Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:13

«Sən bizimsən, bizimsən, durduqca bədəndə can…» kimin qələmindən çıxıb?


Əmin Abid Gültəkin
Əmin Abid Gültəkin
-
«20-ci illərdə Əmin Abid qədər üsyankar və siyasi məzmunlu şeirlər yazan ikinci bir şairimiz yoxdur».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Əmin Abid Gültəkin yaradıcılığının araşdırıcısı Əli Şamil söylədi.

«PAÇAVRA BAYRAĞIN BİR GÜN SOLACAQ,
AZƏRBAYCAN YENƏ MƏNİM OLACAQ!»


Onun sözlərinə görə, o dövrdə bu ruhlu şeirlər yazanlar az olmayıb:

«Əli Yusif var, Sənan var, Əhməd Cavad, Almas İldırım var – amma bunlarda daha çox həsrət, sızıltı qabarır. Əmin Abiddə isə üsyankarlıq, mübarizlik, döyüşkənlik çoxdur. 25-26 yaşlarında yazdığı «Bayrağım və istiqlalım» şeirindəki üsyankarlıq və uzaqgörənlik heyrət doğurur. Məsələn, bolşevik istilaçılara deyir: «Paçavra (əski-S.İ.) bayrağın bir gün solacaq, Azərbaycan yenə mənim olacaq!»… Bu adam bilirmiş ki, Azərbaycanda yenə üçrəngli bayraq dalğalanacaq!».

«ƏMİN ABİD RƏSULZADƏNİN QOHUMU OLUB»

Əli Şamil Əmin Abidin (Zeynalabdin Mütəllib oğlu Əhmədov) 1898-ci ildə Bakıda doğulduğunu bildirir:

«Atası daşyonan olub. Anası Molla Reyhan uşaqlara, qadınlara evində Quran kursları keçərmiş. Adnanovlar soyadından olan Reyhan xanım Novxanı kəndindənmiş. Əmin Abid ana tərəfdən Məhəmməd Əmin Rəsulzadəgilə qohummuş. Ata tərəfdənsə sonuncu Bakı xanı Hüseynqulu xanın nəslindəndir. Ruslar Bakını işğal edəndə, onların ailələrinə divan tutublar. Ulu babaları Novruz çətinliklə sağ qalıb, indiki «Nizami» metrosunun yanında kiçik bir yer taparaq orada yaşayıb. O məhəlləyə «Novxanılar məhəlləsi» deyərmişlər. Rəsulzadələr də o məhəllədə yaşayır və təbii ki, bir-birini tanıyırdılar».

ŞAİR ƏLİABBAS MÜZNİB – ƏMİN ABİDİN BÖYÜK QARDAŞI…

Əli Şamil Əmin Abidin qardaşı Əliabbas Müznibin də çar dövründə çox üsyankar şair olduğunu deyir:

«Araba düzəltməklə dolanan Əliabbas öz üzərində işləməklə o dövrün məşhur şairi, vətənsevəri, naşiri olmağı bacarıb. Bir neçə qəzet və jurnalın redaktoru olub. Sibirə sürgün edilib. Bəraət alıb qayıdandan sonra Əbülfət adlı qardaşının adına mətbəə açıb, qəzet-jurnal nəşr etməyə başlayıb. Əmin Abid ilk təhsilini anası Reyhan xanımdan alıb, daha sonra «III Aleksandr Gimnaziyası»nda oxuyub. O da böyük qardaşının yanında «Dirilik» və «Babayi-Əmir» jurnallarında çalışıb. Şeirlər, yurdsevərlik, insansevərlik və zaman-zaman, millətçilik aşılayan hekayələr yazıb».

ƏMİN ABİDİN İSTANBULA BİRİNCİ GEDİŞİ

Araşdırıcı Əmin Abidin ilk dəfə İstanbula 1918-ci ildə getdiyini bildirir:

«Çox çətinliklə də olsa, dövlətə müraciət edib İstanbulda öz hesabına oxumaq istədiyini bildirir və icazə alır. Orada Darulmuəllimi, yəni müəllimlər institutunu bitirib. İstanbulda nələr edib, harada olub, yaxud Bakıya qayıdandan sonra başına nələr gəlib, – bu barədə heç bir yerdə hər hansı məlumat tapa bilməmişəm».

Əmin Abid Gültəkin
Əmin Abid Gültəkin
İKİNCİ GEDİŞ

Əmin Abid İstanbula bolşevik işğalından sonra da gedib:

«İkinci gedişdə İstanbul Darülfünununda (universitet-S.İ.) ədəbiyyat fakültəsində oxumağa başlayıb. Sovet hökuməti ona ayda 35 manat təqaüd də verib. Vyanada, Qəzvində, Ərzurumda, Budapeştdə elmi ezamiyyətdə olub. 1926-cı ildə 400 səhifəlik Azərbaycan ədəbiyyatının son dövrünə dair bir əsər yazaraq müdafiə edib. Əmin Abidin İstanbul dövrü M.Ə. Rəsulzadənin İstanbula gəlməsiylə eyni vaxta düşüb. Onun gəlişi Azərbaycan mühacirətində canlanma yaradıb. Rəsulzadənin nəşr etdiyi «Yeni Qafqasiya» jurnalında Əmin Abid şöbə müdiri olub. Mən bunu KQB-nin (DTK--S.İ.) xaricə göndərdiyi gizli məktublardan öyrəndim».

ARXİVLƏR AÇILANDA...

Əli Şamil vaxtilə bu yöndə bəzi araşdırmalara baş vurduğunu söylədi:

«Türkiyəyə yollar açılandan sonra hamı deyirdi ki, «Gültəkin» Əmin Abidin taxma imzasıdır. Ancaq ortada heç bir qaynaq yox idi. Hətta Türkiyədəki Azərbaycan mühacirətinin təmsilçiləri – Məhəmməd Kəngərli və Əhməd Qaraca da deyirdilər ki, Gültəkin – Əmin Abiddir, amma ortada sübut yox idi. Nəhayət, «KQB» arxivini araşdıranda, anladım ki, Əmin Abidin «Gültəkin» olduğunu hələ o dövrlərdə Bakıda bilirlərmiş. Orada qeyd edilir ki, Əmin Abid sovet hökumətindən ayda 35 dollar təqaüd alsa da, «Gültəkin» imzasıyla sovetlərin əleyhinə çox kəskin şeirlər yazır...».

«GÜLTƏKİN» – ƏMİN ABİDDİR!

Araşdırıcı bundan sonra Əmin Abidin «Gültəkin» olduğuna inanıb:

«Onu ora ona görə göndərmişdilər ki, orta və ali məktəblər üçün «Azərbaycan Ədəbiyyatı Tarixi» dərsliyi yazsın. Əmin Abid həm dərslik yazır, həm Türkiyənin qəzet və jurnallarında çıxış edir, həm də gizli imza ilə antisovet, antirus şeirlər yazırdı: «Paçavra bayrağın bir gün solacaq, Azərbaycan yenə mənim olacaq!».

«BİZİMKİSİ BİR AŞK HEKAYESİ...»

Əli Şamil həmin dövrdə Əmin Abidin həyatında baş verən önəmli bir hadisədən də söz açdı:

«O dövrdə Yunanıstanda doğulmuş və atası öldüyündən anasının qohumlarının yanına İstanbula köçmüş Nafiyə xanımla tanış olur. İstanbul Universitetində oxuyan Nafiyə xanımın şairliyi də olub. Qəribə bir məhəbbət, qəribə tale, bir-birinə bağlı iki adam, Vətən, millət yolunda şəhid olmuş ər və arvad! 1925-ci ildə evləniblər. 1927-ci ildə Əmin Abid universiteti bitirib Bakıya gələndə, Nafiyə xanım da təhsilini yarıda buraxıb Bakıya gəlib. O dövrdə Bakıda savadlı kadrlara ehtiyac vardı. Ya qaçmışdılar, ya qırmışdılar...».

ƏMİN ABİD BAKIYA NİYƏ QAYITDI?

Aparıcının: «Sovetlər əleyhinə o cür kəskin şeirlər yazan Əmin Abid Bakıya nədən qayıtdı» sualını araşdırıcı belə cavabladı:​

«Çətin sualdır... Mənə elə gəlir ki, onları mühacir təşkilatı Bakıya göndərmişdi. Getməyə bilməzdilər. Məhəmməd Əmin Rəsulzadə belə məsləhət bilibsə... getməliydilər: «Yaşa, ey həsrətlə doğan istiqlal! Yaşa, ey türk, yaşa ey gözəl hilal!».

Nafiyə xanım
Nafiyə xanım
«BAKIDA ONU YAXŞI QARŞILAYIBLAR!»

Nə qədər təəccüblü olsa da, Əli Şamil Bakıda Əmin Abidin yaxşı qarşılandığını söyləyir:

«Darülmüəllimdə dərs verdilər. Pedaqoji texnikumda, universitetdə dərs deməyə başladı, Tədqiq Tətəbbö Cəmiyyətində işlədi. Ona Azərbaycan Ədəbiyyatı Tarixini yazmağı tapşırdılar. «Kommunist» qəzetində məqalələri çap olunmağa başladı. «Oğuznamə»ylə bağlı mühazirələr oxudu. Və KQB gördü ki, bunun dedikləri sovet hökumətinin istədiyi şey deyil... O, türkçülükdən, milli məsələdən, «Oğuznamə»dən danışırdı, onlarasa şüarlar söyləyən, mədhiyyələr oxuyan adamlar lazım idi».

SÜRGÜN

Əmin Abidin qara günləri Bakıya gəldikdən iki il sonra – 1929-cu ildən başlanır:

«1929-cu ildə Əmin Abidin adı ilk dəfə qara siyahıya düşdü... Əmin Abidin Nigar Rəfibəyliyə bəzi hekayələrini verib oxutdurduğu, tələbələrə Türkiyədən gətirdiyi milli hisslər aşılayan jurnallar verdiyi, millətçi iş apardığı KQB-nin arayışlarında əksini tapıb... 1929-cu ildə tələbələrin gizli «Gənc Azər» təşkilatının üzvləri həbs ediləndə Əmin Abidin də adı istintaqda millətçi kimi hallanıb. Əmin Abidi Bakıdan uzaqlaşdırıb, rayonlarda işləməyə -- orta məktəblərdə, texnikumlarda dərs deməyə göndərdilər. Bunun adı sürgün idi... Qubada, Ağdamda, Ağdaşda, Kürdəmirdə işlədi, amma elmi yaradıcılığından da qalmadı».

«ƏMİN ABİD BAKIDA ŞEİR YAZMAYIB!»

«Buzlu cəhənnəm»kitabı
«Buzlu cəhənnəm»kitabı
Əli Şamil bu dövrdə Əmin Abidin əsərlərinin çapına mətbuatda qadağa qoyulduğunu da bildirdi:

«Artıq o, şeir yazmırdı... Mühacirətçilər onun şeirləri ilə nəfəs alırdı. O isə susmuşdu... Rəsulzadə Gültəkinin «Bayrağım və istiqlalım», «Buzlu cəhənnəm» şeirlərini öz əsərlərinə daxil etmişdi. Qəribədir ki, Bakıya gələndən sonra onun bir şeirinə də rast gəlmədim. Hamısı elmi yazılardır. Məsələn, Tiflisdən M.F.Axundovun arxivini gətirib. Arxivin təsvirini verib. 60 səhifəlik kitabça hazırlayıb. Nə yazıq ki, sonradan onun arxivindən istifadə edənlər bu yazığın adını belə çəkməyiblər... Onun Axundovla bağlı iki kitabı «Azərnəşr»in planına salınıb, sonra çapı dayandırılıb. «Kitabi-Dədə Qorqud» eposunu ilk dəfə Azərbaycanda tədqiq edən də Əmin Abiddir. Orxon-Yenisey abidələri barədə ilk dəfə yazan da odur. 5 min türk – türkmən, tatar, qaqauz bayatılarını bir yerə toplayıb onlar haqqında yazan Əmin Abid olub. Heca vəzninin tarixindən, Orxon-Yeniseydən, «Qutadqu bilik»dən, «Dədə Qorqud»dan, M.Kaşqarlı «Divan»ından tutmuş, Yunus Emreyə, Qaracoğlana, Vaqifə, Ələsgərə kimi hamısını ümumiləşdirib nəzəri məqalə yazan da odur. Axundovun bütün əsərlərini toplayıb 3-cildlik halına salıb, hər cildə böyük önsöz yazmaqla çap etdirib. Özü bir neçə kitab yazsa da, çap olunmayıb».

RAYONLARDAN BAKIYA!

Əli Şamil Nafiyə xanımın da şeir yazdığını bildirir:

«Onun «İstiqlal uğrunda» və «Yeni Qafqasiya» dərgilərində «Azərbaycan sevgisi» adlı şeiri də çıxıb. Bakıya gələndən sonra ona iş verməyiblər. Məcbur qalıb dərzilik edib... Arada anası xəstələndiyindən Türkiyəyə gedib. Bir neçə il orada qalıb. Mənim Nafiyə xanımın məhz bu xəstəlik ucbatından Türkiyəyə getməyinə şübhəm var. Ancaq əlimizdə başqa fakt, hələ ki, yoxdur. 1933-cü ildə Əmin Abidi rayonlardan Bakıya dəvət edirlər. Yeni yaranmış Akademiyada işləmək üçün kadr tapılmırdı. O da fanatikcəsinə işləməyə başladı. Amma onu yenə pantürkçülükdə, kamalistlikdə tənqid edirdilər. Hədələr, qorxular, hücumlar davam edirdi».

VƏ... AMANSIZ SON!

Araşdırıcı 1938-ci ildə Əmin Abidin həbs edildiyini deyir:
Əmin Abid Gültəkin yaradıcılığının araşdırıcısı Əli Şamil ilə söhbət
Əmin Abid Gültəkin yaradıcılığının araşdırıcısı Əli Şamil ilə söhbət

«Əmin Abid tutulandan sonra Nafiyə xanım da Türkiyəyə qayıtmaq istəyir. Batumdan viza almaq istərkən, onu da tuturlar. Əmin Abid 1938-ci ilin iyulun 14-də casusluqda suçlandırılaraq həbs edilir və... 3 ay sonra oktyabrın 21-də saat 21:30-da güllələnir. Nafiyə xanımın sonrakı taleyi barədə əlimdə sənədlər yoxdur. Deyilənə görə, «Vətən xaini» kimi 8 illik həbsxana həyatından sonra Türkiyə səfirliyinin bir işçisi ilə evlənib Türkiyəyə qayıdıb. Çox güman, bu, saxta evlilik olub. Onu ölkədən çıxarmaq üçün bir variant kimi düşünülüb».

«BUZLU CƏHƏNNƏM» AZƏRBAYCANDA BOMBA KİMİ PARTLADI!

Əli Şamil 90-cı illərdə Əmin Abidin «Buzlu cəhənnəm» kitabını Azərbaycanda çap etdirib:

«Onun qəzet-jurnallarda gizli Gültəkin imzası ilə çap olunan şeirləri idi. Birinci dəfə bu şeirlər 1928-ci ildə «İstiqlal uğrunda» adı ilə Türkiyədə çap olunub. Bu toplu Azərbaycanda bomba kimi partlayıb. Orada Əhməd Cavadın, Umgülsümün, Usta Əlinin, Əli Yusifin, Sənanın da şeirləri vardı. Bəziləri Azərbaycanda da çap olunmuşdu. Amma elə ki toplu halında mühacirətdə çıxdı, Azərbaycan bir-birinə qarışdı. Həmin şairlərə hücumlar başladı. Bir də, 1948-ci ilə tanınmış siyasi xadim Mirzəbala Məmmədzadə həmin topludan Əmin Abidin şeirlərini seçdi, önsöz yazıb «Buzlu cəhənnəm» adıyla çap etdirdi. Sovetlər yıxılandan sonra o kitabların ikisini də tapdım və 1999-cu ildə Əmin Abidin şeirlərini sevən bir bakılı xanımın maddi yardımı ilə «Buzlu cəhənnəm»i Bakıda çap etdirdim.
Bulanıq bir kökün kirli yaxası
Yerdə sürünüyor, iştə tundra…
Sibirya, Sibirya…əvət, Sibirya;
Təbiətin o bir zalim ÇEKA-sı...».

Əmin Abid Gültəkinin üsyankar şeirlərini elə buradan dinləyin. «İz» qarşınızdadır.
XS
SM
MD
LG