Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:26

Söyün, amma oxuyun!


Rüfət Əhmədzadə
Rüfət Əhmədzadə

-

Bəzən görürsən ki, hansısa şairin yaradıcılığını sevmədiyinə görə onun hansısa yerlisi bıçaqla üstünə gəlməyə hazırdır...

Rüfət Səid Əhmədzadə

Söyün, amma oxuyun!

Diqqət eləmişəm, Səməd Vurğunun adı gələndə coşan qazaxlıların, Əliağa Vahidlə fəxr edən masazırlıların, Hüseyn Cavidin irsini ciddi-cəhdlə müdafiə edən naxçıvanlıların çoxunun nə poeziyadan, nə də adıçəkilən ədiblərin yaradıcılığından geniş məlumatı yoxdur.

Burda yerlibazlıq instikti rol oynayır və oynamalıdır da. Ümumiyyətlə, müdafiə hissi yaxşı şeydir. Amma çox zaman bu, əks-hücuma çevrilir və mübahisədə hörmət-izzət yaddan çıxır.

Bəzən görürsən ki, hansısa şairin yaradıcılığını sevmədiyinə görə onun hansısa yerlisi bıçaqla üstünə gəlməyə hazırdır. Bəli, bəli! Azərbaycanın yetişdirdiyi insanları ümumiyyətlə sevmək, qorumaq və dəyərləndirmək lazımdır. Amma bu gün-sabah mən də ölüb getsəm, hamının borcu yoxdur ki, məni sevsin və rəhmət oxusun. Lap elə indidən deyirəm: mən nə şairəm, nə də ədib. Sadəcə, yazmaq-yaratmaq hüquqlarından istifadə edən biriyəm, vəssəlam.

Teodor Drayzer əslən alman olsa da, ABŞ-ın İndiana ştatının Terre-Hot şəhərində doğulub. Amma ondan desəm ki, Amerikada “Terre-Hotşina” adlı ədəbi cameə var, qımışarsınız. Əlbəttə ki, yoxdur, ola bilməz. Amma Azərbaycanda “Qazaxşina” var. Həm də necə lazımdır.

Sözümün məğzi əslində heç “–şina” məsələsi deyil. Bəndənizi yandıran odur ki, adamlarımız oxuyub-öyrənmədikləri ziyalılarla necə fəxr edə, necə sevə bilirlər? Qəribədir, deyilmi?

Məni vaxtilə qınayan və hətta lağa qoyan qohumlarım da var idi, son zamanlar bir-iki müsabiqədə yer tutdum deyə “fikirləri dəyişib” (əslində fikirləri yox, davranışları). İndi və Allah qoysa gələcəkdə rahatlıqla bir tanışlarına göstərib deyə bilərlər ki, bizim qohumdur, bəs filan qədər kitab yazıb... Ə, nolsun? Oxumurlar ki! Deməli, bəyənmirlər də.

Yazıçıya onu oxumayıb tərifləyəndən çox, oxuyub söyənlər daha yaxındır. Məsələn, Seymur Baycanı kor-koranə müdafiə edənlərdən mən yaxınam ona. Demək olar ki, hər yazısını diqqətlə oxuyuram. Bəzən müəllifin emailinə tənqidi fikirlərlə dolu məktub da yazmışam, amma sağ olsun, hələ cavab verməyib. Mən yaxşıyam, Seymuru ağır söyüşlərlə söyən adamlar var: hər adını görəndə klik edirlər, acgözlüklə oxuyurlar, amma yenə söyürlər.

Əminəm ki, onların da çoxu get-gedə Seymuru həzm edəcək, fikirlərini qəbul edəcəklər. İstər Seymur, istər başqası olsun. Əgər oxucuda qıcıq yaratmaqla bərabər onu həm də daimi oxucuna (həm də “söyüşçü”nə) çevirirsənsə, artıq uğur qazanırsan.

Heyif ki, bu yazını oxumadan söyənlər çox olacaq... Adamı yandıran budur da, qardaş!

XS
SM
MD
LG