Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:05

NİDA-çıların məhkəməsinə şahidləri məcburi gətirəcəklər [Video]


Hakim: şahid məhkəməyə məcburi gətirilsin
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Hakim: şahid məhkəməyə məcburi gətirilsin

-
Fevralın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılarla bağlı proses davam edib.

Bu dəfə Dənizkənarı Bulvarın mühafizəçisi Ramazan Mehdiyev şahid ifadəsi verib. O, martın 1-də bir qrup gəncin bulvardakı heykəlin ətrafına yığıldığını deyib.

“Gördüm ki, bir dəstə gənc klip çəkir, heykəlin başına oyun açırlar- biri heykəlin üstünə çıxıb, biri maykasını çıxarıb… Mən onlara yaxınlaşıb dedim ki, belə hərəkətlər etmək olmaz, ətrafda camaat var. Biz bir-birimizi başa düşdük, sonra ərazidən uzaqlaşdıq”.

Daha sonra vəkillər həmin şahiddən hansı ayın neçəsində işdə olduğunu və baş verən hadisələri nə vaxt müşahidə etdiyini soruşublar. Bulvar mühafizəçisi martın 1-də işdə olduğunu deyib. Amma məlum olub ki, gənclər bulvardakı heykəlin ətrafına yığışaraq “Harlem Shake” rəqsini ötən il fevralın 27-də çəkiblər. Şahidin dediyinə görə o 2 gün işdə, 2 gün istirahətdə olur. Fevralın 27 və 28-də həmin nəzarətçinin iş günü deyildi.

““QURUPPAVOY” SUAL VERMƏYİN”

Vəkil Nemət Kərimli bulvar nəzarətçisinə onun səlahiyyətləri barədə suallar verib:

Nemət Kərimli (N.M): Siz bulvarda nələri qoruma səlahiyyətlərinə maliksiniz?
Ramazan Mehdiyev (R.M): Bulvarda nə varsa onları qoruyuruq.
N.M: Siz bu gəncləri orada qoruyurdunuz?
R.M: Xeyr, mən heykəli qoruyurdum.

Vəkilin bulvarda hansı rəqslərə qadağa qoyulması barədə sualını hakim və şahid narazılıqla qarşılayıb. Hakim Cavid Hüseynov sualı xaric edib. Bu davranış NİDA-çı və vəkillərin narazılığına səbəb olub və yerdən hakimi sual atəşinə tutublar. Hakim etiraz edərək “sakitləşin, “quruppavoy” sual verməyin” deyə irad bildirib. Hakimin bu iradı gülüşlə qarşılanıb.

Hakim vəkilin bulvarda hansı rəqslərin icazəli olması ilə bağlı verilən daha iki sualı xaric edib.

“HEYVAGÜLÜ, TƏRƏKƏMƏ, LƏZGİNKA…”

Vəkil Xalid Bağırov şahidə sual verib:

“Sizə bulvarda icazəsi olan rəqslərin siyahısı verilib? Məsələn, heyvagülü, tərəkəmə, ləzginka və s. oynanıla bilər?”

Hakim bu sualı da xaric edib. Şahid də bu suala “Bu nə sualdır verirsən?” deyə etirazını bildirib.

Vəkil Elton Quliyev şahiddən heykəlin nə heykəl olmasını, adının olub-olmadığını soruşur.
Şahid Ramazan Mehdiyev bu sualı da narazılıqla qarşılayır:

“Heykəldirdə, nə adı olacaq? Sən sualı dəqiq ver görüm nəyi bilmək istəyirsən? Yoxsa heç bulvarda olmamısan, nədir?”

Şahidin bu reaksiyası zalda gülüş doğurub.

Təqsirləndirilənlərdən Zaur Qurbanlı şahidi sual atəşinə tutub:

Z.Q: Sizə qadağaların siyahısı verilir, ya şifahi bildirilir?
R.M: Əlbətdə, biz sözlə deyəndə başa düşürük.
Z.Q: Siz onlara nə vaxt yaxınlaşdınız?
R.M: Rəqsi görüb yaxınlaşdım.
Z.Q: Çəkiliş davam edirdi? Əxlaqsız hərəkətlər gördünüz?
R.M: Xeyr, görmədim. Çəkiliş də bitmişdi.
Z.Q: Hansı halda polis çağırırsınız?
R.M: Cinayət hadisəsi baş verəndə.
Z.Q: Həmin vaxt polis çağırmışdınız?
R.M: Xeyir.

“ŞAHİDLƏR MƏCBURİ GƏTİRİLSİN”…

Şahidin dindirilməsi başa çatdıqdan sonra 5 şahidin məhkəməyə gətirilməsi ilə bağlı məsələ qaldırılıb. Aydın olub ki, şahidlərdən üç nəfəri xaricdə səfərdə olduqları üçün onlar məhkəməyə gələ bilmirlər. Hakim ölkədə olan iki şahidin- Anar Abbasov və Tofiq Əsədovun məcburi şəkildə məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə fevralın 21-də davam edəcək.

NİDA üzvləri ötən ilin mart-aprel aylarında həbs olunublar. Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştiraketmə cəhdində günahlandırılırlar.

İstintaqın iddiasına görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. «Azad Gənclik» Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG