Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:35

MTN Elmar Hüseynovun istintaqına FTB-nin cəlb olunmasını istəmir


MTN Elmar Hüseynovun qətlinin araşdırılmasının davam etdiyini bildirir
MTN Elmar Hüseynovun qətlinin araşdırılmasının davam etdiyini bildirir

Milli Təhlükəsizlik Nazirliyi (MTN) «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılmasına ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) əməkdaşlarının da cəlb olunması təklifini qəbul etməyib. Nazirlik buna Azərbaycan qanunvericiliyinin imkan vermədiyini bildirir. Bir neçə ay bundan əvvəl Elmar Hüseynov Fondu baş redaktorun qətlinin istintaqına ABŞ Federal Təhqiqatlar Bürosunun da cəlb edilməsi xahişiylə prezidentə müraciət etmişdi. Həmin müraciəti araşdıran və Elmar Hüseynovun qətli ilə bağlı istintaq işini aparan MTN isə sentyabrın 27-də göndərdiyi cavab məktubunda bildirib ki, Azərbaycan qanunvericiliyində başqa dövlətlərin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə istintaq qrupunun yaradılması nəzərdə tutulmayıb. Amma nazirlik onu da xatırladır ki, jurnalist qətlə yetirilən zaman maddi sübutların tədqiqində FTB-nin xidmətindən istifadə olunub.


Elmar Hüseynov Fondundan Şahbaz Xuduoğlu isə hesab edir ki, istintaqa başqa dövlətlərin peşəkarlarının cəlb olunmasında nazirlik daha çox maraqlı olmalıydı. Onun qənaətincə, belə təşkilatlar siyasi qətllərin açılmasında daha peşəkardırlar və üstəlik daha müasir avadanlığa malikdirlər.


Elmar Hüseynov ötən ilin martında yaşadığı mənzilin girişində qətlə yetirilib. Çoxsaylı adam oğurluğu və qətllərdə ittiham olunan, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov isə məhkəməyə ifadəsində Elmar Hüseynovu sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə öldürdüyünü bildirib. Sabiq nazir bu ittihamı qəbul etmir. MTN isə bu yöndə istintaq aparıldığını bildirir. Elmar Hüseynov Fondu isə bu şübhələrə aydınlıq gətirmək üçün istintaqa xarici peşəkarların cəlb olunmasını istəyir.


XS
SM
MD
LG