Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:28

Hüquq müdafiəçiləri Emil Məmmədov və Həsən Hüseynli prezidentə müraciət etdilər


Həsən Hüseynli və Emil Məmmədov
Həsən Hüseynli və Emil Məmmədov

-

Ədliyyə Nazirliyi Penitensiar Xidməti həbsdəki hüquq müdafiəçiləri Emil MəmmədovHəsən Hüseynlinin prezident İlham Əliyevə ünvanladığı müraciətlərini yayıb. Hər iki müraciət avqustun 5-də yazılıb.

Emil Məmmədov öz müraciətində prezidentin hüququ pozulanların yanında olduğunu və onun siyasətini dəstəklədiyini yazır:

«Mən düşmən dəyirmanına su tökənlərdən fərqli olaraq sizi respublikamızın inkişafı və tərəqqisi naminə apardığınız siyasəti bir vətəndaş və hüquq müdafiəçisi olaraq həmişə dəstəkləmişəm və bundan sonra da dəstəkləyəcəyəm».

Həsən Hüseynli öz müraciətində əcnəbi siyasətçilərin onu müdafiə etməsini qəbul etmədiyini və Apellyasiya məhkəməsində bəraət alacağına inandığını bildirir:

«Azərbaycan hüquqi dövlətdir və hüquqlarımın prezident tərəfindən qorunmasına inanıram və hüquqlarımın heç bir əcnəbi siyasətçi tərəfindən qorunmasına ehtiyac görmürəm».

«BİZƏ HEÇ KİM TƏKLİF ETMƏYİB Kİ, PREZİDENTƏ MÜRACİƏT ETSİN, BURAXAQ»

Emil Məmmədovun həyat yoldaşı Sənubər Məmmədova həyat yoldaşının prezidentə müraciətini müsbət qarşılayır. O, AzadlıqRadiosuna bildirib ki, E. Məmmədov müraciət etməyi əvvəldən düşünürmüş:

«Bizə heç kim təklif etməyib ki, Emil prezidentə müraciət etsin, buraxaq. Bu, onun öz təşəbbüsüdür. Çünki onun prezidentə müraciətlərinin heç biri cavabsız qalmayıb. Emil məmur tərəfindən hüquq pozulan vətəndaşlarla bağlı dəfələrlə prezidentə müraciət edib və müsbət cavab alıb. İnanırıq ki, onun bu müraciəti də cavabsız qalmayacaq».

Həsən Hüseynlinin ailə üzvləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Emil Məmmədov mayın 13-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Mayın 14-də Salyan rayon Məhkəməsi onun barəsində 3 ay həbs-qətimkan tədbiri seçib.

Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz soyuq silah gəzdirməkdə ittiham olunur. İyulun 14-də Gəncə şəhər Nizami rayon Məhkəməsində QHT rəhbəri Həsən Hüseynliyə 5 il 11 ay 28 gün həbs cəzası verilib.

Hər iki hüquq müdafiəçisi ittihamları sifariş hesab edir və özlərini günahkar saymırlar.

XS
SM
MD
LG