Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:29

«Azərbaycan hökuməti konstruktiv tənqiddən heç vaxt boyun qaçırmır»


BMT-nin Cenevrədəki ofisi nəzdində Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov
BMT-nin Cenevrədəki ofisi nəzdində Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov
Sentyabrın 18-də Cenevrədə BMT-nin İnsan Haqları Şurasının 2-ci sessiyası işinə başlayıb.

Sessiyada tematik məsələlər və ayrı-ayrı ölkələr üzrə xüsusi həmməruzəçilər, müstəqil ekspertlər və işçi qrupların üzvləri ilə dialoq aparılacaq. Bundan başqa, ümumilikdə BMT-nin insan hüquqları sektorunun islahatı problemi haqda diskussiyalar davam etdiriləcək. Şuranın işində iştirak edən BMT-nin Cenevrədəki ofisi nəzdində Azərbaycanın daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov «Azadlıq» radiosuna müsahibə verib.


- BMT-nin İnsan Haqları Şurasının ikinci sessiyası öz işini davam etdirir. Azərbaycanda bu Şuranın üzvüdür. Aparılan müzakirələr barədə nə deyə bilərsiniz?


«İslamın terrorizmlə uyğunlaşdırılması köklü surətdə yanlış hərəkətdir. Biz bundan əl çəkməyə çağırır və ondansa dinlər arasında, sivilizasiyalar arasında dialoqu daha üstün tuturuq»
- Şuranın birinci gün irqçilik mövzusu üzrə hesabat dinlənildi və bununla yanaşı dinlərə qarşı böhtan məsələsi də müzakirə olundu. Azərbaycan da İslam Konfransı Təşkilatı tərəfindən verilmiş bəyanata qoşularaq bu məsələyə öz mövqeyini bildirib. Mövqe bundan ibarətdir ki, son zamanlar islama qarşı artan hücumlar əsassızdır və heç də bu, sivilizasiyalar arası dialoqa xidmət edən bir amil deyil. Ona görə də islamın terrorizmlə uyğunlaşdırılması köklü surətdə yanlış hərəkətdir. Biz bundan əl çəkməyə çağırır və ondansa dinlər arasında, sivilizasiyalar arasında dialoqu daha üstün tuturuq. Bizim fikrimizcə, bu konstruktiv yanaşma davam etdirilməlidir.


- BMT-nin İnsan Haqları Şurası yeni yaradılıb. Qurum daha çox diskussiya klubuna oxşamır ki? Yoxsa çıxarılan qərarların icra olunması gözlənilir?


- Şura hələ tam formalaşmış beynəlxalq təşkilat deyil. Bəzi proseduraların müəyyən edilməsi, qərarların qəbulu ilə bağlı fikir mübadilələri hələ davam edir. Hazırda bütün ölkələrin mövqeyi ondan ibarətdir ki, əgər biz diskussiya klubu yaratmaq istəmiriksə onda müzakirələr nəticəsində çıxarılan qərarların həyata keçirilməsi mexanizmini gücləndirməliyik və elə vəziyyətə gəlib çıxmalıyıq ki, bütün qərarlar kağız üzərində qalmasın.


- Bu Şuranın tənqidçiləri içərisində 41 insan haqlarını birləşdirən koalisiya var. Onlar narahatdırlar ki, Şuranın üzvləri arasında insan haqlarını pozan ölkələr var. Məsələn, Çin, Nigeriya, Pakistan, Səudiyyə Ərəbistanı, o cümlədən Azərbaycanın adı çəkilir. Konkret olaraq Azərbaycan insan hüquqları sahəsində bir çox məsələlərlə bağlı tənqid olunur. «Freedom House» təşkilatı hesabatında Azərbaycanı qeyri-azad ölkələr sırasına daxil edib. Belə olan halda Azərbaycan bu Şuraya nə təklif edə bilər?


«BMT çərçivəsində hansısa xüsusi nümayəndə və ya müşahidəçi Azərbaycana getmək niyyətini bildirsə məmnuniyyətlə o şəxslər ölkəyə dəvət olunurlar. Həmin şəxslər Azərbaycandan qayıtdıqdan sonra obyektiv hesabatlarla çıxış edirlər»
-Bəzi qeyri-hökumət təşkilatları tərəfindən hazırlanan siyahıları yüz qəbul etmək mümkün deyil. Qərəzli münasibət bir sıra ölkələr üçün qəbul olunmazdır. Eyni zamanda Azərbaycan hökuməti də konstruktiv tənqiddən heç vaxt boyun qaçırmır. BMT çərçivəsində hansısa xüsusi nümayəndə və ya müşahidəçi Azərbaycana getmək niyyətini bildirsə məmnuniyyətlə o şəxslər ölkəyə dəvət olunurlar. Həmin şəxslər Azərbaycandan qayıtdıqdan sonra obyektiv hesabatlarla çıxış edirlər. O ki qaldı Şuraya nə təklif edilməsinə, Azərbaycanın həm geosiyasi, həm də sivilizasiya baxımından böyük rolu var. Azərbaycanın əhalisinin əksəriyyəti müsəlman olmasına baxmayaraq biz islam dövləti deyilik. Eyni zamanda iki sivilizasiyanın qovşağında olan dövlətik və bu baxımdan körpü rolunu oynaya bilərik.


- Yəni bu Azərbaycanın məsuliyyətini artırır…


- Sözsüz ki, məsuliyyətinin artırır. Azərbaycan da eyni zamanda öz potensialından istifadə etməlidir. Bizim bu Şurada rolumuz yalnız müsbət qarşılana bilər. Azərbaycan haqqında bəzi QHT-lərin münasibətlərinə gəldikdə isə, heç də bütün təşkilatlar bu fikirdə deyillər. Ola bilsin ki, «Freedom House» bu səpkidən çıxış edir. Şir-Lanka, Darfur, Livan kimi acınacaqlı vəziyyətlər olan halda tərəqqi ilə və konstruktiv şəkildə demokratik cəmiyyət quran Azərbaycan həmin o tənqidlərə layiq deyil.


XS
SM
MD
LG