Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 10:31

Müasir dünyamızda intiharın inkişaf yolu və M.D.İ


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 10-luğundan.


İlham Əkbərli


Müasir dünyamızda intiharın inkişaf yolu və M.D.İ



Son dəfə avtobusda orta yaşlı bir qadının çiynində yuxuya getdiyimi xatırlayıram. Oyananda məni hirsli nəzərlərlə süzdüyünü də unutmamışam. Fikirləşmişdim ki, məni bəyənməyib. Məndən daha yaxşılarına layiqiydi.

Problem onda deyiliydi, məndəydi. O, əslində çox yaxşı insanıydı. Sadəcə, bir az tək qalmaq istəmişdim və avtobusdan düşmüşdüm. Sürücümüz Nəqliyyatın intellektual idarəetmə mərkəzinin ona verdiyi hüquqa əsaslanaraq avtobusu tam istədiyim yerdə - qabaqda saxlamışdı.

Orta yaşlı qadının orta-ağır vəziyyət yaradan baxışlarından tez qurtulmaq üçün avtobusdan bir az tez düşmək məcburiyyətində qalmışdım. Bu məcburi enişin nəticəsində işimə qədər olan məsafəni yerimək qərarına gəlmişdim. Bu dəfə də yuxumu almamışdım. Yenə də gecikirdim. Çox güman ki, iş yoldaşlarım artıq dünənki oyun haqqında fikirlərini mərd şəkildə, çəkinmədən ifadə etmə saatını keçmişdilər.

Mən isə sərhədi keçmişdim. Vəziyyət “sabahdan gəlməyə bilərdim”iydi. Bu nə məsuliyyətsizlik idi? Heç utanmırdım? Artıq neçənci dəfə idi? Mənə görə ona hər dəfə söz gəlməliydi? Özümü heç onun yerinə qoymurdum?

Deyirdi ki, səbr kasasını doldurmuşam. Kasaya dolu tərəfindən baxmağı məni ümidləndirsə də, nəticədə qovulmuşdum. “Qovulmuşdum” kobud səslənir, xətrimə dəyir. İki sözlə, işdən ayrılmışdım.

Yəqin mən də qəbul edərəm ki, bu, həyatımdakı ilk ayrılıq deyildi. Ayrılıq həyatın təbiətində varıydı. Mən isə uşaq vaxtı “Təbiəti qoruyaq” mövzusunda dəfələrlə inşa yazmışdım. Sətirlərə, sözlərə inanan bir adam olaraq təbiəti, ayrılığı həyatımın hər dövründə qorumuşdum. Buna baxmayaraq, pis şeylər olduğu kimi yaxşı şeirlər də var idi həyatımda. Ayrılıq anları üçün ağlımda dövriyyəyə buraxdığım bu iki sətir kimi:

Olmayan gəlməmiş, olan keçmişdir,
Olub-olmayanın hayına qalma.

- Əliağa Vahid...
- Yox, Ömər Xəyyam.

Ayrılıq barədə növbəti dəqiqələrdə Sizə daha ətraflı məlumat verəcəm. Əziyyətlə inşa edilən bir sevginin məhvi, keşməkeşli həyat yolu, həyatda ən düz yerdə səhv edə bilmək bacarığı və tıxacı olmayan yol ayrıcında hüznlü ayrılıq. Ağlamaq istəyirəm, əziz və çox hörmətli izləyicilər.

Özümü tənqid etməyi unutmuşdum. Məni hər gün müxtəlif saatlarda hipermarketlərdən əlində zibil torbalarıyla çıxan görə bilərsiniz. Mən yuxusuz nəslin ən az yuxu görəni, böyük şəhərin kiçiltdiyi insanların ən qısası, işində xoşbəxt olmayanların ən xoşbəxt olmayanı... Mən bədbəxt sözünün xoşbəxt sözünün qarşılığı olduğunu dəstəkləməyən insanlardanam.

Özümü təqdim etməyi unutmuşdum. Mən Müasir Dünya İlyasıyam. İşlədiyim günə qədər həyatdakı ən dəyərli şeyim bank kartım idi. İndi isə son işləmə tariximin üstündən iki ay keçmişdi, balansım sıfra yaxınlaşırdı və mən – Müasir Dünya İlyası iş axtarışlarına başlamışdım.

İş hansı insanların cövhəriydi? Köhnə iş yoldaşlarımdan cövhər sözünün mənasını bilən neçə nəfər varıydı? Qəzetdəki iş elanlarını gözdən keçirirdim. Mən çox axtarmağı sevən deyiləm. İlk gördüyümü alır, geyinir, bəyənir, seçirəm. Vəziyyət “ilk baxışdan sevgiyə inanıram”ıydı.

Elə qarşıma çıxan ilk iş elanı mənə uyğun görünürdü. Mənim kimi gülərüz, ilanı yuvasından çıxardıb, məhkəmə qərarı olsa belə yuvasına qayıtmağa qoymayacaq qədər şirindil, tərs adam axtarılırdı:

““İntihar alətləri” dükanına təcrübəli, ölümün gözünə düz baxan, hər günü son gün kimi yaşayan, xoştəklik göz yaşları axıdan işçilər axtarılır. Maraqlananlar bu nömrə ilə əlaqə saxlasınlar: “ağ qoşa, beş qoşa, ikinin biri, dördün beşi, üçün ikisi...” Qeyd: Bir qoşa kimdədirsə ilk o zəng eləsin”

Bir qoşanın kimdə olduğunu yəqin ki, başa düşdünüz. Burada bir qoşanın sirrini axtarmaq lazım deyil. Mənim kimi adamların həyat hekayələrində təsadüflər baş rol ifaçılarıdır. Bu, həyat hekayəsindən daha çox həyat təsadüfüydü.
Mən - Müasir Dünya İlyası bu elanı oxuyan kimi telefonun dəstəyinə ehtiyac duydum. Elanda yazılan nömrəni yığdım:

- Alo. Salam. Sizi qəzetdəki iş elanına görə narahat edirəm

- Sözün açığı, elədir, bizə işçi lazımdır. Təcrübəli işçilər axtarırıq. Bizə lazımdır ki, “Intihar alətləri” dükanının yeni işçisi yeni müştərilər aşkar etsin, yeni biznes münasibətləri yaratsın, müştərilər üçün müxtəlif təkliflər hazırlasın... Üzr istəyirəm, adınız necə oldu?”

- Müasir Dünya İlyası. Adım – Müasir Dünya İlyasıdır. Babamın adını qoyublar. O da öz dövrünün müasiri olub.

- “A, Allah babanıza rəhmət eləsin. Sözün açığı, bizə işçi çox tez bir zamanda lazımdır. Çünki hər saniyə işimiz daha da artır. Bilirsiniz də, bura çox ciddi şirkətdir; nə qədər ki, həyatda ölümdən daha ciddi bir şey yoxdur... Siz nə vaxt bizə yaxınlaşa bilərsiniz?”

Babam ölməmişdi, amma mənə iş lazımıydı deyə həmin dəqiqədən etibarən mənim üçün ölmüşdü. Üç sözlə desəm vəziyyət “Allah rəhmət eləsin”iydi. Burnuma mətbəx fəlsəfəsi iyi gəlirdi; ağlımda “Bəs ölümdə həyatdan daha ciddi bir şey var?” sualının fırlandığını hiss elədim.

- Çox açıq sözlü adama oxşayırsınız. Iıı… Cənab Sözün Açığı müəllim, mən özüm də məsuliyyətli adamam. Ciddi işdə, ciddi insanlarla işləmək istəyərəm. Elə indicə məni ciddiyyətə dəvət edin, xahiş edirəm.

- Çox yaxşı. Müasir Dünya İlyası müəllim, sözün açığı, bizim mərkəzi ofis şəhərin mərkəzinə çox yaxındır. Köhnə “Nənəmin kəndiri” intihar kəndirləri dükanının yerində. İşi böyüdüb, dükanın adını dəyişmişik. “Başqa kimin olacaq ki?!” heykəlini dönən kimi yolun sağındayıq. Dönməsəz də sağındayıq. Siz bu yoldan dönər olsaz, xəbər edin, gözləyirik, elə indi gəlin. Kimdən soruşsanız, “Xeyir-şər evi hardadır” desəniz, binamızı göstərərlər.

Cənab Sözün Açığı dəstəyi gözlənilmədən asmışdı. İntihar işində nə qədər usta olduğu burdan hiss olunurdu.

Əynimi geyinib evdən çıxdım. Avtobusa minib, arxa tərəfdə mehribanlaşdım. Digər sərnişinlər də çox mehriban insanlar idi. Avtobusun mənə ayrılığı xatırlatması isə yəqin ki, sizə də tanışdır.


***


Başlamaq bitirməyin yarısı idi. Ayrılıq isə həm başlamaq, həm də bitirməkdir. Sözün kökü ayrı olmaq idi. Həyatın davamlı olaraq ayrı birinə daha yaxşı şərait, şərt təqdim etdiyinə inananlardanıydım mən. Bu oyunun hakimi oyun boyu ancaq bizi mərkəz xəttə dəvət edirdi.

Tək görünməmək üçün yox, özümə çox hörmət edirəm deyə bəzən özümə cəm şəklində müraciət edirəm.

Elanı xatırladım. Mənim üçün çox xoş təklif idi. Bir şey də xatırladım. Onların əsas şərtlərindən biri xoştəklik idi. O biri dünyada, yəqin ki, hamı bilir, amma bu dünyada xoştəkliyin nə olduğunu məndən yaxşı bilən adam çətin tapılar. Uşaq vaxtından bəri sözlərlə aram yaxşıdı – demişdim, amma riyaziyyatda bir o qədər də yaxşı sayılmazdım. Hovuz məsələlərində olduğu qədər, sevgi məsələlərində də bəxtim gətirmirdi.

Vəziyyət “üçüncü şəxsin təki”ydi. O getmişdi. Ya da üçüncü şəxsin tərki desəm daha düzgün olar. Mənim üçün isə vəziyyət həmişə “birinci şəxsin qəmi”ydi: Biz heç nəyi dəyişə bilmirdik. Dəyişə bildiyim ancaq sözlərin yeriydi. Sözlərin yerini dəyişəndə isə qəm dəyişmirdi. Bu ki sadə hesablamaydı.

Sözlərlə münasibətinizin olmasının isə, sadəcə, gedənin arxasınca şeirlər oxumağınıza xeyri dəyə bilər. Uşaq vaxtı əsas dərdimiz tarix kitablarındakı qara donlu kafirlər, indi isə qara donlu qadınlar idi.

- Əliağa Vahid...
- Yox, Ramiz Rövşən.

Şeirlərdə yazılmayanları da məktuba özüm yazırdım. Hər dəfə “Əzizim” ilə başlayıb “ən kaş arzularla” bitən məktublar yazırdım yeni sevdasına qurban olduğuma. Cavab gəlmirdi.

Onu o qədər uzun müddət görməmişdim ki, gördüyüm an həyəcandan ölə bilərdim.
Beləliklə, qəlb cəbhəsində yenilik yoxuydu, avtobusdan düşmək vaxtı gəlmişdi. Təkliyə davam edirdik. Vəziyyət “burdan bir nəfər çıxarsınız”ıydı. 20 qəpikdən bir adam çıxara bilən bu adamlar həmişə mənə maraqlı gəlirdi. Sürücülər sehirbazlar, konduktorlar isə onlara kömək edən gözəl xanımlar kimiydilər.

Ordan bir nəfər çıxmışdı. Ünvanı, deyəsən, tapmışdım. “Deyəsən” deyirəm, çünki üstündə heç bir yazısı olmayan, pəncərələri belə olmayan düz bir bina ilə üz-üzə dayanmışdım. Özümü topladım və “İntihar alətləri” dükanının qapısına qarşı sərt davrandım. Qapını döydüm! Vurdum! Gecə olsa, açar deşiyini də zorlaya bilərdim, amma özümü saxladım. Vəziyyət uşaqlığımda bibilərimin dediyi kimi “Allah məni saxlasın” deyildi, özüm özümü saxlayırdım.

Qapını orta yaşlı, bir gözü digər gözündən balaca, seyrək saçlı, sapsarı dişləri kütləvi intihara hazırlaşırmış kimi damaqlarından sallanmış, qərib bir kişi açdı. Çəkinmişdim, amma vəziyyət “qorxan gözə çöp düşər”iydi. Nəzərə alsaq ki, burda işləyən hamı bir çox intiharın ortağına çevriliblər, vəziyyət “ilk sözü günahsız olanımız desin”iydi.

- Salam.

- Buyurun.

- Xeyir-şər evi buradı?

- Xeyr, şər evi buradı. Biz xeyir işlərə qarışmırıq.

- Bəs mənə telefonda elə demişdilər...

- Kim demişdi? Cənab Sözün açığı? O, təzə işçidi, öyrəşməyib hələ. İnsan qaymaqları şöbəsinin rəhbəridi. Onların kəndində belə yerlər var – xeyir-şər evi adlanan, ordan dilinə dolaşıb. Nə yalan deyim, bizi də hərdən çaşdırır. Mən bu şirkətin rəhbəriyəm. İntiharı ölkədə mənim kimi bilən yoxdur. Siz də deyəsən iş üçün gəlmisiniz. Buyurun keçin, gedək. İntihara doğru gedək!
Diqqətlə qulaq asdığımı fikirləşirdi ki, sözünü kəsdim. Deyəsən, mən də artıq onlardan biriydim, asıb-kəsirdim.

- İndi hara doğru gedirik dediniz?

Cənab Nə Yalan Deyim bu sualıma xeyli güldü. Dişləri bir az da saralsa, çıxarıb qızıl diş adı ilə rahat sata bilərdi.

- Uşaqlar içəridə futbola baxır. Futbol qurtarsın, oturaq iş haqqında danışaq. Sizdən başqa bir xanım da iş üçün müraciət edib, o da gəlməlidir. Sizin adınız necə oldu?

- Mən –Müasir Dünya İlyası.


Futbol məsələsi mənə qaranlıq qalmışdı ki, gözləmədiyim bir sual gəldi:

- Nə yalan deyim, futbol olanda burada həyat dayanır. Sizin futbolla aranız necədi? Maraqlanırsız heç?

- Hə, uşaq vaxtı 3 il sərasər “İdmana göstərilən qayğı” klubunda top qovmuşam.

- A, hansı mövqedə oynayırdınız?

- Intihara meylli yarım-müdafiəçi.

Nə yalan deyim müəllim yenə güldü və sarı dişləri ilə bu qaranlıq dünyamıza günəş kimi saçdı. Vəziyyət “ay nənən ölsün, sarı gəlin”iydi.

Külək bu binada əsir qalmışdı. Bina qaranlıq və küləkliydi. Vəziyyət sualıydı, hətta bir az qorxuluydu. Ağlımdan “Gərək uşaq vaxtı böyüklərin sözünə qulaq asıb, gedib müəllim olardım” fikri keçsə də, pis günün dostu olan növbəti cümlə məni özümə qaytardı:

“Heç nə edə bilməyənlər müəllim olur, öyrətməyi belə bacarmayanlar isə idman müəllimi.”

- Əliağa Vahid...
- Yox, Vudi Allen.

***


Otaqda Cənab Nə Yalan Deyim və Sözün Açığı ilə birlikdə 4 nəfər var idi. Digər iki nəfər qardaş, üstəlik, əkiziydilər. Cənab Nə Yalan Deyim maraqla futbola baxan bu qardaşları mənə göstərib dedi:

- Bu ikisi qardaşdı. Əkizdilər. Uzun Sözün Qısası və Uzun Sözün Qisası. Valideynlərinin uzun müddət uşağı olmayıb, atasının ailəsi də təzyiq edib yazıq arvada. Anaları da bütün bunlara dözüb, səsini çıxartmayıb. Neçə il sonra bu ikisi olub. Futbol diliylə desək, anaları dubl edib. Uzun Sözün Qısasına da ulu babalarının adını qoyublar, o birinin adını da anası özü qoyub, deyirlər, yoldaşının ailəsindən qisas almaq üçün bu adı seçib. Sonra da özünü öldürüb.

- Hüzn, sözün qısası.

Kiçik bir əlavə etsəm, dünya dağılmazdı.

Hara düşdüyümü fikirləşirdim. Külək əsirdi, qaranlığıydı. Otaqda bir divan, iki kreslo və dörd kimliyini bilmədiyim adamla futbola baxırdım.

Kimin oynadığını, nə oyun olduğunu başa düşməmişdim. Amma nəsə deməliydim:

- Kimlər oynayır?

- Sən tanımazsan, bunlar aşağı liqa təmsilçiləridir, ölülərdi də.

Bu oyunçuları tanımıram və mən bu oyunu, deyəsən, elə başdan uduzmuşdum. Həyəcandan qarnıma ağrı girmişdi. Vəziyyət “müəllim, ayaqyoluna olar”ıydı. Bununla belə vəziyyəti aydınlaşdırmalı, susmamalıydım. Vəziyyət “danışmaq gümüşdüsə, susmaq Nə Yalan Deyim müəllimin dişləri”ydi.

- Bu oyunçu nə ləng tərpənir e. Kimdi bu belə?

Uzun Sözün Qısası isə ləng davranmadı:

- Yeddi nömrəni deyirsən? Asta Qaçan Namərddi adı. Elə olmağına baxma. Ölü topların ustasıdı.”

Uzun Sözün Qisası etiraz etdi:

- Vuran indiyə kimi vurardı e... Bayaqdan üç dənə cərimədən top vurub, amma hamısını qapıçı qaytarıb. Qapıçı deyil e, ölü topun qənimidi!

Ümumiyyətlə, ölüvay oyun gedirdi. Cənab Nə Yalan Deyim və ya Sarı Diş müəllim qapıya tərəf getmişdi. Deyəsən, bayaq dediyi digər namizəd də gəlmişdi.
Futbol bitmişdi. Oyun bizimkilərin şərinə 0-1 bitmişdi. Adında “söz” sözü keçən üç intihar ustası oyunla bağlı qızğın müzakirələr aparırdı. Söz sözü çəkirdi. Mən isə nə baş verdiyini bilmirdim. Nə baş verdiyini başa düşmürdüm. Vəziyyət “öldüm-öldüm dirildim”iydi.

Birdən qapı tərəf işıqlandı. Gözlərimiz qamaşdı. Sözlü adamlara oxşayan bu 3 şəxs də təəccüblənmişdilər, susub qapıya tərəf baxırdılar. Hər şey aydınlığa çıxır. İçəridəki vəziyyət daha da qaranlıq olurdu.

Bu parıltının səbəbi kimi, birinci ağlıma gələn Nə Yalan Deyim müəllimin dişləri oldu. Fikirləşdim ki, yəqin nəyəsə gülür. Dişləri qızıl səviyyəsində saralmışdı. Bu parıltının arasında onu seçməyə çalışdım, yox gülmürdü, o deyildi. Yanında gələn yeni namizədi görməmişdim. Görməmişdim. Başımı qaldırdım və hiss elədim; parıltının mənbəyini gördüm. Məni görməyinə heç təəccüblənməmişdi. Mən “görsəm, həyəcandan ölərəm” demişdim, amma şeirlərdəki kimi mən də ölməmişdim. Şairlər ən böyük yalançılardı.

Məni görən kimi dünyanın ən fərqli cümləsini qurdu, dilimizdə inqilab etdi, tarixin axışını dəyişdirdi, müstəqilliyimizi elan etdi, xaricdə ölkəmizi layiqincə təmsil etdi, yerdə qalan iki iqlim qurşağını da ölkəmizə gətirdi, quşları isti ölkələrdən qaytardı, bu gün yaşayan kəpənəklərə sabah üçün də ümid verdi, “Salam” dedi. “Salam” dedi o xoş sədasına qurban olduğum.

Heç hazırlaşmadığım mövzudan çıxmışdı sual, heç gözləmədiyim yerdə, gözləmədiyim insanı görmüşdüm. Qorxunu və həyəcanı unutmuşdum. Ömrümün axırına kimi burada onunla qala bilərdim. Vəziyyət “sən Müşfiqin yanında qalginən, sənə qurban”ıydı.

***

Burada otaqlar bir-birindən fərqlənmirdi. Qaranlıq, küləkli... Bizi yeni bir otaqda yeni bir stol ətrafına yığdılar. Dördü oturdu, qarşılarında biz oturduq. Cövri-cəfasına qurban olduğum ilə danışmağa imkanımız olmamışdı hələ. Uzun Sözün Qısası danışmağa başladı.

- Ölməlisiniz

Adına layiq çıxış etmişdi. Qısa və dəqiq. Təbrik etdim və sual verdim.

- Niyə?

Mən də çox yerində sual vermişdim. Özümü də təbrik etdim.

- Çünki biz burda insanlara intihar etməyə kömək edirik. Hər cür intihar aləti satırıq, amma o biri dünyada onlara bu cür rahatlığı təmin edə bilmirik, buna görə də, müştərilərimizdən şikayət gəlir. Müştəri məmnunluğu isə bizim üçün hər şeydən önəmlidi. Bu işə də sizdən başqa müraciət edən yoxdur deyə siz ikiniz də ölməlisiniz.

- Biz ərəbcə bilmirik axı

Dördü birdən mənə döndü və bir ağızdan səslənən sual:

- Niyə?

- Çünki biz ölüsüylə ərəbcə danışan millətik!

Uzun Sözün Qisası:

- Əliağa Vahid...

Mən:

- Yox, Cəlil Məmmədquluzadə.

Söhbətimin müsbət nəticəyə doğru getmədiyini yeni iş yoldaşlarına qurban olduğum da hiss etmişdi. Amma qorxmamışdı və bundan əvvəl 3-4 dəfə ölmüş biri kimi çox sərt səslə məntiqli bir sual verdi məhlə uşaqlarına qurban olduğum.

- Bəs işləmək istəməsək?

Nə yalan deyim müəllim sözü aldı görək nə dedi:

- Elə şey mümkün deyil, bura qədər gəlmisinizsə, öləcəksiniz. Biz bu dövrdə belə işçi bir də hardan tapacayıq? Buradan çıxa bilməyəcəksiniz, ölməlisiniz.


Deyəsən, yuxarıdakılar, yuxarı liqa təmsilçiləri mənimlə zarafat eləyirdi. Vəziyyət “gəzməyə qərib ölkələr var, ölməyə isə hələ tez”iydi.

Uzun səssizlik oldu. İçəridəki 6 nəfər bir-birinə müxtəlif kombinasiyalarda baxırdı. Mənim daha çox hansı tərəfə baxdığım aydın məsələydi.

Sükutu Sözün Açığı müəllim pozdu:

-Sözün açığı, pis adamlara oxşamırsınız. Sizə belə bir yaxşılıq edə bilərik, biriniz yaşayacaqsınız, amma biriniz mütləq ölməlisiniz

Səssizlik bu dəfə çox davam etmədi. Şirin röyasına qurban olduğum içəri girəndən bəri ilk dəfəydi ki, mən tərəfə döndü, gözlərimə baxdı və dedi :

- “O ölsün!... Hə, hə, o ölsün” - təkrarladı, əhdi-peymanına qurban olduğum.

- “Bu ölsün?” Sual verdi Uzun Sözün Qısası.

- “Sən öl!” Vurdu Uzun Sözün Qisası.

- “Mən ölüm.” başını aşağı saldı Müasir Dünya İlyası.

“Səndən bunu gözləmirdim” baxışı ilə baxdım göz yaşlarına qurban olduğuma.

Vəziyyət “səndən, yar, sənə, yar, şikayətim var”ıydı.

***

Onun vəziyyəti “mən ölərəm ikimizin yerinə”ydi.

Üstündən neçə il keçib, hərdən həmin hadisələr yadıma düşür, amma baş verənlərin ciddiliyinə inana bilmirəm ki bilmirəm.

O yoxdu deyə hekayəni kimsə sonlandırmalıydı. Bu mənəm – həyatım uğrunda qurban olduğu. Qəribə oğlanıydı. “Mən ölüm” deyəndən sonra ölən ilk insan olaraq tarixə keçdi. Onu öldürəndən sonra məni də binadan çıxardılar və iş həyatımda uğurlar arzulayaraq əgər uyğun iş olarsa mənə zəng eləyəcəklərini dedilər. Gözlədim, zəng eləmədilər. Bütün iş yerləri belədir.

Mən Müasir Dünya İlyasının qurban olduğu qadınam. Mənim həyatımda ən dəyərli şeyim bank kartımdı. Dünya fırlandıqca kimsə öləcək və kimsə də iş axtarmağa davam edəcək. Mənim orada soyuqqanlı olmağım yəqin ona qəribə gəlmişdi. Amma o da, mən də çox vaxt ölülərlə işləmişdik axı. Mənim köhnə iş yerlərindən çox ölü dostum var. Düzdü, onların hələ qəbirləri, daşları yoxdur, amma kreditlərini bağlayan kimi alacaqlar. Pul yığan kimi alacaqlar.

Qəbri nurla dolsun, Müasir Dünya İlyasının qəbrini tez-tez olmasa da, arada bir ziyarət edirəm. Amma özü heç vaxt orda olmur. Yəqin çox işləyir. Yazığın sözünü də qəribçiliyə salıblar, başqa dildə nəsə yazıblar daşının üstündə:
"La commedia é finita!”

- Əliağa Vahid...
- Yox, şən klounlar.
XS
SM
MD
LG