Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:22

Saxlanan müsavatçının yeri bəlli oldu


Müsavat Gənclər təşkilatının üzvü Fərəc Kərimli
Müsavat Gənclər təşkilatının üzvü Fərəc Kərimli

-

Müsavat Gənclər Təşkilatının üzvü, partiyanın rəsmi internet səhifəsinin idarəçisi Fərəc Kərimov tutulub.

Yazı yenilənir. Ən son xəbər yazının əvvəlindədir.

İSA QƏMBƏR: MÜSAVATÇI GƏNCİN HƏBSİ MÜBARİZƏNİN HƏLLEDİCİ MƏRHƏLƏYƏ KEÇDİYİNİN SÜBUTUDUR

«Avtoritar rejimlərin məğlubiyyəti qaçılmazdır və Əliyev rejimi də məğlubiyyətə məhkumdur».

Müsavat başqanı İsa Qəmbərin Fərəc Kərimlinin həbsi ilə bağlı iyulun 24-də facebook səhifəsində verdiyi bəyanatında belə deyilir.

«Müsavatçı gənc Fərəc Kərimovun həbsi avtoritar Əliyev rejimi ilə demokratik qüvvələr arasında mübarizənin həlledici mərhələyə daxil olmasının daha bir sübutudur. Biz haqq və ədalət, azadlıq və ləyaqət yolunda olduğumuz üçün qələbə bizimlə olacaq. Avtoritar rejimlərin məğlubiyyəti qaçılmazdır və Əliyev rejimi də məğlubiyyətə məhkumdur. Müsavatın, demokratik qüvvələrin, gənclərin qələbəsi labüddür və bu qələbənin qarşısını heç bir qüvvə ala bilməz. Kim nə deyir desin, özünüzə və yolumuza bir an belə şübhə etməyin, gənclər!», deyə İsa Qəmbər bildirir.

MÜSAVATÇININ YERİ BƏLLİ OLDU

Müsavat Partiyasının üzvü, bloqqer Fərəc Kərimlini Daxili İşlər Nazirliyinin əməkdaşları saxlayıb.

Orxan Mansurzadə
Orxan Mansurzadə

Bu haqda AzadlıqRadiosuna nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Onun dediyinə görə, Fərəc Kərimli narkotik ittihamı ilə saxlanıb:

«Fərəc Kərimlini əməliyyat məlumatı əsasında polislər saxlayıb. Baxış zamanı onun üzərindən narkotik vasitə aşkarlanıb. O, sosial şəbəkələrdə psixotrop maddələrin təbliği ilə məşğul olurmuş».

Ailə üzvləri Fərəc Kərimlini iyulun 23-ü səhər saatlarında mülkigeyimli maskalı şəxslərin apardığını deyirdilər.

BÖYÜK QARDAŞINI DA APARIBLAR

İyulun 23-də səhər saatlarında Müsavat Gənclər təşkilatının üzvü Fərəc Kərimlini mülkigeyimlilər Bakı Sağlamlıq Mərkəzindən naməlum istiqamətə aparıblar. Bu barədə AzadlıqRadiosuna 29 yaşlı müsavatçının atası Raqif Kərimli məlumat verib.

«Hər yeri gəzmişik, Daxili İşlər Nazirliyinin, Baş prokurorluğun qaynar telefon xətlərinə müraciət etmişik, hələki bir söz deyən yoxdur».

Raqif Kərimli deyir ki, bir neçə gün əvvəl onun Su idarəsində işləyən böyük oğlunu da mülkigeyimlilər aparıb. Amma ondan tez xəbər çıxıb. Məlum olub ki, ona narkotik maddə saxlanma,satma ittihamı irəli sürülüb və barəsində 3 aylıq həbs qərarı çıxarılıb.

Müsavat üzvünün dediyinə görə, böyük oğlunun həbsindən sonra yoldaşı iflic olub. Elə kiçik oğlu da anasını xəstəxanaya yerləşdirən zaman tutub aparıblar.

«Bu gün səhər tezdən evə təcili yardım çağırdıq, həkimlər dedi ki, yoldaşım hökmən xəstəxanaya aparılmalıdır. Mən Kürdəxanıda saxlanılan oğluma baş çəkməyə gedirdim deyə, kiçik oğlum Fərəc təcili yardım maşınında yoldaşımı xəstəxanaya apardı. Kürdəxanıya yenicə yola düşmüşdüm ki, oğlum zəng elədi ki, ata xəstəxanada ətrafımda xeyli mülkigeyimli şəxslər var. Təkrar zəng edəndə onun telefonuna zəng çatmadı. Geri, xəstəxanaya qayıtdım, məlum oldu ki, oğlum anasını reanimasiyaya yerləşdirən vaxt bir neçə mülkigeymli onun başına torba keçirərək naməlum istiqamətə aparıblar. Xəstəxananın mühafizəçisi dedi oğlunuzu aparanlar Milli Təhlükəsilik Nazirliyinin əməkdaşalarına oxşayırdı. Amma bu saatadək heç kim oğlumun hara aparıldığını demir. Biz narahatdıq ki, bəlkə heç onu aparanlar hüquq-mühafizə əməkdaşları deyil...».

«NƏ VAXTADƏK MÜXALİFƏTDƏ QALACAQSAN?»

Raqif Kərimli övladlarının həbsini siyasi fəaliyyətləri ilə əlaqələndirir.

«Başqa bir səbəb görmürəm. Çünki böyük oğlum həbs ediləndən sonra mənimlə söhbət edən müstəntiq Müsavatdan, müxalifətdən əl çəkməyimi istəyirdi. Elə təkrar-təkrar deyirdi ki, nə vaxtadək müxalifətdə qalacaqsan və s. Mən də bu yaşda siyasi əqidəmi dəyişməyəcəyimi və bunun mümkün olmayacağını dedim. Maraqlıdır ki, mənə həm də oğlumun saxlanmağını siyasiləşdirməməyi məsləhət görürdülər. Elə bu səbəbdən də məsələ haqqında dərhal məlumat yaymaq istəmədim. Hesab etdim ki, yəqin nə isə yanlışlıq olub, onu buraxacaqlar. Amma mənim siyasi fəaliyyətimlə bağlı söhbətimdən sonra dedilər ki, oğlunun cibindən 4 qram narkotik maddə çıxıb. İndi kiçik oğlumu kim aparıb, niyə aparıblar bəlli deyil».

Ehsan Zahidov
Ehsan Zahidov

Fərəc Kərimli bir il öncə bağlanan «İstefa» qrupunun admini olub. Həmin qrup bağlanandan sonra o facebookdakı «BASTA» qrupunu yaradıb. Hakimiyyəti tənqid edən bu qrupun 115 mindən çox üzvü var.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib ki, hələki onlarda Müsavat üzvü Fərəc Kərimlinin kimlər tərəfindən saxlanması və hara aparılması barədə heç bir məlumat yoxdur.

XS
SM
MD
LG