Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 18:54

Nabokovla söhbət. "Lolita"nı yazmaq ideyası necə doğdu?


Vladimir Nabokov
Vladimir Nabokov
-

"İsveçdə isə kitabın bütün tirajını yandırıblar".

"Hər nə qədər ağır olsa da, etiraf etməliyəm ki, mən öz məktəbimi yarada bilməmişəm".



Məşhur rus-amerikan yazıçısı Vladimir Nabokovun (1899-1977) "Ar" jurnalına və Alen Rob-Qriyeyə verdiyi müsahibə


"Lolita" romanının bütün dünyanı dolaşdığı bugünkü gün entomoloq Nabokov ilə aqronom Rob-Qriye "ədəbiyyat" adlı şahmat lövhəsində piyada fiqurlarının dəyiş-düyüşü ilə məşğuldurlar.

Littrenin sözlüyündə deyilir ki, "equivoquer" "ikimənalı / ikibaşlı danışmaq"dır. Həmin sözlüyün müəllifinə görə, "equivoque" kəlməsi "fərqli yozula bilən bir şey" mənasına gəlir. Vladimir Nabokovun kitabları və fikirləri də məhz belədir. Onlar oxucudan yozum bacarığı tələb edir.

Aşağıdakı mətndə siz "Ar" jurnalını təmsil edən jurnalistin suallarına redaksiyamıza qonaq gələn "Lolita" müəllifinin verdiyi cavabları oxuyacaqsınız.

Bu yaxınlarda çap etdiyi "Labirintdə" adlı romanıyla Nabokovun rəğbətini qazanan yazar Alen Rob-Qriye də söhbətimizə qoşulub.



- "Lolita"nı yazmaq ideyası necə doğdu?

- Dəqiq xatırlamıram. Bircə onu bilirəm ki, qarşıma qoyduğum məsələni ən qənaətcil və incə şəkildə həll etməyə, həm də bundan ötrü, eynilə şahmat etüdlərində olduğu kimi, bəlli qaydalara riayət etməyə kökləmişdim özümü.

Məsələnin həlli çox da asan deyilmiş: ideyanı, personajları və ilham mənbəyini axtarıb tapmaq, "xəfif bir ürpərti" keçirmək lazım gəlirdi. Sözünü etdiyim bu xəfif ürpərti mənə 1939-cu ildə, yanılmıramsa, "Pari Suar"ın səhifələrində zavallı bir meymun balası haqda yazını oxuyanda gəldi: qəfəsə salınan və karandaşlarla təmin olunan bu əsir və dişi meymunun çəkdiyi ilk rəsm qəfəsin dəmir barmaqlığı olmuşdu.

Öz ehtirasının əsiri olan insanla bağlı ideya içimdə məhz onda doğdu və bəlkə də elə bu - kitabım üçün ilk təkana çevrildi. Əvvəlcə mətni rusca yazmağa girişsəm də, bundan bir şey çıxmadı. Həmin mətndə azyaşlı fransız qızlarını təsvir edirdim, ancaq mən o yaşdakı fransız qızlara sən deyən bələd olmadığımdan, onlar yetərincə inandırıcı alınmırdılar. Sonradan mən bu ideyanı unutdum və Amerikada ikən o, varlığıma təkrar hakim kəsildi.

- Uzun illər sonra?

- Hə. "Hamiləlik dövrü" xeyli uzandı: fasilələr də nəzərə alınmaqla, bu iş altı-yeddi il sürdü.

- Belə görünür ki, siz şahmata xas bir problemin ədəbiyyat miqyasında həllinə çalışıbsınız?

- Hə.

Rob-Qriye: - Buna bənzər bir məsələni siz ilk əsərlərinizdən birində də həll etmişdiniz. O əsərdə özünü pəncərədən atan bir dəlidən söhbət gedirdi. Xatirimdədir, həmin kitabdakılar heyrətamiz şahmat partiyasına bənzəyirdi.

- O əsərin adı "La Course du fou" ("Fillə gediş") idi. Bu ad bir növ kalambur idi, çünki vaxtilə "course" sözü şahmat fiqurlarının gedişiylə bağlı işlənirdi, "fou" isə…

Rob-Qriye: Siz şahmat oynayırsınız?

- Hə. Hətta mən şahmat kompozisiyalarının da müəllifiyəm və bu, şahmat oynamaqdan xeyli fərqli bir işdir.

- "Lolita"nı yazarkən onun bu cür qalmaqallı uğur qazanacağına heç inanırdınız?

- Qalmaqal barədə düşünməmişdim. Kitabın nəşrinin müşkülə çevriləcəyini isə sezirdim. Onun bir neçə nüsxədə çap olunacağını gözləyirdim və onları öz dostlarıma, erudisiyalı tanışlarıma paylamağı nəzərdə tutmuşdum. Çap işi böyük çətinliklər bahasına gerçəkləşdi. Kitab ən nəhayət, burada – Parisdə, 1955-ci ildə "Olimpiya" nəşriyyatında işıq üzü gördü. Az sonra bir qrup amerikalı yazar onun tərcüməsi üçün mənə müraciət elədi və bu dəfə naşiri mən seçməli oldum, bu isə yazara həmişə görünməmiş həzz verir.

- Kitabınızla bağlı tənqidi yazıları oxuyursunuzmu? Onlardan hansı sizi daha çox heyrətləndirib və ya sizdə maraq doğurub?

Rob-Qriye: Bu sualı bir qədər fərqli şəkildə qoymaq olardı: kitab barədə yazan bütün tənqidçilər onun məzmununu danışmağa girişsə də, əsərin yazı tərzinə indiyədək nədənsə heç kəs diqqət yetirməyib.

- Tənqidi yazıları oxuyarkən tanıtım qismini ötürmək və birbaşa gəlinən nəticələrə keçmək lazımdır. Əgər tənqidi məqalədə nəticələr yoxdursa, onda bütün anlatılanlar unudulur, çünki iş əsərin məzmununu anlatmağa qalsa, yeri gələndə, istənilən oxucu bunu tənqidçidən pis bacarmaz. Hər şeyə rəğmən, uğurlu yazılar da var idi və onlar kitabda romantik ruhun varlığını vurğulayırdılar. Bənzər halı şəxsən siz "Qısqanclıq" romanınızla bağlı yaşamısınız. Bu əsəriniz Prustdan sonra sevgi haqda yazılan ən gözəl romandır, məncə.

Rob-Qriye: - Bunu da çox az adam etiraf edir. Sizin situasiya ilə müqayisədə mənim kitabımın başına tamamilə tərs bir qəziyə gəlib. Fransada "Lolita"nın üstün cəhəti onun süjeti sayılır. "Qısqanclıq"da isə süjetin yerli-dibli olmadığı söylənilir, buna görə də daha çox kitabın yazı texnikasına diqqət yetirilir. Halbuki "Lolita"dan söz düşərkən, onun daha çox nəzərəçarpan cəhətləri vurğulanmalıydı: məsələn, təhkiyə gah birinci, gah üçüncü şəxsin dilindən təqdim olunsa da, onların yaşantılarını oxşar ifadələrlə dilə gətirmələri roman boyu qeyri-adi dərəcədə maraqlı bir effekt doğurur. Həm də axı, bu, yəni qəhrəmanın ikiləşməsi, kitabın başlıca mövzularından biridir.
Nabokov Vladimir
Nabokov Vladimir

- "Lolita"nın dünyada doğurduğu əks-sədanın coğrafiyasını necə görürsünüz?

- Belə yanaşma son dərəcə maraqlı olardı yəqin. Məsələn, Yaponiyada kitabı gözəl qapaqla çap ediblər: üz qabığında sarışaç, biçimli döşə malik və bir qədər çəpgözü xatırladan cavan qadın rəsmi verilib. Belə demək olarsa, bu – Lolita Monrodur. Yaponların belə şeylərə yanaşmaları xeyli məzəlidir.

Kitab Hindistanda və Türkiyədə də çap olunub. Oralarda bu cür məsələlərə normal və təbii yanaşırlar, odur ki, hay-küy qaldırmağa hər hansı gərək duymayıblar. Bu da sizin üçün fərqli nəzər nöqtəsi.

İsveçdə isə kitabın bütün tirajını yandırıblar. Mən isveç dilində oxuya bilmirəm, lakin almanca və rusca sözlərdən yararlanmaqla, isveç dilindəki mətnin məğzini anlamaq mümkündür. Xanımım bu işə girişdi, çünki kitabın hədsiz nazik olması bizdə şübhə doğurmuşdu. Son dərəcə balaca formatlı bu kitab dəftərxana düyməsi qədər nazik idi. Ortaya nə çıxsa yaxşıdır? Sən demə, isveçlilər yalnız kitabdakı ən oyunbaz epizodları saxlayıblar, qalan qismləri isə ixtisara salıblar. Eynilə markiz de Sada yanaşıldığı kimi davranıblar. Bəlkə yanılıram?

- Görünür, kitablarınızdan hər biri sizin ədəbi şahmat sahəsinə aid məsələlərin həlli, çözümü kimi dəyərləndirilməlidir?

- Ola bilər. Məncə, bu – az-çox məntiqli seçimdir və bunu Rob-Qriyeyə də aid eləmək olar.

Rob-Qriye: Həm də həmişə. Məzəli məqam odur ki, siz bunlardan bəhs edəndə mən bu cəhətimə görə adətən tənbeh olunduğumu xatırladıram. Hamı elə hey forma və məzmundan danışır.

- "Lolita"dakı personajlardan hansına müəllif kimi rəğbət hissi duyursunuz?


- Lolitaya. Yaxşı oxucunun rəğbəti məhz elə ona ünvanlanmalıdır. Amerikalı oxucular onu daha çox dözülməz, şıltaq qız sayırlar, buna rəğmən, onlar məhz Lolitanın halına acıyırlar. Bu, çox təsirli məqamdır.

- Bəs əsl ehtirası kim duyur: qəhrəmanınız, yoxsa Lolita?

- Zavallı Lolitanın ehtirası barədə bizə çox az şey bəllidir, halbuki şəhvət alovu, duyğu qasırğası mənim qəhrəmanımın bütün varlığını bürüyür, sonra, sona doğru isə bu, eşqə çevrilir, həm də ilahi və insana xas bir eşqə. Artıq Lolita bir nimfet olmasa da, qəhrəmanım öz şəhvət hissindən imtina eləməli olur, çünki artıq bu qadın – onun yaşamaq səbəbidir.

- Birləşmiş Ştatlardakı yazarlar arasında sizin ayrıca yeriniz olduğunu söyləmək mümkündürmü?

- Hərdənbir Nabokovun çox-çox uzaqlardan gələn əks-sədası, zəif səsi gəlib çatır qulaqlarıma. Hər nə qədər ağır olsa da, etiraf etməliyəm ki, mən öz məktəbimi yarada bilməmişəm.

Rob-Qriye: İnanın, heç mən də bunu bacarmamışam!

- Deyilənlərə görə, sizin misilsiz yaddaşınız var və bədii mətn yaradarkən siz ondan gen-bol yararlanırsınız.


- Elədir, ancaq həmişə yox. İşıq oyunlarını, əşyaları və əşyaların qarşılıqlı uyumunu xatırlamaq baxımından yaddaşım çox güclüdür… Məsələn, deyək ki, mən stansiyada dayanan qatarın pəncərəsindən baxıb görürəm ki, orada, perronun üzərində xırda daş, albalı çəyirdəyi və folqa parçası var, bu ara onların qarşılıqlı yerləşməsi yaddaşıma elə dərindən həkk olunur ki, sanki bunu heç vaxt unutmayacağam. Halbuki hər şeyi, hətta bu əşyalara necə baxdığımı da sonralar unuduram. Bəs bunları sonradan necə xatırlayasan? Hər halda nə isə başqa bir şeylə əlaqə, bağlantı tapmaq lazım gəlir.

Rob-Qriye: Xatirinizdədirsə, Rayxenberqə səfəri barədə gündəliyinə qeyd yazan Kafka da bu cür məqamlardan söz edir: "Gördüyüm adam önə doğru əyilmişdi və qarşısına stəkan qoyulmuşdu" və ya "Qapının böyründə bir daş var idi". Bunlar onun diqqətini özünə çəkir. Elə maraqlıdır ki!

- Yaddaşında bu cür şeyləri, bənzərsiz məqamları, yönləri canlandırmağı umursan. Məncə, bu – insanların müəyyən tipinə xasdır, digər tiplər də var ki, onlar sırf "böyük ideyalara" kökləniblər.

- Sizcə, ən uğurlu kitabınız hansıdır?

- Yanaşı qoya biləcəyim üç kitabım var. Yazdıqlarımın ən uğurlusu, hər halda "Lolita"dır. Bir də "Sovqat" adlı romanım var. Üçüncü kitabım isə "Edama dəvət"dir. Bu yaxında o, İngiltərədə işıq üzü görüb. Onu otuz il bundan əvvəl, həm də rusca yazmışdım.

- Daim nəsə yazırsınızmı?

- Yox.

- Əməl etdiyiniz bəlli bir iş tərziniz varmı?

- Yox. Çox vaxt çarpayı üstə, ya da sorğu kartları üzərində yazıram mətnlərimi.

- Həm ingilis, həm də fransızca yazırsınız?

- Yox, ancaq ingiliscə. Fransızca sadəcə bir neçə qısa mətn yazmışam.

Azərbaycan dilinə çevirdi – Azad Yaşar
XS
SM
MD
LG