Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:26

Anar Məmmədlinin məhkəməsində şahidlərin dindirilməsi davam etdirilib


Anar Məmmədli
Anar Məmmədli
-
Mayın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Məhkəmədə 8 şahid dindirilib. Şahidlərdən Akif Azayev və Sədrəddin Namazov bildirib ki, onlar evlərini Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinə kirayə veriblərmiş. Onlar kirayə haqqını vaxtlı-vaxtında aldıqlarını deyiblər. Akif Azayev deyib ki, pulu az verəndə buna uyğun olaraq evdə təmir işləri aparılırmış.

Şahid Məmməd Məmmədzadə seçki ilə bağlı treninqlər təşkil etdiyini, buna uyğun mühasibatdan maaş aldığını bildirib.

Anar Fərəcli deyib ki, o, vətəndaşların faəllığı ilə bağlı layihələrdə iştirak edib. İmran Əliyev isə bildirib ki, seçki dövründə 8 min manat dəyərində texniki avadanlıq alıb, buna görə pulu ona mühasibatlıq verirmiş. Onlar işlədikləri dövrdə hər hansı hüquq pozuntusu görmədiklərini bildiriblər.

Müdafiə tərəfi bildirib ki, şahidlərin heç birinin ittihama aidiyyatı yoxdur. Məhkəmə isə buna sonda qiymət veriləcəyini bildirib.

Məhkəmə mayın 8-də davam edəcək.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini vicdan məhbusu sayır.
XS
SM
MD
LG