Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:04

«Putin Rusiya üçün ziyanlıdır» - Mətbuat icmalı


-

Britaniya mətbuatı Toni Blerin Azərbaycandan gedəcək qaz kəmərinə məsləhət verməsinə tənqidi baxır. Wall Street Journal yazır ki, Dağlıq Qarabağı əslində qonşu dövlət idarə edir. Barack Obama Putini Rusiya üçün ziyanlı sayır.

Dünya mediası bu gün nədən yazır?

"ƏLİYEV AİLƏSİ AZƏRBAYCANA ÖZ MÜLKİ KİMİ BAXIR"

Tony Blair ziddiyyətli qaz kəmərinə məsləhət verəcək. – bunu Britaniyanın Observer qəzeti yazır.

Qəzet “ziddiyyətli kəmər” deyəndə Trans Adriatik Qaz kəmərini nəzərdə tutur və yazır ki, kəmərin son nöqtəsi olan İtaliyanın cənubundakı Pugliada yerli əhali arasında kəmərə etirazlar var. Kəmərə görə yerli əhainin narahatlıqlarından biri Puglidakı tarixi abidələrlə, digər narahatlıq isə dünyada nəsli kəsilməkdə olan Aralıq dənizi siitilərinə olan təhlükə ilə bağlıdır.

Qəzet Britaniyanın keçmiş baş naziri Blairin belə bir kəmərə müşavirlik etməsində başqa ziddiyyətli məqamın Azərbaycandakı insan haqları ilə bağlı olduğunu bildirir. İnsan haqları qrupları bildirirlər ki, bu yeni kəmər Əliyev ailəsini gücləndirəcək. Qəzet insan haqları qruplarına istinadla yazır ki, Əliyev ailəsi Azərbaycana öz mülkü kimi baxır.

DAĞLIQ QARABAĞI KİM İDARƏ EDİR?

Corctaun Universitetinin Avrasiya, Rusiya və Şərqi Avropa Araşdırmaları mərkəzinin professoru Brenda Shaffer Wall Street Journal qəzetində yazır ki, ““qanunsuz” regionları dondurmaq qaynar münaqişələri dəvət edir”. Shaffer hesab edir ki, münaqişələri həll etmək əvəzinə, onları dondurmaq baha başa gələcək.

Shaffer onu da yazır ki, Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı region- bütün bunların hamısı qonşu dövlətlər tərəfindən idarə olunur və həmin qonşu dövlətlər illüziya yaradırlar ki, guya qıraqdadırlar və bu dövlətlər bütün xeyiri götürərək əvəzində heç bir məsuliyyət daşımırlar. Shaffer hesab edir ki, istər Dağlıq Qarabağ, istər Donetsk, istər Abxaziya qonşu dövlətlərin öz hərəkətlərinə don geyindirmək cəhdidir. Bu hərəkət isə baş dövlətin ərazisində sabitlisizlik regionu yaratmaqdır.

PUTİN ZİYANLIDIR

ABŞ prezidenti Barack Obama Economist jurnalına müsahibəsində deyir ki, onun fikrincə, Vladimir Putin uzun müddəti götürəndə Rusiya üçün ziyanlıdır.

Hərçənd qısa müddəti götürəndə Rusiya daxilində populyar ola bilər.

Obama hesab edir ki, Rusiya əhəmiyyətli heç nə etməyib: imkan axtaran miqrantlar Rusiyaya axışmır, Rusiyada kişilərin ömrü 60 ildir, ölkə əhalisi azalır. Üstəlik Rusiya regionu sınağa çəkir və buna cavab vermək lazım gəlir.

Obama ümid edir ki, Rusiya heç olmsa, nüvə silahlarını qəflətən xarici siyasət mövzusuna çevirməyəcək.

YENƏ SOYUQ MÜHARİBƏ?

New York Times qəzeti yazır ki, dünyada yeni soyuq müharibə riski yaşanır.

Ukrayna böhranı, Malayziya təyyarəsinin faciəsi dünyanı birləşdirməlidir, ancaq Ukraynanın şərqindəki hadisələrin qızışmasına, birbaşa NATO-Rusiya hərbi qarşıdurmasına gedilməsinə imkan verilməməlidir.

Qəzet yazır ki, bunun üçün Rusiyanın və Qərbin beyin mərkəzilıəri arasında dialoq qurulmalıdır, NATO və Rusiya hərbi komandanlıqları arasında ünsoiyyətin yaxşılaşdırılmasına böyük ehtiyac var.

Ümumiyyətlə, Qərblə Rusiya arsında birbaşa dialoq günün tələbidir.

DAXİLİ DÜŞMƏN - KORRUPSİYA

Foreign Affairs məcmuəsi yazır ki, qıraqdan baxanda Ukrayna böhranını izah etmək asandır: Rusiya Ukraynanın Avropaya doğru hərəkətinə mane olur.

Ancaq yaxından təhlil edəndə böhranın başqa səbəbləri ortaya çıxır. Foreign Affairs yazır ki, Ukraynanın xarici düşməndən başqa öz daxili düşməni var, bu da korrupsiyadır. Beynəlxalq Seçki Sistemləri Fondunun sorğusuna görə, 2013-cü ildə ukraynalılar korrupsyanı ən ciddi problem adlandırırdı. Transparency İnternational korrupsiyanın vəziyyətinə görə Ukraynaya 177 ölkə arasında 144-cü yeri verirdi. Bu, Nigeriya səviyyəsidir və Rusiyadan 16 pillə aşağıdır.

Belə korrupsiyanın səbəbləri bizneslə siyasət arasında qeyri-sağlam münasibətlər, mədən sənayesinin idarə olunmasında əyintilər və mürəkkəb vergi sitemidir.

Foreign Affairs bir sorğunun da nəticələrini misal gətirir ki, Transparency İnternational təşkilatının Qlobal Korrupsiya Barometri hesabatına görə 2013-cü ildə ukraynalıların 36 faizi korrupsiya ilə mübarizədə hətta küçələrə - etirazlara çıxmağa hazır olduğunu bildirmişdi.

Foreign Affairs yazır ki, Ukraynada korrupsiya ilə mübatrzədə uğurlara ümid var. Vaxtilə Gürcüstan 2005-ci ildə 158 ölkə arasında 130-cu idi. Gürcüstan hökumətinin korrupsiya ilə mübarizədə atdığı addımlardan sonra Gürcüstan bir neçə ilə həmin siyahıda 55-ci yerə çıxdı.

XS
SM
MD
LG