Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:36

İran hakerləri ABŞ və İsrail rəsmilərini hədəf götürüblər


Haker
Haker
-
Mediada yayılan xəbərlərə görə, İran hakerləri sosial şəbəkələrdən ABŞ və İsrailin yüksək vəzifəli rəsmilərini izləmək üçün geniş istifadə edirlər.

Kibertəhlükəsizlik firması iSight Partners-in hesabatında bildirilir ki, öz hədəflərinə yaxınlaşmaq istəyən hakerlər 3 ildir ki, özlərini hökumət nümayəndəsi və ya jurnalist kimi qələmə verirlər. Onların bu müddətdə 2 min subyektlə bağlantı qurması da hesabatda diqqətə yetirilir.

iSight firmasının vitse-prezidenti Tiffany Jones CNN-ə bildirib ki, texniki baxımdan mükəmməl olmasa da, son dərəcə işlək sosial şəbəkə casusluğundan söhbət gedir.

O da bildirilib ki, hələlik, sözügedən fəaliyyətin İran hakimiyyəti ilə birbaşa bağlılığını sübut etmək mümkün olmayıb, amma hədəflənənlərin şəxsiyyəti, əməliyyatların zaman cədvəli və istifadə olunan infrastruktur casusluğun rəsmi Tehranla əlaqəsinə işarə edir.

SİSTEM NECƏ ÇALIŞIR?

iSight firmasının hesabatında bu sistemin necə çalışdığı da göstərilir.

Əvvəlcə saxta kimliklərlə sosial şəbəkələrdə guya rəsmilərə, müdafiə sistemi işçilərinə və jurnalistlərə aid saxta hesablar yaradılır.

İranda mənzilləndikləri söylənən sosial şəbəkə casusları hədəflərini inandırmaq üçün hətta newsonair.org saxta internet saytı da açıblar.

Bu saytda, ara-sıra, gerçəkdən jurnalist olanların foto, ad və bioqrafiyasından istifadə edilir.

Hakerlər əvvəlcə hədəflərlə deyil, onların dost, qohum və həmkarları ilə bağlantı qururlar. Əlaqə yaradılanların arasında ABŞ və İsrailin yüksək vəzifəli hərbçi və diplomatları, Konqres əməkdaşları var.

Hədəfin özü ilə birbaşa əlaqə yaranınca, hakerlər ona həqiqi xəbər saytlarının linklərini göndərir və beləcə, özlərinə inam doğururlar.

Bir müddət sonra onlar hədəfi saxta internet saytına salır və burada onların parol və başqa məxfi kimlik elementlərini oğurlayırlar. Göndərilən linklər hədəflərin kompüterlərini virusa yoluxdurur.

HƏDƏFLƏR ARASINDA BİR ABŞ ADMİRALI DA VAR

iSight firmasının hesabatında bildirilir ki, həmin üsullarla nə qədər məxfi informasiyanın oğurlandığı hələlik məlum deyil, ancaq əlaqə qurulan 2 min adam arasında Britaniya və Səudiyyə rəsmiləri, jurnalist və millət vəkilləri və bir ABŞ admiralı var.

Bununla belə, hakerlər indiyədək hədəflənən şəxslərdən heç birinin adını açıqlamayıblar.

Belə görünür ki, hakerləri, ilk növbədə, milli təhlükəsizliyə aid informasiya maraqlandırır.

Hakerlər, əsasən, spesifik müdafiə texnologiyalarını üzə çıxarmağa çalışdığından, bu, adi kibercinayət davranışına uyğun gəlmir.

Prosesi Tehranın idarə etdiyini təsdiqləyən sübutlar olmasa da, «iddialar ağlabatan ehtimallara» əsaslanır. Məsələn, hakerlərin fəaliyyət vaxtı İrandakı iş saatlarına uyğun gəlir. Buraya nahar fasiləsi saatları da daxildir.

SOSİAL ŞƏBƏKƏLƏR ARTIQ TƏDBİR GÖRÜR

Facebook sözügedən şübhəli fəaliyyətdən xəbərdar olduğunu və bir sıra saxta hesaba blok qoyduğunu bildirib.

Linkedin bəyan edib ki, iddialar araşdırılır. Youtube saytı da buna bənzər bəyanat verib.

FTB və Dövlət Departamenti sözügedən hesabatın onlara təqdim edildiyini, amma bu barədə ayrıca şərh verməyəcəklərini diqqətə yetiriblər.

Dövlət Departamenti İran hakerlərinin ABŞ rəsmilərini hədəfləmək üçün sosial şəbəkələrdən istifadə etməsi barədə bəlli bilgiləri olduğunu açıqlayıb.

iSight-in hesabatında istifadəçilərə tövsiyələr də verilir: «Sosial şəbəkələrdən istifadə zamanı naməlum təşkilatlar və fərdlərlə əlaqədən qaçın. Öz login məlumatlarınızı ən inandırıcı subyektlərə də etibar etməyin».

VİRUSUN KODUNDA FARS SÖZLƏRİ VAR

CNN-i çıxmaqla ABŞ-ın başqa media qurumları, məsələn, «New York Times» qəzeti hakerlərin İrandan fəaliyyət göstərdiklərini daha əminliklə yazır.

Qəzet bildirir ki, hədəflərə yoluxdurulan virusların kodunda fars sözləri aşkar olunub.
Qəzetin yazdığına görə, haker hədəfləri arasında George W. Bush-un hakimiyyəti dövründə Dövlət Departamentinin başçısı olmuş John R Bolton da var.

Cənab Bolton deyib ki, ona kimliyinin oğurlanması barədə ötən həftə məlumat verilib.
Texasdakı kibertəhlükəsizlik firmalarından biri John Boltona hakerlərin iranlı olduğunu söyləyib.

Bolton-un sözlərinə görə, onların Amerika və ya İsrailin kiberhücumlarına cavabverən rəsmi Tehran hakerləri və ya sadəcə «vətənpərvər haker» olduqları bilinmir.

BOLTON FƏXR EDİR

Qəzet yazır ki, soyuq savaş illərində casuslar, adətən, diplomat banketlərinə qaynayıb-qarışar və qulaqlarını diplomat və siyasətçilərin söhbətlərinə şəkləyərdilər:

«Amma indi onlar, məsələn, cənab Bolton üçün saxta Linkedin hesabı açır və bu hesabla əlaqə saxlayan şəxslərdən informasiya qoparmağa çalışırlar». Bolton jurnalistlərin suallarına yarızarafatla cavab verib: «Onların məni hədəfləməsindən qürur duyuram. Görünür, Vaşinqtonda İran rejiminə qarşı ən qatı mövqe tutan şəxsi hədəfləmək istəyiblər».

«New York Times» yazır ki, sözügedən hakerlik fəaliyyəti İranın nüvə sənayesinin kompüterləri Stuxnet virusunun hücumuna məruz qalandan az sonra – 2011-ci ildə başlanıb.

İRANLILAR RUSLARA VƏ ÇİNLİLƏRƏ ÇATMAZLAR

ABŞ ekspertləri bildirirlər ki, iranlılar rus və çinlilərdən geri qalsalar da, Amerika kəşfiyyatı İrandan gələn kibertəhlükəyə ciddi yanaşır. «New York Times»ın fikrincə, haker hədəfləri arasında ABŞ Xarici Əlaqələr Şurası və Aspen İnstitutu da var.

İnternet ekspertlərinə görə, məlumatlı rəsmilər tanımadıqları və şübhəli linklərə heç vaxt daxil olmadıqları üçün belə hücumların səmərəsi get-gedə azalır. Onların fikrincə, sosial şəbəkə hakerlərinin hücumları son dərəcə sadəlövh insanlara hesablanıb.
XS
SM
MD
LG