Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:53

Wikipedia-da Ukrayna savaşı


-

Ukrayna savaşı... həm də İnternetdə davam edir.

Bu savaşın “əsgərləri” isə Ukrayna, Rusiya və ABŞ-ın dövlət idarələri ilə bağlı kompüterlərin istifadəçiləridir.

İnternetdəki nəhəng on-line ensiklopediya - Wikipedia-da əsl redaktə “savaşı” gedir.

Məsələn, Ukraynanın şərqində vurulan və təxminən 300 nəfərin ölümünə səbəb olan “Malayziya hava yolları”nın sərnişin təyyarəsi haqda məqalənin rusca variantında.

Əvvəlcə, Ukraynada yerləşən İP ünvandan məqaləyə daxil olan anonim redaktor belə bir düzəliş edib:

“Təyyarəni qondarma Donetsk Xalq Respublikasının terrorçuları Rusiya Federasiyasından əldə etdikləri “Buk” raket sistemi ilə vurublar”.

Buk-2M
Buk-2M

Az sonra “VQTRK” – Ümumrusiya Dövlət Teleradio Şirkətindəki İP-dən həmin düzəliş aşağıdakı mətnlə əvəzlənib:

“Təyyarəni Ukrayna hərbçiləri vurublar”.

Üstündən çox keçməyib ki, ensiklopediyanın redaktorları bunu neytral bir düzəlişlə əvəzləyiblər:

“Bədbəxt hadisənin baş vermə səbəbləri araşdırılır”.

İndi məqalədə qəzada rusiyayönümlü yaraqlıların, Rusiya hərbçilərinin və Ukrayna ordusunun əli olması ilə bağlı üç müxtəlif versiya haqda ayrıca bölümlər yer alır.

Wikipedia-da Rusiya mediası ilə bağlı məqalələrə də anonim redaktorlar tərəfindən düzəlişlər edilib.

Məsələn, Ukrayna Nazirlər Kabineti ilə bağlı kompüterdən rusiyalı jurnalist Dmitry Kiselyovun adının qabağına “təbliğatçı” sözü ifadə əlavə edilib (Ukraincə bölümdə).

Kiselyov “Rusiya bu gün” informasiya agentliyinin rəhbəridir. Özünün anti-Qərb və anti-Ukrayna mövqeyi ilə seçilir.

Abby Martin
Abby Martin

Bundan başqa Rusiya dövlətinin maliyyələşdirdiyi və ingiliscə yayınlanan “RT” kanalının xəbər aparıcısı, amerikalı jurnalist Abby Martin haqda məqaləyə ABŞ Konqresi ilə əlaqəli kompüterdən düzəliş edilib, onun “Rusiya hökumətinin mövqeyini təbliğ etdiyi” yazılıb.

Bundan sonra – iyulun 24-də

Wikipedia-nın admini Konqresdən ensiklopediyadakı məqalələrə düzəlişlər edilməsinə 10 günlük qadağa qoyub. Bunu “işə maneçilik törədən çoxsaylı düzəlişlərlə” əlaqələndirib.

Bir müddət əvvəl isə Rusiya Federasiyasının Mühafizə Xidmətiylə bağlı kompüterdən Ukraynadakı “maydan hadisələri” ilə bağlı məqaləyə düzəliş edilmişdi.

İlk variantda məqalədə deyilirdi ki, keçmiş prezident Yanukovich müxalifətə qarşı muzdlu banditlərdən istifadə edib. Düzəlişi etmiş anonim redaktor bu versiyanı şübhə altına almışdı...

XS
SM
MD
LG