Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:39

İlham Əliyev qanun qəbul edir, NK onu 15 ildən sonra icra edəcək


Kürdəmir. Avqust 2013. Prezident və onun məmurları. Onlardan kimin nə qədər qazandığı haqda rəsmi məlumatı Azərbaycan vətəndaşı hələ 6 il gözləməlidir
Kürdəmir. Avqust 2013. Prezident və onun məmurları. Onlardan kimin nə qədər qazandığı haqda rəsmi məlumatı Azərbaycan vətəndaşı hələ 6 il gözləməlidir
-
2005-ci ildə prezident gəlir bəyannaməsi haqda qanun imzaladı. Qanuna görə, vəzifəli şəxslər ildə bir dəfə gəlirləri barədə məlumat verməlidir. Qanun imzalanandan sonra prezident Nazirlər Kabinetinə bəyannamə forması hazırlamağı tapşırıb və buna 3 ay vaxt ayırıb. Lakin İlham Əliyevin tapşırığı hələ də yerinə yetirilməyib. AzadlıqRadiosu bunun səbəbini araşdıranda məlum oldu ki, qərarın icrası 2020-ci (!) ildə gözlənilir.

Rəsmi izahat belədir ki, bu qanunun icrası hazırlıq tələb edir. Amma 15 ilə «Qara şəhər»i «Ağ şəhər»ə çevirmək istəyən hökumət bir qərarın qarşısında niyə belə acizdir? Bəlkə bu, ancaq gözdən pərdə asmaqdır - Azərbaycan məmurları öz qazancları haqda məlumatı ictimaiyyətlə bölüşmək fikrində deyillər? Bəlkə məsələylə bağlı siyasi iradə yoxdur? Axı sonuncu prezident seçkilərində İlham Əliyev ölkə rəhbərliyinə namizəd kimi öz gəlirləri haqda heç bir məlumat açıqlamadı.

AzadlıqRadiosu bütün bu suallara cavab tapmağa çalışır.


«MƏLUMAT OLSA, İCTİMAİYYƏTƏ BİLDİRƏCƏYİK»

AzadlıqRadiosu Nazirlər Kabinetinə gəlir deklarasiyasının tətbiqinə nə vaxt başlanacağı barədə sualı ünvanlarkən, ənənəvi cavabı eşitdi. Qurumun mətbuat xidmətinin rəhbəri Akif Əli bu barədə məlumatı olmadığını deyərək, sualı maliyyə, və ya iqtisadi inkişaf nazirliklərinə yönəltməyi məsləhət gördü:

«Bəlkə bu nazirliklərdə məlumat ola. Məndə məlumat yoxdur. Lazım olsa, məlumat olarsa, ictimaiyyətə bildirərik».

Maliyyə Nazirliyinin mətbuat xidmətindən sualı elektron formada göndərməyi xahiş etdilər. Yazı hazırlananadək suala cavab verilməmişdi.

İqtisadi İnkişaf Nazirliyindən bu məsələnin onlara aidiyyəti olmadığını bildirdilər.

NK-NIN QƏRAR LAYİHƏSİ DƏ HAZIRLANIBMIŞ

İki il əvvəl «Konstitusiya» Araşdırmalar Fondu Avrasiya Əməkdaşlıq Fondunun maliyyə yardımıyla bir layihə çərçivəsində gəlir bəyannaməsi formasını hazırlayıb. Fondun rəhbəri Əliməmməd Nuriyev deyir ki, qanunvericiliyə əlavə və dəyişiklik təklifləri də hazırlanıb. Üstəlik, İqtisadi Əməkdaşlıq Təşkilatının (OECD) tövsiyələri nəzərə alınıb, deklarasiyanın elektron qaydada təqdimatı, vəzifəlilərin deklarasiyasının açıq şəkildə yerləşdirilməsi, düzgünlüyünün yoxlanması qaydaları da işlənib. Vəzifəli şəxsin deklarasiyanı doldurmaqdan qəsdən boyun qaçırdığı və ya bəyannaməni təhrif etdiyi halda daşıyacağı cinayət məsuliyyəti də dəqiqləşdirilib. Bütün bu sənədlər Korrupsiyaya qarşı Mübarizə Komissiyasına, Nazirlər Kabinetinə, parlamentə təqdim olunub.
Əliməmməd Nuriyev
Əliməmməd Nuriyev
Nazirlər Kabineti deklarasiya formasını Vergilər Nazirliyinə göndərib:

«Gəlir deklarasiyasını necə doldurmaq, tərtib etmək lazımdır, buna dair NK-nın müvafiq qərar layihəsini də hazırlayıb göndərdik. Vergilər Nazirliyindən gələn məktubda qeyd olunurdu ki, sizin təkliflər nəzərə alınmaqla proses gedir. Ancaq bu günə qədər gəlir deklarasiyası işıq üzü görməyib».

Bu yazışma 2011-ci ilin dekabrında baş tutub.

2020-Cİ İLƏ İŞLƏR TAMAMLANACAQ

Vergilər Nazirliyi 2020-ci ilədək gəlir bəyannaməsinin tətbiqi üçün hazırlıqları tamamlamağı planlaşdırır. Bunu vergilər nazirinin müşaviri Ələkbər Məmmədov fevralın 6-da Bakıda 3-cü Vergi Forumunda bildirib. Xəbəri «İnterfaks-Azərbaycan» agentliyi yayıb:

«Bu, çox mürəkkəb sistemdir. Hazırda Azərbaycanda 540 min vergiödəyicisi vergi bəyannaməsi təqdim edir. Ölkə əhalisinin sayı isə 9 milyon 400 min nəfərdən çoxdur».

Keçmiş SSRİ respublikalarının çoxunda gəlir deklarasiyasından yararlanırlar. Ötən il Rusiya deputatlarının və onların ailə üzvlərinin gəlirlərinə dair bilgilər açıqlanıb.

ƏVVƏL AMNİSTİYA, SONRA DEKLARASİYA

Bir çox ölkələrdə gəlir deklarasiyasından əvvəl maliyyə amnistiyası, gəlirlərin leqallaşdırılması həyata keçirilir. Bəzi iqtisadçı və parlament üzvlərinin fikrincə, məmur bu vaxtadək qazandığını itirməyəcəyinə əmin olmalıdır.
Fazil Məmmədov
Fazil Məmmədov

Vergilər naziri Fazil Məmmədov fevralın 7-də deyib ki, Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsi hazırlanır. ANS-in məlumatına görə, o, Azərbaycanın bu böyük layihəyə hazır olduğunu və amnistiya olmadan ümumi bəyannamə sisteminə keçməyin mümkünsüzlüyünü qeyd edib:

«Bu, bir neçə ili əhatə edən layihədir. Burada söhbət ölkədə ümumi gəlir bəyannaməsi sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. İstər əmlak, istərsə də digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sisteminə keçmək lazımdır. Bunun üçün digər prosedur məsələlər həll edilməlidir. Amma bütün hallarda hansısa bir vaxtda bu qərar qəbul olunacaq. Hazırda bununla bağlı hazırlıq işləri gedir».

SİYASİ İRADƏ OLMASAYDI...

Əksər müşahidəçilər vəzifəlilərin gəlirlərini açıqlamasında siyasi iradənin çatışmadığını deyirlər. 9 oktyabr prezident seçkisi kampaniyası dövründə Milli Şuranın vahid namizədi MSK-ya müraciət etmişdi ki, namizədlərin gəlirləri, əmlakı, ümumilikdə gəlir deklarasiyası açıqlansın və dərc olunsun.

Əliməmməd Nuriyev siyasi iradəylə bağlı deyilənlərlə razı deyil. Onun sözlərinə görə, ilk öncə NK deklarasiya formasını hazırlayıb təsdiqləməlidir. Bəyannamənin korrupsiya ilə mübarizədə yalnız bir alət olacağını deyən Nuriyev Rusiya və Ukraynada korrupsiya miqyasının azalmadığını misal gətirir. O, prosesin artıq yetişdiyini, yaxın vaxtlarda gəlir bəyannaməsinin tətbiq olunacağını istisna etmir:
Rövşən Ağayev
Rövşən Ağayev

«Siyasi iradə olmasaydı, 3-cü dövlət proqramı qəbul olunmazdı, ASAN xidməti yaranmazdı, prokurorluğun statusu artırılmazdı, beynəlxalq qurumların tövsiyələrinin yerinə yetirilməsi yönündə addım atılmazdı».

HÖKUMƏT İSTƏSƏ...

İqtisadçı Rövşən Ağayev «facebook» sosial şəbəkəsində yazır:

«Bircə halda ümid var – ölkə prezidenti bu mexanizmin işləməsini istəyəcək və ilk olaraq özü nümunə göstərib bəyannaməni təqdim edəcək... Hökumət istəsə, o formanı bir günə təsdiqləyər. Qanunda həmin formanın prinsiplərindən, struktur elementlərindən bəhs olunur. Sadəcə, bir neçə saata bu formanı hazırlamaq olar. Hökumət internetdə yüzlərlə belə forma tapar».

Başqa bir facebook istifadəçisi Sevda Safaraliyeva:

«Amma aztəminatlı ailədən ona ünvanlı sosial yardım vermək üçün ailə gəlirlərinin bəyannaməsi tələb edilir. Absurd vəziyyətdir...».
XS
SM
MD
LG