Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:42

Kiyan Xiyav. Şeirlər


Kiyan Xiyav
Kiyan Xiyav

-

ŞEİRLƏR

***

Başımın üstündə durduğumu gördüm,
Mışı -mışıl uyumuşkən ordaydım.
Ağarmış saçlarım qaralmışdı,
Alnımın qırışları itmişdi.
Gözlərimin acısı şirin şirin,
Sıxı kipriklərimin arxasında yatmışdı...
Oyan!
Dədə oyan!
Sənin izini itirmişəm dedim,
Oyan, bu sonsuz ılğımda,
İzini itirmişəm dedim, eşidirmisən...

Əllərinin bıçağını verdi,
Əllərinin ağırlığını.
Barmaqlarının sıcaq tərini verdi,
Qardaşcasına görüşdü mənimlə,
Əllərimdən tanıdım özümü.

***

Adını söyləmədin
Dilindən dilimə.
Ağzından ağzıma
Dişindən dişimə girişdin.
Səni
Dodaqlarımda duydum açılırkən,
Gözlərimdə duydum yumulurkən.
Səni
Dərimin gərilməsində,
Qanımın qıvraqlaşmasında,
Ürəyimin boğazıma sıçramasında,
Səni gövdəmin instinkt çaxnaşmasında duydum.
Sən,
Hansı əsgiməz dənəyimdin sən
Adını söyləmədin.

***

Yanlış anlama haaa,
Mən,
Sən deyiləm.
Deyilməmiş, oxunan bir “ s..dirəcəksiniz” sözcüyü var dilimdə...
Atılmamış dəyən bir daş var əlimdə.
Yanlış anlama haaa,
Əlinə daş almaqla deyil.

***

Yoxsa axşam oldu yenə,
Yoxsa güzmü gəlmiş gəlin, o qapını aç bayıra baxım.
Yoxsa mən ölmüşdüm,
Yoxsa barmaqlarımdan duyarlıq itmişdi.
Yoxsa alnımda tər muncuqları soyumuş,
Yoxsa axşam oldu yenə.
Yoxsa güzmü gəlmiş gəlin, o qapını aç bayıra baxım.

***

Dəniz dalğalarıyla,
Ağac yarpaqlarıyla danışır.
Mən
Dilimi ağzımın boşluğuna sərmişəm dincəlsin,
Yalan bazarına qız buraxmıram.
Bu an qum dilində
Barmaqlarımla danışıram.
Bax,
Ovcumdan süzülən qumda sənin adın var.

***

Mən gözlərimi yumurkən anımsayıram,
Bütün boyaları anımsayıram.
Buludların köynəyində yeli,
Qışın arxasında günəşi.


Gerçəklikləri anımsayıram,
Mən gözlərimi yumurkən,
Bütün gerçəkliklərin girişimində
Başqalıqlar duyuram.
Doğalında beləymiş
Yalnıq diliylə.

Sevgili Elyada sunulmuşdur

Bir də düşün,
Sən yoxsan.
Yağış yağır,
Gömgöy baxışlarıyla.
Köynəyi islanmış bir oğlan,
Alma qoxuyan bir qızın
İslaq saçlarının alovundan əmir.
Püncünə odun yığırlar,
Qızındığın otaqda qızınırlar.
Bardağında çay içirlər,
Yatağında yatırlar.
Bir də
düşün,
Sən yoxsan,
Günəş var.
Ağac var,
yarpaq var.
Bir də
Yenicə ayılmış torpaqda
yeni sevgilər.


Tanqosuz Təbriz

Qoşuq- öykü (şeir-hekayə)

Rus şairi Anna Axmatova və italyan rəssamı Modilyaninin ruhuna ithaf olunur.


(Italiyanın adlım çizəri Amadeo Modilyani və rus adlım qoşuqçusu Anna Axmatovanın 1910-1911-ci illərdə, bir il-bir il yarım sürən bir tanışlıqları olur, sonra tez də ayrılırlar. Çox uzun sürməyən bu evlilikdən Anna xanımın Amadeonun əlləriylə çəkilmiş bir portreti, çılpaq tablosu qalır. Bu dizgə- poema, bu iki insanın böyük ruhlarına sunulur.)



Sonuncu tanqo oynanar gözəl parisdə
Bir qəzetə çıxar super titriylə:
Hitler özünü öldürdü
Mossolini asıldı!
Bizsə yasaqca təbrizdə yeddi oğul istərik hoooo
Yeddi oğul özü də turin atı kəhər
Hamısının da adı marlon brandoooo!

Post modernizmin janrı reklam olunar dünyada
Burada naturalçılar bətimləmə öyrənər
Biz kolera illərinin sevgisiylə yaşayarıq
Bir sovurma sazaqlı qış gecəsini
Keçirmək istəyərək doğma təbrizdə.

Təbrizdə tanqo oynanmaz anna xanım!
Sovurma sazaqda saçlar sırsıra bağlar oynamaz
Polislər var- yoxumuzu listəyə alar
Başlanmadan bitən bir öykücük olar sevgimiz
Getmədiyimiz yollarda itirərik bir-birimizi
Qalmadığımız evlərdə itirərik özümüzü
Sonra batdıqca batarıq
Yolçuluğa çıxmadığımız ölkələrin poxlu bağırsaqlarında.
Sonunda adını küləyə yazaram
Təbrizin sovurma sazaqlarına
Yuvarlaq bir alma yuvarlanar qadın yer üzündə yellərdə
Bulunmayacaqca gedər uzaqlara
Yurd salmaz, yuva bağlamaz, ağlamaz da
Ağlar- gülər ayımız da ağlamaz, gülməz.

Hankısa bir qıya işləmiş qatili axtarar məndə polislər
Dörd qurşun yerinə dönər taxta qapımızda iki gözüm, gözüm!
Gözlərim dörd olar səni axtarmaqda, gözləməkdə
Parisin gözəlliyinə köçmək keçər içimdən, keçərsiz bu!
Monparnasda qoşuqçular arasında anlam axtarmaq olar səni axtarmaq.

Sonuncu tanqo oynanar gözəl parisdə
Gənclər öpüşə- öpüşə baş qaldırar sinəmalar önündə
Kafka çekli ola-ola alman dilində yazar
Ayıtmatov qırqız ola-ola rusca
Təbrizdə ancaq tanqo oynanmaz
Baş qaldırılmaz tərbiyət teatr evi kökündən yoxkən
Sən doğma təbrizdə farsca yazarsan
Və mən...!

Dil- dil ötən bu dil dəm aldığım dildir, görürsənmi?
Bu dil təbrizin ağzında quruyan acı çay dili
Bu dil araz qulağında dalqaların batan səsi
Bu dil urmunun gölündə flaminqo qanadından düşən umud lələyi
Bu dil qəm pəncərəsində,
Mirzə cəlilin gözündən qaçan ışıq iyidir.
Və dil şuvaliyyələrin qorxduğu dost
Və dil diktatorların qənimidir.
Və dil mənəm
Öncə bal kimi dediyin
Sonra da duza yatırıb getdiyin.
Və dil sənsən
Yoruldum da bir yol bulmadım sənə
Barı bir yol ver mənə!

Dil sənin gözlərindir anna xanım
Min bir boya var içində hamısı qaraya çalan.
Mən orda araz suyuyla yazılmış bir dizəyəm
Təbrizin yüz illik susqun dodağında.
Və mən səni anladan bir amadeo modilyani
Min bir boya var içimdə hamısı qaraya çalan.
Sən mənim modelim belə deyilsən anna xanım!
Anlatdığım bütün acı-ağrılı gözəlliklərin özüsən.

Bax, bütün nəsnələr qaraya çalır
Saçlarımızdakı dən də ayrılıq ağı deyil
Savaşın və yoxsulluğun qopardığı qum fırtınalarıdır
Sənə qımız qoxulu bir qızıl gül belə demərəm insanım
Sağın ancaq yaxama sancılmayasan
Dən-dən olarsan, qorxuram.

Qorxuram səni duymayıb düşünməyəcəyimdən
Qorxuram balta ağzına dönsün erkək əllərim
Ağzı açıq qalsın önümdə köklü bir ağacın.
Qorxuram bir gülündən min gülü açılacaq yazın
Yolunu bağlayacağımdan
Qorxuram qorxacağımdan
Və qorxacağımdan bunca sinirlənirəm, bağışla!

Təbrizin qəfələrində dava- dalaşmağım gəlir
Polis məni neyləsin? Neyləyəcək?
Mən bir yeri yandıracaq od deyiləm
Söndürəcək su deyiləm
Kimsiz, kimsəsiz, kimliksiz yaşaram öz parisimdə
Yaşamaq evi bahadır qala bilmirəm dünyada anna xanım!
Evimi dəyişmək gərək
Ucuz ölüm evi harda satılır görən?

Təbrizdə tanqo oynanmaz anna xanım
Saçlarını suçlarıma sərəcəyim
Döşlərini düşlərimə döyəcəyim
Qənirsizliyinə qoşuq qoşacağım bir modelim sevgili yox
Sovurma sazaqlı qışdan bir gecəni
Doğma təbrizdə keçirmək üçün anam belə yox
Yoldaşlarımın anası suzanna valadon deyil
Indi mən neyləyəcəyəm polis idarəsində?
Sənli-sənsiz yaşamaq evi bahadır anna xanım
Bir ucuz ölüm evi var hardasa, haradır? Soraq!

Neyləmək? Suçumuz nədir?
Dünyamızın incə sənət mərkəzinə çevrildi gözəl paris
Təbrizsə yüz illər geri
Irminci yüz ilin ilk illərindən.
Savaşlar və yoxsulluqlar sürəsində
Qoşuqları alıb satan yox təbrizdə
Burax ancaq
Burax birdən acsam sənə, sususam
Soyub soyundurmaq üçün bir qırmızı buluz bulunar sözsüz
Ağ-apbaq bir təbriz şukulatının əynində.
Və dünyanın bahalı evində saxlanan qoşuqlarım
Sonunda götürülməyəcək ölümün ucuz evinə, bilirəm.
Ölümün ucuz evində
Bir daha yenidən yenə acımdan və susuzumdan öləcəyəm
Quş qəfəsində kimi öləcəyəm sənsiz.

Ölümün ucuz evində tanqo oynanmaz anna xanım!
Turşa şirin çalar oyun havaları təbrizin
Şənlikləri belə nisgil qoxuyar.
Burax, dadlı dodaqlarını yorma
Öpüş çizilməz zindanın daş saçlarına.
Bütün daşları məzar daşıdır bu şəhərin
Oynasa bir ölüləri oynar çiyin-çiyinə ayaqlar altda.
Və mən sənsiz modilyani yaşamını yaşaram anna xanım
Qoşuqlarımın imgə-simgəsində.

Var get modilyani, var get
Acılarından keçməyə mirabo körpün olmadı anna xanım
Özündən bir körpü ara
Keç
Qurtar!
Bir bardaq daha içməyə içgin olmaz anna xanım
Özündən bir armudu istikan ara

Qurtar!
Yaşama nədən qalmadı səndə annasız
Nisgil qan yağışı oldu gözlərində
Nisgil alkoqollu içgilər yağışı
Yağdı monparnasın qəfələrinə.
Damla- damla pıçaq tiyəsi ələndi gövdənə yoldaşlar
Göz-göz oldu yaraların
Savaşlar, yoxsulluq və yoxsunluqdan.
Var get modilyani, var get
Öl
Qurtar!

1391/ 11/ 19 (2013)

Anna Axmatovanın rəsmi. Amadeo Modigliani, 1910
Anna Axmatovanın rəsmi. Amadeo Modigliani, 1910

XS
SM
MD
LG