Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:14

«Putin-in Krımı işğal etməsi 1905-ci ildir»


Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
Vəfa Quluzadə (Foto: Samirə Nəcəf)
-
«Ukraynadakı durum regionda sabitliyi saxlamaq naminə Dağlıq Qarabağ məsələsinin mümkün qədər tez dinc yolla həllinin niyə vacib olduğunu göstərir. Münaqişənin davam etməsinin nə Ermənistan, nə də Azərbaycana faydası var». ABŞ Səfirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən açıqlamada belə deyilir.

Krım referendumundan sonra Dağlıq Qarabağ konfliktinin həlli necə olacaq? Rusiyanın Minsk Qrupunda qalması mümkündürmü? Politoloq Vəfa Quluzadə AzadlıqRadiosunun suallarını cavablandırır:


– Krımdan sonra Qarabağ məsələsində problemlər var. Minsk qrupu konflikti Dağlıq Qarabağda referendum keçirməklə həll etmək istəyirdi. İndi gördülər ki, referendumlar saxta olur. Krımdakı saxta referendum böyük bir problem yaratdı və bu, hələ uzun çəkəcək. Azərbaycanlıları etnik təmizləmə ilə Dağlıq Qarabağdan çıxarandan sonra orada heç bir referendum keçirmək olmaz. Ona görə həmsədrlər bu barədə düşünüb yeni təkliflər verməlidirlər. İkinci məsələ isə Rusiyanın qrupda həmsədrliyidir. Rusiya qrupda qalacaqsa, münaqişə onun kefi istəyən kimi həll olunacaq. Burada heç bir beynəlxalq hüquq, ya qanun işləməyəcək.

– Yəni Rusiya bundan sonra qala bilərmi Minsk qrupunda, Sizcə?

– Rusiya niyə Minsk qrupuna daxil edildi? Çünki Rusiya Budapeşt samitində Dağlıq Qarabağı işğal etməyə mandat tələb edirdi. BMT-nin mandatını istəyirdi. Lakin ABŞ buna etiraz etdi. Onda Rusiyaya regionun ən böyük dövləti olduğuna görə daimi həmsədrlik təklif etdilər, Rusiya da buna razılaşdı. Daimi həmsədr də o deməkdir ki, onun razılığı olmadan digər həmsədrlər – ABŞ və Fransa heç nə edə bilməzlər. Ona görə Rusiya Minsk qrupunda olana qədər Dağlıq Qarabağ məsələsi ya həll olunmayacaq, ya da ki, Krımdakı kimi nəticələr verəcək. Bir gün görəcəksiz ki, Rusiyanın köməyi ilə Ermənistan qüvvələri Azərbaycana hücum çəkəcək, özümüzü də bunda ittiham edəcəklər. Rusiya Dağlıq Qarabağda istədiyini edəcək və «fait accompli», yəni baş vermiş fakt prinsipi ilə məsələni öz xeyrinə həll edəcək. Krım göstərdi ki, Rusiya bütün regionlara təhlükədir – Dağlıq Qarabağ münaqişəsindən Azərbaycanda yararlanıb hakimiyyəti dəyişə bilər, Qazaxıstana qoşun yeridə bilər, Dnestryanı bölgəni tərkibinə qata bilər. Yəni, Krım məsələsində qarşısını almasalar, Rusiya istədiyini edəcək.

– ABŞ səfirliyi bildirir ki, Ukraynadakı hadisələr Dağlıq Qarabağ münaqişəsinin tez həll olunmasının vacibliyini göstərdi.

– Amerika səfirindən soruşmaq istəyirəm ki «necə»? Gedin Rusiyanı təcrid edin, neytrallaşdırın, tezliklə həll edək. Yoxsa tezliklə həll olunmaq imkanı yoxdur.

– Münaqişənin tezliklə həll olunmamasının nə fəsadı ola bilər? Nə baş verə bilər?

– Rusiya Ukraynanı işğal edib, bir hissəsini tərkibinə qatır. Qərb bunun qarşısında susur. Sanksiyalar Rusiyaya təsir etmir, Rusiya gəlib Sovet İttifaqını bərpa edir. Biz yenidən Rusiyanın tərkibində olacağıq, ancaq Zhirinovsky-nin dediyi kimi, müstəqil respublika kimi yox, Rusiyanın quberniyası, əyaləti kimi. Artıq Rusiya bunu səsləndirir ki, biz Sovet İttifaqını qaytarırıq. Qərb nəsə cavab vermir. Putinin fikirlərini səsləndirmək üçün ortalığa Zhirinovsky-ni buraxıblar. Hamı da deyir ki, o, bir təlxəkdir. Təlxək-zad deyil. Zhirinovsky Putin-in fikirlərini səsləndirir, ondan sonra bu fikirlər həyata keçir.

– Yəni Krım bir başlanğıcdır, eləmi?

– Krımın işğalı səbəbi ondan ibarətdir ki, Putin-in 15 illik hakimiyyəti dövründə Rusiyada iqtisadiyyat düşüb, özbaşınalıq, korrupsiya baş alıb gedir. Putin bunlara cavab verməliydi. Ancaq Krım müharibəsi ilə ölkədəki vəziyyətin günahını Amerika və Avropanın boynuna atacaq. Deyəcək ki, onların sanksiyalarına görə rus xalqı pis yaşayır, Putin-in 15 illik fəaliyyətinə görə yox.

– Vəfa müəllim, həmişə deyirdiniz Rusiya çökəcək. Hələ ki, çökməyib.

– Rusiya çökmək qarşısındadır ki, müharibə edir də. Bəli. Çar hökuməti çökəndə, 1905-ci ildə Yaponiya ilə müharibə etdi. Dedi bizə bir müharibə lazımdır ki, inqilabi dalğanı söndürək. Bu müharibədən sonra bu inqilabi dalğa bir müddət söndü. Ancaq 1917-ci ildə bir də qalxdı. İndi Putin-in Krımı işğal etməsi 1905-ci ildir. Görək o da 10 il çəkəcəkmi, yoxsa qısa müddətə baş verəcək bu əhvalatlar?
XS
SM
MD
LG