Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:21

Əkrəm Əylislinin yeni povesti (Oxu)


Əkrəm Əylisli
Əkrəm Əylisli

-

(Yazıçının istəyilə Azadlıq Radiosunun on-line kitabxanasına daxil edilir)

ƏKRƏM ƏYLİSLİ

DAĞLAR DEYİR Kİ, SOYUQDUR

Uzun hekayə

1

Şəhərin mərkəzində yerləşən üçmərtəbəli köhnə binalardan birinin ikinci mərtəbəsindəki evindən çıxıb, Dənizkənarı Bulvara gedən Mamedov canında məhz bu gün və heç gözlənilmədən peyda olmuş qəribə yüngüllüyə özü də mat-məəttəl qalmışdı.

Onun birdən-birə bu qədər yüngülləşib qıvraqlaşmasının səbəbi görəsən doğrudanmı kəndə getməyilə bağlıydı, yoxsa bunun başqa səbəbləri də vardı. Məsələn, oğlu Mahir bu gecə Nyu-Yorkdan zəng eləmişdi.

O özü dünən , axşamtərəfi, kəndə zəng eləyib, heç vaxt səsini eşitmədiyi bacısı qızı ilə telefonda xeyli danışmışdı: həm, necə deyərlər, aranı açmışdı, həm də kəndə gələcəyini ona xəbər verib, xeyli rahatlanmışdı.

Dünən Mamedov mobil telefonuna 100 manatlıq kontur qoydurmuşdu ki, kənddə olanda oradan Cəfərlə gen-bol danışa bilsin. İndi isə Dənizkənarı Bulvarda Cəfərlə görüşməyə gedirdi. Cəfəri bir ay olardı ki, görməmişdi. Mamedovun indiki gümrahlığının bir səbəbi də bəlkə Cəfərlə görüşməyin həmişəki həvəsiydi.

Onlar bir kənddə doğulmuşdular. Yeddi il bir sinifdə oxumuşdular. Kəndin 7-illik məktəbini bitirəndən sonra Cəfər gedib rayon mərkəzindəki pedaqoji texnikumda da 3 il oxumuşdu. Sonra Bakıda universitetin filoloji fakultəsinə daxil olmuşdu.

O zaman ailə vəziyyəti son dərəcə ağır olan Mamedov isə 3 il kənddə qalıb, kolxoz işinə getmişdi: taxıl biçmişdi, xırman döymüşdü, arx çıxarmışdı, su suvarmışdı... İş elə gətirmişdi ki, onların Bakıya gəlməyi də eyni vaxta təsiadüf eləmişdi. Yəni Cəfərin universitetə daxil olduğu həmin o 1955-ci ildə Mamedov da kolxozla üzülüşüb, gəlib Bakıda Sənaye texnikumuna girmişdi.

Bu illərdə onlar şəhərin müxtəlif yerlərində təsadüfdən-təsadüfə rastlaşıb, hərdənbir görüşə bilmişdilər. Bir-iki dəfə Malakan bağındakı çayxanada çay içmişdilər. Bir dəfə, Dəmiryol Vağzalı tərəfdə pivə içmişdilər. Sonrakı, 30 ildən də çox, uzun zaman ərzində nə rastlaşmışdılar, nə də görüşmüşdülər. Ancaq onlar, təbii ki, biri-birindən tam xəbərsiz də olmamışdılar.

Cəfərin universiteti bitirəndən sonra, uzun illər nəşriyyatda işlədiyini Mamedov çoxdan bilirdi. Özünün kitab oxumağa vaxtı olmasa da oğlu Mahir Cəfərin yazdığı məqalələri, verdiyi müsahibələri, tərcümə elədiyi kitabları həmişə böyük maraqla oxuyurdu. Zavodda adicə qaraulçuluqdan başlayıb, sonra həmin zavodun direktoru vəzifəsinəcən yüksələn Mamedovun, necə deyərlər, “həyat yolu” barədə Cəfərin də az-çox məlumatı, söz yox ki, həmişə olmuşdu. Ancaq 1991-ci ilin bir küləkli payız günü bir yas məclisində təsadüfən görüşəndə ötüb keçən o 30 illik həyatın bütün məğzi-mənası onların hər ikisi üçün artıq öz əhəmiyyətini büsbütün itirmişdi. Cəfərin nəşriyyatı satılmışdı. Mamedovun zavodu bağlanmışdı. İndi Cəfər vəzifəli, pullu adamlar üçün dissertasiyalar yazırdı, onun-bunun adına qalın-qalın kitablar tərcümə eləyib, arağını içirdi, ailəsini dolandırırdı. Elə Mamedovun da bu saat dolanışıq sarıdan heç bir çətinliyi yox idi. Arvadı öləndən və gözünün ağı-qarası yeganə övladı Mahir - qrin-kart udmağın hesabına ­­ - gedib Amerikada özünə iş tapandan sonra

artıq on ildən çox idi ki, Mamedov bu dünyada tək-tənha yaşayırdı. İyirmi il dövlət qulluğunda olmasının hesabına aldığı sanballı pensiya onun bütün ehtiyaclarını lazımınca ödəyirdi. Hələ pensiyadan ayda 60-70 manat artıq da qalırdı.Neçə illərdən bəri yığıb saxladığı o pulu elə bu səhər Mamedov oturub üç dəfə saymışdı. Bu saat onun ehtiyatda 10 minə yaxın pulu vardı. Və indi bulvarda Cəfərlə görüşməyə gedən Mamedovun bugünkü gümrahlığında səhər ləzzətlə saydığı o pulun da bəlkə müəyyən qədər rolu vardı. Üstəlik, hava da qəşəng havaydı. İyunun ortaları olsa da, hava aprel havası kimi saf idi, sərin idi. Bu hava onun haçansa doğulub boya-başa çatdığı və uzun illərin ayrılığından sonra, bu axşam, nəhayət gedib görməyə hazırlaşdığı o uzaq dağ kəndinin havasını Mamedovun yadına salırdı.

Onlar bulvardakı “Mirvari” kafesinin yanında saat 12-nin yarısında görüşməliydilər. Hələ vaxta 15 dəqiqə qalırdı. Əgər Cəfər o kafenin yanına vaxtından tez gəlmişdisə, indi orda (əllərini arxasında cütləyib, dodağının altında deyinə-deyinə) hirsli-hirsli gəzinirdi. Amma Cəfərin işini bilmək olmazdı: bəlkə vədələşdikləri vaxtdan bir saat gec gələcəkdi. Yaxud, ola da bilər ki, heç gəlməyəcəkdi.

Qulağına Cəfərin səsi gəldi: “MAMEDOV!” Təxminən 20 il bundan əvvəl görüşdükləri həmin o yas məclisində də Cəfər onu, eynən bu səslə, ucadan çağırmışdı. Otuz ildən də çox üzünü bir dəfə də görmədiyi Cəfərin, o məclisdə, Mamedov əvvəl səsini eşitmişdi və o səsin kimin səsi olduğunu, heç bir tərəddüdsüz-filansız, əlbəəl yəqin eləmişdi. Sonra boylanıb, yas məclisinə toplaşan xeyli adamın arasında, yuxarı başda, molla ilə üzbəsurət oturan Cəfərin özünü görmüşdü. Səsi özündən güclü, arıq, balacaboy Cəfər elə bil bir az da balacalaşmışdı.Sifəti – çay daşı kimi bomboz, saçları eynən kül rəngindəydi. Əynində tünd qəhvəyi pencək vardı, pencəyinin altından göyümtül yun köynək geyinmişdi. Siqareti də, həmişə olduğu kimi, yenə damağındaydı.

Mamedov yuxarı başa keçmək istəmirdi. Cəfər tərsliyinə salıb, onu təkidlə öz yanına çağırdı.

-Otur, dedi, - Mamedov, otur görüm. Sənin üçün bərk darıxmışam.

Mamedov ehtiyatla Cəfərin gözlərinə diqqət yetirdi: “Dolayır, ya dolamır?” Və bunu özü üçün ayırd edə bilmədiyinə görə, Cəfər barədəki həmişəki qənaətində qaldı: “Cəfər ola, adamı dolamaya. Bu elə o Cəfərdir ki, var – məktəbi barmağına dolayan Cəfər. Bu köhnə cüvəllağının heç bir işindən baş çıxarmaq mümkün deyil.”

Mamedovun ürəyində dediyi bu sözləri Cəfər eşitdi elə bil.

-Deyirəm, darıxmışam da,niyə inanmırsan? Dədəmin goru, darıxmışam.

İndi Mamedov tam yəqin elədi ki, Cəfər onu dolayır. Cəfəri tanıyanların hamısı yaxşı bilirdi ki, əgər Cəfər atasının goruna and içirsə, deməli yalan deyir. Çünki öz dədəsini hər kəsin yanında rüsvay eləməyə Cəfərin xüsusi həvəsi vardı və bir vaxt onlar bir məktəbdə oxuyanda da – atası hələ sağ ikən – onun goruna and içməkdən Cəfər xüsusi həzz alırdı.

-Yaxşı, deyək ki, mən elə köhnənin cüvəllağısıyam, bəs sən tərbiyəli əclaf niyə məni itirib-axtarmırsan?

-Nə bilim, yəqin başım qarışıq olub. – Pərtliyini gizlətmək üçün Mamedov zorla gülümsəməyə çalışdı.

-Kəndə-zada gedib-eləmisən?

-Yox, gedə bilməmişəm.

-Deyirlər, kənddə adam-zad qalmayıb. Hamısı tökülüşüb şəhərə.

-Bilmirəm, xəbərim yoxdu.

-Bəs sənin nədən xəbərin var, Mamedov?

Mamedov cavab vermədi. Əlacsız-çarəsiz gülümsədi. Cəfər də bir müddət dinmədi.

-Koramal əhvalatı yadındadı? – Pərtliyi aradan götürmək üçün Cəfər ortaya təzə söhbət salmağı lazım bildi. –O koramalın üstündə Nubar müəllim sinifdə yaxşıca çırpdı səni.

-Hə, çırpdı. – Mamedov kinli-kinli dedi. – Hələ peyinli qaloşuynan qarnıma bir saz təpik də ilişdirdi. Sonra bildi ki, o koramalı məktəbə sən tutub gətirmisən. Sinifdən it kimi qovdu səni.

Otuz ildən sonra ilk dəfə gördüyü Cəfərin yersiz ədəbazlığı, görünür, Mamedovu tamam hövsələdən çıxarmışdı, yoxsa “it kimi” ifadəsini o heç vaxt dilinə gətirməzdi. Ancaq onun bu sözlərini Cəfər heç vecinə də almadı. Əksinə, Mamedovdan gözləmədiyi bu sözləri onun dilindən eşitməkdən hətta məmnun oldu deyəsən.

-Koramal da koramaldı ha, Mamedov! Uzunluğu – iki metr, yoğunluğu gop olmasın, Nubar müəllimin baldırı yoğunluqda. Rəngi – yağışdan sonra açmış boymədaran kimi sapsarı. Yemə, içmə, otur gül camalına tamaşa elə.

-Hə, çox qəşəng koramal idi. – Mamedov səmimi sevinclə dedi və yenə əlacsız-çarəsiz gülümsədi.

Məclisi aparan 40-45 yaşlı molla bayaqdan görürdü ki, başı söhbətə qızışmış məclis əhli onun varlığını unudub. Molla buna görə bərk dilxor idi. Ancaq özünü sındırmırdı. Eynəyinin dalında gizlətdiyi gözlərini qarşısındakı qurana zilləyib oturmuşdu. Arabir dodaqları tərpənirdi. Hərdən sağ əli ilə qətran kimi zil qara saqqalını sığallayırdı.

Əvvəl molla eynəyini burnunun üstündən azca yuxarı qaldırıb, Cəfərə ehtiyatla nəzər yetirdi, bic-bic, sirli-sirli Mamedovun da üzünə baxdı. Sonra eynəyini çıxarıb, bədənini qurşaqdan yuxarı xeyli qabağa verdi və sanki molla olduğunu və məclis apardığını büsbütün yaddan çıxardıb, Cəfərlə cani-dildən söhbətə girişdi.

-Bayaqdan fikir verirəm, - dedi, - bu qardaşı bərk qısnayırsan. – Mamedova göz vurub gülümsədi. – Nədi ki, kənddə bir məktəbdə oxumusunuz? O hansı kənddi elə?

-Əla kənddi. Sizin kənddəki kimi divara mal poxundan yaxşı təzək yapırlar.

Molla pərt oldu. Vəl taxtası kimi enli kürəyini bir qədər dala çəkdi. Ancaq çox keçməmiş yenə oturuşunu dəyişib, boynunu qabağa uzatdı.

-Əmoğlu, mən kəndi ona görə soruşmadım, - dedi. – Bayaqdan qulağım eşidir ki, sən bu yoldaşa “Mamedov” deyirsən. Bəyəm sizin kənddə adamları familiysıyla çağırırlar?

-Bunun adı da Mamedovdu. – Cəfər gülə-gülə ucadan dedi. – Ə, Mamedov, məktəbdə Nubar müəllim səni nə adla çağırırdı?

Mamedov bir daha çarəsizcəsinə gülümsəyib, Cəfərin dediyini təsdiqlədi.

-Gördün? – Cəfər mollaya dedi. – Bu yoldaş elə anadangəlmə Mamedovdu. Hələ komsomola keçməmişdən.

Molla bir qədər çaşdı elə bil. Gözlərini dolandırıb, şübhəli-şübhəli ora-bura baxdı. Deyəsən, deməyə söz tapmadı.

-Bəs adı nədi qardaşın? – Molla könülsüz soruşdu.

-Adı da Mameddi, Mamed Mamedov. Götür, yaz dəftərinə. Kliyenti indidən qeydə al ki, bu yoldaş rəhmətə gedəndə kim üçün quran oxuduğunu əvvəlcədən biləsən. Yoxsa, Allahın hüzurunda şüğülzümmə olarsan.

Söhbətin bu yerində molla nəhayət inandı ki, qarşısında əyləşən bu sısqa, çəlimsiz adam adına “ateist” deyilən allahsız zümrənin nadir nüsxələrindən biridir.Ürəyində “lənət şeytana” deyib, söhbəti xətm eləmək istədi. Ancaq həqiqi din və iman adamının belə yerdə səbrli davranmağa borclu olmağı barədəki Allah kəlamını yadına salıb, söhbəti davam etdirməyi lazım bildi.

-Deməli, Mamed Mamedov, – molla duruxdu, deməyə söz axtardı. - Nə olar, qoy Mamed olsun. Mamed də bizimdir, Məmmədin ruscasıdır. Rus dili zəngin dildir. Puşkinin, Tolstoyun dilidir. – Savadlı olduğunu göstərmək üçün molla deyəsən yavaş-yavaş qəzet dilində danışmağa başlayırdı. – Müqəddəs Peyğşmbərimizin öncəki adlarından biri Mahmud, o biri Əhəddir. Adəm atamızdan, Həvva anamızdan üzübəri yüz iyirmi dörd min peyğəmbərin hər birinin bir neçə adı olduğu qədim kitabələrdə qeyd olunub. Qardaş Türkiyə Cümhuriyyətində Mehmet də, Məhəmməd də eyni məna daşıyır. Biz müsəlman ümməti İusus Məsisə İsa Peyğəmbər, vücudi-müqəddəs Maiseyə Musa Peyğəmbər deyirik. Peyğəmbərə, dinə, imana insanda dərin ehtiqad olmalıdır. Bunlar olandan sonra adı necə deməyin mətləbə dəxli yoxdur.

-Var, necə yəni yoxdur! – Mollaya nifrətini gizlətməyə çalışan Cəfər hirsindən-hikkəsindən boğula-boğula dedi. - Hər kəs öz uşağına peyğəmbərin adını qoymaq istəyir. Tutaq ki, bir evdə beş oğlan uşağı var.O uşaqların dədəsinin də adı Məhəmməddir. Onda bəs neynəsin o Məhəmməd? Məcburdu ki, uşaqlarının birinin adını Mamed, o birinin adını Məmməd qoysun. Qaldı ki, Mehmet, sən Mehmeti bura soxuşdurma. – Mollanı dolaşdırıb, hövsələdən çıxarmağı qarşısına məqsəd qoyan Cəfər özünün dolaşığa düşdüyünü, məntiqsiz-mənasız danışmağa başladığını hiss eləyirdi. Buna görə get-gedə daha da əsəbiləşirdi. – Sən heç bilirsən ki, “mehmetcik” Türkiyədə sıravi əsgərə deyirlər. Yəni böyük Məhəmmədin kiçik əsgəri. Bu, o deməkdir ki, türk ordusunun hər bir sıravi əsgəri cihada həmişə hazırdır.

-Axı mən cihaddan bir söz demədim. – Cəfərin qəfil hücumundan qorxub-həsləmiş molla incik və inamsız səslə dedi. – Mən sizin kəndi soruşuram. Siz burda bayaqdan öz kəndinizdən danışırsınız. O hansı kənddi ki, elə?

Cəfər bir müddət dinmədi. Deyəsən, mollaya sataşmaq üçün özündən kənd adı qondarmaq istəyirdi.

-Mamusta! – Mollanı dolamaq həvəsindən gözləri işaran Cəfər sevinclə bəyan elədi. – Nədi? Niyə gözlərini bərəldirsən? Olmaya xoşun gəlmir bizim kəndin adından?

Molla başını dolandırıb, yenə təşvişlə yan-yörəsinə baxdı. Rəngi boğulmuşdu, gözləri hədəqədən çıxmışdı.

-Mamusta Lənkərandadı, - dedi. - Mənim dədə-baba kəndimdi. Sən bunu bilə-bilə deyirsən. Məqsədin məni ələ salmaqdı. Özün də ziyalı adamsan. Çalış, hörmət qoy sözünə.

Mollanın rəngi boğulduqca, Cəfərin sifəti açılırdı.

-Bağışla, bilmirdim, eşitməmişdim, dədəmin goru! Birdən dilimə gəldi, dedim. Sizin kəndin adı doğrudan Mamustadı? Bax e, nə yaxşı adı var kəndinizin. Adamın yadına arvad hamamı düşür.

-Əstəğfrüllah! – Qəfildən yumrulanıb yumağa dönmüş molla qeyz ilə geri çəkildi.

Süfrəyə yemək gələcəkdi. Beş-altı cavan oğlan duzu, çörəyi, pendiri, göyərtini tələsə-tələsə daşıyıb, stolların üstünə düzürdü. Cəfər mollanın üzünə baxmadan, sakitcə durub getdi. Mamedovun yeməyə oturmaq fikri yox idi. Cəfərin bugünkü əməllərindən heç xoşu gəlmədiyinə görə oturub, bir az gözlədi ki, Cəfər uzaqlaşandan sonra durub getsin. Ancaq Cəfər getməmişdi, mağardan aralıda, yolun kənarında dayanıb, siqaretini həris-həris sümürə-sümürə onu gözləyirdi. Cəfərin evinin yerini o vaxt Mamedov bilmirdi. Eləcə bir-birinə qoşulub, bir müddət dinməz-söyləməz yol gedəndən sonra söhbətə başladılar.

-Bilirsən də, mənim bu molla tayfasından əvvəldən xoşum gəlmir. Bu yanşaq mollaları görəndə cinim kəlləmə vurur.

-Sənin də bir az hövsələn olsun da. Yazığı qoymadın iki kəlmə söz danışa. Mamed belə gəldi, Mehmet belə getdi. Axırda da lap ağ elədin. O Mamusta kəndi hardan ağlına gəldi?

-Heç hardan, istəyirdim “mamış” deyəm, ağzımdan Mamusta çıxdı.

-Yəni, deyirsən bilmirdin elə bir kənd var Lənkəranda?

-Yox, bilmirdim. Ağlıma elə gəldi, elə də dedim.

-Onda sən görücüsən ki!

-Görücü nədi?

-Ekstresensdi də. Özünü tülkülüyə vurma, məndən yaxşı bilirsən.

-Dedim bilmirəm də, inanmırsan? Birinci dəfə səndən eşidirəm. – Cəfər bic-bic gülə-gülə dedi.

-Bəlkə dədəvin goruna and içəsən?

-Dədəmin goruna mıxlayım!

Cəfərin evi, sən demə, yas yerinə yaxınmış. Bir az da gedəndən sonra Cəfər küçə boyu yan-yana düzülmüş beşmərtəbəli binalardan birinin yanında ayaq saxladı.

-Mən çatdım, sən sağ, mən salamat. – Mamedovdan qətiyyətlə ayrılandan sonra Cəfər nəsə fikirləşib geri döndü. – Al, götür, cib telefonum burda yazılıb, - dedi. – İstəsən, zəng eləyərsən. – Və vizit kartını Mamedova verib, sürətlə uzaqlaşdı.

Mamedov kartdakı telefon nömrəsinə zəng vurmadı. Üstündən 3-4 il keçəndən sonra bir gün, axşamtərəfi, bulvarda təsadüfən bir də görüşdülər. Birlikdə davasız-şavasız – adam kimi söhbət elədilər. İndi bir neçə ildi ki, onlar ayda bir-iki dəfə Dənizkənarı bulvarda zəngləşib görüşürdülər.

2

Mamedov “Mirvari” kafesinin yuxarı tərəfində bir xeyli ora-bura boylanandan sonra Cəfəri kafenin aşağı tərəfindəki gül-çiçəkli abad xiyabanda tək-tənha oturan gördü. Xiyabanın əldən-ayaqdan uzaq xudmani bir guşəsində, bir söyüd ağacının kölgəsində Cəfər özü üçün stol qoydurub oturmuşdu. Damağında siqareti, eynəyini gözünə taxıb, həmişə yanında gəzdirdiyi balaca kompyuterdə nəydisə diqqətlə oxuyurdu. Mamedovun yaxınlaşdığını görəndən sonra da bir müddət gözlərini kompyüterdən ayırmadı. Sonra kompyüteri qapadıb, ucadan, uzaqdan-uzağa kimisə harayladı:

-Ə, Canik, di gəl görüm!

Cəfərin çağırdığı adam yuxarısı hər tərəfdən açıq olan kafenin altındakı örtülü tikilinin qapısı ağzında durmuşdu. Uzun, arıq – sağlam, qarabuğdayı sifəti dağ adamlarının sifətinə bənzəyən 35-40 yaşlı kişiydi. Kişi bir göz qırpımında Cəfərin hüzurunda hazır oldu.

-Əvvəl nəyi verim? Çay verim, yoxsa yeməyi gətirim?

-Hələ bir çay ver içək. Ancaq bu yoldaşın çayını açıq elə. Bu dayın mən içən çayı içə bilməz.

-Ofsiantın mərfətli adama oxşayır. – Mamedov ayrı söz tapmadığına görə dedi.

-Ofsiant deyil. Kafenin gözətçisidir. Əvvəldən pul verirəm, hər səhər gedib mənə bazarlıq eləyir. Xörək bişirmək də əlindən gəlir. Borşu, lüləkababı əla bişirir. Əla da çay dəmləyir.

-Elə Canikdi adı?

-Adını bilmirəm.

Mamedov Cəfərin gözünün içinə baxdı.

-Xasiyyətindən əl çəkmirsən, - dedi. – Dilinə doğru söz gəlmir. Bu necə olur ki, kişi gedib sənin üçün hər gün bazarlıq eləyir. Ancaq sən heç adını da bilmirsən onun.

-Tupoysan da, Mamedov. Elə uşaqlıqda da tupoyun yekəsiydin. Ə, mən neynirəm onun adını. Mən ona Canik deyirəm, o da heç bir etiraz eləmir. Onun adı mənim nəyimə lazımdı ki?Çörək yemisən? – Canik çayları gətirəndən sonra soruşdu.

-İndiyə çörək qalar?

-Hə də, gərək çörəyi sübh tezdən xoruzlar banlayanda yeyəsən. Yoxsa dadı qaçar yeməyin. Əla borş bişirtdirmişəm. Sənə də gətirsin bir qab?

-Çaydan sonra borş yeyəcəksən? – Mamedov naəlac gülümsədi.

-Xeyir, çaydan sonra 100 qram araq içəcəyəm. Borşumu arağı içəndən sonra yeyəcəyəm. Bura sənin üçün uşaq bağçasıdı, Mamedov: əvvəl kaşa, sonra kompot, ya da kisel.

Çaydan sonra Canik bir dolu stəkanda buz kimi soyuq araq gətirdi. Dalınca borş gəldi. Amma borş həqiqətən əla borş idi: rəngi – tünd çəhrayıydı, ətri adamı bihuş eləyirdi

Cəfər borşun içinə çörək doğrayıb, yeməyini ləzzətlə yedi. Ancaq arağın hamısını içə bilmədi, yarısını içib, yarısını yerə süzdü.

-Ə, Canik, marojnu almısan? – Aşağıda, bayaqki yerində durmuş gözətçidən soruşdu. – Sən də marojnu yeyirsən, Mamedov?

-Yox. Bilmirsən, məndə anadangəlmə bronxit var.

-Səndə hər şey anadangəlmədi. Ancaq belə anadan gəlməkdənsə, heç gəlməmək yaxşı olardı.

Şokaladlı dondurmanı da həzmi-rabedən keçirib, çənəsini, ağız-burnunu salfetlə siləndən sonra elə bil Cəfərlə dünyanın arasında bir qəribə boşluq yarandı və Cəfər gözlərini həmin boşluğa zilləyib, sanki bir müddət məhz o boşluğa tamaşa elədi.

-Demək gedirsən? – Bunu Cəfər öz səsinə bənzəməyən qəhərli, titrək səslə dedi. – Amma bugünkü sifətindən xoşum gəlir. Deyəsən, gecəni yaxşı yatmısan.

-Yox, hardan? Gecə səhərəcən yuxuda kəndi görmüşəm.Seyidin o yoğun söyüdündən tutmuş, çayın qırağındakı böyürtkənliyəcən.

-Bah, yaxşı gəzmisən ki! – Qəfildən rəngi dəyişən Cəfər bir xeyli susub durdu. Yolçəkən gözlərini harasa uzaqlara zilləyib, elə bil xəyalında bütün kəndi gəzib qayıtdı. Sonra özünə yaraşmayan xırıltılı boğuq səslə :

-Bu gecə mən də kəndi yuxumda görmüşəm, – dedi. – Amma çox zay yuxuydu. Danışsam, inanmazsan.

-İnanaram, niyə inanmıram! – Cəfərin yumşalıb kövrəldiyini ömründə ilk dəfə görən Mamedov səmimi inamla dedi. – Yuxudu da, hər şey olur yuxuda.

-Çoban Səfərin bir qara iti vardı, yadındadı? Elə bil it deyildi, Səfərin doğmaca qardaşıydı. Adam kimi dil qanırdı.”Dur” deyəndə dururdu, “hür” deyəndə hürürdü. Deyirdin get ordan o qatıq qabını gətir, gedib qabı götürüb, gətirib adamın qabağına qoyurdu. Bax, Mamedov, bu gecə yuxuda mən dönüb həmin it olmuşdum.

Mamedov Cəfərin gözlərinin içinə baxdı: “Dolayır, ya dolamır?” İnandı ki, Cəfər olanı deyir. Çünki Cəfərin gözlərində biclikdən əsər-əlamət də yox idi. Gözləri duruydu, kədərliydi. Elə bil həmişəki Cəfər deyildi.

-Deməli, Mamedov, evimizin darvaza qapısının altından, keçməyə yer tapıb, qorxa-qorxa girdim həyətə. Dədəm həyətdə su suvarırdı. Anam da həyətimizdəydi – arxın qırağında oturub, qab yuyurdu. Mənim həyətə girməyimi görən kimi dədəm: “ay it, ay it, rədd ol, itil burdan” – deyə-deyə, əlində bel üstümə hücum çəkdi. Bel sapını təpəmə necə ilişdirdisə, dönüb təzədən adam oldum. Yəni – uşaq: o vaxtkı 13-14 yaşımda. “Yeri, get kolxoz massivindən inəyə yonca biç, gətir!” – bunu dədəm indi itə yox, mənə deyirdi. – “Yeri, tez ol, yoxsa anovu tutub qayıracağam!” – Cəfər acı-acı gülümsündü. – Mən gözümü açandan bu sözləri atamdan bəlkə min dəfə eşitmişəm: “Tutub anovu qayıracağam!” Anamın yanında da deyirdi. Anam olmayanda da deyirdi. Anam da heç vaxt heç nə demirdi. Elə bil dədəmin dediyindən hələ bir az da xoşhallanırdı. Gecələr də bir həngamə başlanırdı ki, gəl görəsən. Əməlli-başlı eyş-işrət. “Diluu ver, diluu ver!” – Dədəmin fısıltısından evin divarları az qala yerindən oynayırdı. Ev də nə ev – bir dəhliz, bir dənə də xırda otaq. Dədəmin vecinə də deyildi ki, evin uşağı yatıb, ya yatmayıb. Gecənin bir vədəsi durub minirdi anamı. Deyirsən, dədəmi çox dolayıram. Bəs neynim, o alçağa rəhmət oxuyum?

Cəfərin atası Bağır rayon mərkəzində milisənerlik eləyirdi. Bağırın gecələr hansı əməllərdən çıxdığını bilməsə də, o adamı Mamedov, demək olar ki, hər gün görmüşdü. Səhərlər kəndin mal-davarı evlərdən dağ-dərəyə, çöl-bayıra tökülüşəndə o milsəner Bağır da həmişə kənddən rayon mərkəzinə gedən dağətəyi yolda olardı. Həmin 6-7 kilometr yolu da piyada gedib, piyada qayıdardı. Mamedovun atası Məmməd Mamedov kəndin vergiyığanıydı. Onun işi də rayon mərkəzinə bağlı idi. Ancaq Mamedovun atası rayon mərkəzinə hər gün gedib-gəlmirdi. Arabir gedəndə Bağırla bir yerdə yola çıxırdı. Mamedovun atasının da Bağırdan heç xoşu gəlmirdi. O Bağırdan, əslinə qalsa, kənddə heç kəsin xoşu gəlmirdi. Ancaq öz doğmaca oğlunun da ona bu dərəcədə nifrət etməyi Mamedova həmişə qəribə gəlmişdi. Bu nifrətin nədən doğmağının səbəbi isə ona məhz indi məlum oldu. Bağırın “eyş-işrət” hoqqalarından heyrətə gəlmiş Mamedov deməyə söz tapmadı.

-Sonra gördüm ki, Mamedov, qayıdıb yenə it olmuşam. Kəndi qapı-qapı gəzib, evimizi axtarırdım. Tapa bilmirdim. Eləcə zingildəyə-zingildəyə əsir-yesir qapılarda qalmışdım. – Cəfər qəhərlənmişdi, elə bil indicə ağlayacaqdı. Ancaq ağlamadı. Gözlərini bərk-bərk ovuşdurub, bir təhər toxdaya bildi.

-Dalısın qorxuram danışmağa. Bəlkə danışmayım?

-Danış! – Cəfərin yuxuda daha nə gördüyünü həqiqətən bilmək istəyən Mamedov səmimi maraqla dedi.

-Gülçöhrə yadındadı?

Cəfərdən belə bir söz eşidəcəyini heç cür gözləməyən Mamedov Cəfərin gözlərinin içində birdən peyda olmuş parıltıya bir müddət hayıl-mayıl baxa-baxa qaldı. Çünki onun Gülçöhrəni hələ indiyəcən yadında saxlamağı bir yana dursun, Cəfərin yaşarmış gözlərinin qəfil parıltısında təkcə bu dünyadan deyil, sanki o biri dünyadan da nəsə vardı. Daha doğrusu, indi Cəfər elə bil bu dünyanı unudub, birbaşa o biri dünyaya baxırdı və bu dünyadan nakam getmiş Gülçöhrəni o dünyada həqiqətən görürdü. O il 6-cı sinifdə hələ dərslər təzəcə başlayanda Gülçöhrə məktəbdə görünmədi. Dedilər, anası Gülçöhrəni Bakıda həkimlərə göstərməyə aparıb. Dedilər, Bakının həkimləri Gülçöhrədə çarəsiz xəstəlik tapıb: xərçəng xəstəliyi!Gülçöhrə öləcək, dedilər. Payızda ölməsə də, qışdan sağ-salamat çıxmayacaq. O il Gülçöhrə dərslər başlanandan bir ay sonra məktəbə gəldi. Elə həmişəki Gülçöhrəydi. Nə bir zərrə canı arıqlamışdı, nə bir damcı xasiyyəti dəyişmişdi. Burası qətiyyən mümkün deyildi ki, qızının xərçəng xəstəsi olduğunu anası ona deyə biləydi. Bunu Gülçöhrəyə həkim də deyə bilməzdi. Ancaq qız öləcəyini bilirdi. Bunu məktəbdə, küçədə, çeşmədə - hər yerdə deyirdi. Özü də gülə-gülə, sevinə-sevinə deyirdi. Gülçöhrəni qarşıda gözləyən sanki ölüm deyildi. Toy idi, bayram idi – hər nəydisə, onun xəstəliyə, ölümə, tabuta, qəbiristanlığa heç bir dəxli yox idi.

Görəsən, nəyə görə Gülçöhrə sinifdəki 14 oğlanın içindən xatakar, arıq-çəlimsiz, cin kimi ordan vurub, burdan çıxan cüvəllağı Cəfəri seçmişdi?.. Utanıb-çəkinmədən onun tərəfini saxlayırdı. Həmişə dərsə gecikən Cəfər qəfildən sinfin qapısı ağzında görünəndə ürəkdən sevinirdi. Müəllimlər Cəfərdən dərs soruşanda yazıq qız oturduğu partada özünə yer tapmırdı. Cəfər isə qızın bu hərəkətlərini sanki görmürdü. Gülçöhrəni vecinə almırdı. Kim bilir, qızın Cəfərə getdikcə daha çox mehr salmağının əsas səbəbi də bəlkə bu idi.

Cəfərə “aşiq olduğunu” əvvəllər də Gülçöhrə - yarıciddi-yarızarafat – dilinə gətirməkdən çəkinmirdi. Anası ilə Bakıya gedib-gələndən sonra dili bir az da açıldı. İndi Gülçöhrə, heç nəyi vecinə almadan, hətta dərs vaxtları da Cəfərə söz atırdı. Tənəffüslərdə Cəfərdən gözünü çəkmirdi. Küçədə, həyət-bacada hər yerdə onu qarabaqara izləyirdi. Cəfər isə özünün həmişəki biganəliyini səbrlə nümayiş etdirməkdə idi. Ancaq bu biganəlik də sən demə, belə bir “artistlik” imiş. Sonralar məlum oldu ki, Cəfər də Gülçöhrəni çox istəyirmiş. Bunu Cəfər Gülçöhrə öləndən sonra boynuna aldı. O zaman hər yerdə söhbət gəzirdi ki, qızın ölümü ərəfəsində Cəfər kolxoz bağlarının birində onunla hər gün görüşürmüş.

-Yuxuya bax, Mamedov, yuxuya bax!Kəndi qapı-qapı dolanan döyülmüş, qovulmuş, kimsəsiz, sahibsiz bir it!.. – Cəfər siqaret tüstüsünü həris-həris içinə çəkib, burnundan eşiyə buraxdı. – Sonra gördüm ki, Mamedov, qəbiristanlıqdayam. Başdaşlarını bir-bir iyləyə-iyləyə qəbirlərin arasıynan gedirəm. Qəbir də nə qədər olarmış! Ha gedirdim, qəbiristanlıq qurtarmaq bilmirdi. Elə bil dünya dönüb, büsbütün qəbiristan olmuşdu. Bir də gördüm ki, qız bizim kənddən rayon mərkəzinə gedən yolun o başındakı dağ aşırımından, düz günün çıxdığı yerdən uça-uça mənə tərəf gəlir. Mən də itəm axı, adam deyiləm. Canımı dərd alıb ki, qız məni tanıyacaq, yoxsa tanımayacaq Hirsimdən az qalıram boğulam. Elə boğula-boğula da ayıldım yuxudan. – Yəqin ki, könlündən yenə içmək keçən Cəfər gözlərini boş araq stəkanına zilləyib, fikrə getdi. Rəngi xeyli dəyişmişdi. Ancaq gözlərindəki xəstə parıltı hələ yerindəydi. – O qız ölməyindən qorxmurdu, Mamedov. Qorxduğu bircə şey vardısa, o da bu dünyadan qız kimi getmək idi. Bunu bir dəfə öz diliynən dedi mənə. Dedi: “Cəfər, ər-arvad olmaq necə olur?” Mən istəsəydim, o işi eləyə bilərdim o vaxt. Ancaq eləmədim. Ürəyim gəlmədi. Boynuma sarılıb, ağladı. Bilirsən, necə ağladı, Mamedov! Mən ömrümdə o cür ağlamaq görməmişəm. – Bu sözləri deyəndən sonra Cəfər nəhayət ki, sakitləşdi. Gözlərinin içindəki əsəbi, soyuq parıltı tədricən çəkilib getdi. Hətta səsi də tamam dəyişdi. – Mən bir bakal pivə içəcəyəm. Bəlkə sən də içəsən. – Ucadan Caniki çağırdı.

-Yox, sağ ol. Çaydan sonra çəkmir ürəyim.

Cəfərin şokaladlı dondurmadan sonra o pivəni necə ləzzətlə içməyinə Mamedov heyrətlə tamaşa elədi. İndi onun Cəfərə bərk yazığı gəlirdi. İnanırdı ki, Cəfər o yuxunu həqiqətən görüb. Həm də məhz bu gecə - özünün kəndə gedəcəyini Mamedov dünən axşam ona telefonda deyəndən sonra. Deməli, axşamkı o telefon söhbəti çoxdan görmədiyi kəndi Cəfərin yadına salmışdı. Onun ovqatını dəyişmişdi, ürəyini yumşaltmışdı.

-Deməli, kəndə gedirsən? – Cəfər pivəni axıracan içib, siqaretini yandırıb, sümürə-sümürə dedi. – Bəs orda kimin evində qalacaqsan?

-Kənddəki evimiz qalır da. Bacımın uşaqları baxır. Axşam bacımqızından soruşdum telefonda. Deyir, evə heç nə olmayıb. Heç qışda damı da axmayıb bu il.

-Bizimki də qalır, deyəsən. Evə kim baxır, bilmirəm. Yəqin kimsə otdan-samandan yığır ora. Ya da qoyundan-zaddan saxlayır orda. Dam-daşı qoymur dağıla. Kənddə çox qalacaqsan?

-Bacarsam, bir az qalacağam.

-Oğlundan xəbərin var?

-Hə, tez-tez zəng eləyir. İşindən, dolanışığından çox razıdır.

-Bəs səni çağırmır yanına?

-Çağırır. Hər dəfə zəng eləyəndə deyir, yığış, gəl yanıma. Ancaq mən istəmirəm bu yaşımda gedim yad yerdə yaşayım.Ürəyim çəkmir Amerikanı.

-Tupoysan, Mamedov, vallah tupoysan. Kommunist əqidəndən dönə bilmirsən. Yəqin partbiletini də hələ saxlayırsan.

-Bəli, saxlayıram! – Cəfərin yenə rişxəndlə danışmağından narahat olmuş Mamedov qeyz ilə ucadan dedi. – Ölən günüməcən saxlayacağam!

-Saxla, bərk saxla,Əzrayıl gələndə göstərərsən. Səndə ağıl deyilən şey yoxdu, Mamedov. O boyda Amerikanı orda qoyub, ilin-günün bu vədəsi durub o dılğır cındırıstan kəndinə gedirsən. Elə bilirsən, orda danışmağa adam tapacaqsan? Sən o kənddə nə görmüsən ki, indi həsrətini çəkirsən?

-Niyə? Orda bizim yaxşı günlərimiz də az olmayıb.

-O yaxşı günlər harda olub elə?

-Elə orda, sənin Cındırıstan dediyin o kənddə olub. Qışda əziyyətimiz çox olsa da, yaz-yay kolxoz bağlarında kef çəkirdik. Meyvə sezonu başlayanda səhərdən axşamacan bağlardaydıq. Əriyi, alçanı, gavalını dərib yeşiklərə doldurub, konserv zavodunun maşınlarına yığırdıq. Günorta kölgəliyə çəkilib, yeyib-içirdik, deyib-gülürdük. Günuzunu qızlarla məzələnirdik. Heç bilmirdik gün necə gəlib keçdi.

-Bəli, elədir ki, var. Bağlarda günuzunu qızlarla mazaqlaşıb, gecələr yerimizin içində kəfləmə vururduq.

Cəfərin belə şeyləri bu cür açıq-saçıq deməyinə çoxdan öyrəşməyinə baxmayaraq, bu dəfə nədənsə Mamedov qulağının dibinəcən qızardı.

-Sənin köhnə xasiyyətindi, - dedi. – Adamı hər şeydən iyrəndirirsən.

-Çünki, Mamedov, mən həmişə hər şeyin əslini, olanını deyirəm. Əslində, olduğunda isə hər şey iyrəncdir. Sənin köhnə firqədaşların indi rahat kabinetlərdə əyləşib, səhərdən axşamacan rüşvət yığır. Amma sən yayın cəhənnəm istisində rayonun konserv zavodu üçün ərik yığıb, kolxoza plan doldurmağından hələ də ləzzət alırsan. Gecələr də, yuxunda, Mehbalının gölündə çimib kef çəkirsən. Özün də elə bilirsən ki, böyük bir dəryada üzürsən.

Mamedov heyrətə gəldi. Çünki əvvəllər az qala hər gecə yuxuda gördüyü – “Mehbalının gölü” deyilən o dərin su hovuzu, neçə müddətdən sonra, məhz dünən gecə təzədən yuxusuna girmişdi.

-Sən, Cəfər, Allahin bəlasısan. Hardan bildin ki, mən o gölü bu gecə yuxumda görmüşəm?

Fərziyyəsinin doğru çıxmağına sevinən Cəfərin gözlərində həmişəki hiyləgər, kinayəli ifadə yenidən peyda oldu.

-Göl ha!Pah atonan, gölə bax! Göl demə, dəniz de, dərya de. Eni-uzunu vur-tut 15 metr.O Mehbalı gündüzlər ora su yığırdı ki, axşamın sərinində açıb, kolxozun bostanını suvarsın. Sən onun nəyinə “göl” deyirsən?

-Biz ona “göl” deyirdik də. Göl idi, göl deyildi – bunun mətləbə nə dəxli var?

-Mətləbə dəxli odur ki, Mamedov, sən bu yer üzündəki bütün gölməçələri göl bilirsən.

Mamedov gördü ki, Cəfərin yenə tərsliyi tutub; göl onun heç vecinə də deyil, məqsədi söz güləşdirməkdir. Buna görə də səsini çıxarmadı, söz deməyi lazım bilmədi. Amma Mamedovun bu gecə yuxuda gördüyü göl doğrudan da, ayrı aləm idi. Göl çeşmənin səpsərin suyu ilə ləbələb doluydu. Su gölün üstündən aşırdı. Budaqları suyun üstünə sallanmış uca ceviz ağacının yaşıllığından az qala suyu axan təptəzə yarpaqları adamın gözünü qamaşdırırdı. O vaxtkı uşaqlar da, nə ki var, ordaydılar, gölün başına toplaşmışdılar. Çimən çimirdi, çimməyən sudan çıxıb, gölün yan-yörəsindəki torpağın, palçığın, otun üstündə çılpaq canını günə verirdi. Kəndin bir nömrəli üzücüsü – suyun altında düz 90 saniyə nəfəs almadan dayanmağı və cevizin uca budağından suya tullanmağı ilə kənddə “Tarzan” ləqəbi qazanan – ucaboy, uzun-şivərək, özünü bütün günü günə verməkdən bədəni zənci bədəni kimi qaralmış Maşallah da ordaydı. Kəndin hələ üzməyi bacarmayan balaca uşaqlarına üzmək öyrətməyi çoxdan və könüllü surətdə boynuna götürən və bundan xüsusi həzz alan Maşallah yenə 5-6 uşağı gölün qırağında sıraya düzüb, öz qaydası üzrə, təlim keçirdi və Mamedov bir tərəfdə dayanıb, oradakı özü boyda uşaqlara kənardan qorxa-qorxa tamaşa eləyirdi. Maşallah Mamedovu birdən gördü. “Gəl, - dedi, - gəl, - qorxma, yaxın gəl. Gəl üzməyi öyrədim sənə.” Əgər həmin anda Cəfərin səsini eşitməsəydi, Mamedova çox güman ki, Mehbalının gölünün o dumduru, səpsərin suyunda doyunca üzəcəkdi. Cəfərin qəfil səsi onu bu böyük ləzzətdən məhrum elədi: “Ə, dayan, hara atılırsan. A heyvan, görmürsən göldə ilan var!”

Həm gövrəklik, həm kobudluq Cəfərin xasiyyətində elə o vaxtlar da vardı. İndi isə onun tərs damarı, deyəsən, təzədən tutmağa başlamışdı.

-Qurtar, beynimi mazlama, Mamedov, nağıl danışma mənə. Sənin kənddən belə sevinə-sevinə danışmağını görəndə bilirsən, nə düşür yadıma? Beş aylıq dana, on aylıq qulun, bir illik qodux - yəni eşşək balası! Görmüşdün də - dana durduğu yerdə - birdən-birə necə şıllaqlayırdı, atılıb-düşürdü, oynayıb rəqs eləyirdi. Xüsusən də yaz vaxtları: ot bol, su bol, hava da nə isti, nə soyuq, qaymaq kimi yeməli. Sevindiyəndən qulun anasının belinə dırmaşırdı, qodux soncuxlayıb şıllaq atırdı. Dana da, qulun da, qodux da xoşbəxt idi. Bizimki də, Mamedov, bax belə bir heyvan xoşbəxtliyiydi. Çünki o dana, o qulun o qodux kimi biz də xoşbəxtliyin nə demək olduğunu bilmirdik. O uşaqlıq uşaqlıq deyildi, əzizim Mamedov, xalis rəzalətiydi. İndi mən neynəyə bilərəm ki, rəzalətin nə demək olduğunu sən hələ də qana bilməmisən. Müharibədən təzə çıxan Almaniyada biz yaşda uşaqlar hər səhər ət yeyəndə, yağ yeyəndə bizim kəndin uşağının yediyi bir qulaq arpa lavaşı ilə bir barmaq pendir idi. Heç o da hər evdə olmurdu. Məktəbdən çıxan kimi kolxozun massivinə tökülüşüb, mal kimi otlayırdıq. Yemiliyi, kilincanı, yağlıcanı – üzüm yarpağından tutmuş,heyva çiçəyinəcən - əlimizə keçəni qarnımıza təpişdirirdik.Alçanın, əriyin, badamın çağalasını tıxdıqca tıxıb, axşamı gözləyirdik ki, bəlkə axşam evdə xörəyimiz olacaq. O da gah olurdu, gah olmurdu. Dədəmlə dədən kolxozdan canlarını qurtarıb, gedib qulluq işinə düzəlib, guya hökümət adamı olmuşdular: biri milisəner, o biri vergiyığan. Biri – “Sürtük Bağır”, o biri – “Sırtıq Məmməd”. Kənddə kim onları adam yerinə qoyurdu? Heç birinin camaat arasında Səfərin o qara iti qədər də xətir-hörməti yox idi. Dədəmin aylıq maaşı çox olsa 4-5 pud una çatardı. Dədən Məmmədinki də qoy olsun bir o qədər. Hamı ac idi, Mamedov – kolxozçu da, qulluqçu da. Hökumət camaatın gözünün odunu necə almışdısa, heç kəs cınqırını da çıxara bilmirdi. Kişilik bircə o məsələdə qalmışdı: “DİLUU VER, DİLUU VER!” – bu son sözləri Cəfər, təzəcə yandırdığı siqareti külqabıya basıb, bərk-bərk əzişdirə-əzişdirə dedi. Çaşdığından, hirsləndiyindən, ya nədənsə təzə siqaret yandırdı. – Çer Muxtar yadındadı? Yetmiş yaşlı kişiydi, amma yenə qancıq eşşək saxlayırdı. Hamı da bilirdi ki, o eşşək Çer Muxtarın ikinci arvadıdır. Sənin o tərifli kəndin buydu, Mamedov. Elə bilmə ki, indi o kənd çox dəyişib. Ağlını başına yığ, evi sat, çıx get oğluvun yanına. Yaxşı da pula gedər evin: dörd otaq, şəhərin mərkəzində.

Demək olmaz ki, Cəfərin dedikləri Mamedova heç bir təsir eləmirdi. Ancaq onun da ürəyində özünün gördüyü bir kənd vardı. O kəndi Mamedov lap istəsə də, ürəyindən çıxarıb ata bilməzdi. Üstəlik, Cəfərin kənd barədə məhz bu gün və bu qədər hirsli-hirsli danışmağı Mamedovda bir qəribə şübhə yaratmışdı – ürəyində fikirləşirdi ki, Bakıya gələndən sonra kəndə bir dəfə də ayaq basmayan Cəfər indi onun kəndə getməyinə bəlkə paxıllıq eləyir?Ancaq bu hələ ki, qənaət deyildi, yalnız şübhə idi. (Bunun təkcə şübhə olmadığına Mamedov tezliklə inanacaqdı).

-Bilet almışam axı. – Cəfərin yenidən əsəbiləşə biləcəyindən ehtiyat eləyən Mamedov zorla eşidiləcək səslə dedi.

-Apar qaytar.

-Yox, qaytarammaram. Bacım qızına da demişəm.Bilir ki, sabah kənddə olacağam.

Cəfər əməlli-başlı narahat idi. Elə bil o kəndə Mamedov yox, onun özü gedəcəkdi. Hər halda bütün hərəkətlərindən bilinirdi ki, ürəyini boşaltmamış tərsliyindən əl çəkən deyil.

-Elə bilirsən ki, dədən Sırtıq Məmmədin xatirinə orda sənə böyük hörmət göstərəcəklər? Elə bilirsən o adı ona nahaq yerə qoymuşdular?Ona görə qoymuşdular ki, qapılardan vergi yığa-yığa sırtılıb insan sifətindən çıxmışdı. O vaxt kimdə pul vardı ki, hökumətə vergi verəydi? O vicdansız dədən də nə adamlıq qanırdı, nə Allah tanıyırdı. Camaatdan pul qopara bilməyəndə kilimdən, cecimdən, yəhərdən, palandan – hansı evdə əlinə nə keçirdi – qamarlayıb götürüb gedirdi. Əlinə bir şey keçməyəndə özünü hinə verib xalxın toyuq-cücəsini də tutub aparmaqdan ar eləmirdi. Bir dəfə, öz gözümnən görmüşəm, çeşmədə yazıq Bilqeyisin pişiyini ağaca dırmaşdırmışdı. Arvadın çeşmədə yumağa gətirdiyi samovarın bir qulpundan dədən tutmuşdu, o biri qulpundan Bilqeyisin özü yapışmışdı – ikiəlli dart ki, dartassan. Axırda samovarın bir qulpu qopub yazıq Bilqeyisin əlində qaldı. Arvad necə ağlayırdı, Allah!.. Adamlar da hər tərəfdən tökülüşüb, tamaşa eləyirdi. Sənin dədən belə əclaf idi. Mamedov. Bəlkə elə bilirsən ki, indi orda dədənə rəhmət verirlər.

Bu dəfə Cəfər, bilərəkdən ya bilməyərəkdən, Mamedovun ən yaralı yerinə toxunmuşdu. Atasının vergi yığmağa getdiyi evlərdəki dəhşətləri Mamedovun özü də çox görmüşdü. Buna görə küçədə, məktəbdə - hər yerdə hamının qabağında həmişə xəcalət çəkmişdi. Dönə-dönə ağlayıb atasına yalvarmışdı ki, daha gedib o işdə işləməsin. Buna görə Mamedov hətta atasının cavan ikən ölməyinə də sevinmişdi. Özündəki acizliyin, qətiyyətsizliyin başlıca səbəbini elə indi də Mamedov atasının o idarədə işləməyində görürdü.Cəfərin söhbətindən yaman sarsıldı. Özünü zorla ələ alıb, inamsız və ümidsiz səslə:

-Elə şeylər indi camaatın yadından çıxmış olar, - dedi.

-Orda heç vaxt heç nə yaddan çıxmır! – Cəfər hər sözü vurğulaya-vurğulaya qəti inamla bəyan elədi. – Bizimki lap əvvəldən düz gətirməyib, Mamedov: dədələrimiz kəndli əməyindən qorxub qaçıb, gedib hökumətə nökər olan gündən. Bu kimin oğludu? Vergiyığan Sırtıq Məmmədin!O ev kimin evidi? Milisəner Sürtük Bağırın evidi! Xalx böyük məmurların qisasını həmişə kiçik məmurlardan çıxır, Mamedov. O kənddən bizim payımıza bu düşüb. – Cəfər səsini birdən kəsib, uzun-uzadı əsnədi. Hiss olunurdu ki, danışmaqdan bezib, ancaq sözü də qurtarmaq bilmir. – Yaxşı, bir çay da içək, duraq gedək. – Ucadan Caniki çağırdı: -Ə, Canik, bir yaxşı çay dəmlə gətir.

-Bəs evdə çay-zad içmirsən? – Mamedov deməyə ayrı söz tapmadı.

-İçirəm, niyə içmirəm. İndi gedib, evdə də çayımı dəmləyib, oturub işləyəcəyəm. Mən günorta heç vaxt abed eləmirəm. Elə axşam çörəyimi də çox vaxt gəlib burda yeyirəm. Canik lülə-kababı da əla bişirir.

Mamedov soruşmamış da bildi ki, Cəfər arvad-uşağı yenə başından əkib: arvadını və iki subay qızını.Cəfərin böyük qızı “cəbhəçi bəylərdən” birinə ərə getmişdi. İndi Türkiyədə yaşayırdı. O biri iki qızına hələ ki, elçi düşən yox idi. Cəfərinki həmişə beləydi: yay ki, gəldi, arvad-uşağı Buzovnada qaynatasından qalan bağa göndərirdi. Özü şəhərdə qalıb, istədiyi kimi yaşayırdı.

Canik çayı gətirənəcən Cəfər bir kəlmə də söz demədi. Pencəyinin yan cibindəki mobil telefonuna arabir zəng gəlirdi. Cəfər o telefon zənglərinə heç bir əhəmiyyət vermirdi. Bu dəfə Cəfər telefonu cibindən çıxardıb, zəng edənə cavab verdi.

-Hə, bilirəm. – Həmişə ucadan danışan Cəfər telefonda lap astadan, az qala pıçıltıyla danışırdı. – Demişəm də, bir sözü neçə dəfə deyərlər. İki aya. Uzağı üç aya. Bu ilin axırınacan qızın təsdiqini alacaq. Mən sənə nə vaxt yalan demişəm? – Telefonu cibinə qoyub: - Xalis ipləmədi, - dedi. – Şəhərin yekə bir rayonunun icra başçısıdır, ancaq eşşək qədər də dərrakəsi yoxdur. Keçən il bir qızını fəlsəfə doktoru eləyib, indi o biri qızını da doktor eləmək istəyir. Elə bil bunun qızları mənim üçün nazirdən, deputatdan artıqdır. Bu son 10-15 ilin içində mən üç naziri doktor eləmişəm. Bu saat 5 deputat durub orda növbə gözləyir. Dünən Prezident Aparatından da biri zəng eləmişdi. – Cəfər sinəsini qabağa verib xoruzlandı. – Sən məni nə bilmişdin, Mamedov. Hələ mənim bir işim də Ali Attestasiya komissiyasında ilişməyib.

Cəfərin son 10-15 ildə məhz belə işlərlə məşğul olduğunu bilsə də, onun indi dedikləri Mamedovu dəhşətli dərəcədə heyrətə gətirdi. Yerlisinin biliyinə-savadına heç bir şəkki-şübhəsi olmasa da, onun – yeri düşəndə - yaxşı gop eləməyi də bacardığını Mamedov çoxdan bilirdi. Ancaq bu, ondakı heyrətin dərəcəsini bir o qədər də azaltmadı. Əgər Cəfərin dediklərinin hətta onca faizi doğruydusa, deməli, lap yaxın gələcəkdə bu ölkədə elm adına heç nə qalmayacaqı. Vəzifədə oturanların görməmişliyi birdəfəlik elmin də axırına çıxacaqdı. Mamedov xoflu-xoflu düşünürdü və bəlkə ilk dəfəydi ki, oğlunun vətəndə yox, qürbətdə olmağına sevinirdi.

-O dissertasiyalardan birin də özün üçün yaz da, nə olar. Bu qədər yalançı alimin yanında qoy bir nəfər də həqiqi alim olsun.

-Məni dolayırsan? – Heçdən hirslənmiş Cəfər yerindən sıçrayıb , inanılmaz bir cəldliklə ayağa qalxdı və heç o Canikə də bir söz demədən yola düzəldi. – Düzəlmirsən, Mamedov, köhnə tupoyluğunda qalmısan. Doktorluq mənim nəyimə lazımdı, ay allahın avam bəndəsi. Mənimki vəzifəli lotu-potudan doktor qayırıb, özümə çörəkpulu çıxarmaqdı. Müftə pul qudurdub oğraşları. Bir-birinin bəhsinə giriblər: onun uşağı doktordu, mənimki niyə olmasın. Hamısı şöhrətpərəstlikdəndi, Mamedov. Şöhrətpərəstlik gec-tez qıracaq bu milləti. Hər şeyin axırına çıxacaq. Bu görməmiş heyvərələr arvadlarının şeyinə də qızıl sırğa taxar - əgər bilsələr ki, hansısa başqa bir pullu oğraşın arvadı şeyinə sırğa taxır.

Mamedov Cəfərdən hər dissertasiyaya görə nə qədər pul aldığını soruşmaq istəyirdi. Soruşmağa cəsarəti çatmadı. “Azadlıq” meydanındakı yeraltı keçidin yanınacan danışa-danışa getdilər. Daha doğrusu, Cəfər danışdı, Mamedov qulaq asdı. Keçidin başında vidalaşdılar. Həmişə beləydi: evi Yasamal tərəfdə olan Cəfər hər dəfə o keçidin başında taksiyə minirdi.

-Sən sınmısan, Mamedov, bərk sınmısan. – Bunu Cəfər taksiyə otura-otura dedi. – Get. Yaxşı yol. Qorxma, qoymaram darıxasan. Hər gün zəng eləyəcəyəm sənə.

3

Bir-iki saat əvvəl bulvara quş kimi uça-uça gedən Mamedov indi ordan ağır-ağır evinə qayıdırdı. Sanki çəkisi çoxalmışdı, bədəni, qarın-qursağı yekəlmişdi. Əynindəki yüngül yay pencəyi də indi ona hiss olunacaq dərəcədə ağırlıq eləyirdi. Ürəyində : “Cəfər, - deyirdi, - Cəfər, ay səni, ay səni...” Gördüyü isə təkcə o göl idi: “Mehbalının gölü”.Və indi o göl Mamedovun gecə yuxuda gördüyü göldən çox fərqliydi: adicə hovuz, kiçik su anbarı. Heç o gölün suyu da Mehbalının həmişə yuxuda gördüyü su deyildi. Bulanıq, çirkli su idi.Və hovuzun aşağı lağımının ağzındakı iyili, qara palçığı bol-bol “ayıb yerlərinə” yaxıb, suyun qırağında kişilənə-kişilənə gəzişən yuxarı sinif şagirdləri o suya hər dəfə baş vuranda su bir az da lığlanırdı, lillənirdi. Hamı – çılpaq. Hamı – lüt-ətcəbala. Təkcə məktəbi çoxdan bitirib, kolxoz idarəsinə gecələr qaraul çəkən Tarzan Maşallah özünün topal otundan toxuduğu “fitə” ilə ayıbının üstünü örtmüşdü. “Bəs o vaxt tursik-zad yoxdu görəsən?” – Mamedov öz-özündən soruşdu. Və onun bu sorğusuna Cəfərin səsilə cavab gəldi: “O vaxt tursik nə gəzirdi, a zırrama! Bunu sən harda görmüsən ki, yayın şaqqama istisində kənd uşağı əyninə tursik geyə. Kəndin lap ərlik qızları da yayda tursik nədir bilməzdilər. Hər arvadın bir dənə layka-darbalağı olurdu. Onu da payızda-qışda havalar bərk soyuyanda geyirdilər. Arvadların çoxusu o darbalağı qışın əvvəlində geyib, bir də yaz açılanda əynindən çıxarırdı. Yuyub, yırtığına yamaq salıb, gələn qış bir də geymək üçün saxlayırdı. İndi sən mənə de görüm, o gün Nubar müəllim, o koramal əhvalatına görə, sənə poxlu qaloşuynan təpik vuranda ilin hansı vədəsiydi? Yaz idi, düz tapmısan, elədir ki, var. Özü də yazın lap oğlan çağıydı – yay tətilinə bir-iki həftə qalırdı. Nubar müəllim qıçını qaldırıb, təpiyi qarnıva ilişdirəndə bəyəm onun əynində tursik vardı? Yox idi, özün də gördün ki, yox idi. Sənin əziz canın üçün, Mamedov. Dədəmin goru!”

Öz diliylə demək istəmədiyi bu sözləri Cəfərin diliylə deyib-eşidəndən sonra Mamedovun qanı lap qaraldı. Hətta o dərəcədə qaraldı ki, hələ evə qayıtmağına xeyli qalmış “Sahil” bağının yanından vağzal tərəfə dönüb, cibindəki bileti aparıb kassaya qaytarmaq barədə fikirləşdi. Və elə bu fikrin özündəncə birdən-birə tamam bədbinləşib, haldan düşən Mamedov bağdakı skamyalardan birinin üstündə oturmağa əşhəddi-ehtiyac hiss elədi.

“SƏN SINMISAN, MAMEDOV, BƏRK SINMISAN!” - Bu dünyanın hər yerindən yenə Cəfərin səsi gəlirdi. Və o “Sahil” bağında gözədəyər nə vardısa, sanki Cəfərin səsilə bu sözləri təkrar eləyirdi: fantanın – yuxarıdan aşağı - axıb, şırhaşır hovuza tökülən suyundan tutmuş, o suyun ətrafında qaçışan uşaqlaracan... Özünün həqiqətən sındığına ürəyinin bir yerində əsla inanmaq istəməsə də, haçan, harda və nəyə görə sındığını Mamedov yaxşı bilirdi. Bəli, o gün – məhz o payız günü... Bakının dəli küləyi yenə də dünyaya qənim kəsilmişdi. Və o külək sanki əsmirdi, ulayırdı: it kimi, qurd kimi, bayquş kimi... Külək zavodun həyətindəki şam, küknar, zeytun ağaclarını çırpırdı, budayırdı. Mamedovun kabinetinin pəncərə şüşələri küləyin zərbəsindən fasiləsiz sızlayırdı, zarıyırdı. Dünyanın başı üstündə külək elə bil qorxu əsdirirdi, həyəcan təbili çalırdı. Şəhərdə - mitinq, hər yerdə - haray-həşir. Zavodların çoxu artıq işləmirdi. Mamedovun zavodundakı fəhlələrin də bir qismi işə gah gəlirdi, gah gəlmirdi. Ancaq zavod hələ ki, işləyirdi. Mamedov ümid eləyirdi ki, hökumət tezliklə nəzarəti ələ alacaq. Dərəbəyliyə, haray-həşirə son qoyulacaq. Hər şey yavaş-yavaş öz əvvəlki qaydasına düşəcək. Ancaq, deyir, sən çaldığını çal, gör fələk nə çalır. Yuxarıların tezliklə hər şeyi yoluna qoyacağına o gün Mamedov bəlkə bir-iki saat da inanacaqdı. Onun bu ümidinə bircə telefon söhbəti həmişəlik son qoydu.

Zəng eləyən özgə adam deyildi, onun hər gün səsini eşitdiyi adam idi: ƏJDƏR ƏZİMOVİÇ – Mərkəzi Komitənin sənaye üzrə katibi. Ancaq katibin o günkü səsi elə bil öz səsi deyildi, Mamedovun heç vaxt eşitmədiyi yad, kobud, cığal və cındır bir adamın səsiydi. Həmişə mülayim səslə danışan, nəzakətlə kef-əhval tutan Əjdər Əzimoviç o gün Mamedova heç salam da vermədi.

-Sən hələ ordasan, Mamedov?

-Burdayam. Bəs harda olum?

-Fəhlələrin də ordadı?

-Bəli, çoxusu yerindədi.

Əjdər Əzimoviç bar-bar bağırdı:

-Hamısını göndər mitinqə. Sroçno, nemedlenno! Özün də rədd ol, get otur evində. Zavod işləməyəcək, Mamedov, başa düş, əl çək qanmazlığından. Sənin o cındır zavodun indi heç kəsə lazım deyil. Bizə lazımdı ki, bu saat fəhlələrin hamısı mitinqdə olsun.

-Bəs sonra necə olacaq? – Eşitdiyi sözlərdən yarımcan olmuş Mamedov az qala ağlaya-ağlaya soruşdu.

-Sonra canıva azar olacaq. Sənə deyirlər, burax fəhlələri, çıx get.

Telefon söhbəti bitdi. Və o söhbətin üstündən hələ heç beş dəqiqə keçməmiş Mamedovun o çağacan zavodda ən tərbiyəli və başıaşağı cavan oğlanlardan biri kimi tanıdığı bir fəhlə içəri girib , salamsız-kəlamsız:

-Dur bas bayıra! – dedi. – Sənin hökumətin çezdi. İndi demokratiyadı.

“Sən demə, demokratiya buymuş, Cəfər!” – Mamedov ürəyində dedi və dediyini kiminsə eşidə biləcəyindən ehtiyatlanırmış kimi, boylanıb qorxa-qorxa yan-yörəsinə baxdı. – “Deyirsən, sınmısan, bərk sınmısan. Necə sınmayaydım, ömrümün yarıdan çoxu o zavodda keçmişdi. Hələ texnikumda oxuya-oxuya gecələr o zavodda qaraul çəkmişdim. Mən orda fəhlə də olmuşdum, injiner də. Zavodda direktor işlədiyim 15 ildə mən orda gecə-gündüz can çürütmüşdüm. Səhər – naxıra, axşam – axura. Səhər saat 9-dan, axşam saa 11-cən. Elə olurdu ki, heç saat 11-də də işdən çıxa bilmirdim. Evə gecəyarıdan sonra gedib-çıxırdım. Yeganə oğul balam həftədə bir dəfə üzümü görürdü. Birdən – oturduğun yerdə - “Dur bas bayıra. Çıx-get otur evində.” Yaxşı, tutaq ki, mən getdim, oturdum evimdə. Bəs o boyda zavodun mal-mülkünə sabah kim cavab verəcəkdi. Bu gün sənin işdən-gücdən ayırıb küçələrə tökdüyün yazıq fəhlə evinin çörəyini sabah hardan tapacaqdı... Sən bu hökuməti nə tez yıxdın, Əjdər Əzimoviç. Sənə kim dedi ki, beş yüzdən çox fəhləyə çörək verən bir zavod daha heç kimə lazım deyil? Ölkənin ən qabaqcıl sənaye obyektlərindən biri olan o zavod niyə sənin üçün birdən-birə “cındır” oldu...”

Əvvəl ona “dur bas bayıra” deməyə tək-tək gələnlər sonra birləşib, dəstələşib, Mamedovun üstünə yürüdülər. Günortadan bir az sonra zavodun ərazisində 5-6 saqqallı da peyda oldu. Saqqallılar Mamedovun kabinetinin qabağında bəy-xan ədası ilə gəzinirdilər. Sexlərdə işi dayandırıb, fəhlələrə mitinqə getmək əmri verirdilər. Mitinqə getmək istəməyənləri qorxudub-hədələyirdilər.

Mamedovun kabinetinin ətrafında bəy-xan ədası ilə gəzişənlər sonra yəqin ki, kimdənsə göstəriş alıb, axşamtərəfi qəfildən kabinetə dürtüldülər. Mamedovu əməllicə qorxuya salsalar da, xoşbəxtlikdən ona dəyib-toxunmadılar. “Dur, dayı , – böyükləri dedi – get evində istirahət elə, çay iç. Televizora bax. Axşamlar əla Meksika serialı göstərirlər – otur bax, kef elə. Sabahdan hamı mitinqdə olacaq. Sən burda tək oturub neyniyəcəksən...”

Saqqallılar Mamedovun bəzi vacib sənədləri seyfdən götürməsinə də mane olmadılar. Və həmin saqqalıların nəzakətli müşayiəti ilə Mamedov öz sevimli kabinetini həmişəlik tərk etdi.

Bayırda külək nisbətən səngimişdi. Havadan yağış iyi gəlirdi. Zavodun direktoruna məxsus idarə maşını həmişəki yerindəydi. Ancaq şofer o həndəvərdə gözə dəymirdi. Sürücünü axtarıb tapmağa Mamedov heç bir cəhd göstərmədi. Hətta şoferin maşında olmamağına ürəyinin bir yerində sevindi də. Çünki son bir-iki həftənin içində Mamedovun sürücüsü də tamam dəyişmişdi. Onda əvvəlki xoş rəftardan,xoş sifətdən əsər-əlamət də qalmamışdı. Bir də o boyda zavodun milyonlara bərabər əmlakının kimsəyə lazım olmadığı bir zamanda o maşın və o şofer Mamedovun nəyinə lazım idi?

Zavoddan çıxandan sonra Mamedov yolun xeyli hissəsini evinə piyada getdi. Çünki onun o vəziyyətdə evə getməyi gəlmirdi. Gedib evdə arvadının, övladının gözünə elə bir yazıq görkəmdə görünmək istəmirdi. Ancaq sağ olsun elə arvadı. O axşam arvadı Mamedovu elə qarşıladı ki, elə bil hər şeyi çoxdan bilirmiş: şəhərdəki vəziyyəti, zavoddakı başıpozuqluğu, hətta – Əjdər Əzimoviçin saqqallılarla əlbir olmağını və onun, yəni Mamedovun o gün evə həmişəkindən tez gələcəyini də... Evin əsl bayram xörəyini – zəfəranlı, zəncəfilli soğan dolmasını arvadı o axşama bişirmişdi. Bazardan qarpız almışdı. Evdə bişən mürəbbənin hər növündən süfrəyə düzmüşdü. Heç zavodda nə baş verdiyini soruşmağı da lazım bilmədi. Mamedov yeyib-içib süfrədən duranacan cınğırını da çıxarmadı. Sonra – köhnə əyyamlardan qalan – qəhvəyi kələğayıya bükdüyü xeyli pulu gətirib Mamedovun qabağına qoydu.

-Pulumuz da var, Allaha şükür. Bir il yesək, bəsimizdi. Zavodun, hökumətin də dərdi bizə qalmayıb. Belə hökumətin qalmağından qalmamağı yaxşıdır. Kül olsun o Qarbaçovun başına. Beş-on saqqallının öhdəsindən gələ bilmir.

-Hardandı? – heyrətdən gözləri böyümüş Mamedov qüssəli-qəhərli səslə soruşdu.

-Öz pulundu da, hardan olmalıdı ki. Öz halal maaşındı. Sən alıb, hər ay evə gətirmisən, mən də xərclədiyimi xərcləyib, xərcləmədiyimi yığıb saxlamışam.

4

Ürəyində arvadına rəhmət verə-verə “Sahil” bağından uzaqlaşıb, yoluna davam edən Mamedov, bir xeyli gedəndən sonra, bir də baxıb gördü ki, evinə getdiyi yerdə şəhərin tamam başqa bir yerinə gedib çıxıb. Bura Bakının harasıydı görəsən? Bax e, 28 May küçəsi. Küçədə adam əlindən tərpənmək mümkün deyildi, elə maşının sayı da adamın sayı qədər olardı. Hər yan – dükan, hər yerdə - alış-veriş. Dükanlardakı maqnitafon kalonkalarının bağırtısından küçədə ağız deyəni qulaq eşitmirdi. Təzə çıxan xanəndələr pozğun və pozuq səslə əttökən, ürəkbulandıran mahnılar oxuyurdular. Maqnitafon kalonkalarının birindən bir arvad “kişi” deyib, açıq-aşkar yalvarırdı: “Sən gəl məni dincəlt. Dur gəl məni dincəlt.Tez gəl məni dincəlt.” Başqa bir dükandan gələn kişi səsi “Gələrəm yağışlar yağanda” deyərək, sanki “gəl-gəl” deyən o arvada cavab verirdi. Özü də zalım oğlu elə zarıya-zarıya deyirdi ki, guya o yağış yağmasaydı, o arvadın kişi yanğısını söndürmək heç bir başqa vasitə ilə mümkün olmayacaqdı.

Hava qızmışdı. Səhərki o sərinlik, sakitlik də elə bil bu gün olmamışdı, çoxdan olmuşdu.

Qulağına cırcırama səsi gəldi. Adamlarda belə şey olur hərdən. Özü də - bərk yorulanda. Adam var, bərk yorulanda qulağına quş səsi gəlir, adam var – xəzəl xışıltısı.Hətta adam da var ki, yorulub heydən düşəndə, Bakıdakı evində oturub haradasa uzaq bir çöl-biyabanda ilan fışıltısı eşidir.

Cırcırama cırıltısı Mamedovu bir andaca şəhərdən alıb, kəndə apardı. Yay idi.Göydən od tökülürdü. Kolxozun ən yaxşı meyvə bağlarının birində əriyin, alçanın, badamın, heyvanın gövdəsinə, budağına suvanmış saysız-hesabsız cırcıramalar havanın necə isti olduğunu sanki bütün dünyaya ucadan car çəkirdi. Kolxozda ərik yığımının ən şıdırğı vədəsiydi. İstidə təri dabanından çıxan qadın, kişi, qız-gəlin əriyi dərib, vedrələrə yığıb, konserv zavodundan gətirilmiş yeşiklərə boşaldırdı. Susuzluq, halsızlıq, baş gicəllənməsi... Əriyi bol-bol qarnına doldurub , tırıxlamaya düşən uşaqların bir ayağı bağın həndəvərindəki otluqlarda, kolluqlardaydı. Hətta bəzi yaşlı kişilər də tez-tez qarnını tutub, özünü arx yanına, su başına verirdi. Su içməkdən qarnı tuluğa dönmüş, təri dabanından süzülən o qızların gözəlliyi nədəydi, görəsən?

Həmişə ləzzətlə xatırladığı o böyük ərik bağında indi Mamedov xoşagəlimli heç nə tapa bilmədi. Yenə ürəyində: “Cəfər, - dedi, - düzü sən deyənmiş, Cəfər. Sən elə o vaxt da məndən ayıqmışsan, ağıllıymışsan...”

Fikrində - Cəfər, qulağında – cırcırama səsi, şəhərin bu tünlük yerində nə qayırdığını özü də biməyən Mamedov dəmiryol vağzalına getmək niyyətində olduğunu, nəhayət, anlaya bildi.

Bəli, Mamedov vağzala gedirdi. Ancaq vağzala getmək üçün “Sahil” bağından vurub, Səməd Vurğunun heykəlinin yanınacan yol döyməyin, görəsən, nə mənası vardı?..

Gəldiyi yolla geri döndü. Özü də bərk tərləmişdi, susuzluqdan dili-dodağı alışıb yanırdı.

Evə getdiyi yerdə yolunu vağzal tərəfə salmaqda onun, söz yox ki, məqsədi vardı. Ancaq o məqsədin nə məqsəd olduğunu Mamedov elə bil özündən də gizlətmək istəyirdi. İndi o, hər şeydən çox, dünən kəndə zəng eləməyinə peşman idi. Güman ki, bir də buna görə Mamedov o vağzala getməkdə ürəyində tutduğu niyyəti bütün vasitələrlə fikrindən uzaqlaşdırmağa çalışırdı. Bu fikirdən qorxurdu, utanırdı. Çünki belə hərdəmxəyallıq Mamedovun təbiətinə zidd idi, əxlaqına yad idi. Lap Cəfər hər şeydə haqlı olsa belə, onun kənd barədə dedikləri Mamedovu kəndə getmək niyyətindən döndərməməliydi. Amma döndərmişdi. Buna heç cür inanmaq istəməsə də, fakt buydu ki, daha Mamedovun kəndə getməyi gəlmirdi.

Az qala vağzalın yanına çatdığı yerdə birdən geri dönüb, evinə tərəf üz qoydu.Kassaya qaytarmaq istədiyi bilet pencəyinin döş cibindəydi. Bileti cibindən çıxarıb, baxıb təzədən cibinə qoydu. Ancaq evə getməyə tələsmədi. Yolunun üstündəki döngələrin birində bir qəşəng bağça görüb, dayanıb tamaşa elədi. Kafe idimi, restorandımı – hər nəydisə yemək-içmək yeriydi. Bağçadakı şüşəbənd tikilinin qabağında bir oğlan manqalda kabab çəkirdi. Ondan azca aralıda bəstəboy kök bir qadın fikirli-fikirli dayanmışdı. Bir-birindən xeyli aralı qoyulmuş 5-10 yemək stolundan yalnız birinin arxasında 3 nəfər kişi oturub, tələsmədən pivə içirdi. Və elə o pivənin dumduru sünbül sarısı susuzluqdan ciyəri yanan Mamedovu maqnit kimi dartıb özünə çəkdi.

Mamedov boş stollardan birinin arxasında oturar-oturmaz həmin o kabab çəkən cavan oğlan gəlib başının üstünü kəsdirdi.

-Nə verim, dayı?

Mamedov:

-Piyvə, - dedi, - mənə piyvə gətir, susuzluqdan ürəyim od tutub yanır.

Cəmi bir neçə saatın içində həqiqətən xeyli dəyişib, olduğundan da xeyli qoca görünən Mamedova oğlanın yazığı gəldi.

-Bəlkə su gətirim, - dedi. – Sərin “Sirab” da var, “Badamlı” da.

-Yox, piyvə gətir.- Mamedov qətiyyətlə dedi və Cəfəri bulvarda pivə içdiyi yerdə gözünün qabağına gətirdi.

Ömründə o pivədən ləzzətli bir şey içdiyi Mamedovun yadına gəlmirdi. Pivəni içə-içə dirilirdi, rahatlaşırdı. Səhərki xoş ovqatı yenidən yerinə qayıdırdı. O bir bakal pivədən əməllicə dəmləşmiş Mamedov möhkəm acdığını hiss elədi və özünə kabab sifariş etmək üçün manqalın yanında duran oğlanı uzaqdan-uzağa səslədi:

-Canik, Canik, bir dəqiqə bura gəl, zəhmət olmasa.

Əvvəl oğlan elə bildi ki, müştəri onu yox, başqasını çağırır. Bir müddət ora-bura boylandıqdan sonra, könülsüz, Mamedova yaxınlaşdı.

-Məni çağırırdın, dayı?

-Hə də, bəs kimi çağırıram?

-Mənim adım Canik deyil axı. Mənim adım Samirdi.

-Mən burda çörək yemək istəyirəm. Yeməyə nə var sizdə?

-Hazır kababımız var – təzə quzu ətindən. İstəsən, sənin üçün yaxşı düşbərə də bişirtdirə bilərəm. Bax, o arvad, - kababçəkən tikilinin qabağında bayaqdan fikirli-fikirli dayanmış bəstəboy qadını göstərdi, - əla düşbərə bişirir. Bakıda onun kimi düşbərə bişirən yoxdu.

-Borş da bişirir? – Bu sözləri Mamedova elə bil şeytanın şəxsən özü dedirtdi. Çünki verdiyi sualın tamamilə yersiz və mənasız olduğunu özü də bilirdi.

Bu saat o yalnız kabab yemək istəyirdi. Borşu soruşmaq nəyinə lazım idi.

-Bizdə borş olmur. Kabab deyirsən, gətirim.

-Hə, gətir, kabab gətir.. – Mamedov bir az fikirləşdi. – Bir stəkan da araq.

-Yüz əlli?Bir stəkan 150 qramdır. Kabab bir şiş olacaq?

-İki şiş! – Mamedov amiranə səslə ucadan dedi.

-Pamidor, badımcan da olsun?

-Olsun, hər şey olsun.

Kababdan bir tikə yeyəndən sonra Mamedov ofisiantın stəkanda gətirdiyi arağın hamısını birnəfəsə içdi. Araq da pivə kimi ləzzət verdi.

-Canik, Canik, bir yaxşı çay da dəmlə gətir! – Ofisiantın bayaq dediyini yadından çıxarmış Mamedov bu dəfə oğlanı daha ucadan çağırdı.

Ofisiant özünü tez yetirdi.Ciddiydi, acıqlıydı. Hətta sir-sifəti də pörtüb qızarmışdı.

-Sənə demədim ki, mənim adım Canik deyil, Samirdi! Bizdə çay olmur. Çayını get evində iç. Qoca kişisən, sənə araq içmək olmaz. Hesabın 40 manatdı.

Mamedov evdən çıxanda cibinə bir əllilik qoymuşdu. Pulu ofisianta verdi.

-Qalanı sənə qalsın, dedi. Və durub yavaş-yavaş yola düzəldi.

5

Ertəsi gün səhər yuxudan oyanıb, ona 30-40 ildən bəri sədaqətlə xidmət edən sovetdənqalma zəngli saatın 7-ni göstərdiyini görəndə Mamedov xeyli təəccübləndi. Əslinə qalsa, burda təəccüblü bir şey yox idi. Neçə illərdən bəri o, səhərin bu vaxtı yuxudan oyanmışdı: yazda da,qışda da, işə gedəndə də, getməyəndə də. Mamedova təəccüblü gələn buydu ki, dünən axşamtərəfi restorandan evə qayıdan kimi, heç çay-ad da içmədən əyin-başını soyunub, yatağa uzanmışdı və indi belə çıxırdı ki, bu dəfə o, axşamdan səhər saat yeddiyəcən, bir dəfə də ayılmadan, bütün gecəni daş kimi yatmışdı. Mamedova təəccüblü görünən bir də burasıydı ki, bu saat onun nə bir misqal başı ağrıyırdı, nə bir zərrə ürəyi bulanırdı. Üstəlik, ağlı-başı, fikri-düşüncəsi də elə bil həmişə olduğundan da aydın idi. Dünənki qəribə gün bütün təfərruatı ilə Mamedovun yadındaydı: bulvarda Cəfərlə görüşməyi, ”Sahil” bağında oturmağı, vağzalın ətrafında dolanmağı, yeməkxanada kabab yeyib, pivə, araq içməyi, yeməkxanadakı oğlanın adının Samir olmağı, hətta cibindəki yol biletini şəhərin hansı yerində cırıb, hara tullamağı da...

Dünən axşamtərəfi yeməkxanadan çıxıb, evə gələ-gələ Mamedov xəyalında gedib kənddəki evinə də doyunca tamaşa eləmişdi. Kəndin tən ortasında, çiy kərpicdən tikilmiş, torpaq damlı, birmərtəbəli ev. Bir otaq və bir dəhliz. Otağın yuxarı başında –“evin gözü” - köhnə stol. Stolun üstündə yeddilik neft çırağı, qoşa dəftər varağı boyda dördkünc ayna, bir də evin ən dəyərli əşyası, anasının gəlinlik cehizi – qədim mis samovar.

Otaqdakı yeganə dəmir çarpayıda Mamedovun atası yatardı. Ailənin digər üzvləri yerdə, palaz üstə salınmış yorğan-döşəkdə böyür-böyürə uzanıb yatışardılar: yayda istidən boğula-boğula, qışda soyuqdan dona-dona.

Dünən axşamtərəfi yeməkxanadan evinə qayıdanda Mamedov kənddəki evlərini, o evin küçə qapısından tutmuş xırdaca həyətinəcən, həyətdəki yoğun gövdəli qoca tut ağacına, zirinc, sumax kollarına və o kolların dal tərəfindəki – köhnə faner taxtasından alçaq qapısı olan – ayaqyolunacan hər şeyi birbəbir yadına salmışdı.Və özünün çoxdan unutduğu bu miskin mənzərədə evlərinin alaqaranlıq dəhlizi ona xüsusilə cansıxıcı təsir bağışlamışdı. Dəhlizin samanqarışıq palçıqla suvanmış soyuq, boz divarları, üstünə həmin palçıqdan suvaq çəkilmiş torpaq döşəməsi və o quruca torpaq döşəmənin üstündəki azuqə - evin var-yox yeməyi : bir az soğan, bir az kartof, bir-iki bişirimlik lobya və noxud, tut qurusu, alça, albuxara, ərik qurusu. Anasının dama sərib qurutduğu o əriyi, alçanı, albuxaranı – mövsümündə Mamedovun özü cib-cib,qoltuq-qoltuq kalxoz bağlarından daşıyıb gətirmişdi.Və bir vaxt oğurluq saymadığı bu əməlin əsil oğurluq olduğunu düşünəndə - içdiyi arağın ovqatında – Mamedov az qala ağlamaq dərəcəsinə gəlmişdi.

Bir sözlə, kəndə getməməkdə Mamedov düz iş görmüşdü. Bunu Bakının iyun günəşinin qonşu binanın pəncərəsində Mamedovun öz pəncərəsindən gördüyü tərtəmiz açıq-çəhrayı işıq da təsdiq eləyirdi.Və yerində rahatca uzanıb,o işığa ləzzətlə baxa-baxa Mamedov xəyalında yenə Cəfərlə əlləşirdi.Axı onun Cəfərdən nəyi əskik idi? Əyninin paltarı,cibinin pulu... Şəhərin mərkəzində Cəfərin mənzilindən geniş və rahat dördotaqlı mənzili. İstəsə, günorta yeməyini o da hər gün restoranda yeyə bilərdi. Hərdənbir yüz qram, yüz əlli qram araq da içə bilərdi.Tutaq ki, getmişdi, bu saat kənddəydi. O kənddə Mamedov necə yaşayacaqdı. Çeşmədən kim ona su gətirəcəkdi. Çörəyini kim alacaqdı, xörəyini kim bişirəcəkdi. Bir vaxt atasının yatdığı dəmir çarpayı tutaq ki, hələ də qalırdı. Mamedov o çarpayıda necə yatacaqdı. Hələ yatmaq da bir yana dursun, sinninin bu vaxtında Mamedov o yataqdan durub, həyətin o başındakı ayaqyoluna necə gedəcəkdi?..

Durub tualetlik işini görəndən sonra Mamedov qayıdıb, təzədən yerinə uzandı.Və elə yerinə uzanan kimi bugecəki yuxusu yadına düşdü. Mamedovun yuxuda gördüyü kənddə axşam təzəcə düşürdü.Günəşin batıb-batmamağı bilinmirdi. Ancaq onun solğun, sarı işığı hələ kənddən tamam çəkilib getməmişdi.Və sarısı yollara, damlara, divarlara suvanmış o işıqda başına qara yaylıq, belinə qəhvəyi şal bağlamış bir qadın kəndin yuxarı başındakı bir evdən kəndin aşağısına tərəf gəlirdi. Bu adam sifətdə, yerişdə, əyin-başda Mamedovun, özündən 5 yaş böyük, bacısıydı, ya da bacısının qızıydı – bundan baş çıxarmaq çətin məsələydi. Hər halda o qadın yoldakı hər qapının qabağında dayanıb, ucadan: “Dayım gəlir, dayım gəlir!” deyirdi və o səsi eşidib, qapılardan küçəyə boylanan adamların tanış sifəti bəlkə bir vaxt olduğundan da daha diri, daha koloritli bir şəkildə Mamedovun gözünün qabağında canlanırdı. “Dayım gəlir,dayım gəlir. Bilirsiz,niyə gəlir? Anamın qəbrinin üstünü götürməyə gəlir”.

Bu “qəbir” söhbəti hardan çıxdı, pərvərdigara! İndicə ağzından od-alov saça-saça kəndin yollarında şütüyən o qara yaylıqlı qadın Mamedovun çoxdan rəhmətə getmiş bacısı Bibixanım deyildimi?! Və bundan heç, bircə yuxu saniyəsi də keçməmiş Mamedova məlum oldu ki, o qara yaylıqlı dilli-dilavər qadın onun bacısı deyilmiş, məhz bacısı qızıymış.Və o qara yaylıqlı qadın artıq küçədə deyildi, Mamedovun kənddəki evinin balaca həyətindəydi. O, yenə bərk həyəcanlıydı, yenə ucadan danışırdı və ucadan danışa-danışa yenə əl-qolunu ölçürdü.

Və o qadın eləcə əl-qolunu ölçə-ölçə evin çərçivəsi çürümüş, şüşələri qırılıb həyətə səpələnmiş pəncərələrini Mamedova göstərirdi.

-Yox, dayı, sən bura qəbir üstü götürməyə gəlməmisən, - deyirdi. - Sənin qəbir üstü götürməyə pulun nə gəzir. Əgər sənin pulun olsaydı, bu evin pəncərələri indiyəcən şüşəsiz qalmazdı.

Yuxuda Mamedov bundan başqa da bir çox qəribə əhvalatların içində olmuşdu. Ancaq o əhvalatları ya unutmuşdu,ya da bilərəkdən yadına salmaq istəmirdi. Fakt buydu ki, Mamedov kəndə getməmişdi və indi buna zərrə qədər də peşman deyildi.

Bir azdan - durub çörəyini yeyib, çayını içəndən sonra - kəndə, bacısı qızına hökmən zəng eləyəcəkdi. Özündən bir bəhanə uydurub, vəziyyətdən çıxacaqdı. Əsas məsələ Cəfər məsələsiydi. O, Cəfərə necə deyəcəkdi ki, mən dünən kəndə gedəsi olmadım. Gedib restoranda bir bakal pivə, bir stəkan araq içəndən sonra fikrimi dəyişib, biletimi cırıb atdım. Bu sözləri Cəfərə demək onun üçün ağlasığmaz dərəcədə çətin idi. Bu hərəkətinə görə Mamedov Cəfərin nəzərində büsbütün hörmətdən düşə bilərdi. Və məhz Cəfərin nəzərində belə bir hərdəmxəyal və hörmətsiz adam olmaq indi Mamedovu hər şeydən çox narahat eləyirdi.

Hələ yerindən qalxmamış ağlına gələn birinci bu oldu ki,Cəfərə bir müddət zəng eləməsin və özü Cəfərin zənglərinə cavab verməsin. Ancaq bu fikir elə əvvəlindən beyninə batmadı. Sonra ağlına gəldi ki,bir tutarlı yalan uydurub, yaxasını Cəfərin əlindən qurtarsın. Məsələn,desin ki,səndən ayrılandan sonra oğlum Amerikadan zəng elədi. Dedi ki,bir-iki günə Bakıya gələcəyəm. Mən kəndə buna görə gedə bilmədim. Ancaq ona əvvəl kifayət qədər inandırıcı görünən bu plan da az sonra Mamedovu əsla qane etmədi. Özünü Cəfərin gözündən salmamağın ən münasib yolunu Mamedov durub, yaxşı-yaxşı yuyunub,çay içib, çörək yeyəndən sonra tapdı və buna o qədər sevindi ki,az qala oynamağı gəldi. “İndi baxarıq,Cəfər,görərik kim kimi necə dolayır”. – Öz təzə planından çox razı qalmış Mamedov coşğun ilhamla dedi. - “ Mən sənin başına elə bir iş açacağam ki,sən o vaxt o koramalı tutub məktəbə gətirib,məni Nubar müəllimə döydürməyinə peşman olacaqsan. Mən bu gündən kənddəyəm, Cəfər, yüz dəfə sən məni dolamısan, qoy bir dəfə də mən səni dolayım....”.

Mamedov bu qərara gəldi ki,onun kənddə, ya şəhərdə olduğunu Cəfər heç vaxt bilməyəcək. Bunu mobil telefondan bilmək mümkün deyildi, Mamedovun ev telefonuna isə heç vaxt heç kəs zəng eləmirdi. Bərk ayaqda 10-15 gün heç bulvara da çıxmazdı. Gedib “Sahil” bağında gəzib-dolanardı. Cəfər heç vaxt şəhər içində piyada gəzən deyildi. Evindən bulvara həmişə taksi ilə gəlirdi, Bulvardan evinə də həmişə taksidə gedirdi. Onun kənddə də elə bir adamı yoxdu ki, Mamedovun orda olub-olmadığını Cəfərə xəbər versin. Bir sözlə, Bakıda ola-ola Mamedov kənd barədə cürbəcür əhvalatlar uydurub, Cəfərlə doyunca məzələnəcəkdi. Və 10-15 gün keçəndən sonra gedib “Mirvari” kafesində Cəfəri qəfildən haqlayacaqdı : “Bu da – mən, Cəfər! Sənə kənddən salam gətirmişəm...”

O gün Mamedov, hələ günortaya xeyli qalmış kəndə zəng eləyib, bacısı qızı sarıdan rahatlandı. Özünə günorta yeməyi bişirmədi. Gedib dünənki yeməkxanada 100 qram araq içib, bir kasa düşbərə və bir şiş kabab yedi. Üstəlik, o Samir adlı oğlanla dünənki anlaşılmazlığı da asanca aradan götürüb, özündən razı halda evə qayıtdı.

6

Axşam saat 6-ya 5-10 dəqiqə qalmış Cəfər zəng elədi və salamsız-kəlamsız :

- Ə,ordasan? – dedi.

- Burdayam. Deyirsən bəs harda olum.

- Öz evindəsən, yoxsa bacıngildəsən?

- Öz evimdəyəm.

- Bir şey tapıb yemisən?

- Hə, yaxşı düşbərə yemişəm.

Cəfər bir az dayndı:

- Orda düşbərə olmurdu axı.

- İndi olur.

- Düşbərəni bacın qızı bişirmişdi?

- Bəli, o bişirmişdi. Bacıqızım hər şey bişirə bilir. Deyir, nə istəyirsən de, bişirim. Borş, piti, badımcan, kələm, yarpaq, soğan dolmsı… borş! Bu axşama, demişəm,dovğa bişirsin.

- Bunu lap düz eləmisən. Oranın dovğası çox ləzzətli olur. Ancaq orda “dovğa” demirlər axı. Qatıqaşı deyirlər.- Cəfər yenə bir-iki saniyə dinmədi. – Bacıngil inək saxlayır?

- Hə. Bir inəkləri var, bir də bir camışları.

- Pa, atonnan! - Cəfər heyrət dolu səslə dedi. - Deyəsən, bu dünyada heç nə dəyişmir axı. Düz 60 il bundan qabaq da onnar bir inək, bir camış saxlayırdı. Burası yaxşı oldu. Demək, südün, qatığın bol olacaq.

- Hə, olacaq. Pendir, qaymaq - hər şey olacaq. Mən də onnara öz hörmətimi eləyəcəyəm. Hər şeyin pulun ikiqat artıqlamasıyınan verəcəyəm.

- Ora çox pul aparmısan?

- Hə, üç minəcən gətirmişəm.

Cəfərdən yenə bir müddət səs çıxmadı.

- Ə, Mamedov, sizin həyətdə bir yoğun tut ağacı vardı. O ağac durur hələ?

- Hə, yaxşı da tut gətirib. Doluluqdan budaqları yerə dəyir.

- O tutdan hər gün ye, Mamedov. Özü də səhər tezdən acqarına ye. Tutun hər şeyə xeyri var: mədəyə, bağırsağa, qaraciyərə. Hələ, deyirlər, əsbabın durmağı üçün də tutun əvəzi yoxdur. Amma sən ye, Mamedov, qorxma. Girinə arvad-zad keçməsə, Çer Muxtarın qancıq eşşəyinin nəvə-nəticəsindən birin taparsan orda.

- Yaxşı da, heç olmasa telefonda bir az ədəbli danış.

- Baş üstə. – Yenə bir neçə saniyə fasilə. – Ə Mamedov bizim evə gedib baxmamısan ki?

- Yox hələ baxmamışam. Sabah gedib baxacağam.

- Sabaha saxlama, indi get. Bir azdan yenə zəng eləyəcəyəm sənə.

Cəfərin telefonu susdu və Mamedov o evin barəsində Cəfərə nə deyəcəyini hələ götür-qoy eləməmiş, telefona bir də zəng gəldi. Bu dəfə zəng eləyən oğlu Mahir idi.

- Mamedov! – Kefinin yaxşı vaxtlarında oğlu da ona “Mamedov” deyirdi.

- Can Mamedov! Necəsən, bala?

- Yaxşıyam, papa. Bəs nə oldu sənin gəlməyin?

- Bilirsən, oğul…- Mamedova bir anlıq elə gəldi ki, oğluyla da kənddən danışır. – Qoy görüm, bala, bir az fikirləşim.

- Sən axı nə vaxtacan fikirləşəcəksən, papa? Burda oğlun var, gəlinin var, gül kimi nəvələrin var. Bəs gəlinini, nəvələrini görmək istəmirsən? Çıx gəl, papa, axı mən də həmişə narahatam sənə görə.

- Narahat olma, gələcəyəm. Axı evi gərək yerbəyer eləyəm.

- Evin nəyin yerbəyer eləyəcəksən. Sat birinə, pulun qoy banka. Kartın al, çıx gəl bura.

- Yaxşı, sataram. Bir adam tapıb sataram… “Ev satmaq buna nə asan gəlir”- Mamedov ürəyində fikirləşdi.

- Yaxşı, day uzatma məsələni. Burda gözləyirik səni.

Söhbət bitdi.

Bir-iki saat sonar Cəfər zəng elədi:

- Getdin baxdın, Mamedov?

- Hə, elə indicə ordan gəlirəm.

- Nə gördün?

- Elə bir şey görmədim. Eviniz qalır yerində.

- Evə kim baxır indi?

- Qonşunuz çoban Səfər baxır.

- Yox a! O hələ ölməyib?

- Sağdı. Səndən, məndən zirəkdi deyirlər.

- Yenə qoyuna gedir?

- Hə gedir, deyəsən.Özün oralarda görmədim.

- Bizim ceviz ağacı qalır - divarın dibindəki?

- Qalır. Həyətdə çoxlu təzə ağac da əkiblər.

- Nə ağacı əkiblər?

- Çoxusu ərikdi. Bir də üç-dörd armud ağacı gördüm. Əriklər bərk gətirib bu il. Yetişib, saralıb kəhraba kimi.

- İndi orda ərik yetişməz axı.

Mamedov səhvini düzəltməyə çalışdı:

- Mən demədim ki,yetişib. Dedim ki, saralıb muğarlanıb.

Cəfərdən bir müddət səs çıxmadı.

- O Səfər yenə it saxlayır?

- Onu soruşmadım.

- Bəs Nubar müllim necə? Ölüb, yoxsa qalır?

- Onu bilmirəm, Cəfər.

- Necə bilmirsən, onnarın evi sizing divarın dalında deyil?

- Nə bilim, bəlkə ölüb. Hələ ki, səs-səmirin eşitməmişəm.

- Çaqqallar gəlməyib ki, hələ?

Mamedov bir şey başa düşmədi.

- Çaqqallar? Nə çaqqqallar? Məni dolayırsan yenə?

- Ə, zırrama, indi saat neçədi? Çaqqallar bu vaxt gəlir də kəndə. Gəlib ulaşır kəndin ətəyində. Olmaya day çaqqal-zad da qalmayıb orda.

Cəfər düz deyirdi. Həmişə axşam düşəndə çaqqallar dağlardan tökülüşüb, kəndin ətəyində azı bir saat vaqqıldaşırdılar. Özü də həmişə axşamın eyni vaxtında. Səsləri də elə bil uşaq səsiydi. Naşı adam eşitsəydi, elə bilərdi ki, bir sürü dəcəl uşaq kəndin ətəyində səs-səsə verib əcayib səslə çığırışır.

Cəfərin hansı çaqqallardan danışdığını Mamedov yaxşı ki, yadına tez sala bildi.

- Hə, hə, bildim nə deyirsən. Hələ burda qaranlıq düşməyib axı. Çaqqallar qaranlıq düşəndə gəlir.

- Düz deyirsən. İlin bu vaxtları qaranlıq gec düşür orda. Hazırlaş, bir azdan gələcək qardaşların. Nə oldu, bacıqızın qatıqaşını bişirib gətirdi?

- Hə, gətirib. İndi oturub yeyəcəyəm.- Cəfərin gözlənilməz “çaqqal” söhbətindən sonra bir də çaşa biləcəyindən ehtiyat eləyən Mamedov söhbətin mövzusunu dəyişməyə tələsdi. –Bayaq, səndən sonra oğlum zəng eləmişdi. Yenə, deyir, evi sat, çıx gəl yanıma.

- Düz deyir də, a bifərəsət, ağıllı söz deyir sənə. Mənim Amerikada oğlum olsaydı, heç bir gün də burda qalmazdım. Mən ingilis dilini Amerikada yaşayanların çoxundan yaxşı bilirəm.

- Yenə özünü tərifləməyə başladın? Axı mən bilmirəm ingilis dilini.

- İngilis dilini bilmək sənin nəyinə lazımdı? “Hello”, “qudbay” iki söz bilsən bəsindi. Kənddə çox qalacaqsan?

Mamedovun bu suala cavab verməyi bir qədər vaxt apardı.

- İstəyirəm qalım bir az.

- Çox qalma, çıx gəl bir adam tapaq, evin məsələsin həll eləyək. Onsuz da bir-

iki gün qalandan sonra orda hər şeydən iyrənəcəksən. Gündə bir yəxnkeş dovğa yeməyə görə orda bir ay qalmağa dəyməz.

“YƏXNKEŞ”-kənddən çıxdığı əlli ildə Mamedov bu sözü birinci dəfəydi ki, eşidirdi. Bu söz yalnız onların kəndində işənən söz idi. Yalnız onların kəndində boşqaba “yəxnkeş” deyirdilər.*

- Dəyməz deyirsən? Bəlkə dəyər. İndicə özün dedin ki, buranın dovğasından olmaz.- Bu saat Mamedovun dovğa üçün həqiqətən ürəyi əsirdi.

___________

*Yəxn - “Dədə Qorqud” dastanında - ət

- Hər halda,gündə bir boşqab dovğaya görə üç min manatın başına daş salmağa dəyməz.Yaxşı,otur dovğanı ye. Sabah danışarıq yenə.

Mamedovun birdən-birə qanı qaraldı. Heç özü də bilmədi ki, niyə qaraldı. Bəlkə elə ilk gündəncə Cəfəri aldatmaqdan bezmişdi. Bəlkə kənddə “olmağın” cəmi bircə günü Mamedova xirtdəyinəcən bəs eləmişdi. Bəlkə bunun səbəbi kənddə olan o evin Mamedovun yuxuda gördüyü miskin mənzərəsiydi. Damını ot basmış alçaq koma. O komanın çərçivəsi çürümüş şüşəsiz pəncərələri. Bir də - o, qara yaylıqlı qadın : “YOX, DAYI, SƏN BURA QƏBİR ÜSTÜ GÖTÜRMƏYƏ GƏLMƏMİSƏN!”

Əhvalı birdən pozulmuş Mamedov istədi ki, götürüb Cəfərə zəng eləsin. Desin ki, burdayam, Cəfər, heç yana getməmişəm. Hələ o məktəb illərindən beləsinə məni həmişə sən dolamışdın. Dedim ki, bir dəfə də mən səni dolayım. İncimə, sən dədənin goru, bağışla, keç günahımdan. Gəl sabah yenə görüşək bulvarda. Evin məsələsin bir yerdə həll eləyək.

Mamedov o gecə olduqca pis yatdı və xeyli qarmaqarışıq yuxu gördü.

7

Ertəsi gün saat 7 tamamda yuxudan ayılanda Mamedov kəndə getməməyinə bir o qədər sevinməsə də, bu məsələni açıb Cəfərə deməməyinə çox sevindi. Əvvəla, evi satmaq məsələsində Cəfərə bel bağlamaq xalis axmaqlıq olardı. Cəfər keflihavasına hər işi boynuna götürüb, sonra güman ki, aradan çıxacaqdı. İkincisi, əgər Mamedovun yalanı üzə çıxsaydı, buna görə Cəfər əməlli-başlı əsəbləşib, aləmi qatıb-qarışdıra bilərdi.

Bir xeyli fikirləşəndən sonra Mamedovun ağlına yerləşən bu oldu ki, bir

azdan həyətə düşüb, evi satmaq barədə Höcətulla ilə söhbət eləsin. Başının papağından tutmuş, başmaqlarının ucunacan tipik kənd adamı olsa da, Höcətullanın şəhərdə bilmədiyi şey yox idi. Hər səhər sübh tezdən həyətdə peyda olub, axşamlar saat 10 – 11 olmamış evinə getməyən Höcətulla Mamedovun yaşadığı evin həyətində 90-cı illərin əvvəllərində peyda olmuşdu. Talış idi, Lənkəranın hansısa kəndindən idi. Ancaq Azərbaycan dilində o qədər səlis danışırdı ki, əgər özü deməsəydi, onun talış olduğunu çətin ki, kimsə ağlına gətirə biləydi. Dediyinə görə, “dünyanın düz vədəsi” – yəni Sovet hökumətinin vaxtında kənddə baytar həkimi işləmişdi. Hələ qıvraq kişi ikən bir gün gəlib, həyətdə özünə yer eləmiş Höcətulla indiki səksən yaşında da hamının hər işinə yarıyırdı. Kiminin xalı-xalçasını, kiminin maşınını yuyurdu. Kimisinə dükandan çörək alırdı, kimisinin evindəki zibili aparıb zibil qutusuna atırdı.

Höcətullanın “iş günü” də elə o zibil qutularından başlanırdı. Həyətə girən kimi birbaşa zibil qutularına hücum çəkirdi. Köhnə ayaqqabıdan tutmuş, təzə konfet karobkasınacan - əlinə keçəni yığıb zənbilinə doldururdu. Evin sakinlərinin “Höcətullanın iqamətgahı” dediyi taxtadan və dəmirdən quraşdırılmış köhnə pinəçi budkası da elə o zibilxananın yanındaydı və o budkanın içində Höcətulla özü üçün əməllicə yaşayış yeri düzəltmişdi: oturmağa stolu, yatmağa köhnə divanı; çaydanı, qazanı, qab-qaşığı – hər şeyi vardı.

Höcətulla işi olanda işini görürdü. İşi olmayanda gündüz qəzet köşkündən

pulsuz alıb gətirib, axşam aparıb sahibinə qaytardığı qəzetləri oturub rahat-rahat oxuyurdu. Əlavə vaxtı olanda, əllərini arxasında cütləyib, həyətdə ağayana ağsaqqal ədası ilə gəzinə-gəzinə, rastlaşdığı adamlarla dünyanın işləri barədə həvəslə söhbətə girişirdi. Və qocalı-cavanlı hər hansı bir siqaret çəkən adam görəndə o adama dərs verməli olduğunu heç vaxt yadından çıxarmırdı:

- Bu zəhrimarı niyə çəkirsən? Şəhərin öz zəhəri azdı sənin üçün? Canına

heyifin gəlsin. Lap o araq ki var, o da bu zəhrimardan yaxşıdı. Çəkmə, rədd elə getsin. Bundansa qoz al, qənfet al ye. O tüstüdən kim xeyir görüb. Pul da gedir, can da…

Evin bütün sakinlərini adbaad tanısa da, Höcətulla heç kəsi adı ilə çağırmırdı.

Yaşından, vəzifəsindən asılı olmayaraq, hamıya “sən” deyirdi, “qonşu” deyirdi.

Mamedov həyətə düşəndə bir qədər qəddi bükülmüş Höcətulla, yenə əlləri arxasında, öz “iqamətgahının” qabağında gəzinirdi. Mamedovu görən kimi qəddini düzəltdi. Uzaqdan-uzağa:

- Sabahın xeyir olsun, qonşu! – dedi və əl verib Mamedovla görüşdü. - Bu

evin adamı yatmaqda bilmirəm nə görüb. – Pencəyinin yan cibindən çıxardığı qol saatına baxdı. – On birin yarısıdı, hələ də yatır hamısı. Nədi-nədi bayramdı yenə. Bəyəm bayram birdi, ikidi. O qədər bayram var ki, heç bilmirsən hansı nə bayramıdı.

- Dəymə, qoy yatsınlar. – Ev satmaq söhbətini necə başlayacağını fikirləşə-

fikirləşə, Mamedov bu sözləri elə-belə söz demək xatirinə dedi.

- Axı səhərin havası ayrı şeydi, qonşu. Mənim bu havaya heyifim gəlir.

- İstəyirəm səndən bir söz soruşam, Höcətulla.

- Buyur, ikisini soruş.

- Buralarda ev almaq istəyən adam-zad tanıyırsan? Mən hələ ev-zad

satmıram ha. Deyirəm, işdi də, birdən elə gətirər ki, oğlumun yanına getməli olaram.

- Mahirin? Allah onu xata-baladan saxlasın. Çox mərifətli uşaqdır. Gözümün

qabağında böyüyüb. Bu dəfə telefonda danışanda ona Höcətulla əmisindən salam deyərsən.

- Deyərəm, mütləq deyərəm. Deyirəm, iş birdən elə gətirər ki…

Höcətulla budkanın qabağında dairə vurub, qayıdıb Mamedovla üzbəsurət dayandı və özündən razı-razı ucadan bəyan elədi:

- İndi burda heç kəs ev almaz!

- Niyə? Nə olub ki?

- Necə nə olub? Sökürlər də, evləri bir-bir sökürlər. O tərəfdə beş-on evi

çoxdan söküblər. Görməmisən?

- O tərəflərə çoxdan yolum düşməyib. Bəs demirlər, niyə sökürlər? –

Ürəyindən qara qanlar axan Mamedov ümidsizcəsinə soruşdu.

Mamedovun halının pozulmağı Höcətullanın gözündən qaçmadı.

- Pulunu verəcəklər də, niyə dərd eləyirsən. Gedib bundan da yaxşı yerdə

özünə ev alarsan.

“Bundan da yaxşı yerdə. Bundan da yaxşı yerdə”. – Ürəyində bu sözləri deyə-deyə Mamedov Höcətulladan aralandı. Evdən çıxanda televizoru söndürməmişdi. İçəri girib, ekranda Əjdər Əzimoviçin sifətini görəndə Mamedovun əhvalı tamam pozuldu. Televizoru söndürüb, oturub xeyli fikirləşəndən sonra axırda qərara gəldi ki, Cəfərə zəng eləsin.

- Mənəm, Mamedovdu, necəsən, Cəfər ?

- Mənim necə olmağım sənə çox lazımdır? – Cəfər həmişəki ədası ilə cavab

verdi.

- Hardasan ? Bulvardasan ?

- Yox, evdəyəm. Bu gün evdən çıxmayacağam. – Cəfərin sinəsinin xışıltısı

telefonda da rahat eşidilirdi.

- Deyəsən, səhər-səhər içmisən axı ?

- İndi səhərdi bəyəm ? Mən elə bilirdim axşamdı, dədəmin goru.

- Səndən bir şey soruşacaqdım. Heyif ki, ağlın yerində deyil.

- Mənim ağlım həmişə yerindədi, Mamedov. Fikrin öz ağlına getməsin.

- Deyirlər, bizim evləri sökəcəklər. Eşitməmisən ki, Cəfər ?

- Bunu orda kim deyib sənə ?

Mamedov, avtomatik olaraq :

- Höcətulla, - dedi və səhvini başa düşüb duruxdu.

- Höcətulla ? O kimdi, ə ? Belə ad talışlarda olur.

- Addı da, mən qoymamışam ki.

- O adam kimlərdəndi ki ?

- Nə bilim kimlərdəndi. Adamdı da… biznesmendi. Kəndə istirahətə gəlib.

İndicə meydanda gördüm.

- Sən orda səhər-səhər meydana gedirsən ? Nə var, ə, o meydanda səhər –

səhər ? Sən o meydana axşamçağı get, gör orda indi nəyi müzakirə eləyirlər. Alarvadından, quleybanidən – nədən danışırlar. Get otur qulaq as. Sənin üçün maraqlı olar… Çaqqallar gəlmişdi dünən ?

- Yox, dünən gəlmədilər. Gəlsələr də səslərin eşitmədim.

- Pah atonnan ! Demək orda çaqqalları da qırıb qurtarıblar ? – Cəfər vahi-

məli-vahiməli dedi və bir az susandan sonra yumşaq, qəhərli səslə soruşdu :

-Ə, bura bax, bu səhər tut yemisən ?

- Yemişəm.

- Mənə qulaq as, Mamedov. Tutu lap səhər tezdən, özü də çıx ağacda ye.

Ağacda tut yeməyin ayrı ləzzəti var. Ancaq çox yemə, çox yeyərsən, tırıxlamaya düşərsən.

- İndi mənim ağaca çıxan vaxtımdı ?

- Səni bilmirəm, Mamedov, amma mən olsaydım , sən öl, çıxardım. Desəm

inanmarsan, ayağım Bakıya dəyəndən lap bu günəcən hər yay ürəyimdə bircə arzu olub: gedib kənddə bir tut ağacına çıxıb, doyunca tut yeyəydim. İnan, Mamedov, Allahımız haqqı yalan demirəm.

Mamedov inandı ki, Cəfər məzələnmir, onun belə bir arzusu həqiqətən olub. Ancaq cavab verməyə söz tapmadı.

- Albalı da yetişib, Mamedov ?

- Yetişib. “Yenə başladı dolamağa” – Mamedov ürəyində dedi. Və evi

satmaq barədə Cəfərdən hər hansı bir ciddi söz eşidəcəyinə ümidini itirib, onun dediklərinə züy tutmağı lazım bildi.

- Onda icazə ver, sabah sənə bir vedrə tut göndərim.

Cəfər əməlli-başlı əsəbiləşdi :

- A heyvan, mən sənə tutu ağacda yeməyin ləzzətini dedim. Axı mən

demədim ki, şəhərdə tut tapılmır yeməyə… Bəs yaxşı, Mamedov, Höcətulla deyilən o biznesmen kimdən eşidib ki, sizin evləri sökəcəklər ?

- Bilmirəm. Kimdən eşitdiyini demədi.

- Sökəcəklər söksünlər də, sənə nə ziyanı var ? Pulunu alıb, çıxıb gedərsən

Amerikaya.

- Evə heyifim gəlir ? Qəşəng evdi, orginal arxitekturası var. Dedim, bəlkə

sənin sözünü eşidən olar. Məşhur adamsan, tanınan ziyalısan. Yuxarılarda da tanış-bilişin çoxdu.

- Yenə sarsaqladın, Mamedov! – Cəfər içkili-xırıltılı səslə dedi. – Olmaya

sən də məni hökümət adamı hesab eləyirsən. Hökümətin bir millət nökəri və onları itaətdə saxlayan 4-5 min bəyi, xanı var. Hökümət neynir ziyalını !..

Qəribə adamıydı Cəfər, gah yumşalırdı, gah sərtləşirdi. Bircə dəqiqənin içində əhvalı on dəfə dəyişirdi. Bir müddət yenə susdu, dillənmədi. Sonra dilləndi, ancaq bu səs onun bayaqkı səsi deyildi.

- Bu gecə çox pis yatmışam, Mamedov. Dəhşətli yuxu görmüşəm yenə. Özü

də bilirsən harda ? Sənin yuxuda gördüyün o yer var ha – Seyidin söyüdünün yanı. Mən də ordaydım yuxuda. Orda, arxın qırağında bəlkə bir milyon sarı qarışqa bir yekə koramalın canına daraşıb, yazığı yerindən tərmənməyə qoymurdu. Koramal çaşıb qalmışdı. Anlaya bilmirdi ki, o xırdaca-xırdaca həşərat hardan peyda olub və niyə onun canına daraşıb. O koramal bilmirdi ki, ölüm necə olur. Ancaq öləcəyini bilirdi.

Cəfərin bu gün lap səhərdən içməyə başladığını Mamedov əvvəldən hiss

eləmişdi. İndi yəqin elədi ki, elə bu saatın özündə də Cəfər dayanmadan içir. Hətta Cəfərin içdiyi arağın iyi də Mamedovun burnuna dəydi.

- O koramal, Cəfər, necə koramal idi ? Nubar müəllimin dərsində məktəbə

gətirdiyin həmin koramal deyildi ki ? – Bu da, öz aləmində, Mamedovun zarafatıydı.

- Oydu, Mamedov, həmin koramal idi. Yadındadı da, necə qəribə rəngi vardı :

sapsarı, sütül yaz zanbağı kimi. Qəşəng də gözləri vardı əclafın. Adamın öpməyi gəlirdi.

- Koramalın gözləri yadımda deyil. Ancaq Nubar müəllimin qarnıma

vurduğu təpik yaxşı yadımdadır.

- Bildin, ya bilmədin o Nübar ölüb, ya qalır.

- Yox, ölməyib, qalır hələ. Səhər tövlələrinin qabağından səsi gəlirdi.

- Bəs o tövlənin iyi vurmur sizin həyətə ?

- Vurur. Yel əsəndə vurur hərdən. Ancaq Bakıdakı zibil tığlarının iyindən o

tövlənin iyi yaxşıdır.

Cəfər ucadan güldü :

- Bax, bunu, Mamedov, yaxşı dedin. İstəsən, sən də hərdənbir ağıllı söz deyə

bilərsən. Dayan, qoy mən yığım səni, konturun qurtarmasın.

- Danış, qorxma, konturum çoxdur. Gələndə telefonuma 100 manatlıq kontur

qoymuşam.

Cəfər Mamedovun dediyinə əhəmiyyət vermədi. Telefonu bağlayıb, özü zəng elədi.

- Bu gün çıx çöl-bayırı yaxşı-yaxşı gəz dolan. Mehbalının gölünə də

mütləq get bax. – İçə-içə, yeyə-yeyə danışan Cəfər ağzını marçıldada- marçıldada dedi və söhbəti, gözlənilmədən, Maşallahın üstünə gətirdi. – O Maşallah da, Mamedov, az aşın duzu deyilmiş. O lotu bilirmiş ki, əgər insan qorxmasa, heç vaxt batmaz suda. Ona görə də üzə bilməyən uşaqlara elə ürəkli- ürəkli komanda verirdi. “Tullan, qorxma, mən burda durmuşam. Bir, iki, üç !”. Uşaq da üzə düşüb, tullanırdı gölə. Göl də dəriniydi axı. Eni-uzunu bir şey olmasa da, kənddəki “göl” dediyimiz hovuzların hamısından dərin idi. Elə uşaqları da o dərinlik qorxudurdu. Ancaq o vaxtacan heç arxda da çimməyən uşaqlar suya tullanan kimi görürdü ki, üzmək üçün heç bir biclik, priyom-zad lazım deyilmiş. Uşaq başa düşürdü ki, məsələ üzməyi bacarıb – bacarmamaqda deyil. Məsələ qorxmamaqdadır. Dünyada üzə bilməyən bir dənə də canlı məxluq yoxdu, Mamedov, sən bunu bilirsən, ya yox ? Yer üzünün quruya, istiyə ən həris heyvanı kərtənkələ də suda reaktiv raket kimi üzür. Bunu özüm yüz dəfə sınaqdan çıxarmışam. Görmüşdün də : kirpini, oxatanı, tısbağanı, siçanı, siçovulu tutub, buraxırdıq arxın suyuna. Hamısı Maşallahdan yaxşı üzürdü. Bu dünyada yaşayan canlı məxluqun ən qorxağı insandı, Mamedov. İnsanı insanlıqdan çıxardan da ancaq qorxaqlıqdır.

- Orası elədi. – Mamedov Cəfərin dediyini təsdiqlədi. – Ancaq bunun

Maşallaha nə dəxli var. Olmaya onu da yuxuda görmüsən.

- Yuxuda niyə. Səhər gözümü açandan elə onu fikirləşirdim. Hələ sən zəng

eləməmişdən. - Və yenə gözlənilməz sual : - Sən orda gecələr qorxmursan ki ?

- Yox, Cəfər, mən burda nədən qorxmalıyam ki ? – Mamedov həyəcanlı

səslə dedi və dünyanın təpədən dırnağacan qorxuya qərq olduğu o uzaq və yaxın payız gününün qətran kimi qara yeli, Əjdər Əzimoviçin səsi və surətilə birgə, Mamedovun canında gəzdi.

- Olar da. Dedim, birdən quleybanidən, alarvadından, cindən-zaddan

qorxarsan. Yaxşı, Mamedov, bəsdi çox çərənnədik. Ancaq mütləq çıx bu gün kəndin hər yerini yaxşı-yaxşı gəz-dolan. Axşam zəng eləyəcəyəm sənə.

8

O axşam Cəfər Mamedovu itirib-axtarmadı. Ancaq həmişə günortaycan yatan Cəfər ertəsi gün səhərin elə bir vaxtında zəng elədi ki, Mamedov qulağına inanmadı : hələ heç 7-nin yarısı da olmamışdı.

- Yatmışdın, Mamedov ?

- Yox, çoxdan durmuşam. – Mamedov qondarma gümrah səslə dedi. – Bəs sən nə əcəb bu gün belə tez durmusan ?

- Bu gün kefim belə istəyib. – Cəfər uşaq kimi sevinə - sevinə dedi. – İndicə, bilirsən, nə düşüb yadıma : Kefli Mirzə Möhsünün sözləri. Deyirdi : xristian səhər durub, başın yuyub, fikr eləyir. Müsəlman səhər durub, götün yuyub, zikr eləyir… Yadındadı o Mirzə Möhsün ? Kolxozun hesabdarıydı. Çox dərin adamıydı o kişi.

- Elə bu ?

- Sənin üçün bu, azdı bəyəm ? Sən havaxt bundan ağıllı söz eşitmisən ?

- Heç vaxt. Bəs özün neynirsən bu səhər ? Fikr eləyirsən, yoxsa zikr eləyirsən ? Deyəsən,vurmusan axı tezdən-tezdən.

- Hə, indicə vurmuşam 50 qram. – Bir az susub, ucadan bəyan elədi : - Sabahdan içkini tərgidirəm, Mamedov. Sənə kişi kimi söz verirəm.

- Allah ağzından eşitsin.

- Allah belə şeylərə qarışmır. Onun üçün içən də birdi, içməyən də. Allah üçün heç ölüynən dirinin də fərqi yoxdur. Çünki Allah hər iki dünyanın sahibidir : həm bu dünyanın, həm də o dünyanın. Allahın imperiyasının ucu-bucağı yoxdur. Bilirsən, Budda öləndə nə deyib ? Deyib ki, bu dünyanın yuxusundan ayılmağın vaxtı gəldi. Bizim o Mirzə Möhsünün də hər sözü hikmətiydi. Səsi də elə bil göydən gəlirdi. O səs hələ də qulağımdadı. Rəhmətlik kolxoz idarəsinin qabağında dayanıb, elə bil Allahın yanından danışırdı. Deyirdi : “Bu kənddə hər nə var, mənə öz dərdini danışır. Quşlar deyir ki, azıq. İtlər deyir ki, acıq. Dağlar deyir ki, soyuqdur. Düzlər deyir ki, su yoxdur. Dağlara baxıram – ağlamağım, düzlərə baxıram – ulamağım, bağlara baxıram – bağırmağım, yollara baxıram – bu kənddən baş götürüb, getməyim gəlir”. Sözə bax, Allah, Allah ! Bir qoca hesabdarın sözündəki hikmətə bax !..

Mamedov telefonda aşkar eşitdi ki, Cəfər stəkana araq süzür. O arağı Cəfərin necə əziyyətlə içdiyini də təsəvvürünə gətirə bildi. Anladı ki, bu gün Cəfər tamam başqa not üstdə köklənib və bu saat kiminlə danışmağının da bəlkə onun üçün heç bir fərqi yoxdur. Hiss elədi ki, Cəfərin ürəyi yaman dolub və Cəfər ürəyini boşaltmasa dayanan deyil.

- Sən o kəndə getməyinən məni burda əməlli-başlı işə salmısan. Otuz-qırx il idi ki, kənd-zad yuxuma girmirdi. İndi iki-üç gündü ki, gecə səhərəcən dəhşətli yuxular görürəm.

- Nədi ki, olmaya o göyçək koramalı yenə yuxuda görmüsən.

- Əşi, koramal nədi ? Bu gecə özümü görmüşəm. Tək özümü. Beşikdə. Üç aylığımda. O beşiklər indi də qalır, görəsən ? Taxta beşiklər. Bu gecə yuxumda, qolum-qıçım sarıqlı, həmin o taxta beşikdə uzanmışdım. Üç aylıq uşağıdım, Mamedov, düz üç aylıq ! Yuxudan ayılmışdım. Day yatmaq istəmirdim, yatmaqdan doymuşdum xirtdəyəcən. Dartınırdım, qolumun-qıçımın sarğısını açmaq istəyirdim. Qışqırıb, anamı çağırırdım, anam səsimi eşitmirdi. Heç kəs səsimi eşitmirdi, Mamedov. Üç aylıq uşaq idim, ancaq hər şeyi qanırdım. Bilirdim ki, anam var, dünya var. Göy var, göydə ulduzlar var… Günəş var, Ay var, Allah var !.. İnanırsan ?

Mamedov inanmasa da :

- İnanıram, - dedi. Cəfərin könlünə dəymək istəmədi.

Özünü tox tutmağa nə qədər cəhd göstərsə də, Cəfərin öz içində ağladığını Mamedov hiss eləyirdi. Hətta onun içindən axan göz yaşlarının səsini də sanki eşidirdi. Və Cəfərin sonrakı sözlərini eşidəndə Mamedovun özü də ağlamaq həddinə çatdı.

- Eşit, gör nə deyirəm. O qızın qəbirinin yeri yadında olmalıdı. Bu gün

mütləq gedərsən qəbirstanlığa. Bir dəstə süsən gülüynən, eşidirsən ? Süsən çöl zanbağıdı. Arxların qırağında, günəvər yerlərdə bitir. Sarımtıl-çəhrayı rəngi olur. Özün min dəfə görmüsən. Aparıb, xəlvətcə qızın qəbrinin üstünə qoyarsan. Sağlığında neçə dəfə yalvarmışdı mənə. Demişdi, mən öləndə qəbirimin üstünə bir dəstə gül qoyarsan. Özü də - süsən, yalnız süsən. Başqa gül istəmirdi. Neçə vaxt hər gün özümə söz verdim ki, gedib bir qucaq süsən dərib, gecə xəlvətcə aparıb, o qəbirin üstünə qoyum. Gündüz apara bilməzdim, çünki dədəm xəbər tutsa, inan ki, dərimə saman təpərdi. Gecə də qeyrətim çatmadı – qorxdum qəbiristanlığa getməkdən. Gör o vaxtdan nə qədər keçib. Ancaq qızın o istəyi ydımdan çıxmır ki, çıxmır. Mənim bu xahişimi yerinə yetirsən, sənə ömrüm boyu minnətdar olaram. Əlimdən gələni eləyərəm ki, evin də sökülməsin. Sən o bir dəstə süsəni bu gün hökmən dər, apar ora. Mənim o kəndə bundan sonra çətin ki, yolum düşə.

Mamedov heyrət içində donub qaldı. Gördü ki, onun kənddə olmağına

inanmağı Cəfəri həqiqətən yerindən oynadıb. Mamedovun Cəfərə yazığı gəldi. O qədər yazığı gəldi ki, kəndə də, özünə də, qurduğu-oynadığı oyuna da tüpürüb, Cəfərə hər şeyi açıb demək istədi. Amma deməyə ürəyi gəlmədi.

- Baş üstə. Gözüm üstə. Qorxma. Narahat olma. Hər şey sən deyən kimi

olacaq. – Bu sözləri Mamedov ürəyində özünə lənət yağdıra-yağdıra dedi. – Sən də bu içməyi bir az azalt da, nə olar. İçsən də səhər tezdən içmə barı. Mənbilən, sən bu vaxt içmirdin axı.

- Dedim də, sabahdan tərgidirəm.- Mamedovun verdiyi vədə əməl edib,

qəbristanlığa gül aparacağına asanca inanan Cəfər sevincək səslə dedi. – Sən çestni adamsan, Mamedov. Mənim buna heç vaxt şübhəm olmayıb.

İstəsəm, mən də çestni adam ola bilərdim. Ancaq Allah rəhm elədi mənə. Bir azca istedad da verdi ki, çaqqalları cəmdək sökən bu mütrüf dünyada mən də birtəhər başımı girləyə bilim. Bu gündən bütün olub-keçənlərə bir qoz, Mamedov. Sabahdan ciddi işə başlayıram. İncili, Tövratı özüm dilimizə çevirəcəyəm. Molla dilinə yox, bax o Allahın yanından danışan Mirzə Möhsünün dilinə. Qulaq as, gör kişilər üç min il bundan qabaq biz allahsız bəndələrə nələr deyib gedib. Süleyman peyğəmbər, eşitmisən ? Yəhudi padişahı Davidin oğlu. Bir adı da Yeklesiast olub. Yek-le-si-ast, yəni sirr bilən, yol göstərən, ağıl öyrədən, yadında saxla ! Eşit onun sözlərini oxuyuram sənə : « Род проходит и род приходит, а земля пребывает вовеки. Восходит солнце, и заходит солнце, и спешит к месту своему, где оно восходит… Все реки текут в море, но море не переполняется : к тому месту, откуда реки текут, они возвращаются, чтобы опять течь…

Что было то и будет, и что делалось, то и будет делатся, и нет ничего нового под солнцем. Всему свое время, и время всякой вещи под небом: время искать и время терять; время разбрасывать камни, и время собирать камни… Участь сынов человеческих и участь животных – участь одна: как те умирают, так умирают и эти, и одно дыхание у всех, и нет у человека преимущества перед скотом, потому, что все – суета! Все идет в одно место: все произошло из праха и все возвратится в прах…»

(Sətri tərcüməsi : “Nəsil gəlir və nəsil gedir, dünya isə daim yerindədir. Günəş çıxır və günəş batır və yenə öz yerinə tələsir – həmişə çıxdığı yerə … Bütün çaylar dənizə axır, ancaq dəniz dolub daşmır : çaylar öz mənbəyinə qayıdır – yenidən dənizə tökülmək üçün … Olmuşlar bir də olacaq və edilmişlər yenə ediləcək və heç nə yeni deyil günəşin altında… Hər şeyin öz zamanı var və hər zamanın öz əməli var – uca göylərdən aşağıda: axtarmağın zamanı və tapmağın zamanı; daşı tökməyin zamanı və daşı yığmağın zamanı... Bəşər övladı və cəmi heyvanat eyni aqibətə mübtəladır: insanı da, heyvanı da ölüm gözləyir; insan da, heyvan da eyni hava ilə nəfəs alır və havası qurtaranda heç olur və insanın heyvandan üstünlüyü yox – belə olub, belə də olacaq! Yer – məlum, məkan məlum: torpaqdan yaranan torpaq olur və hər şey yenidən başlanır...” )

İndi Cəfərin özü də sanki Allahın yanından danışırdı : Səsi titrəyə-titrəyə,

coşa-coşa, təntiyə-təntiyə. Rusun dəftərxana dilini bəlkə lap rusların özündən də yaxşı bilən Mamedov dünyada belə bir rus dili də olduğunu ömründə ilk dəfə eşidirdi və ömründə ilk dəfəydi ki, sözün təsirindən sanki ovsunlanmışdı. Onun bir yaxşı söz tapıb, Cəfərə deməyi gəldi. Ancaq o sözü Mamedov tapıb deyə bilmədi.

- Mən də burda, deyəsən, yavaş-yavaş darıxmağa başlayıram, - dedi. –

Deyirəm bir-iki gün də qalım, çıxım gəlim şəhərə.

Bu sözləri deməklə Mamedov Cəfərə kələk gəlməyin əvvəl nəzərdə tutduğu

müddətini qısaltmaq üçün özünə “əl yeri” qoymaq istəyirdi. Qəflətən hiss elədi ki, onun dediyi sözləri Cəfər eşitmir.

Cəfər telefonu söndürmüşdü.

9

Ertəsi gün Mamedov kəndə getməməyinin hədsiz peşmançılığı içində gözlərini açdı.

Bu gecəki yuxusunda kəndi həmişəkindən də qarmaqarışıq görmüşdü. Hər yandan qorxunc qayalarla əhatə olunmuş tikanlı, kollu-koslu yad bir məkan. Aşağıda – ucu-bucağı görünməyən dar və dərin dərə. Üstü yumurta qabığı kimi hamar – nəhəng çay daşları. O daşların arasından çay axırdı və o daşların arasındakı gölməçələrdə - balıq yerinə - balıq boyda, balıq rəngdə koramallar, kirpilər, oxatanlar, kərtənkələlər üzürdü. Ətrafda ins-cins gözə dəymirdi. Ancaq haradansa – lap uzaqlardan – çayın başlandığı naməlum dünyadan sehrli-vahiməli bir səs gəlirdi və çayın hamar daşlarının arsındakı gölməçələrdə üzən balıq-koramallar, balıq-kirpilər, balıq-oxatanlar, balıq-kərtənkələlər o səsin vahiməsindən çaşıb, hərdən suyun üzündə hərəkətsiz qalırdı : «Все реки текут в море. Все реки текут в море !».

O bura haradan gəlib çıxmışdı ? Burada nə axtarırdı ?... Birdən ağlına yerləşdi ki, çimməyə yer axtarır. Və elə həmin anda da ona elə gəldi ki, artıq çimib çıxıb. Belə isə onun pal-paltarı hardaydı bəs ? Çiməndə harda soyunmuşdu ?...

Yuxunun ən həyəcanlı anları da elə burdan başladı. İndi bir dünya daşın-qayanın, kolun-kosun arasında Mamedov – lüt-ətcəbala - lələgiryan qalmışdı. Dünyada bir vaxt ona məxsus olan hər şey yoxa çıxmışdı : əyninin paltarı, cibinin pulu, telefonu, evinin açarı…

Əvvəl çayda çimmək üçün münasib yer, sonra itmiş şalvar-köynəyini axtaran Mamedov, yuxusunda, Bakını küçə-küçə, tin-tin dolanıb, evinin yerini axtarmışdı. Bundan əlavə, yolunu unutduğu o dərin, dar dərədən yol tapıb çıxmaq üçün yuxuda xeyli həyəcanlı anlar yaşamışdı. Ancaq bunların heç biri, sən demə, onun bu gecəki narahat yuxu axtarışlarının əsas məkanı, baş obyekti deyilmiş. Mamedovun yuxuda axtardığı və tapa bilmədiyi Mehbalının o dərin hovuzuymuş !.. Bunu Mamedov durub, yuyunub-rahatlanıb, oturub çay içib, çörək yeyəndə, nəhayət, yadına sala bildi. Və insafsız kənd uşaqlarının, o hovuzun yanında, bir vaxt onun başına açdığı müsibət də məhz bu anda Mamedovun yadına düşdü… Bir dəfə, Mamedov göldə çiməndə, uşaqlar şalvar-köynəyini götürüb gizlətmişdi. Mamedov – lüt-ətcəbala - ətrafdakı kol-kosun, ot-alafın içində bir saat eşələnəndən sonra axırda öz şalvar-köynəyini böyük bir ot tayasının arxasında tapmışdı. Mamedovun yuxuda gördüyü mənzərə Mehbalının gölünün ətrafındakı mənzərədən xeyli fərqli olsa da, onun o gün keçirdiyi həyəcan bu gecə yuxuda keçirdiyi həyəcanın sanki eyni idi, təkrarıydı. Ovqat da eynilə həmin ovqat idi : çarəsizlik, çıxılmazlıq ovqatı. Ancaq o dərin, dar dərəni Mamedov heç vaxt heç yerdə görməmişdi. O necə dərəydi, pərvərdigara ! O hamar çay daşları niyə o qədər nəhəng və qorxunc idi və o daşların arasındakı gölməçələrdə üzən balıqlar görəsən nə zamandan bəri dönüb koramala,kirpiyə, kərtənkələyə çevrilmişdi. Hələ - o səs : «Все реки текут в море. Все реки текут в море !..» Yox, o səs nə Cəfərin, nə də hesabdar Mirzə Möhsünün səsiydi. Bəs o səs kimin səsiydi, pərvərdigara ?!.

“Bütün çaylar dənizə axır. Bütün çaylar dənizə axır”. – Bu sözləri Mamedov bir neçə dəfə azərbaycanca dedi. Ancaq bu sözlərin azərbaycancası onun ruhunu tərpətmədi, ürəyini yerindən oynatmadı. Mamedov başa düşdü ki, burada əsas rolu oynayan söz deyilmiş, səs imiş. Və Mamedova elə gəldi ki, onu yuxuda ovsunlayan və ovsunlamaqda hələ də davam eləyən o səs bu dünyadan gələn səs deyilmiş. O səs haradansa başqa bir dünyadan gəlirmiş. Elə Cəfərin dünənki səsi də onun həmişəki səsi deyildi. Cəfərin dünənki səsində elə bil üç min il bundan qabaqkı dünyadan da nəsə vardı…Bəlkə o səs elə o Süleyman peyğəmbərin öz səsiydi ! Birdən ağlına gələn bu fikirdən Mamedovun beynində sanki ildırım çaxdı. Bir qəribə - od kimi isti hava bütün damarlarını gəzdi, içini əsim-əsim əsdirdi. “Səndə şeytan tükü var, Cəfər, - dedi. – Sən məni əvvəl-axır dəli eləyəcəksən…”

Gördüyü yuxunun mistik dünyasından heç cür uzaqlaşa bilməyən Mamedov Cəfərin tilsimli toruna düşüb, kəndə getməməyinin nisgilli-həyəcanlı ovqatından da yaxa qurtara bilmirdi. Kənd onun nəzərində yenə gözəl olmuşdu, cazibədar olmuşdu. Bu saat Mamedovun, kənddəki evinin küçə qapısını açmağı, o qapıdan həyətə girib, o həyətin havasını sinə dolusu ciyərinə çəkməyi, həyətdəki qoca tut ağacının kölgəsində oturub, bu dünyanın işləri barədə doyunca düşünməyi gəlirdi. Mamedov Seyidin söyüdünün yanından keçən sərin suda əl-üzünü yumaq istəyirdi və Mehbalının gölünə bircə dəfə baxmaq bu saat Mamedov üçün böyük xoşbəxtlik olardı. Və əvvəllər Cəfərin hər sözünə şübhə ilə yanaşan Mamedov onun hər yay tut ağacına çıxıb, ağacda tut yemək barədə dediyi o sözlərin hər birinin doğru olduğuna indi zərrə qədər də şübhə eləmirdi.

Cəfər ağacda tut yeməyi necə arzulamışdısa, eynən eləcə də Mamedov Mehbalının gölündə çimməyi illər boyu həmişə arzulamışdı. O gölü indiyəcən bəlkə min dəfə yuxuda görmüşdü : gah duru, gah bulanıq ; gah buz kimi sərt və soyuq ; gah atlas kimi yumşaq və mülayim…

Əhvalının xoş çağlarında öz yuxularında Mamedov o gölün suyunda balıq kimi üzdükcə üzmüşdü. Darıxanda, sıxılanda, işi bərkə düşəndə o göldə boğulduğunu görüb, yuxudan qışqırıb ayılmışdı. Kaş dünyada bir də gün o gün olaydı ki, o göldə doyunca üzmək Mamedova son dəfə qismət olaydı. Daha onun bu dünyada bundan böyük arzusu yox idi. Qovğasız, macarasız adi ömür yaşayanların da, görünür, ürəyinin bir yerində bir qərib və qəribanə nağılı-əfsanəsi hökmən olurmuş.

Bu da Mamedovun yekrəng həyatının belə bir çoxrəngli nağılıydı.

Bu nağılda bir yay bu şəhərdə ağzından od püskürən günəşin alovu-atəşi vardı. Bakının amansız bürküsündə - əlində imtahan vərəqəsi, ürəyində kənd havası – ağacsız, kölgəsiz bir binanın qabağında uzun növbəyə düzülən neçə-neçə kənd uşağının sonsuz su həsrəti, nəhayətsiz kölgə istəyi vardı… Oxuduğu texnikumun - bircə uzunsov, böyük otaqdan ibarət - alaqaranlıq yataqxanası. Bir otaqda – 42 dəmir çarpayı və bir o qədər də tələbə. Əgər Mamedov qəbul imtahanları qurtarandan dərslərin başlanmağınacan qalan iki həftənin bircəsini gedib kənddə keçirib, o göldə doyunca çimib, sonra Bakıya qayıtsaydı, bəlkə o göl də ondan ötrü belə bir nağıla-əfsanəyə çevrilməzdi. Ancaq getmədi. Gedə bilmədi. Çünki onun – o baş, bu baş – iki dəfə bilet almağa pulu yox idi. Mamedov olan-qalan pulunu özünün ilk stipendiyasını alanacan birtəhər üzünə tutmalıydı. Və uzunsov, alaqaranlıq otaqda, gecə-gündüz tər tökə-tökə, o göldə çimməyin həsrətini o qədər çəkməliydi ki, dünyanın balaca bir su hovuzu, nağıla-əfsanəyə çevrilib, onun ruhuna, yaddaşına əbədi həkk olunmalıydı.

Zavoda direktor təyin ediləndən əvvəl o yataqxana, demək olar ki, həmişə Mamedovun yadında olmuşdu.Vaxt tapdıqca gedib, o yataqxananın yerləşdiyi binanın yan-yörəsində hərlənib, ötüb-keçən günləri yadına salmışdı. Zavodda direktor işlədiyi dövrdə buna vaxt tapmadı. Sonra vaxt tapdı, ancaq yataqxananın yerləşdiyi evi tapa bilmədi. Şəhərin mərkəzindəki iki parallel küçənin arasında, insan çoxluğundan və avtomobil səs-küyündən kənarda öz ayrıca həyatını tələsmədən, təntimədən rahatca yaşayan – hündürlüyü indiki binaların 7-8 mərtəbəsinə bərabər – o dördmərtəbəli, həyətli, eyvanlı, dolama pilləkənli Bakı evi aşağı mərtəbəsindəki o uzunsov, alaqaranlıq yataqxanayla birgə sanki yer üzündən silinib-süpürülmüşdü, uçmuşdu, itmişdi, qeybə çəkilmişdi.

Özünün harda olduğunu kəsdirə bilməyən Mamedov o evin yerində tikilmiş binaya hayıl-mayıl baxa-baxa qaldı. Qorxdu, ancaq nədən və niyə qorxduğunu anlayıb-aşıra bilmədi. Çünki o binanın görkəmində insanı qorxuda biləcək heç nə yox idi. İşıqlı-yaraşıqlı uca binaydı. Qabağı – güllü-çiçəkli xuyaban, ətrafı abad, tərtəmiz... Yox, Mamedov o təzə binadan qorxmamışdı, oradakı köhnə evin əbədi yoxa çıxmağından qorxmuşdu. O evdə yaşayanların səsi, sifəti, yerişi-duruşu bəlkə olduğundan da diri və dolğun bir şəkildə o gün Mamedovun xəyalında canlanmışdı. Və Mamedov ondan qorxmuşdu ki, o sifətlər bu yerlərdə bir də görünməyəcəkdi. O səslər buralarda bir də eşidilməyəcəkdi. Allah bilir hansı zamanlardan bəri bir yerdə yaşayan, biri-birinin indisinə, keçmişinə bələd olan, rəftarına, xasiyyətinə, sözünə, səsinə öyrəşən xeyli sayda insanın bu insani ehtiyacdan, ailəvi ünsiyyətdən həmişəlik məhrum olmağı Mamedovu əzmişdi, sıxmışdı, sarsıtmışdı. Hər küncünü-bucağını tanıdığı, hər daşına, divarına bələd olduğu o xudmani yurd yerinin, insan yuvasının əbədi yoxa çıxdığını gözlərilə görəndən sonra da o gün Mamedov o təzə binanın ətrafında, xəstə qoyun kimi gicələ-gicələ, o yox olmuş köhnə evin həyətini axtarmışdı. O həyətdəki nar və əncir ağaclarını, üzüm tənəklərini bir-bir yadına salmışdı. Həyətin ortasındakı talvarı, o talvarın altındakı yaşıl rəngli, uzun stolu və o stolun ətrafına yığışıb, günuzunu deyə-gülə nərd oynayan, çay içən, küçədə-bazarda eşitdiklərini və televizorda gördüklərini həvəslə bir-birinə danışan insanları gözünün qabağına gətirmişdi və o həyətdən, o talvardan, o söhbətdən məhrum olanların sonrakı həyatı Mamedova o qədər cansıxıcı görünmüşdü ki, o yaraşıqlı təzə bina və o binanın ətrafındakı qüsursuz-qənirsiz abadlıq ona qorxunc və qəribanə qəbiristanlıq təsiri bağışlamışdı. Və o abadlıqdan Mamedov elə bir çarəsizlik və çıxılmazlıq ovqatında ayrılıb-uzaqlaşmışdı ki, elə bil o evin, o həyətin, o yataqxananın yerində təzə bina tikilməmişdi, orada zorakılığın, amansızlığın və allahsızlığın insana meydan oxuyan canlı heykəli qoyulmuşdu.

Gecə gördüyü yuxuda Mehbalının gölünü, itmiş şalvar-köynəyini, telefonunu, açarlarını, evini axtaran Mamedov indi, hələ səhər ikən, öz evində də elə bil nəyisə axtarmaqdaydı. Bir otaqdan çıxıb, o birinə girirdi. Hər otağın divarını, tavanını, pəncərəsini qəribə bir maraqla sanki müayinədən keçirirdi. Gah qərara gəlirdi ki, Cəfərə zəng eləsin. Gah fikrindən keçirdi ki, indicə həyətə düşüb, evin sökülməyi barədə “qonşu” Höcətulla ilə bir də söhbət eləsin. Ancaq bunların heç birini etməyə ərdəmi gəlmirdi, qətiyyəti çatmırdı.

Sonra Mamedov özündə zor tapıb, Cəfərə, qısa fasilələrlə, bir neçə dəfə telefon açdı. Cəfərdən səs çıxmadı. Və Mamedov inandı ki, indi ona Cəfərin səsini eşitməkdən savayı heç nə lazım deyil. Hətta sökülməyə məhkum edilmiş evinin aqibəti də əvvəlki aktuallığını itirdi. “Cəfər, - dedi, - ay zalım, ay hərdəmxəyal, kənd nə tez yadından çıxdı. O göyçək koramal nə oldu bəs. Ağacda tut yemək həvəsin nə tez söndü...” – Beləcə, öz-özünə danışa-danışa Mamedov otaqları səydəmləyirdi. Telefonda isə eyni qadın səsi, insafsız və amansızcasına, elə öz dediyini deyirdi: “Bu nömrəyə zəng çatmır. Bu nömrəyə zəng çatmır...”

10

Oradakı evlərin başına azı bir saat dolanandan sonra Mamedov Cəfərin evini nəhayət ki, tapmışdı. Bu ev onun eviydi. Bu həyət onun həyətiydi. Bu həyəti o heç vaxt görməmişdi, həyətə yığışan insanların da heç birini tanımırdı. Bir tərəfi həyətə, bir tərəfi küçəyə baxan bu beşmərtəbəli binada Cəfərdən savayı kimsə ölə bilməzdimi? Bəs həyətdəki çadırı görən kimi Mamedov ölənin məhz Cəfər olduğunu nədən bildi?! Kaş bu da yuxu olaydı, pərvərdigara! Ya da Cəfərin növbəti kələyi, hoqqası olaydı.

Yenə də yuxu gördüyünü Mamedov o vaxt ağlına gətirdi ki, bayırdan ehmalca boylanıb, çadırın içərisində oturan adamlara baxdı və məclisi aparan mollanın, bir vaxtlar Cəfərin dolayıb cırnatdığı həmin o lənkəranlı molla olduğunu gördü: “ Məhəmməd, Mamed, Mehmetcik... Mamusta, kənd yeri. Mal təzəyi...” Mamedov məclisə göz gəzdirib, yasa kənddən də kiminsə gəlib-gəlmədiyini bilmək istədi. Məclisdə kənd adamı gözünə dəymədi. Ancaq məclisin yuxarı başında əyləşən “bazburutlu” adamların arasında Əjdər Əzimoviçi görəndə bütün bunları məhz yuxuda gördüyünə, bir Allah bilir ki, Mamedov necə inanmaq istədi. Elə çadırın ağzındanca geri dönüb, həyətdən uzaqlaşanda arxadan eşitdiyi səs onu bir də şübhəyə saldı: HÖCƏTULLA! Cəfər hara, Höcətulla hara?.. Bu adam Cəfərin yasında nə gəzirdi!

-Hara qonşu? Bəs niyə keçmədin içəriyə?

-İçəridə adam çoxdu. – Mamedov könülsüz dilləndi.

-Heyf. Heyf ondan – Cəfər müəllimdən. Elə kişi bir də dünyaya gəlməyəcək. – Höcətulla Mamedovun qolundan yapışıb, onu məclisə qaytarmaq istədi.

Mamedov yerindən tərpənmədi.

-Qoy gedim, - dedi, - vacib işim var. Sən Cəfər müəllimi hardan tanıyırdın?

-Necə hardan? – Höcətulla heyrətləndi elə bil. – Biz onnan qırx ilin dostuyduq. Onu mənnən yaxşı kim tanıyırdı. Sovetin vaxtında bir ayağı bizim kənddəydi rəhmətliyin. Həftənin axırında gələrdi...Taksiynən!.. Şənbəni-bazarı mənim əmoğlumun evində gecəyarıyacan yeyib-içib kef eləyərdi. Əmoğlumnan inistutda bir yerdə oxumuşdular. Möhkəm dostuydular. Dost nədi, lap qardaş kimiydilər. Cəfər müəllim hər dəfə kəndə gələndə ayağının altında erkək kəsərdik. Mən o rəhmətliynən yüz məclisdə olmuşam. Kababın da həmişə özüm çəkmişəm.

Mamedovu fikir götürmüşdü.

-O molla da sizin kənddəndi?

-Yox, o bizim qonşu kənddəndi. Adı da Höcətulladı, mənim adaşımdı.

-Cəfər müəllim o mollanı görmüşdü sizin kənddə?

-Bilmirəm. Deyəmmərəm. Bəlkə görmüşdü. Bəlkə görməmişdi. Axı onda molla deyildi adaşım. Lənkəranda komsomol komitəsinin katibiydi.

-Doğrudan? Allah, allah! – Mamedov ürəkdən nalə çəkdi. Və o vaxt o yas məclisində Cəfərin mollanı ələ salmağının səbəbini başa düşüb, qismən rahatlandı. Cəfər molla Höcətullanı, hələ onun komsomol işçisi olduğu vaxtlarda, haçansa görmüşdü. Buna heç bir şübhə ola bilməzdi. Onda bəs necə olmuşdu ki, o vaxt o yas məclisində Cəfər keçmiş komsomol işçisini tanımışdı, amma o komsomol-molla Cəfəri tanıya bilməmişdi? Komsomoldakı vəzifəsini itirəndən sonra Höcətulla bəlkə əvvəlki yaddaşını da itirmişdi... “Məmməd, Mamed, Mamusta...” Üzün gülsün, Cəfər!..

Höcətulla öz molla həmyerlisini ağızdolusu tərifləməyə başladı (görünür, kiminsə yas məclisini keçirmək üçün Mamedova molla lazım olduğunu zənn etmişdi).

-Çox elmli molladı, qonşu, sovetdə komsomol olmağına baxma. İranda üç il mollalıq dərsi oxuyub. Quranı başdan ayağa əzbər bilir. Xeyir ola, qonşu, mollanı nə əcəb xəbər alırsan?

-Elə-belə soruşdum. Sifəti tanış gəldi mənə. Cəfərin rəhmətə getməyin bəs sən nədən bildin?

-Bunu biməyə nə var ki? Qəzetlərin çoxusu yazıb.

Sovet hökuməti yıxılandan sonra heç vaxt qəzet oxumayan Mamedov özünü o yerə qoymaq istəmədi.

-Mən bu gün qəzetlərə baxmamışam, - dedi. - Onda belə çıxır ki, rəhmətlik dünən ölüb?

-Nə dünən? Dünən nədi? Cəfər müəllim srağagün gecə yarısından sonra qəflətən dünyasını dəyişib. Qəflətən deyəndə ki... – Höcətulla xırpdan səsini kəsib, xoflu-xoflu ətrafa boylandı. Göyə baxdı, yerə baxdı. Həyətdəki kol-kosa, ağac-budağa baxdı. Və bütün bu hoqqalardan sonra qəflətən Mamedovun qoluna girib, onu mağardan uzaqlaşdırdı və həyətin qurtaracağındakı daş hasarın yanınacan aparıb, oradakı, meyvəsi təzə yetişən tut ağacını göstərdi.

-Cəfər müəllim bu ağacdan yıxılıb. – Höcətulla ətrafa boylanıb, ehtiyatla Mamedovun qulağına pıçıldadı. – Gecəyarısı hamının yatan vaxtı... O qədər içib ki, deyirlər, gecənin yarısında könlünə tut yemək düşüb. Tənbəllik eləməyib...

-Saxla, bəsdi. Danışma day!.. – Mamedov dizləri əsə-əsə, həyətdən uzaqlaşıb, küçədə bir vaxt Cəfərdən ayrıldığı yola çıxdı.

Höcətulla tövşüyə-tövşüyə onun arxasınca şütüyürdü.

Taksinin arxa oturacağında yanaşı otursalar da, evə çatana kimi dinib-danışmadılar. Həyətdə Höcətulla Mamedovun sözlü-sözlü baxdığını görüb, evin sökülməyi barədə onu bir daha məlumatlandırmağı lazım bildi.:

-Evin məsələsi belədi, qonşu. Hamısın sökəcəklər. Bu məhlədə, ilin axırınacan, bir dənə də köhnə ev qalmayacaq. Ancaq sən fikir eləmə. Ürəyinə salma bunu. Hökumət istəyirsə, demək, sökülməlidi. O boyda Sovet hökumətini yıxıb böyrü üstə qoydular. Cəfər müəllim kimi alim adamın qədrini bilmədilər. Səni, məni kimdi adam yerinə qoyan.

Ancaq Höcətulla hardan biləydi ki, evin sökülüb-sökülməməyi bu saat Mamedovun heç vecinə də deyildi.

-Yasda yuxarı başda bir nəfər qara kostyumlu adam oturmuşdu. Qırmızı qalstuklu. Adı Əjdərdi, Əjdər Əzimoviç. Onu da tanıyırsan?

-Əjdər müəllimi? Onu kim tanımır ki? Sovetdə yaxşı vəzifələrdə işləyib. İndi də yaxşı vəzifədə işləyir. Bu yaxınlarda hələ elmi ad da alıb. Nə əcəb soruşursan Əjdər müəllimi?

Mamedov cavab vermədi. Qorxdu ki, ağzını açan kimi hönkürüb ağlaya bilər.

EPİLOQ

O gecəki yuxu səyahətinin lap əvvəlində Mamedov yenə Cəfərin həyətindəki yas çadırının eşik tərəfində durmuşdu. Ancaq budəfəki məclis yas məclisi deyildi, kef məclisiydi.

Məclisin yuxarı başında – dünən molla Höcətullanın oturduğu yerdə indi Cəfər, əlində araq dolu stəkanı ayaq üstdə sağlıq deyirdi. Əyninə tünd qara kostyum geyib, boynuna al qırmızı qalstuk taxmış Əjdər Əzimoviç qulaqlarını şəkləyib, Cəfərin dediklərinə diqqətlə qulaq asırdı. Mamedovu görəndə sevindi:

-Ba, gəlmisən, Mamedov! Yaxşı ki, tez gəlmisən. Səndən niyaran qalmışdım, dədəmin goru. Gəl görüm. Gəl sən də 100 qram araq vur Əjdər Əzimoviçin çestinə. Kişi can qoyub, elmi ad alıb. Alıb Mamedov, dədəmin goru! Dədəmin goruna mıxlıyım. Ə, Canik, hardasan? Gəl Mamedov müəllimə araq süz...

Mamedov hər yerə göz gəzdirdi, Caniki heç yerdə görə bilmədi. Caniki oralarda görməməyi hələ bir yana dursun, sonra o, bulvarda “Mirvari” kafesini çox axtardı. Kafe tapılmadı ki, tapılmadı. Və gördüyü yuxunun elə bu yerindəncə onun həmişəki əzablı yuxu axtarışlarının biri-birindən üzücü “serialları” başlandı. İndicə Bakının bulvarında “Mirvari” kafesini axtaran Mamedov az sonra harda olduğunu və nəyi axtardığını anlayıb-aşıra bilmədi.

Bu nəydi: uca dağlardan aşağıda bir, ürəksıxan dar dərəydimi, yoxsa nəhəng göydələnlər arasında bu da belə bir – səmasız, işıqsız – ölü şəhər küçəsiydi?.. Əgər dərəydisə, bəs onun çayı, suyu niyə yoxdu? Əgər şəhərdisə, bəs niyə bu şəhərdə bir nəfər də bəni-insan gözə dəymirdi... Və bu mistik mənzərədə əgər reallıqdan da nəsə vardısa, onda bu şəhərin adı yəqin ki, Nyu-York olmalıydı və Mamedovun bu şəhərdə axtardığı olsa-olsa, onun Amerikada yaşayan oğlunun evi ola bilərdi. Bəs onda dağabənzər uca binaların arasındakı bu qəribə Nyu-York küçəsi niyə bu qədər dardı, görəsən? Elə bil heç küçə də deyildi, adicə kənd yoluydu – işıqsız, insansız, səssiz-səmirsiz... Bu yol bir azca da,təzəlikcə quruyub, hələ nəmi çəkilməmiş çay yatağına bənzəyirdi. Və Mamedov, küçənin aşağı tərəfində, qəflətən gözünə görünən işartını Atlantik okeanının suyuna bənzədib, buranın Nyu-York olduğuna nəhayət inanmaq istəyirdi ki, qulağına hesabdar Möhsünün səsi gəldi: “Dağlar deyir ki, soyuqdur. Düzlər deyir ki, su yoxdur.” Səs arxadan, yolun əks tərəfindən gəlirdi. Və dönüb səs gələn tərəfə baxanda orada Mamedov hesabdar Möhsünü yox, Cəfəri gördü. Səsi özündən canlı və güclü, sifəti çay daşı kimi bomboz, başıaçıq, yaxasıaçıq Cəfər, əl-qolunu ölçə-ölçə, danışa-danışa, deyinə-deyinə yuxarıdan aşağı Mamedova tərəf gəlirdi və qorxulu-vahiməli səslə uzaqdan-uzağa belə deyirdi: “Bu dərədə nə gəzirsən, Mamedov? Sən orda nə axtarırsan? Bu dərədə süsən bitməz. Gündüz gün çıxmaz. Gecə ay çıxmaz. Qaç, tez ol, çıx yoldan, indicə dünyanı su basacaq. Göl uçdu. Göl partladı. Mehbalının gölü! Mehbalının gölü!” Hərdən Cəfərin səsi batırdı, üzü görünmürdü. Cəfərdən o tərəfdə qara-qara dağlar dayanmışdı və o qara-qara dağların zirvəsində ağappaq qar görünürdü.

XS
SM
MD
LG