Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:42

Nə vaxtdan eşşəyin balasına qoduq demək söyüş olub?


Elşin Şıxlı
Elşin Şıxlı
-

Riyakarlıq qanımıza o qədər işləyib ki, “qəhvə” əvəzinə “kofe”, “fahişə” əvəzinə “pozğun qadın”, “fahişəxana” əvəzinə yeri gəldi-gəlmədi “əxlaqsızlıq yuvası”, “döş” yerinə “sinə” deyirik... ​


Elçin Şıxlı


RİYAKARLIQ

Və Mopassanın "Fahişə kişiləri"


Bu günlərdə səhər adəti üzrə işə getməzdən əvvəl yoldaşımın düzəltdiyi yaxmanı yeyə-yeyə gözucu televizora da baxırdım.

Kanalları vərəqləyirdim ki, “Dəli Kür”, İsmayıl Şıxlı, dərslik sözlərini eşitdim. Dedim, atamın bu ay 95 yaşı tamam olur, yəqin, bu barədə danışacaqlar… Amma kaş elə yaxmamı yeyəydim…

Söhbətimə davam etməzdən əvvəl, bir haşiyəyə çıxım və deyim ki, məni hələ ki, verilişlərinə dəvət edən son kanal ANS-dir.

Sağ olsunlar. Buna görə onlara minnətdaram.

O birilərinə isə necə təpiniblərsə, adım gələndə diksinirlər. Uzun sözün qısası, baxdığım kanal da elə həmənkiydi.

Amma həmkarım İlqar Mikayıloğlunun söylədiklərilə razılaşmamaq zorundayam. Niyəsini indi izah etməyə çalışacam.

“Günəbaxan” şou veriliş olsa da, bir çox hallarda çox ciddi və aktual məsələlərə toxunur və mən də dəvət olunanda həvəslə İlqarın qonağı olmağa razılıq verirəm. İnnən belə də, fikirlərini dəyişməsələr, olaram.

“Günəbaxan”da dəfələrlə dərsliklərimizdəki problemlərlə bağlı mütəxəssislərin iştirakıyla çox maraqlı müzakirələr olub. Nəyləsə razılaşmaq, nəyləsə də razılaşmamaq olar. Əsası odur ki, insanlara fikirlərini sərbəst ifadə etmək imkanı verilir. Bu isə indiki dövrdə nadir bir nemətdir və mən bunu çox yüksək dəyərləndirirəm.

Boynuma alım ki, verilişə sonadək baxmadığım üçün söhbətin nə ilə bitdiyini deyə bilmərəm, amma həmkarım İlqar bəyan edəndə ki, bəs İsmayıl Şıxlının “Dəli Kür” romanında Cahandar ağayla oğlu Şamxalın toqquşması epizodu başdan ayağa nalayiq söyüşlərlə doludur və bu azmış kimi həmin parçanı hələ bir 6-cı sinif dərsliyinə də salıblar, loxmam az qaldı boğazımda qalsın.

Bunu görən yoldaşım tez tərpənib televizoru söndürdü ki, gecikirik gedək.

Nə isə bir təhər çayımı içib getdim, ancaq yolboyu tezcə işə çatıb “Dəli Kür”dəki həmin parçanı yenidən oxumağı düşünürdüm. İndi həmin parçanı siz də oxuyun, əziz oxucularım:

“Hirsindən nə etdiyini bilməyən Şamxal atasının qolundan tutub dartındı:
- Burax deyirəm sənə!
- Kəs səsini, qancığın balası!
- Ağzını təmiz saxla, dədə!
- Kəs səsini, qancıqdan süd əmən!
- Südümə söymə!
- Ə, qoduq, mənim üstümə şeşələnirsən?!”.

Çox dramatik və faciəvi bir səhnədir. Anasının üstünə bir arvad da gətirməsi Şamxalı bunadək bir sözündən də çıxmadığı atası Cahandar ağanın üzünə ağ olmaq dərəcəsinə çatdırır.

Bütöv bir münasibətlər sistemi pozulur və dağılır – oğul atasına əl qaldırır. Dəhşətdir və elə Cahandar ağanın faciəsi də bundan başlayır, amma günah oğulda deyil, atadadır, çünki həmişə yüksək dəyərləndirdiyi kişilik kodeksini özü pozub və mövcud mizanı, yəni indi dilimizdə bir parazit ifadə kimi özünə yer edən, heç bəyənmədiyim tərzdə desəm, “balansı” dağıdıb.

İsmayıl Şıxlı realist yazıçı olub desəm, mənimlə, yəqin ki, razılaşarsınız.

Özü deyərdi ki, görmədiyi, bilmədiyi, real həyatdan gəlməyən şeylər barədə yazmır.

Və həmin epizodda, yəni atayla oğulun əlbəyaxa olduğu məqamda personajların ütülü və ədəb-ərkan çərçivələrindən kənara çıxmayan tərzdə danışması ən azından süni olmazdımı? Şəxsən mən personajların belə bir səhnədə bir-birinə “siz” deyə müraciət etməsini görsəm, həmin əsəri rəfin elə bir küncünə atardım ki, gözüm onu bir daha görməsin.

Bu bir yana, həmin epizodda ha söyüş axtardımsa, tapmadım. Vulqarizm – bəli, söyüşsə yox. Bir də ki, nə vaxtdan itin dişisinə qancıq, eşşəyin balasına isə qoduq demək söyüş olub?

Bəlkə bu sözlərə ədəbi dilimizdə qadağa qoyulub, mənim xəbərim yoxdu? Olmaya onları lüğətlərdən də siliblər? Axı bu sözlər qeyri-normativ leksika nümunəsi deyil! Və yalnız insana xitabən söylənəndə təhqir kimi qavranılır.

Mənə etiraz edə bilərsiniz ki, hər halda 6-cı sinif şagirdlərinə “Dəli Kür”dən başqa bir epizodu da təqdim edə bilərdilər. Yəqin ki, haqlısınız, amma bu yerdə daha bir sual yaranır.

Təəssüf ki, həmin dərsliyi görməmişəm və romanın həmin epizodundan da dərslik müəlliflərinin dilimizin hansı bir tərəfini göstərməkçün istifadə etmək istədiklərini bilmirəm. Yalnız güman edə bilərəm ki, mövzu “vulqarizmlər” olub. Amma bir şeyi dəqiq bilirəm ki, riyakarlıq və sünilikdən pis şey yoxdur.
İsmayıl şıxlı
İsmayıl şıxlı

Riyakarlıq qanımıza o qədər işləyib ki, “qəhvə” əvəzinə “kofe”, “fahişə” əvəzinə “pozğun qadın”, “fahişəxana” əvəzinə yeri gəldi-gəlmədi “əxlaqsızlıq yuvası”, “döş” yerinə “sinə” deyirik.

Bir anlıq təsəvvür edin ki, “çağa anasının döşünü əmir” əvəzinə, “sinəsini əmir” deyir və yazırıq. Təsəvvür etdinizmi? Şəxsən mən yox! Yaxud da toyuq yeyəndə “mənə döş əti ver” əvəzinə “sinə əti ver” deyirikmi?

Elə buna görədir ki, böyük alman ədibi Yohan Volfqanq Götenin (Yohann Wolfgang von Goethe – almanca) soyadını guya ki, abırlıymışıq kimi bilərəkdən Höte kimi veririk. Kimi aldadırıq? Bu riyakarlıq bizi hara aparacaq? Qəhvə sifariş verəndə heç kimin ağlına pis bir şey gəlməsin deyə, “qəhvə” əvəzinə “kofe” deyə-deyə dilimizi kasadlaşdırmırıqmı? “Qəhvə” deməkdən çəkinib “kofe” deyənlərimiz tərbiyəsiz, “qəhvə” sözünü bilməyənlərimizsə savadsız deyilmi?

Amma bu yerdə birincilərin günahı ikincilərdən xeyli çoxdur. Çünki bilməyəni öyrətmək olur, tərbiyəsizi isə, xüsusən də mənən pozğun olanı, islah etmək çox müşkül və bəlkə də qeyri-mümkün bir işdir.

Pozğun olmaq üçün elə mütləq küçəyə çıxıb fahişəmi olmaq lazımdır? Bir ətrafınıza baxın, görün bir hər gün, hər saat, hər an nə qədər “qəhvə” əvəzinə “kofe” deyən mənəvi fahişəylə üzləşirik?! Özü də cismini satan qadınlardan daha çox kişilərlə…

Böyük fransız yazıçı Gi de Mopassanın kiçik bir hekayəsi var – “Fahişə kişilər”. Təxminən 30-35 il əvvəl oxuduğum bu əsəri bir daha oxudum və dəhşətə gəldim.

Sanki bizə baxıb bizdən yazıb. Mopassan XIX əsrdə fransızlara baxıb yazıb “Fahişə kişilər”i, amma indi Azərbaycanda hara baxırsansa, elə belələrini görürsən…

İnanmırsız? Onda oxuyun, amma mənim tərcüməmdə, çünki Azərbaycan dilində onu ha axtardımsa, tapa bilmədim. Çünki Mopassanı belə dilimizə çevirməmişik. Bircə istisna var – ötən əsrin 80-lərində İsmayıl Şıxlı və Hamlet Qocayev böyük ustadın 30-a yaxın hekayəsini dilimizə çeviriblər. İsmayıl Şıxlı ruscadan, Hamlet Qocayevsə fransızcadan. Mən fransızca bilmirəm, ona görə də, qüsura baxmayın, tərcümədən tərcümə edəcəm.
Guy de Maupassant
Guy de Maupassant

Gi de Mopassan

Fahişə kişilər

Tez-tez eşitdiyimiz bir ifadə var: “Bu adamı görəndə ona heyran olursan, amma əslində o, fahişədir, özü də lap yekəsindən!”.

Bunu məmləkətin qara yarasına çevrilmiş kişilər barədə deyirlər.

Çünki Fransada biz kişilər hamımız fahişəyə çevrilmişik: dəyişgənik, şıltağıq, daxilən xainik, əqidə və məqsədlərimizdə ardıcıl deyilik, lap elə arvad kimi cırtqoz və zəifik.

Amma bütün fahişə-kişilərin ən murdarı gecə-gündüz bulvarlarda sülənən parislilərdir, çünki onlar zahiri intellektual parlaqlıqlarıyla gözə tez çarpır və ayağısürüşkən gözəlçələrin insanın ağlını başından alan bütün işvə və naqisliklərini özlərində, kişi olduqları üçün, daha bariz şəkildə birləşdirirlər.

Bizim deputat palatamızda fahişə-kişilərin əlindən tərpənmək olmur. Orada böyük və xoşagəlimli opportunistlər partiyası da yaradıblar. Onlar lap elə mifik “sirenalar” kimi şirin dillə yalan vədlər verərək hər şeyi idarə edirlər. Adamın əlini elə sidq ürəklə sıxırlar ki, az qalırsan onlardan ötrü özünü oda da atasan. Və yalnız onlar ilk dəfə gördükləri insanın qəlbini belə ələ ala biləcək çox məhrəm bir tərzdə:”Əziz dost”, – deyə bilirlər. Hər bir yeni fikirdən vəcdə gəlir, əqidələrini heç bir şey olmamış kimi flüger asanlığıyla dəyişir və söylədikləri yalanlara özləri qədər özgələrini də inandırır, ertəsi günsə dünən əminliklə dediklərini unudur və danırlar.

Qəzetlər də fahişə-kişilərlə doludur. Əslində, qəzetlərdə onların sayı başqa yerlərdən daha çoxdur, çünki orda onlara daha çox ehtiyac var. Hərçənd, bəzi çap orqanları istisna təşkil edir. Məsələn, “Deba” və “Qazett de Frans”.

Zatən hər bir yaxşı jurnalist bir qədər fahişə olmalıdır, yəni özünü publikanın öhdəsinə verməli, fərqinə varmadan hər ağızdan çıxan fikir və mövqenin çalarlarını belə gözdən qaçırmamaq üçün kifayət qədər çevik, qayış-baldır və dəyişkən, hər şeyə mız qoyan və eyni zamanda da inanan, qətrəhim və fədakar, itoynadan və cənab Pryudoma bənzəyən, hər şeyə maraq və eyni zamanda kinayə ilə yanaşan və heç nəyə inanmamaqla yanaşı həmişə inamlı olmalıdır.

Bizim antitipimiz olan xaricilərsə, xanım Abel demişkən, inadcıl ingilislər və ağırtaxtalı almanlar bizə təəccübdolu bir kinayə ilə baxır və elə deyəsən həmişə də baxacaqlar. Onlar bizi yelbeyin sayırlar, amma yanılırlar. Biz fahişəyik. Və elə məhz buna görə də, çatışmazlıqlarımıza baxmayaraq, bizi sevirlər, qaramıza deyinsələr də, elə buna görə yenə də yanımıza qayıdırlar, çünki bu umu-küsü sevgililərin arasındakı umu-küsüdür, zatən!..

Kübar cəmiyyətdə rastlaşdığınız fahişə-kişi o qədər cəzbedicidir ki, beşcə dəqiqəlik ünsiyyətdən sonra ona heyran olursunuz. Sizə elə gəlir ki, onun üzündəki təbəssüm yalnız sizinçündür. İstər-istəməz düşünürsünüz ki, onun səsi yalnız sizin qulağınızı oxşamaq üçün bu qədər şirindir. Və nəhayət, onunla 20 ilin dostu kimi vidalaşırsınız. Ona, müraciət etsə, hətta borca pul da verməyə hazırsınız, çünki artıq sizin ağlınızı başınızdan bir qadın kimi alıb.

Sizinlə davranışından narazısınızsa belə, ona qarşı kin saxlaya bilmirsiniz, çünki yenidən görüşəndə onun alicənablığı qarşısında duruş gətirə bilmirsiniz. O, sizdən üzr istəyəndə bunu elə acizanə edir ki, az qala özünüz onun əl-ayağına düşəsiniz! Riyakarlıq edir, yalan deyir? Yox-yox, bu, necə ola bilər axı! O, sizi barmağına dolayıb vədlərinə həmişə xilaf çıxır? Amma sizi bu da qəflət yuxusundan oyatmır, çünki o, elə şirin dillə vədlər verir ki, sanki sizin üçün dünyanın altını üstünə çevirməyə hazırdır. O artıq sizin saqqızınızı oğurlayıb!

Nədənsə xoşlandıqlarını elə ürəkdən ifadə edirlər ki, dedikləri yalan olsa belə, ürəyinizə yol tapır. Dünən o, Viktor Hüqodan ağızdolu danışırdısa, bu gün onu axmaq adlandırır. Emil Zolyaya görə duelə çıxmağa belə hazır olduğu halda, bir anda onu Barbe d’Orevilyinin ayağına verir. Və həmin məqamda onun tərifinə layiq görülənə cüzi etiraz etmək istəsəniz, sizin sözünüzü ağzınızda qoyub hətta şillələyə də bilər. Nifrət edəndə isə üzünü görməsəniz yaxşıdır, çünki sizi heç həşərat yerinə də qoymayacaq. O, artıq heç bir etiraz qəbul etmir.

Bir sözlə, o heç nəyə qulaq asmır, heç nə anlamaq istəmir.

Qulağınıza yoldan ötən iki küçə qızının söhbəti dəyir:

- Belə çıxır ki, Culiyayla ağızlaşıbsan?

- Ağızlaşıbsan nədi, ona hələ bir-iki də çəkmişəm.

- Sənə neynəmişdi ki?

- Polinaya deyib ki, ilin on üç ayını acından köpük qusuram. Polina da bunu Qontranın ovcuna qoyub. Başa düşdün?

- Bə siz Klozel küçəsində bir yerdə yaşamırdız?

- Biz düz dörd il Bred küçəsində yaşamışıq, amma sonra bir cüt corab üstündə küsüşdük. Dedi ki, guya mən onun Marten arvaddan aldığı o həmin ipək corabları geyinmişəm. Ağ yalandı. Mən də dərsini verdim. Elə o gedəndi. Bir yarım il qabaq olar, təsadüfən rastlaşdıq. Nə isə, xoş-beş on beşdən sonra qayıtdı ki, lazım olandan iki dəfə böyük bir yer kirayələmişəm, gəl köç yanıma.

Söhbətin nə ilə bitəcəyini gözləməyib yolunuza davam edirsiz.

Amma növbəti bazar günü Sen-Jermenə getdiyiniz qatara iki cavan qadın da minir. Onlardan birini dərhal tanıyırsınız – Culiyanın düşməni olandı. Bəs o birisi kimdi görəsən? Söhbət əsnasında anlayırsız ki, bu elə Culiyanın özüdür.

Onlar aralarında heç nə olmamış kimi xosunlaşırlar:”Ay Culiya, desən… Bir gör nə deyirəm, ay Culiya” və daha nələr.

Fahişə-kişinin dostluğu da buna bənzəyir. Üç ay ərzində hara getsəniz, onu qoca və sevimli Jakıyla görəcəksiz. Jakdan yoxdu. Onu qədər zəki, dərrakəli və istedadlısı yer üzündə ola bilməz. Parisdə isə ona heç kim çatmaz. Onlar birgə gəzir, nahar edir, küçələri dolaşır və hər axşam bir-birlərindən heç cür ayrıla bilmədiklərindən az qala on dəfə bir-birlərini evə yola salırlar.

Amma üç ayın tamamında görün onun yanında Jakın adını çəkə bilirsizmi.

- Onu qədər fırıldaq, alçaq, şərəfsizi yoxdur! Açıldı iç üzü! Şəkk-şübhəniz olmasın, onda nə bir damcı adamlıq, nə də tərbiyə var və daha nə bilim nələr.
Üstündən bir üç ay da keçir və görürsüz ki, yenə də bir yerdə yaşayırlar. Amma günün birində eşidirsiniz ki, duelə çıxıblar, sonra da göz yaşları içində bir-birlərini bağrına basıblar.

Bununla belə, onlar dünyanın ən sadiq dostlarıdırlar. Hərçənd, ilin bir yarısını qanlı-bıçaq olub biri digərinə hədyan yağdırır, sonra barışıb qardaşlaşır, elə qucaqlaşırlar ki, az qala sümükləri şaqqıldayır. Amma bununla da bitmir, bir də görürsən anlaşılmazlıq üzündən yenidən biri digərinin qanına susayır.

Fahişə-kişilərin münasibətləri sabit deyil. Onların hiss və keyfləri durduğu yerdəcə dəyişir, sevindikləri yerdə dilxor olur, bir an əvvəl istədiyinə nifrət edir, səcdə etdiyinə biganələşir. Çünki nə deyirsiz deyin, onlar həm təbiətən fahişədirlər, həm də zahirən, çılğınlıqları da fahişə çılğınlığıdır. Onların hissləri fahişə məhəbbətindən o yana gedə bilməz.

Onlar üçün dost yüngül və yelbeyin qızın tulası kimi bir şeydir.

Ürəkləri getdiyi tulanı gah duz kimi yalayır, şəkərlə yemləyir, yataqlarına salıb yastıqda yatızdırırlar, gah da ovqatları təlx olanda qıçından tutub pəncərədən çölə vızıldadır, quyruğundan yapışıb sapand kimi fırladırlar. Sonra təzədən yazığı qucaqlayırlar və özünə gəlməyə macal tapmamış basırlar bumbuz su dolu vedrənin içinə.

Amma bütün bunlar əsl fahişə ilə fahişə-kişinin qarşılıqlı məhəbbətinin yanında heç nədir! Kişi tayı yumruqlayır, arvad tayı cırmaqlayır, çünki onların bir-birini görməyə gözü olmasa da, ayrıla da bilmirlər – onlar anlaşılmaz və çox mücərrəd hisslərlə bağlıdırlar. Kişi tayı arvad tayının xəyanətini bilsə də, onu bağışlayır. Hönkür-hönkür ağlayır, amma yenə də bağışlayır. Oynaşın saxladığı arvadla bir yastığa baş qoyub dəyyusluğu boynuna alır, amma bunda heç bir qəbahət görmür. Fahişəni həm sevir, həm də ona nifrət edir və anlamaq istəmir ki, onun da ona eyni şəkildə nifrət etməyə haqqı var. Bir-birlərinə olmazın işgəncə versələr də, ayrıla da bilmirlər. Gecə-gündüz bir-birlərini qırır, olmazın dərəcədə alçaldır, hədyanlar söyləyirlər və nəticədə qeyzlənib hirslərindən titim-titim titrəsələr də, bir-birilərinin ağuşuna atılıb özlərini uzun-uzadı şəhvətli öpüşlərə qərq edirlər – çünki hər ikisi mənən fahişədir.

Kişi-fahişə həm cəsur, həm də qorxaqdır. O, özündən başqa hamını biqeyrət sayır, amma bilmir ki, sadəcə, dürüstlükdən belə məhrumdur. Bir balaca dara düşəndə isə zəiflik göstərib alçaqlıq edəcək və elə biləcək ki, elə belə də olmalıdır, çünki ən azından yelbeyindir və hisslərinə hakim ola bilmir.

Mal yiyəsini aldatmaq onun üçün adi bir şeydir, çünki o, aldatmaya bilmir. Borcu qaytarmamaq, zənnincə, ona şərəf gətirir. Qumar borcu istisnadır, çünki əlləm-qəlləm işdir qumar. Kübar cəmiyyətinin çərçivələri daxilində o, hətta fırıldaqçılıq da edə bilər. Məsələn, pula ehtiyacı varsa, dəridən-qabıqdan çıxıb hər cür borca girəcək, amma onu heç qaytarmaq fikri də olmayacaq. Borc verəni isə hər vəchlə aldatmağa və borclu çıxartmağa çalışacaq. Və bundan sonra onun əslində kim olduğunu üzünə deyəni kimliyindən asılı olmayaraq qılıncdan da keçirəcək.

"Ayna" qəzeti
elchin@zerkalo.az
XS
SM
MD
LG