Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:37

Amerikalı həmsədr Qarabağda sülhün altı elementindən söz açdı


James Warlick
James Warlick
-
«Sülh yaxındır. Tərəflər elə bir məqama yetişib ki, gələcəyə yönəlik mövqeləri çox da fərqli deyil».

Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri James Warlick Karneqi Fondunda Dağlıq Qarabağ münaqişəsinin həllinə dair çıxışında deyib.

Səfirə görə, razılaşma üçün prinsip, anlaşma və sənədlər artıq danışıqlar masasındadır və onlardan heç kim imtina etməyib:

«Çətini... fikir ayrılıqlarını aradan qaldırmaq üçün son və cəsarətli addımı atmaqda tərəflərə kömək etməyin yolunu tapmaqdır. 20 ildə sülhə nail olunmayıb. Tərəflər bir-birilərinə inanmır. Azərbaycan və Ermənistanda bir-birini tanımayan nəsil yetişib».

Həmsədrin fikrincə, ATƏT müşahidəçiləri kövrək sülhə nəzarət üçün 20 ildir fəaliyyət göstərirlər. Lakin tez-tez baş verən itkilərə son qoymaq, hətta bunun üçün məsul olanları müəyyən etmək üçün onların nə mandatı, nə də resursları var.

James Warlick sonda sülh sazişinin tərkib hissəsi ola biləcək altı elementə toxunub:

«Birincisi, Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq, tərəflər regionun yekun statusunu qarşılıqlı razılaşdırılan və hüquqən keçərli iradə nümayişiylə müəyyən etməlidirlər... Hər hansı aralıq status müvəqqti status olacaq.

İkincisi, Bakının nəzarətində olmayan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinə elə bir müvəqqəti status verilməlidir ki, minimum təhlükəsizlik və özünüidarəyə zəmanət olsun.

Üçüncüsü, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Azərbaycanın suverenliyinə hörmət olunmadan orada heç bir məskunlaşma aparıla bilməz.

Dördüncüsü, Ermənistanı Dağlıq Qarabağla birləşdirən dəhliz olmalıdır... Lakin dəhliz Laçın rayonunu bütünlüklə əhatə edə bilməz.

Beşincisi, qaçqın və məcburi köçkünlərin əvvəlki yaşayış yerlərinə qayıtmaq hüquqları tanınmalıdır.

Altıncı və sonuncusu, nizamlanmanın sülhyaratma əməliyyatı da daxil, beynəlxalq təhlükəsizlik təminatı olmalıdır. Bütün tərəflərin etimad etdiyi, yaxşı düşünülmüş sülhyaratma əməliyyatı olmadan sülhə təminat variantı yoxdur».
XS
SM
MD
LG