Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:22

Günel Mövlud. Mənə yazmışdı ki, yiyəsiz gəbərəcəksən


Günel Mövlud
Günel Mövlud
-

"Dünən bir şəkil gördüm.

O şəkildə şair də vardı, xalq da.

O şəkildə xalq gülürdü, xalq xoşbəxt idi.

O şəkildə xalq illərdir gözlədiyi günü yaşayırdı.

Şairin gözlərində dəhşət vardı…"




Günel Mövlud


ŞAİR VƏ XALQ


Təxminən 3-4 il əvvəl bir nəfər mənə məktub yazmışdı.

Yazmışdı ki, sənin axırın çox pis olacaq. Ortalıqda qalacaqsan, dəli olacaqsan, axırda da aparıb salacaqlar dəlixanaya, gəlib yoxlayanın da olmayacaq. Yiyəsiz gəbərəcəksən. Sən elə bu cür sonluğa layiqsən…

Bu məktub, əslində bir nəfərin məktubu deyildi. Və bu məktub, əslində təkcə mənə yazılmış məktub deyildi. Bu məktubun mətni xalqın öz qələm adamı ilə bağlı arzusu idi…

Çar Rusiyasında ölkənin ucqarlarına sürgün edilmiş rus yazıçıları, şairlərinin xatirələrini, ya da onlar barədə yazılanları oxuyun. Böyük əksəriyyətini oxuyanda məlum olur ki, çarın hansısa səbəbdən qəzəblənib, sürgün elədiyi şair, yazıçı rus vilayətlərində çox rahat, kef-əhvalla yaşayırmış. Çar şairi, yazıçını cəzalandıra, sürgün edə, çıxdaş edə bilərdi, amma rus xalqı öz şairindən imtina etmirdi. Ona ehtiramla yanaşır, nazıyla oynayır, əyalət ziyalıları onun başına yığışır, şair, yazar olduğunu sürgün edilmiş adama hər gün hiss elətdirirdilər.

Xalqın öz ziyalısına münasibətinin daha bir ciddi nümunəsinə də çex yazıçısı Milan Kunderanın «Varoluşun dözülməz xəfifliyi» romanında rast gəlmək olar. Oxumayanlar zəhmət çəkib, romanı oxusunlar. Görsünlər ki, şairdən, yazıçıdan dövlət, hakimiyyət imtina eləyəndə, onu cəzalandıranda belə xalq öz ziyalısının dəyərini necə bilməli, onun qayğısına necə qalmalıdır. Əlbəttə, bu keyfiyyət ciddi toplumlara məxsusdur…

Genetik yaddaşında ciddi faciə olmayan, böyük ağrıların nə olduğunu bilməyən xalq, təbii ki, yaradıcı insanın ağrısını da anlamağa, bu ağrını qiymətləndirməyə, ehtiram göstərməyə qadir olmur. Əksinə, Azərbaycan kimi ölkələrdə xalqın ən böyük arzusu öz şairini, yazıçısını, bir sözlə ziyalısını bədbəxt, xəstə görməkdir. Təbii, söhbət arxasında hakimiyyət dayanmayan, prezidentə, nazirlərə yağlı şeirlər həsr etməyən, millət barədə pafoslu şeirlər yazmayan, özünü şairliyə, dahiliyə, dərvişliyə vurub, əslində gəlir-çıxarını riyazi dəqiqliklə hesablamağı bacarmayan azad, sərbəst şairlərdən, yazıçılardan gedir. Yoxsa, kürəyində prezidentin, hökumətin əli olan şairin qarşısında xalq ikiqat təzim etməyə dünəndən hazırdır.

Amma sən əsl şairsənsə, əsl qələm adamısansa, üstəlik, hakimiyyət, iqtidar cəhənnəm, xalqa yaltaqlanmırsansa, sənə əfv yoxdur. Necə yəni, sən xalqın söykəndiyi şeyləri tərənnüm eləməyəsən, doqquz iqlim qurşağından, muğamdan, qoşma-gəraylıdan, zurna-balabandan, namuslu, çadrasız-boyasız el qızlarından, qeyrətli oğullardan yazmayasan, hələ bir yeri düşəndə bunları tənqid edəsən?!

Cavabı bu olacaq ki, xalq onu talayanlara yox, sənə nifrət edəcək. Orduda əsgərlərini öldürüb, içalatını çıxaranlara yox, sənə nifrin qusacaq. Məktəblərdə uşaqlarını qəsdən elmdən, ziyadan kor edənlərə deyil, sənə zəhər axıdacaq. Üstəlik, onun istəyi xilafına, bir az oxunsan, uğur qazansan, xalqın nifrətinin qarşısını heç nə ilə ala bilməzsən. Xalq bütün qəlbi ilə, var gücü ilə, ehtiraslı bir arzu ilə sənin uğursuzluğunu, məğlubiyyətini, xəstəliyini, məhvini arzulayacaq. Ayağının hardasa bir az büdrəməyini, səhhətinin hardasa zəifləməyini, ruhi vəziyyətinin hardasa sarsılmağını həsrətlə gözləyəcək.

Bir yazıçı dostumun romanı çıxanda neçə adam yazmışdı ki, biz elə bu günü gözləyirdik ki, sənin romanın çıxsın, kitabını almayaq, uğursuzluğa düçar olasan. İlahi, xalq da öz yazıçısına belə münasibət göstərərmi? Yaxşı, deyək ki, razı deyilsiniz, zövqünüzə uyğun deyil, xoşunuza gəlmir, amma xalq da yazıçıya nifrət edərmi? Nə ediblər bu qələm adamları sizə? Niyə sizi hər gün, hər addımda, hər fürsətdə alçaltmağa çalışanlara, sərvətinizi yağmalayanlara, gələcəyinizi, uşaqlarızı kor edənlərə deyil, sözündən, qələmindən başqa heç nəyi olmayan şairə, yazıçıya nifrət edirsiniz? Qələm adamının ən böyük pisliyi bu ola bilər ki, pis yazsın, ya da yalan yazsın. Bu ona nifrət eləmək, onun uğursuzluğunu, məhvini, alçalmağını arzulamaq üçün səbəb ola bilərmi?

Dünən bir şəkil gördüm.

O şəkildə şair də vardı, xalq da.

O şəkildə xalq gülürdü, xalq xoşbəxt idi.

O şəkildə xalq illərdir gözlədiyi günü yaşayırdı.

Şairin gözlərində dəhşət vardı…


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG