Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:17

Anar Məmmədlinin işindəki zərərçəkənlər şahidmiş


Anar Məmmədli
Anar Məmmədli
-
Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.

Anar Məmmədlinin hüquqlarının müdafiəsinə vəkil İradə Cavadova da qoşulub.

Məhkəməni xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və nümayəndəliklərinin təmsilçiləri də izləyir.

Bugünkü məhkəmədə zərərçəkənlərin ifadələri dinlənilib.

Beş zərərçəkəndən dördü deyib ki, onlar məhkəməyə şahid kimi çağırılıb. Onlar istintaq zamanı zərərçəkən kimi tanındıqlarına etiraz ediblər.

«BURDA ZƏRƏRÇƏKƏN KİMİ İFADƏ VERDİYİMƏ GÖRƏ XƏCALƏT ÇƏKİRƏM»

Onlardan biri - Sahib Rüstəmli deyib ki, məhkəmədə zərərçəkən kimi iştirak etməyinə görə utanır:

«Anar bəyi 4 ildən çoxdur tanıyıram. Mən necə zərərçəkənəm ki, Anar bəy mənə həmişə maddi və mənəvi kömək edib. Mən burda zərərçəkən kimi ifadə verdiyimə görə xəcalət çəkirəm».

İstintaq materiallarında göstərilir ki, Anar Məmmədli Sahib Rüstəmliyə aid mədaxil qəbzində göstərilən 5 min manatdan çox vəsaiti ona ödəməyib, mənimsəyib.

Sahib Rüstəmli məhkəmədə bildirdi ki, o, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə əməkdaşlığı müddətində qurumdan bir neçə dəfə iri məbləğdə pul alıb və bunu rəsmiləşdirib. O, layihələr zamanı maaş aldığını da söylədi.

«İKİ DƏFƏ ŞAHİD KİMİ ÇAĞIRDILAR, SONRA DEDİLƏR Kİ, ZƏRƏRÇƏKƏNSƏN»


İstintaqın zərərçəkən qismində tanıdığı Elşən Süleymanov məhkəmə ifadəsində göstərdi ki, istintaq onu şahid kimi dəvət edibmiş, niyə zərərçəkənə çevrildiyini bilmir:

«Məni iki dəfə şahid kimi istintaqa çağırdılar, 3-cü dəfə isə dedilər ki, səni zərərçəkən kimi tanıyırıq. Buna etiraz etsəm də, nəzərə almadılar».
İstintaq hesab edir ki, Anar Məmmədli Elşən Süleymanovdan 2200 manatlıq çek alsa da, məbləği ona ödəməyib. Elşən Süleymanov isə deyir ki, onun təşkilata, təşkilatın rəhbərliyinə qarşı heç bir mülki iddiası yoxdur, imzaladığı mədaxil orderlərində göstərilən məbləğ ona verilib.

TƏQSİRLƏNDİRİLƏN ŞƏXSLƏRİ TANIMAYAN ZƏRƏRÇƏKƏN

Cinayət işində zərərçəkən kimi tanınan Fikrət Kazımov isə təqsirləndirilən şəxsləri tanımadığını söylədi. İstintaq materiallarına görə, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi direktoru Fikrət Kazımov olan «Cipher LLC» MMC-dən təxminən 9 min manatlıq texniki avadanlıq alıb. İstintaq bu texniki avadanlığın alınmasına şübhə ilə yanaşır.

Fikrət Kazımov istintaq ifadəsində deyib ki, o, bu firmada formal direktor olub, firmanın əsl sahibi Ələkbər İsmayılov adlı tanışı olub. O, sonradan öyrənib ki, qurum ayrı-ayrı hüquqi şəxslərin adına saxta qaimə-faktura, kassa mədaxil orderlərini rəsmiləşdirir.

«ŞİKAYƏTİM ƏLƏKBƏRDƏNDİR...»

Fikrət Kazımovun məhkəmə ifadəsi zamanı vəkillərlə zərərçəkən arasında maraqlı dialoq yarandı:

- İndi sizin şikayətiniz var?

- Var.

- Kimdəndir?

- Ələkbərdən. Mənə hər ay 300 manat maaş verəcəyini demişdi, amma vermədi.

- İndi o Ələkbər haradadır?

- İçəridədir. Vergilər Nazirliyi yoxlama aparandan sonra onu həbs etdilər.

Anar Məmmədlinin vəkili Elçin Sadıqov bildirdi ki, alqı-satqı olub və vergi orqanları bu alqı-satqı əməliyyatını tanıyıb.

Fikrət Kazımov təqsirləndirilən şəxslərə qarşı heç bir iddiasının olmadığını söylədi.

Məhkəmə prosesi mayın 5-də davam edəcək.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini «vicdan məhbusu» sayır.
XS
SM
MD
LG