı. Bu “göy gurultusundan” ilk günlər yuxum qaçardı. Sonra işdən elə yorulurdum, yatmır, sanki ölürdüm.

Briqadirdən başqa hamı yerdə yatırdı. Suvanmış yerə lap altdan sellofan çəkilir, üstünə kilimlər döşənirdi. Hər ailə bir döşək, ya bir yorğan gətirərdi – briqadir çox əşya götürməyi qadağan etmişdi. Hətta qablar da sayla idi, hər adam alüminiumdan bir nimçə, bir qaşıq və bir bardaq aparardı. Pambıq yığımı müddətində hara getsən, o qablar da səni təqib edərdi. (Ardı aşağıda)

“Verbovannılar”, susuzluq, bədənimizin üfunəti…

Bu il briqadir T. kişi idi. Kobud, sərt və qaraqabaq adam idi. Zarafatları yalnız adamı aşağılamağa və təhqirə meyilliydi. Hərəyə bir ayama qoşmuşdu, birinə “şəlpağan”, digərinə “yerinəişəyən”, başqa birisinə isə “o...raqçı” deyirdi.

O, pambıqda bizim gözümüzdə əzəmətliydi. Kəndimizdə isə adi adam. Onun kimi hər ailənin heyvanı, atı, tövləsi, ot anbarı, təndiri, həyətində toyuqları olardı. Burda isə o fərqli görünürdü, yatdığı yerindən tutmuş, gecələr bəzən itməsinə, gündüzlər işə gəlməməsinə, gələndə isə ağac kölgəsində yatmasına, əvəzinə pambıq yığdırmasına qədər.

Onun da əzəmətinin kölgələndiyi bir məqam var idi: dağlardan gələn “verbovannılar”ın (yerli camaat gəlmələrə belə deyirdilər) briqadiri də yerli briqadirə tabe olardı. Əslində, bizə rəsmi rəhbərliyi həmin şəxs edirdi. Bütün yazılı qərarlar onun imzası ilə qüvvəyə minirdi. Hər adamın şəxsi işi onun əlində idi. Pambığın təhvil verilməsi zamanı çəkisinin qeyd olunması, hər bir şəxsə ayrılıqda yığdığı pambığa görə əməkhaqqının hesablanması, (qarovulçu və çayçı ştatları üçün ayrıca əməkhaqlarını özünə götürərdi). Əməkhaqqı cədvəllərində və tabellərdə heç kimin doğum tarixi göstərilmirdi. Bizim briqadir isə, sadəcə, qəbilə başçısı rolundaydı.

Susuzluq

İçməli su ümumiyyətlə yox idi. Yerli camaat süzgəc daşlardan keçirdiyi kanal sularından içməli su kimi istifadə edirdi. Biz isə ölə-ölə kanaldan axan palçıq rəngində olan suyu vedrəyə götürür, lili yatandan sonra çay suyu kimi istifadə edirdik. Pambıq yığımı vaxtı suvarma olmadığından kanallara su buraxılmırdı. Susuzluğa dözməyib köynəyi və ya maykanı dodağıma yapışdırıb çöküntü sularını içirdim. Sonra paltar üzərində olan həmin lilə baxanda adamı dəhşət bürüyürdü. Böyük, sulu kanallar isə çox uzaqdan axardı. Pambığın şirəsini əldən, üzdən təmizləmək olmurdu. Bəzən pambıq kollarının yarpaqlarının qurudulması və vaxtından tez tökülməsi üçün tarlaları dərmanlayan təyyarə aşağı enir, pambıqla birgə üstümüzə dərman çiləyirdi. Bu ağ rəngli sulu dərmanın pambıq sahələrinə töküldüyü zaman sahələrdə yalnız “verbovannılar” olardı.

Dərmanın başqa bir məqsədi pambıq qozalarına düşmən kəsilən “sovka” kimi tanınan qurdların öldürülməsi idi. Həmin dərmanın üfunətli qoxusu paltarlarımızı heç zaman tərk etmirdi. Dərmanın təsirindən bir cücü, bir canlı belə sağ qalmazdı... Amma biz yaşayırdıq. (Ardı aşağıda)

Pambıq “sovka”sının (pambığın çiçəklərini və qozasını yeyən həşərat) yığını

Pambığın becərilməsində yadımda qalan ən dəhşətli anlardan biri pambıq sovkasının yığılması idi. Sovka – pambıq qozalarının düşməni idi. Təyyarə ilə və ya traktorla verilən dərmanlar ona təsir etmirdi. Belə olan halda alaq mövsümü başa çatandan sonra pambıq sovkasının yığımı başlanırdı. Bu proses belə idi: hərəyə bir şampan şərabının butulkası verilirdi. Butulkanı yarıya qədər su ilə doldurub kəmərdən asırdıq. Sonra isə pambıq kollarını axtarır və əllə həmin həşəratları tapıb butulkaya atırdıq. Günün sonunda isə həmin həşəratların hər birini bir qəpikdən pulunu alardıq. Qurdları yığmağa bizə əlcək verilmirdi. Əllərimiz həşəratların rəngini alırdı həmin günlərdə. Əlcək verməməkləri cəhənnəm, əllərimizi yumağa sabun da çox görülürdü bizə. Bəzən əllərimizi yumadan, sadəcə, silib, yemək yeməyə məcbur olurduq. Bu işlər məcburi idi. İyrənən şəxslərə “bir gün döz, ikinci gün yaxşı olacaq” – deyib məcbur etdirirdilər.

Aclıqla mübarizə

Çörək də olmurdu. Ələnməmiş undan yalnız fəhlələr üçün bişirilən kalaçda (kömbə) gətirməzdilər. Kənddən gələndə buğdanı qovurub, sonra əldaşından keçirib qovut edərdilər. Çörək olmayanda onu bir stəkan isti suya qatıb yeyər və aclığa qalib gələrdik.

Aclıqla mübarizə, insanların istismar ehtirası Herta Müllerin “Nəfəs yelləncəyi”ndə yazılıb. QULAQlardakı həyatı oxuduqca pambıq illəri göz önümdə canlanırdı. Biz azadlıqda olsaq da, əsirlər kimi bir münasibətlə üz-üzəydik. Əsirlərin gördüyü işləri görürdük – şəraitimiz, bizə olan rəftar da eyniydi.

Biz dəhşətli istilərə baxmadan hər gün tarlaya gedir, pambıq yığırdıq. Böyüklər, hər il pambıq yığımına gələnlər günə 100-120, hətta bəzən 150 kq pambıq yığırdı. Qadınlar kişilərdən daha zirək tərpənərdi. Onların əlləri daha iti işləyirdi.

“Verbovannılar”a nadir halda ilk yığıma tarla verərdilər. İlk yığımı ya pambıq yığan maşın, ya da yerli camaatdan olan briqadalar yığar, bizi isə iki, ya da üçüncü yığıma salardılar. Hansı sovxozda geriləmə olardı, bizi ora atardılar – Biz “pambıqçı desant”lar idik.

Yemək bişirmək üçün heç bir şərait yox idi. Hamı həyətdə özünə daşlar üzərində ocaq düzəldirdi. Yemək bişirər, çay qaynadardıq. Jdanovun 40 dərəcə istisində, işdən sonra yorğunluqdan ayağımız yer tutmayanda da. (Ardı aşağıda)

Tualet dözülməzliyi

Tualet məsələsi biabırçılıq idi. Yaşadığımız yerə yaxın iki ağacın ətrafına brezent bağlanmışdı, qadın, kişi – hamı ora gedirdi. Pambıq sahələrində isə ümumiyyətlə, əkin sahələrinin ətrafları və ya pambıq cərgələrinin aralarından tualet kimi istifadə olunurdu. Ətrafı kisə- meşok cırıqları və qamışla tutulan tualetdən və yaşadığımız evin ətrafından gələn dəhşətli sidik iyi və bu üfunətə toplaşan ağcaqanad ordusu əvvəllər dözülməz olsa da, sonra hiss olunmaza çevrilmişdi.

Su qıtlığından iki, ya üç həftədən bir çimmək olurdu. Kişilər imkan olanda böyük kanala gedirdi, qadınlar isə su daşıyıb tualetin yanında, elə tualetə bənzər bir yer düzəldib, orda çimirdilər.

Briqadanın gənc oğlanlarından biri B. yarızarafat-yarıciddi deyirdi ki, ilboyu yalnız bura gələndə kanala girirəm. Qalan vaxt, ümumiyyətlə, çimmirəm.

Hamı leş iyi verirdi. Bədənimizdə çirk tutmayan yeganə yer saçların dibi idi – ağarırdı. Hər kəsin boğazında tozun yaratdığı çirk qatları aydın görünürdü. Sifətdə ən çox çökək olan yerlərə çirk yığılardı. Qadınlar daha şanslıydı, onlar gözlərinə qədər bürünərdi, qorxunc istilərə baxmayaraq, hətta əllərini də sarğıdan açmazdılar.

Deyim ki, bədən çirkə öyrənir, bir müddət qaşınır, sonra sakitləşir. Adam öz qoxusuna tez öyrənir. Hamıdan eyni qoxu gəlirsə, ümumiyyətlə, problem olmurdu. Bircə təhlükə bit və sirkə söhbəti idi, zənnimcə, o da olmurdu. Bəlkə də pambıq dərmanlandığına görə, bədənimizdə canlı qalmırdı.

... Bəziləri işin ağırlığına dözməyib həqiqətən xəstələnər, bəziləri isə özlərini xəstəliyə vurub, geri dönərdi, mənə görə isə bu iş dözücü idi. Kənddə odun doğramaq, ot yığmaq, heyvanları otlaqlara aparmaq və bütün gününü heyvanlarla keçirmək daha ağır işgəncə kimi gəlirdi.

Kənddə qeyri-sabit iş günü idi. İşin bəlli bir zamanı olmazdı. Gecəyarı, gündüz, günorta, harda olmağından asılı olmadan. Burada isə rejim dəyişməzdi. Yəni ağır iş olsa da, onun bitdiyi bəlli bir zaman olurdu. Bəlkə də işin yeganə cazibəli tərəfi bu idi.

Kənddə danlaq götürməyə, bəzi hallarda döyülməyə (bu gün də xatırlayanda acıdığım vəhşiliklə döyüldüyüm epizodları sonrakı xatirələrdə oxuyacaqsız) daim səbəblər tapılırdı. Burda isə döyülmək ümumən yox idi. Böyüklər uşaqlar arasında bəzən güləş yarışları keçirərdilər. Yerli uşaqlarla biz gəlmələri üz-üzə qoyurdular. Bu ölüm-dirim döyüşündə təkbətəkdən heç zaman qorxum olmazdı. Çox cəld idim, kimisə yıxmasam da, kimsə məni yıxa bilməzdi.

Eyni zamanda Jdanova gələnə kimi bizim kəndlə müqayisədə çoxlu inkişaf etmiş yaşayış məntəqələrini keçirdik. Asfalt yola çıxan kimi özümüzü xoşbəxt hiss edirdik. İlk dəfə heykəllər, beşmərtəbəli binalar, özünəxidmət mağazaları, başqa ləhcə ilə danışan insanları və gödək ətək, yaxud şalvar geyinən xanımları görürdük.

Orda olduğumuz müddətdə bir, ya iki dəfə kinoya baxmaq imkanımız oldu. Sovxoza gətirmişdilər. Ağır işdən sonra kino, sadəcə, yaxşı yuxu gətirir. Şirin röyada Zita və Gita gizlənqaçları hələ də yadımdadır. (Ardı aşağıda)

Özbəkistanda tələbələr pambıq yığımında

Pambıqdan gələn bədbəxtliklər

Ümumiyyətlə, elə ailə var idi ki, yalnız pambıq yığımı ilə dolanırdı. Ona görə də pambığın becərilməsi, yığılmasının ağırlığı, dözülməzliyi insanları bundan çəkindirmirdi. Hər il olmasa da, iki ildən bir pambığın becərilməsində və yığımında iştirak edənlər biz tərəflərdə yatalaq kimi tanınan xəstəliyə tutulurdular. Bizim ailədə və qonşularımızda da bu xəstəliyə tutulanlar olmuşdu. Qonşu kəndlərimizin qızları arasında deyilənə görə çox gözəl birini (Xəngah kəndindən) də məhz bu xəstəlik aparmışdı. Bir il isə bu xəstəlik pambığa gedən xanımların hamısının kütləvi şəkildə saçlarının tökülməsilə nəticələndi.

May ayında yeni çıxmış pambıq kollarının seyrəldilməsi, bir az sonra alaq olunması, sonra sovkadan təmizlənməsi, sentyabr ayından isə pambıq yığımı başlayardı.

Bu ağır iş şəraiti insanlarda psixi pozuntunun da yaranmasına səbəb olurdu. Belə ailələrdən birinin qızının başına qəribə olay gəlmişdi. O, gecələr sayaqlayır, vahiməli dini söhbətlər edirdi. Adamlar buna artıq vergili biri kimi baxırdı. O qız gündüzlər də, bəzən yoxa çıxmağa başlamışdı. Günlərin bir günü böyük çamadanla gəldi, çamadanın içində iki böyük kukla var idi, birini Fatmayı Zəhra, digərini isə Məhəmməd peyğəmbər adlandırdı. Adamlara deyirdi ki, siz bunlara inanın və onları ziyarət edin. Ziyarət edəndə hər kəs cibində olan qəpiklərdən çamadana atırdı. Sonra da kəndə qayıdanda bu vergili adam söhbəti bütün kəndlərə yayıldı. Problemi olan hər kəs öz nəzir-niyazı ilə vergili qıza baş vururdu. Qız yaşadığı ata evini məscid elan etdi. Məsələ bu qədər ciddiləşəndə ciddi çevrələr də işə qarışdı…

Nəsilliklə böyük bir dini şəcərəyə, köklərə bağlı olan kəndin mollası da ona baş çəkmişdi. Çox təcrübəli və hər kəsin onun qoyduğu diaqnoza şübhəsi olmayan feldşer də. O qız özünün rəftarı ilə onlarda da vergili təsirini yaratmışdı.

Kənd ağsaqqallarının biri də vergili xanıma baş çəkmiş, sonra dərhal feldşerə demişdi ki, burda vergili söhbəti yoxdur, sadəcə, pambıq yığımında qızı gün vurub və başı pozulub. (Ardı aşağıda)

Türkmənistanda pambıq yığımında uşaq əməyi

Pambıqdan qazancım

İlk günlər yığım məndə alınmırdı. Əllərim pambıq qozalarını tuta bilmirdi. Qozaların tikanları barmaqlarımı dəlik-deşik etmişdi. Nəhayət, çəmini tapdım.

Bir xəttin bu başından girir, o başından çıxmayana qədər dayanmırdım. Adamlar bəzən istirahət edir, istidən heydən düşüb kənara, kölgəliyə çəkilir, mən isə davam edirdim. Öncə 50 kq, sonra isə 80 və nəhayət, 90, 100 kq pambıq yığırdım. Axşamlar yığdığımız pambığı xırmana çəkməyə gətirir, ayın sonunda isə maaş alırdıq. Adətən yığım mövsümü 2 ay, ya da 2,5 ay davam edərdi. Briqadirlərlə yanaşı hər kəs yığdığı pambığın özündə qeydiyyatını aparırdı. Çünki bəzən briqadir başqalarının adından azaldıb öz adına yazırdı. Bunu demək olar ki, bütün briqadirlər edirdi. İki gündən bir azalmağa razı idik, amma gündəlik yox...

Pulu mənə əlbəəl ödəmirdilər. Briqadir toplayır, sonra kəndə evə verirdi. Pambığın çəkisi ən əla vəziyyətdə 1 kq – 10 qəpik hesablanardı. Sahələrdən pambıq azaldıqca dəyəri 15, 20 qəpik olardı. Bəzən zəhmət haqqı pulla deyil, buğda ilə verilirdi. Bu əvəzlənmə valideynləri bilmirəm, amma uşaqlar üçün böyük zərbə olardı.

Günümüz belə bitərdi

Pambıq taylarının üstündə axşamlar “lafet”də geri qayıdanda hamı mahnı oxuyardı. Bu sanki itən gücü bərpa etmək ritualı idi. Bəzən başqa maşınlardan da səslər gələrdi. Və biz yolboyu toz burulğanının içində itən maşınlarda oxu yarışmaları edərdik.

Xırmanda pambığın tərəzidə çəkilişi üçün də uzun-uzadı növbələrə durardıq. Hər kəs topladığı məhsulu tərəziyə çıxarar, dəqiq çəkisini bildikdən sonra isə pambıq tayasının yaxınlığında boşaldardı. Bəzən bu proses gecə saat 12-yədək davam edərdi. Bu proses pambıq yığmaqdan daha ağır, daha dözülməz idi.

Pambıq yığımı bəzi ailələrin xilası idi. Elə mənim də. Yeganə yer idi ki, az da olsa ələ pul gətirirdi. Bu pula hər kəs evə bazarlıq edir, məktəb paltarları, toy paltarları, qab-qacaq alırdı. Bizim yerlərdə ikinci belə bir şansı verən iş yox idi.

Mənim ilk qazancımdan aldığım hədiyyə anama idi – xəmir yoğurmaq üçün tabaq.

Bu mənim həyatımın bir yay mövsümündə yaşadıqlarımdır.

Məlumat dəstəyinə görə Əlövsətə və Faiqə təşəkkür edirəm.

15. 09. 2014

İstanbul

XS
SM
MD
LG