Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:42

Hikmət Hacızadə: «Mənə elə gəlir ki, prezident düz deyir»


Hikmət Hacızadə
Hikmət Hacızadə

-

Politoloq, keçmiş səfir Hikmət Hacızadə prezident İlham Əliyevin ötən gün Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində səsləndirdiyi fikrə münasibət bildirib. Həmin müşavirədə prezident deyib ki, «11 il ərzində ikitərəfli səfərlər zamanı, Avropa liderləri ilə ikitərəfli görüşlər əsnasında bir dəfə də olmayıb ki, Azərbaycana qarşı hansısa bir hörmətsizlik və yaxud işimizə qarışma cəhdi görüm. Heç vaxt. Burada özünü müxalifət və yaxud hüquq müdafiəçisi adlandıran bəziləri hesab edirlər ki, bizə kimsə nə isə deyəcək, biz də onu edəcəyik. Bunlar sadəlövh insanlardır».

Politoloq Hikmət Hacızadə hesab edir ki, əslində indiyə qədər İlham Əliyevə ciddi bir söz deyən olsaydı, vəziyyət indiki kimi olmazdı:

«Mənə elə gəlir ki, prezident düz deyir, çünki indiyə qədər ona ciddi bir adam, ciddi bir söz deməyib, hansısa sanksiya tətbiq olunmayıb. Görünür hələ ki ciddi bir təzyiq olmayıb ki, o istədiyi adamı tutub həbsxanaya salır, biabır edir, xaricə buraxmır və s. Əfsuslar olsun ki, vəziyyət belədir. Görünür indi deməyiblərsə, gələcəkdə deyəcəklər. Bizə beynəlxalq demokratiya çox vacibdir».

Hikmət Hacızadə hesab edir ki, ölkədəki hüquq pozuntularının xaricə çıxarılması, beynəlxalq təşkilatlardan kömək istənilməsi sadəlövhlük yox, əlacsızlıqdan irəli gələn haldır:

«Hamısı əlacsızlıqdandır, başqa yolumuz yoxdur. Biz dünya ictimaiyyətinə müraciət etməliyik, onlarla həmrəy olmalıyıq. Çünki beynəlxalq ictimaiyyətin çəkisi ilbəil artır. Onlar da öz rəhbərləri qarşısında addım-addım, daha kəskin şəkildə Azərbaycanda insan haqları məsələsini daim qaldıracaqlar. Nə vaxtsa bu nəticə verəcək. Bu səbəbdən də onlarla möhkəm əməkdaşlıq etmək lazımdır».

BİZ ÖZÜMÜZÜ HÜQUQ MÜDAFİƏÇİSİ ADLANDIRMIRIQ...

Rəsul Cəfərov
Rəsul Cəfərov

Hüquq müdafiəçisi Rəsul Cəfərov İlham Əliyevin hüquq müdafiəçiləri barədə dediklərini həqiqətdən uzaq və onun qəzəbli olmasının nəticəsi kimi qiymətləndirir.

«İlk növbədə onu söyləməliyəm ki, biz özümüzü hüquq müdafiəçisi adlandırmırıq, bizi hamı bu cür qəbul edir, istər fərdi insanlar, istər yerli mətbuat, istərsə də beynəlxalq ictimaiyyət.

İkinci məsələ, daxili işlərə qarışma məsələsidir ki, biz dəfələrlə bəyan etmişik ki, insan hüquqları heç bir ölkənin daxili işi deyil, əgər belə olsaydı, onda Avropa Şurası və digər beynəlxalq təşkilatlar niyə yaranmışdı və niyə hakimiyyətin özü məhz həmin təşkilatlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsində hüquqları pozulan şəxsləri müdafiə etməyə çalışır.

Üçüncü məsələ, əsaslı tənqid məsələsi, biz öz istəyimizdən və kefimizdən tənqid etmirik ki. Bizə də xoş deyil ki, ancaq mənfi məsələlərdən danışırıq, amma bunun əksi baş verirmi?

Biz siyasi həbsləri, söz, sərbəst toplaşmaq və birləşmək azadlıqlarını görmədiyimizdən, bunlara qarşı çıxış edirik və vəziyyətin dəyişməsinə çalışırıq. Bizim məqsəd hanssa Avropa ölkəsinin rəhbərinin İlham Əliyevə nəsə deməsinə nail olmaq deyil. Bizim məqsəd insan haqları ilə bağlı vəziyyətin yaxşılaşmasına nail olmaqdır.

Beynəlxalq ictimai vəkillik, hansının ki, nəticəsində beynəlxalq təşkilatlar və ya ayrı-ayrı

ölkələrin liderləri Əliyevə insan haqları ilə bağlı nəsə deyə bilərlər, bu, bizim gördüyümüz işin vasitələrindən biridir, məqsədimiz deyil.

Ona görə də İlham Əliyevin çıxışının bu hissəsini həqiqətdən uzaq və qəzəbli olmağının nəticəsi kimi qiymətləndirirəm».

LEYLA YUNUS: «İLHAM ƏLİYEV ŞƏRQDƏ QƏRBİN ÇƏTİN BAŞA DÜŞƏ BİLƏCƏYİ XANDIR, SULTANDIR»

Leyla Yunus
Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hesab edir ki, əslində İlham Əliyev iyulun 7-də etdiyi çıxışla demək istəyir ki, hər şey onun dediyi kimi olmalıdır:

«İlham Əliyevin çıxışını oxudum və ingilis dilinə tərcümə edib bəzi dövlətlərin nümayəndələrinə göndərdim. Yazdım ki, siz İlham Əliyevlə danışanda hesab edirsiniz ki, praqmatik siyasətçi ilə danışırsınız. Amma hesab edirəm ki, bu, belə deyil. O, Qərbdə çox çətin başa düşülən Şərdə sultandır, xandır. O deyir ki, hər şey mən deyən olmalıdır və bu qanundur. Bununla da göstərir ki, nə qanunlar, nə də öhdəliklər, nə də demokratik ideallar mənim üçün əsas deyil. Mənim üçün ən əsas olan mən bildiyimdir».

XS
SM
MD
LG