Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:17

Yanğınlarla bağlı missiyadan nə gözləmək olar?


Ekspertlər: Müşahidəçilərin gəlməsinin ekoloji tərəfi daha önəmlidir
Ekspertlər: Müşahidəçilərin gəlməsinin ekoloji tərəfi daha önəmlidir

Ötən həftə BMT Baş Assambleyası Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı qətnamə qəbul etdi. Sənəddə işğal olunmuş ərazilərdə təcili olaraq ekoloji əməliyyatın keçirilməsi vurğulanırdı. Həmçinin bildirilirdi ki, təkcə yanğınların qarşısının alınması deyil, eyni zamanda, onun mənfi təsirlərinin öyrənilməsi, ümumiyyətlə, bu torpaqların bərpası əməliyyatında beynəlxalq qurumlar Azərbaycana kömək etməlidirlər. Həmçinin sənəddə deyilirdi ki, ATƏT sədri yanğınlar zonasına missiya göndərəcək.


Bu missiyanın əvvəlkindən üstünlüyü ondadır ki, mütəxəssislərdən, yəni ekoloqlardan və yanğın üzrə ekspertlərdən ibarət olmalıdır. Çox güman ki, missiya dəymiş zərəri hesablamaq və qarşısını almaq üçün tədbirlər planı hazırlamaqla yanaşı, yanğının mənbəyini də müəyyənləşdirə biləcək. Bununla da tərəflər arasındakı mübahisələrə son qoyula bilər. Çünki tərəflər arasında mübahisə yanğının qəsdən və ya təbii fəlakət nəticəsində baş verməsi ilə bağlıdır. İlk monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik aparmışdı və o, mütəxəssis olmadığına görə, yanğının nədən baş verdiyini deməkdə çətinlik çəkdiyini bildirirdi. İndiki qrup isə ekspertlərdən ibarət olmalıdır. Üstəlik, ona ATƏT-dən başqa BMT-nin Ətraf Mühit Proqramının, Minsk Qrupunun nümayəndələri, eləcə də Azərbaycanla Ermənistanın mütəxəssislərinin də cəlb olunacağı deyilir. Hər halda, Azərbaycanın Xarici İşlər Nazirliyi qətnamənin Bakını qane etdiyini bəyan edir. Nazirliyin Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə sözügedən sənədi regionda yanğınlarla bağlı həyata keçiriləcək ekoloji əməliyyatın birinci addımı kimi qiymətləndirir: «Bu konkret tədbirlərə keçid dövrüdür. Əlbəttə, bunun siyasi əhəmiyyəti də var. Amma bu yanğınlar regional faciəyə gətirib çıxara bilər deyə, bölgəyə ekspert qrupunun gəlməsinin ekoloji tərəfi daha önəmlidir».


Yerli politoloqlar isə monitorinq aparacaq qrup haqda fikir söyləməyə tələsmirlər. Onların qənaətincə, uğurdan o zaman danışmaq olar ki, ekspert qrupu yanğınların ekoloji fəlakət olduğunu bəyan etsin və təcili tədbirlər görməyə başlasın. Yox, əgər ekspert qrupu onu lokal xarakterli yanğın kimi dəyərləndirərsə və ekoloji baxımdan ciddi təhlükə mənbəyi saymazsa, Bakının aylardı apardığı iş heçə dönəcək. Keçmiş dövlət müşaviri Vəfa Quluzadə ekspert qrupundan fövqəladə nəsə gözləmir. Onun sözlərinə görə, BMT və ya ATƏT yanğınları söndürə bilməyəcək: «Ermənistan deyəcək ki, bu torpağı biz yandırmamışıq. Bakı isə bildirəcək ki, torpaqları siz yandırmısınız. Beynəlxalq ekspertlər də deyəcək ki, hər iki tərəf düz deyir. Görə-görə gəlirik».


Cənab Quluzadə xatırladır ki, BMT 90-cı illərin əvvəllərində işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması tələbilə dörd qətnamə qəbul etmişdi. Amma 12 il ötür, həmin tələb kağız üzərində qalmaqdadır. Cənab Quluzadəyə görə, indi BMT bir az da geri çəkilir: «BMT ATƏT-ə tapşırır ki, Ermənistan və Azərbaycanla birgə işğal olunmuş əraziyə qrup göndərsin. Bu, zəif addımdır. Torpaqların azad olunmasına aparacaq addım deyil. Belə çıxır ki, biz artıq torpaqlardan imtina etmişik və deyirik ki, heç olmasa, torpaqlar yandırılmasın».


Siyasi icmalçı Rauf Mirqədirova görəsə, ATƏT və BMT zərərin qarşısını almaqdan ötrü maliyyə yardımı ayıracağı təqdirdə münaqişənin davam etdiyi 18 il ərzində Bakı öz prinsiplərinin ziddinə getmiş olacaq. O, indiyədək tanımadığı və separatçı adlandırdığı Dağlıq Qarabağ Respublikası ilə əməkdaşlıq etməli olacaq.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da ona diqqət çəkir ki, ilk dəfə olaraq tərəflər əməkdaşlıq etmək üçün ortaq məxrəcə gəldilər: «Mən buna tələ demək istəməzdim. Amma görünən odur ki, beynəlxalq təşkilatlar tərəfləri danışıqlar masasına oturtmaq üçün konkret mövzu tapıblar. Tərəflər müzakirələrə nə dərəcədə hazırdırlar, bu, artıq başqa məsələdir».


İslam Konfransı Təşkilatının baş katibi Ekmaləddin İhsanoğlu sənədi müsbət qiymətləndirir. Təşkilatın iyunda Bakıda keçirilmiş toplantısında bu quruma üzv dövlətlər Azərbaycanın işğal olunmuş ərazilərindəki yanğınlarla bağlı BMT-yə müraciət etmişdi.


Yerli politoloqlarsa Bakının bir müddət əvvəl Ermənistandan işğal olunmuş ərazilərə ailələrin köçürülməsi ilə bağlı yaratdığı ajiotajı xatırladırlar. O zaman da bölgəyə faktaraşdırıcı missiya gəldi və hesabat hazırlandı. Amma həmin sənəddə konkret fikir deyilmədiyindən tərəflər onu istədikləri kimi dəyərləndirdilər. İstənilən halda, ekspertlər Bakının Yerevanla əsəb savaşı apardığı qənaətindədirlər. Bu üzdən də Azərbaycan qarşı tərəfi daim təzyiq altında saxlamağa çalışır və beynəlxalq qurumlara konstruktiv mövqedə olduğunu nümayiş etdirir.


XS
SM
MD
LG