Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 14:44

Filmlərə mövzu olmuş dəhşətli cinayətlər


Ed Gein və düzəltdiyi "suvenir" www.theparanormalguide.com
Ed Gein və düzəltdiyi "suvenir" www.theparanormalguide.com

-

"The Texas Chainsaw Massacre" (1974)

Təzə qəbirlərdən meyitləri çıxarıb, doğrayıb sümüklərindən və dərilərindən müxtəlif əşyalar, "suvenirlər" düzəltmək... ABŞ-ın Wisconsin ştatında baş vermiş bu tükürpədən cinayəti ötən əsrin 50-ci illərində fermer Ed Gein törətmişdi.

Həbs olunanda onun zirzəmisindən saysız-hesabsız kəllə sümükləri, insan dərisi çıxmışdı. Əsasən qadın qəbirlərini eşirdi. Amma məhkəmədə and-aman etmişdi ki, niyyəti həmin cəsədlərə qarşı seksual hərəkətlər etmək olmayıb, çünki onlardan "pis iy gəlirdi".

Gein 1957-ci ildə ələ keçib. 58 yaşlı dul qadın Bernis Uorden işlətdiyi dükandan yoxa çıxır. Oğlu Frensis ovdan qayıdanda dükanda qan izləri və.. döşəmədən Ed Gein-in adına bir qəbz tapır...

Filmdə bu cinayət daha da dramatikləşdirilib. Zirzəmidə yaşayan maskalı qatil insanları diri-diri, çığırda-çığırda elektrik mişarı ilə doğrayır...

Kino tarixində ən yaxşı dəhşət filmlərindən sayılır.

("The Texas Chainsaw Massacre" filmindən)

"Bernie" (2011)

81 yaşlı qadını tüfənglə vurub öldürəsən, meyitini doğrayıb soyuducuda ərzağın altına yığasan və aylarla bundan heç kəsin xəbəri olmasın.

Bu cinayət 1996-cı ildə Texasda baş vermişdi. Ölən qadın milyoner idi: Marjorie Nugent.

Onu öldürənsə 38 yaşlı sevgilisi Bernhardt "Bernie" Tiede idi.

Yaşadığı bölgədə Bernie-nin elə böyük hörməti vardı ki (əksəriyyət onu çox xeyirxah, kasıblara əl tutan, ictimai layihələrə səxavətlə pul ayıran insan kimi tanıyırdı) insanlar onun həbs olunmasını istəmir, "əzazil və ətiacı" milyoner qadının onu boğaza yığıb qətl törətmək həddinə çatdırdığını düşünürdü ("Bernie" bədii film olsa da, burada sənədli film elementlərindən bol-bol istifadə olunub və real həyatda qonşuları, tanışları Bernie haqda fikirlərini deyib onu təmizə çıxarmağa çalışırlar).

İş o yerə çatmışdı ki, Bernie-nin məhkəməsi başqa bölgəyə keçirilmişdi, çünki hüquq-mühafizə orqanları yerli əhalidən seçilən andlıların ona bəraət verə biləcəyindən ehtiyatlanmışdılar.

Bernie-yə ömürlük cəza verilir... (Ardı aşağıda)

Texas Tribune. Bernie-nin təkrar məhkəməsi
Texas Tribune. Bernie-nin təkrar məhkəməsi

15 il sonra, 2014-cü ilin mayında Bernie həbsdən azad edilib. Onun həbsdən çıxmasına çalışansa "Bernie" filminin rejissoru Richard Linklater idi. Hakim Bernie-nin vəkilləri ilə razılaşıb ki, o, cəmiyyət üçün təhlükə törətmir, milyoner qadın ona qarşı alçaldıcı hərəkətlər edirmiş və üstəlik də uşaq vaxtı seksual hücumun qurbanı olması Bernie-nin böyüyəndə zorakı cinayət törətməsinin səbəblərindən olub. 10 min dollar zamin müqabilində azadlığa buraxılan Bernie Texasda, Austində yaşamalıdır, rejissorun evində.

Bernie-nin azadlığa çıxması xəbərini eşitmiş milyoner qadının qohumları deyiblər ki, şokdadırlar, rejissor öz nüfuzundan istifadə edərək məhkəmənin qərarına təsir edib.

("Bernie" Trailer)

"Elephant" (2003)

1999-cu ildə ABŞ-ın Kolorado ştatındakı Kolumbayn məktəbinin iki yuxarı sinif şagirdi Eric Harris və Dylan Klebold odlu silah və bombayla məktəbə girib bütün Amerikanı şoka salan cinayət törətdilər. Avtomat silahdan açılan atəş və partlayışlar 13 nəfərin həyatına son qoydu, daha 24 nəfər yaralandı. Sonda özlərini də öldürdülər.

2003-cü ildə bu qətliam "Elephant" filminə mövzu oldu (Ardı aşağıda)

Təhlükəsizlik kamerası: Eric Harris (solda) və Dylan Klebold məktəbin kafeteriyasında (bomba partlayışından sonra). Az sonra özlərinə qəsd edəcəkdilər.
Təhlükəsizlik kamerası: Eric Harris (solda) və Dylan Klebold məktəbin kafeteriyasında (bomba partlayışından sonra). Az sonra özlərinə qəsd edəcəkdilər.

Bu cinayətdən sonra Amerikada böyük ictimai müzakirələr getdi.

Odlu silahın satışına nəzarətlə bağlı debat həmişəki kimi nəticəsiz bitdi. (ABŞ-da ən güclü lobbi silah istehsalçılarınındır).

Başqa bir müzakirə kompüter oyunlarının yeniyetmələrin psixologiyasına təsiri ilə bağlı idi.

2005-ci ildə isə "Red Lake" məktəbində qətliam baş verəndə buna görə "Elephant" filmini və onun rejissorunu ittiham edənlər də oldu, çünki qatil Jeff Weise-in qətliamdan 3 həftə əvvəl həmin filmə baxdığı məlum olmuşdu...

("Elephant" Trailer)

"Monster" (2003)

Film 7 kişini öldürmüş fahişə Aileen Wuornos haqqındadır. O bu cinayətləri 1980-90-cı illərdə törədib. Qurbanları əsasən orta yaşlı müştəriləri idi.

Wuornos məhkəmədə iddia etmişdi ki, yalnız onu zorlamağa çalışmış kişilərlə haqq-hesabı bu yolla çürütməli olub.

Aileen Wuornos
Aileen Wuornos

Aileen 14 yaşında evdən getmiş və fahişəlik etməyə başlamışdı.

20 yaşında Floridada 70 yaşlı biznesmenə ərə getmiş, cəmi bir aydan sonra nikah pozulmuşdu.

Əri məhkəmədə demişdi ki, Wuornos onun pullarını sağa-sola xərcləyir, özünü isə döyürdü...

Qətllərin üstü açılandan sonra fahişə ölüm hökmünə məhkum edilib.

Məhkəmədə deyib ki, törətdiyi əməldən peşman deyil, eyni şəraitə düşsəydi, yenə belə hərəkət edərdi.

Psixiatrlar onun xəstə olmadığı qənaətinə gəliblər və o, zəhərli iynə vurmaq yolu ilə edam edilib.

Sonuncu yeməkdən imtina edib, yalnız bir fincan kofe içib, sonuncu sözləri "Mən qayıdacam" olub...

Hazırladı: Rövşən

XS
SM
MD
LG