Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 00:29

Elsevər Mürsəlli siyasi aləmdən çəkildiyini bildirir


Arxiv foto
Arxiv foto
-
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanan Elsevər Mürsəlli müəssisənin rəhbərliyi vasitəsilə kütləvi informasiya vasitələrinə, «Azadlıq» qəzetinin baş redaktoruna, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə, NİDA Vətəndaş Hərəkatına və Mətbuat Şurasına müraciət edib.

Müraciətlər Penitensiar Xidmətin saytında yayılıb.

Elsevər Mürsəlli müraciətində bildirir ki, o, NİDA-dan və AXCP üzvlüyündən imtina edir. «Azadlıq» qəzetinin «vicdan məhbusları» bölümündən fotosunun çıxarılmasını istəyir:

«Gənc olduğum üçün cənab prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dərinliyinə varmadan, özünü müxalifət adlandıran təşkilata üzv olmuşam. İndi səhvimi başa düşərək cənab prezident İlham Əliyevin siyasətini dəstəklədiyimi bir daha bəyan edir və siyasi aləmdən çəkilirəm».

Elsevər Mürsəlli aprel ayında Bakı Ağır Cinayətlər Məhkəməsi 5 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (iri məbləğdə qanunsuz narkotik maddə alveri) ilə təqsirli bilinirdi.

İyunun 24-də Bakı Apellyasiya Məhkəməsində Elsevər Mürsəllinin apellyasiya şikayətinə baxılacaq.

Elsevər Mürsəllinin vəkili Xalid Bağırov AzadllqRadiosuna bildirib ki, sonuncu dəfə onunla iyunun 19-da görüşüb. «Yaydığı bəyanatdan isə xəbərim yoxdur».

Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlı AzadlıqRadiosuna bildirib ki, Elsevər Mürsəlli heç vaxt AXCP-nin üzvü olmayıb.

«Rəsmən bildiririk partiyamızın Elsevər Mürsəlli adlı üzvü yoxdur. Bir partiyanın üzvü olmayan şəxs necə o partiyanın üzvlüyündən imtina edə bilər? Görünür hakimiyyət bu şounu hazırlayanda onun AXCP üzvü olub-olmamasına araşdırmayıb».

İyunun əvvəllərində daha bir NİDA-çı gənc - Bəxtiyar Quliyev təşkilatdan çıxdığını bildirib və prezidentdən əfv istəyərək, öz vəkillərindən imtina etmişdi.
XS
SM
MD
LG