Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Müasir futbolun "əcdadı" – Kalço (İtaliya)


Kalço Fiorentino oyunu
Kalço Fiorentino oyunu

-

Hər komandada 27 nəfər olurdu. Bunlardan 15-i hücumçu idi...

Hər qoldan sonra komandalar qapılarını dəyişirdilər....

Müasir futbol İtaliyaya 19-cu əsrin sonlarında İngiltərədən gəlib. İlk futbol çempionatı 1898-ci ildə keçirilib.

Cəmi dörd klubla:

Genoa, FBC Torinese, Ginnastica Torino və Internazionale Torino.

Amma italyanların müasir futbola bənzəyən öz milli oyunları da var: Fiorentino kalçosu. Tarixi 16-cı əsrə gedib çıxır. Ehtimal edilir ki, kalço oyunu Florensiyanın Santa Croce meydanında doğulub. Yəni orda yaranıb və populyarlaşıb.

Kalço aristokrat oyunu idi. Hətta 7-ci Klement, 11-ci Leo, 8-ci Urban kimi Roma papaları da bu oyunla məşğul olub. Vatikandakı meydançada kalço oynayıb.

Kalçonun rəsmi qaydaları ilk dəfə 1580-ci ildə çap edilib.

Bu oyun qumlu meydançada oynanırdı.

Topa həm ayaqla, həm də əllə toxunmaq, vurmaq olardı. Oyun 50 dəqiqə davam edirdi.

Kifayət qədər zorakı oyun idi, güləş və əlbəyaxa döyüş fəndlərindən də istifadə etmək, rəqibi vurub yıxmaq mümkün idi. Hətta topsuz futbolçuya da hücum etmək olardı.

Hər komandada 27 nəfər olurdu. Bunlardan 15-i hücumçu (innatsi) idi. 5 sağ, 5 sol və 5 mərkəz hücumçusu. Qalan 12 nəfərdən 5-i yarımmüdafiəçi (skonçatore), 4-ü müdafiəçi (datori) və 3-ü müdafiəçinin köməkçisi, yaxud qapıçı (datori adyerte) idi. (ardı aşağıda)

Florensiyada Santa Croce meydanı
Florensiyada Santa Croce meydanı

Bundan başqa hər komandanın kapitanı və bayraqdarı olurdu. Onlar oyunda aktiv iştirak etməsələr də, qol vurulanda, yaxud dava zamanı oyunçuları sakitləşdirmək lazım gələndə meydana girirdilər.

Oyunun məqsədi rəqibə daha çox qol vurmaq idi. Qapı isə iki dirəkdən ibarət idi, topu bütün mümkün vasitələrlə dirəklərin arasından keçirmək lazım idi.

Hər qoldan sonra komandalar qapılarını dəyişirdilər. Qol vuran komanda sevinir, mahnı oxuyur, öz bayrağını qaldırıb hay-küylə rəqib meydançaya keçirdi.

Hücumu çox diqqətlə təşkil etmək lazım idi, çünki əgər komanda topu qapıdan keçirə bilmirdisə, rəqibə yarım xal verilirdi.

Oyunu 1 baş, 6 xətt hakimi idarə edirdi. Bundan başqa oyunun təşkilatçısı da vardı ki, kütləvi davalar zamanı meydana girib sakitlik yaratmağa çalışırdı.

Oyun zamanı zədələnən olanda həkimlər elə oyun gedə-gedə meydançaya girib ona tibbi yardım göstərirdilər.

Hazırda italyanlar kalço oyununu yaşatmaqda davam edirlər.

Hər ilin iyununda Florensiyadakı Santa Croce meydanında 3 qarşılaşma keçirilir.

Kalço Fiorentino oyunu, 2008
Kalço Fiorentino oyunu, 2008

XS
SM
MD
LG