Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:32

"Bunu nə Anarda, nə Elçində, nə də Əkrəm Əylislidə görmək olar"


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
-

"Səlim Babullaoğlu

- Mən şəxsən 60-cı illər ədəbiyyatında Markesin təsirini görmürəm. Bunu nə Anarda, nə Elçində, nə Əkrəm Əylislidə görmək olar, İsa Hüseynovdan ümumiyyətlə danışmıram...

Yaşar

- Bizim yazarlarımızdan Mövlud Süleymanlıya, Afaq Məsuda, Əkrəm Əylisliyə Markesin müəyyən qədər təsirləri oldu. Hamısı bu təsirdən bəhrələnib ortaya kifayət qədər gözəl əsəsrlər qoydu".


Bu günlərdə vəfat etmiş məşhur Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in Azərbaycan ədəbiyyatına da təsiri olubmu? Olubsa, hansı yazarlara?

Bu mövzunu «Pen Klub»da yazarlar Yaşar, Səlim Babullaoğlu, Qismət, Mirmehdi Ağaoğlu müzakirə edirlər.


Səadət A.

- Mirmehdi bəy, dünya ədəbiyyatında çox az yazıçılar var ki, Azərbaycan ədəbiyyatına təsir edib. Halbuki Tolstoyun, Dostoyevskinin dünya yazıçılarına təsirindən daha çox söz açılır, amma Markes bizə rus yazarlarından daha çox yaxındır. Sizin fikirləriniz nədir bu barədə?

Mirmehdi Ağaoğlu

- İndi Tolstoy və Dostoyevskinin adını çəkdik. Dünya ədəbiyyatında elə bir yazıçı yoxdur ki, bu nəhəng fiqurların ona təsiri olmasın. Bundan əlavə Tolstoyun yazdığı realist nəsr idi. SSRİ dövründə dünya ədəbiyyatından tərcümə senzura altında idi. Markesin Rusiyada və onun ardınca Azərbaycanda tanınmasına gəlincə, bunun əsas səbəblərindən biri Markesin siyasi baxışca solçu olmasından qaynaqlanır. Amma bu o demək deyil ki, Markesin dünya ədəbiyyatında yeri ancaq solçuluğuna görə müəyyənləşmişdi, çünki o, kapitalist dünyasında da bir o qədər məşhur idi. O, dünyasını dəyişəndə bütün dünya bundan təsirlənmişdi. Yəni onun məşhurluğunu tək solçuluqla bağlamaq olmazdı. 70-ci illərdə Xruşşovun hakimiyyətə gəlməsi ilə rus ədəbiyyatı dünyaya açıldı, Bulqakov Avropada çap olunmağa başladı, əvəzində dünyadakı yeni ədəbi dəyişikliklər də SSRİ-də öz əksini tapmağa başladı. Elə bu zaman Markes tərcümə olundu. Markesin Azərbaycan dilinə ilk dəfə “Polkovnikə məktub yoxdur” əsəri İsaq İbrahimov tərəfindən çevirildi. Onun ardınca Natiq Səfərov onun hekayələrini tərcümə etdi, “Azərbaycan” jurnalında bu hekayələr dərc olundu, bütün ölkəyə yayıldı. Onun indiyədək olduğundan fərqli, qeyri-adi nəsri “İzabel Makondada yağışa baxır”, “Dünyanın ən gözəl ölüsü” bizim oxucu üçün gözlənilməz ədəbi mövzu oldu.

Səadət A.

- Axı ona qədər də Azərbaycan dilinə çoxlu tərcümələr olunmuşdu, amma ədəbiyyatımıza belə təsir etməmişdi.

Mirmehdi A.
Mirmehdi Ağaoğlu
Mirmehdi Ağaoğlu


- O dövrə qədər modernist nəsrə aid olan Folkner tərcümə olunmamışdı. Realist nəsrdən olan Heminquey tərcümə olunmuşdu. Markessə dünya ədəbiyyatında Borxesdən başlayan magik realizm, mistika, absurd ədəbiyyatın nümayəndəsi idi, o, tərcümə olunduqdan sonra, 60-cı illərin ədəbiyyatından çoxlu yazıçılar onun təsirinə düşdü, Markesdən sonra bu janr qabardılmağa başladı. “Yüz ilin tənhalığı” ilə Markes bu janra öz möhürünü vurdu. Bundan sonra Latın Amerikası ədəbiyyatı bumu yarandı, bütün dünya Markesi oxumağa başladı. Amma sonra nə üçün Azərbaycan ədəbiyyatı Markes xəstəliyinə tutuldu? Bunun əsas səbəbi o idi ki, Azərbaycan ədəbiyyatı Markesdən sonra dünya ədəbiyyatı ilə bağlarını qura bilmədi. Tutalım Folknerin bircə hekayəsi “Qırmızı yarpaqlar” Azərbaycan dilinə tərcümə olunmuşdu. Halbuki Markesin ən çox Folknerdən təsirləndiyi deyilir. Amma sonradan Folkner Azərbaycan dilinə tərcümə olunmadı. Bəlkə dünya ədəbiyyatı ilə bağlarımızı qura bilsəydik, Markes bizdə indi bu qədər populyar olmayacaqdı.

Səadət A.

- İndi yazıçı Yaşar telefon xəttindədir. Yaşar bəy, doğrudanmı Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatı ilə bağları kəsildi və ortada yalnız Markes olduğu üçün yalnız o ədəbiyyatımıza köklü təsir edə bildi?

Yaşar

- Əgər söhbət Markesin Azərbaycan ədəbiyyatına təsirindən gedirsə, bu təsir bütün dünyaya eyni dərəcədə olub. Bir az maksimalist səslənsə də, mənim fikrimcə, Markes bəlkə də yeganə dünyəvi yazıçıdır və bunu ölümü də sübut etdi. Burda məsələ təkcə Markesin Nobel mükafatı alması deyil, dünyada indiyədək təqribən 120 Nobel mükafatçısı yazar olub. Onların ölüm xəbərləri dünyanı bu qədər sarsıtmayıb, bu qədər kədərə qərq etməyib. Düzdür, Markes Azərbaycan dilinə kifayət qədər tərcümə olunub, ancaq Markesin Azərbaycan ədəbiyyatına təsiri bu tərcümələrlə bağlı deyil, Azərbaycan oxucuları onu rusca oxuyurdu. Bu təsirin əsas gücü Markesin yaratdığı Makondo kəndində idi. Ordakı insanların həyat tərzi ilə, bizim insanların həyat tərzi arasında böyük oxşarlıq var. Yaxşı ki onun bizim ciddi yazıçılara təsiri oldu. Markes ədəbiyyatı dərindən, konseptual şəkildə bilən ədəbiyyatçılarımıza təsir etdi, çünki Markesin özünün yaradıcılığı bütünlüklə ədəbiyyatın mənzərəsi idi. Onun qəhrəmanlarının hamısı gerçək həyatda prototipləri olan yazıçılardır. Bizim yazarlarımızdan Mövlud Süleymanlıya, Afaq Məsuda, Əkrəm Əylisliyə Markesin müəyyən qədər təsirləri oldu. Hamısı bu təsirdən bəhrələnib ortaya kifayət qədər gözəl əsəsrlər qoydu.

Səadət A.

- Məsələn, hansı əsərlər idi bunlar?

Yaşar

- Məsəlçün, Əkrəm Əylislinin “Dəhnə” povesti, Afaq Məsudun “İzdiham” romanındakı karnaval janrı ədəbiyyata “Patriarxın payızı”nda gətirilmiş həmin karnaval janrıdır. Mövlud Süleymanlının “Köç” romanının birinci hissəsi bütünlükdə “Yüz ilin tənhalığı”nı xatırladır. Yusif Səmədoğlunun “Qətl günü” romanı nə qədər mükəmməl əsər olsa da, onu oxuyarkən o struktur doğmalığını görürük. “Patriarxın payızı”ndakı dialoqların bəziləri “Qətl günündə” də qarşımıza çıxır. Azərbaycan ədəbiyyatına Markesin təsiri dünya yazıçıları arasında ən böyükdür. Ümumiyyətlə, bir çox dünya yazarlarının bizim ədəbiyyata təsiri olub, amma hərəsi öz dövründə təsir edib.

Səadət A.

- Yaşar bəy, adətən deyilir ki, təsirlənmək qəbahət deyil, ancaq təsirlənərək ortaya orijinal bir əsər qoymaq vacibdir. Azərbaycan yazıçıları Markesdən təsirlənərək ortaya orijinal əsər qoya bildilərmi?

Yaşar
YAŞAR
YAŞAR


- Adlarını çəkdiyim əsərlərin hamısı qiymətli əsərlərdir. Bayaq Əkrəm Əylislinin “Ətirşah masan”ını unutdum, bax orda artıq təsirlənməkdən çox Markes təhkiyəsinin olduğu kimi istifadə edilməsini görürük. Bu əsərlərin hamısı Azərbaycan nəsrinin qızıl fonduna düşən əsərlərdir. Heç bir yazıçı başqa yazıçıdan təsirlənmədən, qiymətli heç bir əsər yarada bilməz. Markes özü təsirləndiyi yüzlərlə yazıçının adını çəkir, məsəlçün rus ədəbiyyatından elə müəlliflərin adını çəkir ki, mən özüm onları Markesin müsahibələrindən oxuyub tanımışam. Biz də Markesdən təsirlənmişik, onun bizə müəyyən qədər xeyri var.

Səadət A.

- Bəs Markesin bizim ədəbiyyata zərərli təsirləri də oldumu?

Yaşar

- Zərərli deməzdim, amma bir qədər kədərləndirici təsirləri olub. Mən ilk dəfə Markesi 17-18 yaşımda oxumuşam, onda ona kədərləndim ki, bizim 60-cı illər ədəbi nəsli belə bir nəsri niyə yarada bilmədilər, Markes onlardan qabağa düşdü. Çünki, Markesin haqqında yazdığı o Makondo kəndi mənim böyüdüyüm Əmircan kəndinin adamlarından tutmuş bütün hadisələrinə qədər ona çox yaxın idi. Mən ona təəssüfləndim ki, niyə bizim yazıçılar belə bir kəndi yaza bilmədilər, hansısa bir kolumbiyalı qabağa düşüb yazdı. Yəni o ədəbiyyatı biz də yarada bilərdik.

Səadət A.

- Yaşar bəy, son olaraq soruşum, yeni yazarlara, 90-cı illərdən sonrakı ədəbi nəslə Markesin təsiri varmı?

Yaşar

- Mən Milli Kitab Mükafatının eksperti olmuşam, orda gənc yazarları oxumuşam. Amma o təsiri hiss etməmişdim. Elə Mirmehdi bəyin “Küləyi dişləyən” romanında təhkiyədə müəyyən qədər o təsir hiss olunur. Ancaq sırf təhkiyədə vardı o təsir. İndiki cavanlar o şəkildə yazmırlar, bu da zamanla bağlıdır. Artıq o nəsr öz dövrünü başa vurub. İndi nəsrə publisistika kimi, gündəlik həyat kim baxılır. Ədəbiyyatın funksiyaları bir qədər dəyişib, buna görə də indiki cavanlar başqa cürə yazırlar. Ancaq böyük ədəbiyyat öz yerini qoruyub.

Səadət A.
Səadət Akifqızı
Səadət Akifqızı


- Mirmehdi bəy, Yaşar bəy artıq Markesin gənc yazarlara təsirini görmədiyini bildirdi. Bunun sadəcə təhkiyədə qaldığını dedi. Sizin romanınızın adını da çəkdi. Bununla bağlı nə deyə bilərsiniz?

Mirmehdi A.

- Yaşar bəy doğru dedi. Mən demək olar ki, Markesin hekayələrini ilk dəfə yeniyetmə yaşlarımda oxumuşam, sonra gənc yaşlarımda onun “Polkovnikə məktub yoxdur” əsərini oxumuşam və onun təhkiyəsindən təsirlənmişəm. Yaşar bəy düz deyir ki, Makondo kəndindəki hadisələr elə Əmircan kəndində də, bizim kəndimizdə də baş verən hadisələrdir, amma Markesin gücü onda idi ki, o həmin hadisələri tamamilə başqa təhkiyə ilə yazıb oxucuya çatdırdı. Hərə orda öz kəndini, ailəsini, qohumlarını gördü. Əlbəttə, hər yazar böyük əsər oxuyanda, ona oxşamaq, ondan öyrənmək istəyir. Tutaq ki, “Yüz ilin tənhalığı”ndakı sonda dünyanın dağılması elə “Qətl günü”ndə də, deyəsən elə “Ətirşah masan”da da var.

Latın Amerikası ədəbiyyatında Lyosa kimi böyük bir yazar da var ki, 2000-ci illərdə mükafat aldı. Ancaq ondan bizim dilə elə çox tərcümə olunmayıb. Yaxud Fuentes bizim dilə tərcümə olunmayıb. Bütün bunlara görə biz hələ də Markesi yeganə böyük yazar hesab edirik və ondan bəhrələnirik.

Səadət A.

- Azərbaycan yazarları Markesin təkcə magik tərəfindənmi yararlandılar, yoxsa onun kənd təsvirini real şəkildə təsvir etdilər.

Mirmehdi A.

- Əkrəm Əylislinin təsvir etdiyi kəndin adı Buzbulaq kəndidir. Açıqca görünür ki, bu, Markesin təsvir etdiyi kənd deyil, bəlkə də o, Folknerdən təsirlənmişdi. Modernist nəsrdə Folkner ilk dəfə uydurma Yoknapatawpha kəndini yaratdı və başqa yazarlar da düşündü ki, bizim də öz xəyali kəndimiz olsun, beləliklə, xəyali kənd anlayışı yarandı. Postmodernizmdə parodiya etmək, başqa yazarın qoyduğu yolu davam etdirmək tamamilə normaldır.

Səadət A.


- İndi gənc yazar Qismət telefon xəttindədir. Onun da Markeslə bağlı fikirləri var. Qismət bəy, siz necə düşünürsünüz Markesin Azərbaycan ədəbiyyatına təsiri necədir, bunu müsbət qiymətləndirirsiniz, yoxa mənfi yanaşırsınız?

Qismət
QİSMƏT
QİSMƏT


- Markesin Azərbaycan ədəbiyyatına təsirindən danışanda daha çox üç nəfərin adı çəkilir ki, onlardan ikisi eyni zamanda Markesin tərcüməçiləri olublar. Bunlar Əkrəm Əylisli, Afaq Məsud və Mövlud Süleymanlıdır. Demək olmaz ki, bu adamlar birbaşa Markesdən təsirləniblər, ancaq onlar Markesin tərcüməçiləri olduqları üçün, təhkiyənin strukturunda, romanın texnikasının qurulmasında Markesə müəyyən qədər bənzəyirlər, amma bu bənzərliklər məncə sırf Markeslə məhdudlaşdırılmalıdır, həmin texnikanı, strukturu başqa yazıçılar da istifadə ediblər. Mənə elə gəlir Markes bizə daha çox oxucu kimi təsir edib. Markesin, ekzotik, sirli-sehirli reallığı ilə bizim reallığımızın arasındakı bənzərlik nəticədə bənzər ədəbiyyatların yaranmsına gətirib çıxarıb. Bundan əlavə istəyirəm bir qədər Markesin ölümündən danışım, yəqin hər kəs bununla razılaşar ki, son 50 ildə heç bir yazıçının ölümü dünyanı bu qədər kədərləndirməmişdi. Bir də yəqin ki, Markesin şöhrətinin cazibəsi adamlara daha çox təsir edib, nəinki yazdıqları. Bu onu anlayıb-anlamamaq kontekstində deyil, söhbət o düşüncənin, üslubun tətbiq olunmasından gedir, fikirləşmirəm ki, o bizdə kamil şəkildə tətbiq olunub. Kiçik, fraqmentar şəkildə izləri ayrı-ayrı adamların yaradıcılığında görə bilərik.

Mirmehdi A.

- Qismət Markesin şöhrətindən bəhs etdi. Markes dünyasını dəyişəndə ispandilli ədəbiyyatda bir müqayisə aparıldı ki, Servantesdən sonra dünyanın ən şöhrətli yazıçısıdır, Salman Rüşdü isə öz məqaləsində Markesi Dikkensdən sonra dünyanın ən şöhrətli yazıçısı adlandırdı. Doğrudan da o həm dünyanın ən ciddi yazıçısı kimi qəbul olunub, yəni Koelyo səviyyəsində bir yazıçı deyildi, daha ciddi idi, üstəlik də pop-idol kimi bir şəxsiyyət idi, onun ölümü dünya qəzetlərinin manşetinə çıxdı. Bu da Markesin şöhrətini göstərir. Ondan başqa ölümü ilə dünyada bu dərəcədə səs-küy yaradan bir yazıçı olmayıb.

Səadət A.

- İndi telefon xəttində şair Səlim Babullaoğludur, Səlim bəy, sizin mövqeyiniz necədir, Azərbaycan ədəbiyyatında Markesin hansı izlərini tapmaq olar?

Səlim Babullaoğlu
Səlim Babullaoğlu
Səlim Babullaoğlu


- Mən 2008-ci ildə Kiyevdə Markesin yubileyinə həsr olunmuş festivalda “Dünyanın ən gözəl təsiri” adlı bir məruzə etdim. Məruzə iştirakçılarının qarşısına qoyulan məsələ bu idi ki, Markes ayrı-ayrı xalqların ədəbiyyatına təsir edibmi? Mən də öz ölkəmiz üçün bunu araşdırmalıydım. Əvvəla, ordan başlayaq ki, mən istənilən ədəbi təsirin normal olduğunu qəbul edirəm. Çünki Markesin də sevə-sevə oxuduğu yazarlardan biri Folkner deyirdi ki, ədəbiyyat siqaretini başqa adamın siqareti ilə alışdırmağa bənzəyir. Ədəbiyyatda təsir qaçılmazdır. İkincisi, Markesin Azərbaycan oxucuları arasında populyarlıq qazanmasının vacib tərəflərindən biri o idi ki, bir çox dünya yazarı Azərbaycan dilinə birbaşa rus dilindən tərcümə olunub. Bu da müəyyən senzuranın nəticəsi idi. Burda vacib bir məqam da var ki, Markes rus dilinə 69-cu ilin sonu 70-ci ilin əvvəllərində tərcümə olunmuşdu, Azərbaycan dilinə isə 78-ci ildə tərcümə olunmuşdu.

Səadət A.

- Səlim bəy, bir məqam vurğulandı ki, 60-cı illər ədəbi nəsrimizə Markesin təsiri olub. Bu haqda nə deyə bilərsiniz?

Səlim B.

- Mən hesab edirəm ki, Markesin 60-cı illər Azərbaycan yazıçılarına təsiri olmayıb, qismən 70-lərdəki və daha sonrakı yazıçılarımıza təsiri ola bilərdi. Ona görə ki, Markesin özünün öyrəndiyi yazıçılar, o cümlədən Borxes, Dino Bussati də magik-realizm üslubunda yazırdı. Markes bu üslubu özündən uydurmamışdı. Azərbaycanlı yazıçılar da mənbə kimi Markes yox, digər yazıçılardan, hətta Kafkadan daha yaxşı bəhrələnə bilərdilər. Mən şəxsən 60-cı illər ədəbiyyatında Markesin təsirini görmürəm. Bunu nə Anarda, nə Elçində, nə Əkrəm Əylislidə görmək olar, İsa Hüseynovdan ümumiyyətlə danışmıram, onun mistik-realizmi daha qoca idi. Bəzi adamlar hesab edirlər ki, sonrakı ədəbi nəslimizə Markesin təsiri olub, bəziləri isə deyir olmayıb. Hər halda mən bu təsiri görmürəm, bizim ədəbiyyatda ədəbiyyatın istiqamətini dəyişəcək dozada Markes təsiri yoxdur. Bir yaxşı müəllifi oxuyub ondan təsirlənməmək ayıbdır, amma onu götürüb copy-paste etmək iki dəfə ayıbdır. Onun üçün də deyə bilərəm ki, təsir var, amma onu olandan artıq həddə təqdim etmək doğru deyil.
XS
SM
MD
LG