Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:14

"İçən yazıçılar avara romanlar yazırlar"


John Irving
John Irving

-

"Əgər mən kiminlə nahar etdiyimi xatırlamıramsa, indi görün yazmaqda olduğum roman haqda nələri unuda bilərəm. İroniya da elə ondadır ki, içmək xüsusən romançılar üçün təhlükəlidir".

Çağdaş Amerika nəsrinin ən parlaq nümayəndələrindən olan John İrving-in "Paris review" jurnalına müsahibəsindən

- Sizin içkiylə bağlı probleminiz yoxdur. Üstəlik də idmanla ciddi şəkildə məşğul olmaq imkanlarınız hamıya bəllidir; yaxşı formadasınız.

Amma çox içən yazıçılar da nə qədər desən var. Eşitdiyimə görə, siz bu və ya digər kitabdakı qüsurları müəlliflərin içki problemi ilə əlaqələndirirsiniz.

Məsələn, demisiniz ki, Hemingway və Fitzgerald-ın ən yaxşı kitablarını iyirmilərində yazmalarının ("Günəş də doğar" və "Möhtəşəm Qatsbi"ni yazanda onların ikisi də iyirmi yeddi yaşındaydılar) səbəbi vardı: bundan sonra "beyinlərini öz əlləriylə turşuya qoymuşdular".

Doğrudan inanırsınız buna?

- Bəli, həqiqətən də inanıram. Onlar yaşa dolduqca daha yaxşı yazmalıydılar, məsələn, məndə belə olub.

Biz peşəkar atlet deyilik; məntiqlə güman etmək olar ki, biz yazıçılar yetkinləşdikcə daha yaxşı yazmalıyıq. Ən azından qocalıb əldən düşməyincə belə olmalıdır.

Ən yaxşı kitablarını erkən yazmış bəzi yazıçılar, sadəcə. ya yazıya olan maraqlarını itiriblər, ya da hədəfdən yayınıblar, yəqin ona görə ki, başqa işlərlə məşğul olmaq istəyiblər.

Hemingway və Fitzgerald doğrudan da yazmağı sevirdilər; amma bədənləri və beyinləri onlardan üz döndərdi.

Mən içki içməkdə çox səriştəsizəm. Bu mənada bəxtim gətirib. Nahar vaxtı yarım şüşə qırmızı şərab da içəndə naharı kiminlə etdiyim sonradan yadımdan çıxır. Hələ nahar vaxtı nə danışdığımı, yaxud başqalarının nə dediklərini unutmağımı demirəm.

Yarım şüşədən çox içən kimi isə məni yuxu basır. Romançının işi nədən ibarətdir? Nəsr ondan yaddaş tələb edir, özü də güclü yaddaş, yazı yaddaşı.

Əgər mən kiminlə nahar etdiyimi xatırlamıramsa, indi görün yazmaqda olduğum roman haqda nələri unuda bilərəm. İroniya da elə ondadır ki, içmək xüsusən romançılar üçün təhlükəlidir.

Bizim üçün yaddaşın həyati əhəmiyyəti var. Mənim yazıçıların içməyinə bunca pis baxmağım heç də məsələyə əxlaq nöqteyi-nəzərdən yanaşmaqdan irəli gəlmir; deməyim odur ki, içmək yazı yazmağa, yaxud maşın sürməyə mənfi təsir edir.

Bilirsiz də, Lawrence nə deyib: "Roman insanın indiyəcən kəşf edə bildiyi incə qarşılıqlı əlaqənin ən ali nümunəsidir". Mən də razıyam!

Bir anlıq təsəvvür edin ki, içmək "incə qarşılıqlı əlaqə"yə necə təsir edir. "İncə"ni qoyun bir kənara, romanı roman edən məhz "qarşılıqlı əlaqə"dir, bunsuz təhkiyə hərəkətverici qüvvədən məhrumdur; bu, təhkiyə yox, ardıcllıqdan məhrum gəzişmə, avaralanmadır. İçənlər beləcə, roman içində avaralanır, avara kitablar yazır.

İngiliscədən R.Qəmbərov çevirib.

XS
SM
MD
LG