Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:38

FTB-nin istintaqa cəlb olunması qanuna ziddir


MTN Elmar Hüseynovun işi ilə bağlı verdiyi son açıqlamaya yeni heç nə əlavə etməyib
MTN Elmar Hüseynovun işi ilə bağlı verdiyi son açıqlamaya yeni heç nə əlavə etməyib

«Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetiriləndən sonrakı günlərdə prezidentin məsləhəti ilə işin araşdırılmasına ABŞ və Türkiyədən mütəxəssislər qoşulmuşdu. O zaman ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) maddi sübutların tədqiqində Azərbaycan tərəfinə yardım etmişdi. İşin istintaqına da FTB-nin cəlb olunmasını xahiş edən Elmar Hüseynov Fonduna göndərdiyi məktubunda Milli Təhlükəsizlik Nazirliyi (MTN) bildirir ki, amerikalı mütəxəssislərin istintaqda birbaşa iştirakı mümkün deyil. Çünki, Azərbaycan qanunvericiliyi başqa dövlətin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq qrupu yaradılmasını nəzərdə tutmur.


Bu məsələni araşdırmaq üçün bir neçə hüquqşünasla da söhbət etdim. Onlar bildirirlər ki, həqiqətən də Azərbaycan qanunvericiliyinə görə, başqa dövlətin xüsusi xidmət orqanları ilə yalnız birgə ekspertizalar aparıla bilər. Hüquqşünas İsaxan Aşurov deyir ki, xarici dövlətlərin xüsusi xidmət orqanlarının, o cümlədən FTB-nin əməkdaşları yalnız ekspert qismində, özü də müstəsna hallarda cəlb oluna bilərlər. Onların istintaq qrupunda iştirakı isə ağlabatan və arzuolunan deyil. O, bunu həm peşə etikası, həm əməliyyat sirrinin yayılmaması baxımından düzgün saymır. Hüquqşünas Gürcüstanla müqayisə də aparır: «Gürcüstanın baş naziri Zurab Jvaniyanın ölümünü araşdırmaq üçün Tbilisi də ABŞ-ın FTB-dən kömək istəmişdi.

Azərbaycan qanunvericiliyi başqa dövlətin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq qrupu yaradılmasını nəzərdə tutmur. Elmar Hüseynov Fondunun təsisçilərindən biri «Qanun» jurnalının baş redaktoru Şahbaz Xuduoğlu isə qanunu pozmağı belə mümkün sayır
Onlar da ekspert qismində cəlb olundular. Ayrı-ayrı ekspertizaların aparılmasında iştirak etdilər. İstintaqa cəlb olunmaları isə birmənalı şəkildə mümkün deyil».


Elmar Hüseynov Fondunun təsisçiləri MTN-nin cavabını hələlik müzakirə etməsələr də, onlardan biri Şahbaz Xuduoğlu qanunu pozmağı belə mümkün sayır. Cənab Xuduoğluna görə, jurnalistin qətlini bəzi istintaq orqanları manipulyasiya edirsə, daban-dabana zidd olan versiyalar ortaya qoyurlarsa, bunun qarşısını almaq lazımdır.


Şahbaz Xuduoğluna görə, istintaqı ABŞ-ın yox, Azərbaycana yaxınlığı ilə seçilən Türkiyənin xüsusi xidmət orqanları da apara bilər. Hətta bu mümkün deyilsə, Azərbaycanda inanılmış peşəkarlardan ibarət qrupun yaradılması da mümkündür.


Elmar Hüseynov Fondunun təsisçiləri hesab edirlər ki, belə bir zərurət artıq iki aydan çoxdur yaranıb. Çoxsaylı ağır cinayətlərdə ittiham edilən DİN-in sabiq əməliyyat müvəkkili Hacı Məmmədovun öz məhkəməsində Elmar Hüseynovu da onun dəstəsinin, özü də keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə öldürdüyünü deməsindən sonra ortaya ziddiyyətlər çıxıb. Bu ziddiyyət və şübhələr, eləcə də FTB-nin prosesin əvvəlində araşdırmada iştirakı zəruri edir ki, istintaqçılar neytral olan ABŞ-ın xüsusi xidmət orqanları ilə birgə ekspertiza aparsınlar. Fondun təsisçilərindən olan Şahbaz Xuduoğluna görə, Hacı Məmmədovun Elmar Hüseynovun qətlinin icraçıları ilə bağlı yeni adlar açıqlaması istintaqın əvvəlki məlumatlarını sual altına salır. İstintaq indiyədək qətlin icraçılarının Tahir Xubanov və Teymuraz Əliyev adlı Gürcüstan vətəndaşları olduğunu deyirdi. Onlarla əlaqəsi olduğu deyilən bir nəfər də həbs edilmiş, özlərinin isə axtarışda olduğu deyilirdi. Hacı Məmmədov isə iddia edir ki, Elmar Hüseynovu «Qara kəmər» əməliyyatı zamanı öldürülmüş Əsgər İsgəndərov qətlə yetirib. Şahbaz Xuduoğluna görə, Tahir Xubanovla bağlı ekspertizanın rəyini də FTB əməkdaşları verib:


«FTB-nin birinci şübhəli şəxslərlə bağlı ekspertizasının nəticələri ilə Hacı Məmmədovun dedikləri arasında oxşarlıq yoxdur. Bunlar yoxdursa bu açıqlamalar heç bir fakta söykənmir. Bu cür faktlar üzə çıxdığı üçün FTB-nin gəlməsini, ittihamların və iddiaların yoxlanmasını istədik. Görək bu deyilənlər nə dərəcədə həqiqətə söykənir. İstintaq özü özünü təkzib edir...»


MTN isə sentyabrın 28-də verdiyi açıqlamaya heç nə əlavə etmir. Nazirlikdən bildirirlər ki, istintaq hərəkətləri aparılır. Cinayət işi üzrə aparılmış istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə bağlı nəticələr haqda vaxtaşırı məlumat verilib.


XS
SM
MD
LG