Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:13

Müsavatçı fəalın həbsində «çanta» müəmması


Fərəc Kərimli
Fərəc Kərimli

-

Həbsdə olan müsavatçı fəal Fərəc Kərimlinin atası Raqif Kərimli oğlunun həbsində ziddiyyətli məqamların olduğunu deyir. O bildirir ki, Fərəc xəstəxanada, anasının yanında tutulduğu halda sənədlərdə tamam başqa ünvan göstərilib:

«SƏNƏDLƏRİN HEÇ BİRİNDƏ ÇANTA HAQDA MƏLUMAT YOXDUR»

«Fərəc iyulun 23-də, səhər saatlarında anasını Bakı Sağlamlıq Mərkəzinə aparıb. Anası mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Oğlum saat 11-də zəng etdi ki, ata, məni aparırlar. Xəstəxanaya gedəndə artıq onu aparmışdılar. Mühafizə xidmətindən dedilər ki, hüquq-mühafizə orqanı əməkdaşları xəstəxanada əməliyyat aparmağa icazə alıblar. Fərəci apararkən əməliyyatçılar anasının çantasını da götürüblər. Amma iş burasındadır ki, sənədlərin heç birində çanta haqda məlumat yoxdur. Sənədlərdə göstərilir ki, Fərəci guya Azadlıq prospektində hansısa binanın qarşısında tutublar. Çanta haqda indiyədək heç bir məlumat verilməyib. Burada nə isə var».

«RAQİF MÜƏLLİMİN OĞLUNU 4-5 NƏFƏR GƏLİB XƏSTƏXANADAN APARDI»

Bakı Sağlamlıq Mərkəzi mühafizə xidmətinin rəisi İlqar Əsədov Fərəc Kərimli aparılarkən, çantanın əməliyyatçılardan birinin əlində olduğunu söyləyir:

«Raqif müəllimin oğlunu 4-5 nəfər gəlib xəstəxanadan apardı. Biz onlara müqavimət göstərə bilməzdik. Çünki gələnlər xəbərdarlıq etdilər ki, əməliyyat keçiriləcək. Biz hüquq-mühafizə orqanlarının bu cür əməliyyatlarına qarışa bilmirik. Atası çantanın itməsində bizi ittiham edir. Mən ona da izah etdim ki, qadın çantası oğlanı aparanların əlində idi».

Nərimanov rayon Məhkəməsinin Fərəc Kərimlinin həbsi ilə bağlı iyulun 24-də çıxardığı qərarda da onun Azadlıq prospekti, 114 saylı yaşayış binasının qarşısında saxlandığı bildirilir.

«BÜTÜN BUNLAR GÖSTƏRİR Kİ...»

Raqif Kərimlinin fikrincə, bu ziddiyyətli məqam oğlunun həbsinin öncədən planlaşdırıldığını təsdiqləyir:

«Bütün bunlar göstərir ki, bu qurama, siyasi sifarişlə olan bir işdir. Mən özüm də müsavatçıyam. Fərəcdən bir neçə gün öncə həbs olunan digər oğlum Siracın da işində ziddiyyətlər çoxdur. Onu həbs edəndə müstəntiq mənə deyirdi ki, gedin, Müsavat Partiyasından çıxın. Bu təklifi qəbul etmədik, digər oğlum Fərəci də tutdular. Narkotik də bir bəhanədir. Bir az abırlı şərlənmə olsaydı, dözmək olardı. Narkotik bizim ailəyə yaraşan və uyğun bir şey deyil. Məni tanıyanlar, bizim ailəni tanıyanlar bu ittihamın yalan olduğuna inanırlar».

«HÜQUQ-MÜHAFİZƏ ORQANLARI SİFARİŞLƏ İŞLƏSƏLƏR DƏ...»

Vəkil Nemət Kərimli istintaq davam etdiyindən bu məsələyə geniş açıqlama vermək istəmədiyini deyir:

«Səbəblərdən biri budur ki, görünür, hüquq-mühafizə orqanları sifarişlə işləsələr də, özlərində qeyri-humanist imic yaratmaq istəmirlər. Fərəcin xəstəxanada – ağır xəstə olan anasının yanında həbsi humanizmdən çox uzaqdır. Görünür, üzərilərinə qınaq götürmək istəmirlər. Buna görə də sənədləşmədə xəstəxana yox, başqa ünvan göstərilib».

Fərəc Kərimli iyulun 23-də saxlanıb və 2 gün sonra məhkəmə onun haqqında üçaylıq həbs qərarı çıxarıb. Daxili İşlər Nazirliyinin məlumatında saxlanarkən onun üzərindən narkotik maddə tapıldığı bildirilib. Bundan bir neçə gün əvvəl onun qardaşı Sirac Kərimli həbs olunub.

Müsavat Partiyası bəyanat yayaraq Fərəc Kərimlinin siyasi və bloqqer fəaliyyətinə görə həbs olunmasına diqqət çəkib.

XS
SM
MD
LG