Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:39

Çabalayır boynu aslan ağzında olan bir maral!!!


Xosrov Barışan
Xosrov Barışan

-

Arazın o tayından

Xosrov Barışan

YASAQ MEYVƏ

Qıp-qırmızı bir almadırmı gözlərin?!

Yasaq bir meyvə!

Və sən;

Yam-yaşıl bir ağacsanmı

Ömrümün yayında

Dim-dik duran?!

Və mən;

Bir düşünərmiyəm,

Kölgəliklər sevən bir aydın

Oturub düşünmək üçün?!

Sakit bir məkan.

Və şübhə iblisi hər an

Hər an...

Qaş-göz etməkdə!

Ayrıca xəyalın,

Almanın düşməsidirmi?

Dikəy bir düşüş,

Ansızın təpəmə.

Beynimi yerindən laxladan!?

Və şu düşünər,

Dünyanın dönməsini.

Bilir, bilməsinə də,

Həmişə

Başı döndüyündənmi!?

Ancaq

Tanrının məhkəməsində

Bağıraraq soruşur:

Nədən?

Niyə?

Dünyanın beləcəsinə

Dönməsi gərəkir?!

Bu məhkəmənin hökmü belə,

Neyləyim?!

Anamdan doğulmalıyam,

Üstəlik mən

Zaman adlı ağacın,

Şəhvətinin meyvəsiyəm!!!

Görəsən doğulanda

Ağlamağım

Bir üsyanıydımı?!

ƏGƏR

Çabalayır

Boynu

Aslan ağzında olan bir maral!!!

Tanrı olsaydım,

Yaradardım kainatı

Şeir kimi.

BU İŞ

Gur axan

Bir çaydır bu iş!

Bir qorxmasam,

Özümü atsam.

Yeyin gedən

Bir qatardır bu iş!

Bir qorxmasam,

Bir ona dırmaşsam

Gedə-gedə.

Ancaq çay

Haraya axır?

Haraya gedir qatar?

Bilinməz!

Bilməyirəm.

Yalnız,

Yubanmasam...

Yubanmasam...

(Azərbaycan Yazıçılar Birliyinin "Cənubi Azərbaycan ədəbiyyatı" şöbəsinin dəstəyilə çap olunur)

XS
SM
MD
LG