Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

İlham Əliyev: «Ölkə daxilində də milli satqınlar var…»


İlham Əliyev
İlham Əliyev

-

«İndi bəzi xarici dairələr qloballaşma adı altında öz iradələrini tətbiq etmək istəyirlər. Xüsusilə gənclər arasında iş aparılır, müxtəlif fondlar vasitəsilə guya ki, hansısa layihələrin icrası üçün vəsait ayrılır. Əslində gəncləri öz dövlətinə qarşı çevirmək, istiqamətləndirmək üçün işlər aparılır. Biz bunları bilirik».

AzərTAc-ın xəbərinə görə, bunu prezident İlham Əliyev Beyləqanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Prezident vurğulayıb ki, bu gün Azərbaycanın uğurlu inkişafını heç də hər kəs qəbul etmir:

«Ölkə daxilində də milli satqınlar var ki, onlar xarici antiazərbaycan dairələrinə öz vicdanını satıblar. Xarici dairələr var ki, çalışırlar Azərbaycanda sabitlik pozulsun, inkişaf dayansın, Azərbaycan asılı vəziyyətə düşsün. Biz bunu bilirik. Mən Prezident kimi gündəlik fəaliyyətimdə bu qüvvələrə qarşı açıq mübarizə aparıram. Ona görə də Azərbaycana qarşı mediada qarayaxma, böhtan kampaniyaları aparılır. Bunun səbəbi odur ki, biz müstəqilliyimizi qoruyuruq. Azərbaycan xalqının haqlı tələbini, müstəqil olmaq arzusunu qoruyuruq, qoruyacağıq».

İlham Əliyev son zamanlar dünyada baş verən bəzi proseslərdən də danışıb:

«İndi heç kəs üçün sirr deyil ki, müxtəlif fondlar vasitəsilə, müxtəlif ölkələrdə kütləvi iğtişaşların, qarşıdurmanın yaradılması üçün praktiki addımlar atılır. 10 il bundan əvvəl bu, daha da məxfi formada aparılırdısa, hazırda artıq bütün maskalar yırtılıb, heç gizlətmirlər. Məqsəd də odur ki, təbii resurslarla zəngin, böyük potensiala, əlverişli coğrafi mövqeyə malik ölkələr təsir altına düşsün və başqasının diktəsi ilə hərəkət etsin, oturub-dursun. Bu isə o ölkələri məhvə aparır».

«AZƏRBAYCAN ÜÇÜN DƏ OXŞAR SSENARİLƏR YAZILMIŞDI»

Dövlət başçısı yaxın tarixi xatırladıb:

«Bizim qonşuluğumuzda baş vermiş hadisələrin nələrə gətirib çıxardığı da gözümüzün qabağındadır. Bilin ki, Azərbaycan üçün də oxşar ssenarilər yazılmışdı. Sadəcə olaraq bizim iqtidarımızın dəmir iradəsi imkan vermədi ki, bu ssenarilər burada həyata keçirilsin və heç vaxt imkan verməyəcəyik... Xarici qüvvələr Azərbaycanın inkişafını bizdən artıqmı istəyirlər? Əlbəttə ki, yox. Onların maraqları başqadır və biz bilirik bunun səbəbi nədir. Onlar da bilirlər ki, bu, bizimlə keçməyəcək və sizinlə də keçməməlidir».

MİLYONLAR MÜXALİFƏTİN CİBİNƏ ÖTÜRÜLÜR

İlham Əliyev deyib ki, Azərbaycana xaricdən heç bir yardım, kömək lazım deyil:

«Lazım olanda onsuz da heç kim bizə kömək etməyib. Azərbaycan ağır vəziyyətdə olanda kim gəlib bizə kömək edib? Heç kim. Mənim yadımdadır, vaxt var idi ki, biz beynəlxalq qurumlardan kredit ala bilmirdik, vermirdilər kredit. Amma indi biz özümüz başqa ölkələrə kredit veririk. Yəni, bizim iqtisadi inkişafımız sırf Azərbaycan dövlətinin, hökumətinin uğurudur və aparılan siyasətin nəticəsidir. Ona görə bizə yardım etmək üçün heç kimə müraciət etməmişik və buna ehtiyac yoxdur».

Prezident qeyd edib ki, buna baxmayaraq, yardım adı altında Azərbaycana hər il milyonlarla dollar pul ötürülür:

«O pul müxalifət qurumlarının cibinə gedir. Düzdür, bizim müxalifət pula o qədər meyllidir ki, o, ayrılan qrantların 70-80 faizini öz cibinə qoyur. Ona görə o pullar onu göndərənlərin iradəsi ilə xərclənmir. Ancaq fakt budur. Biz bunu bilirik, burada heç nəyi gizlətmək mümkün deyil. Bütün bank hesablarına nə qədər gəlir, kimə gəlir, o pul sonra hara gedir və bilin ki, verilən o vəsait ölkəmizin maraqlarının əleyhinə işləyən vəsaitdir. Onsuz da lap o miqdarı on dəfə artırsalar da bunun xeyri olmayacaq. Çünki Azərbaycanda sabitliyin, inkişafın təminatçısı Azərbaycan xalqıdır, görülən işlərdir, abadlaşan şəhərlər və inkişafda olan ölkəmizdir. Ona görə hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq cəhdləri yersizdir. Bunu artıq o cəhdləri edənlər də tamamilə başa düşürlər».

XS
SM
MD
LG