Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:16

NİDA-çıların məhkəməsində MTN əməkdaşı ifadə verdi


NİDA-çıların məhkəməsi
NİDA-çıların məhkəməsi
-
«İğtişaşla bağlı MTN-ə məlumat daxil olmuşdu. Biz də adları keçən şəxslərin evinə baxış keçirdik».

Bunu yanvarın 15-də NİDA-çıların məhkəməsində MTN-nin Antiterror Mərkəzinin baş əməliyyat müvəkkilli Kamal Rəsulzadə deyib. O öz ifadəsində bildirib ki, 2013-cü ilin martında bir qrup gəncin iğtişaş törətmək istəməsi barədə MTN-ə məlumat daxil olub və bu məlumat əsasında Bəxtiyar Quliyevin Sabunçuda yaşadığı evinə baxış keçirilib:

«Biz evə baxış keçirəndə Bəxtiyar evdə deyildi, bir neçə dəqiqə sonra gəldi. Evdə Bəxtiyarın geyim dolabından narkotik tapdıq. Sonra həyətdə axtarış keçirdik. Bu zaman qutuda benzin qoxusu gələn 10-dan çox butulka aşkarladıq. Onun nə maye olduğunu dəqiqləşdirə bilmədik, ancaq benzin qoxusu gəlirdi. Bəxtiyar tapılanların ona məxsus olmadığını dedi. Biz protokol tərtib etdik və tapılanları götürdük».

Şahid daha sonra prokuror və vəkillərin suallarına cavab verib.

Kamal Rəsulzadə vəkilin «Hər adamın evində benzin butulkası ola bilər, o butulkalar niyə sizin diqqətinizi çəkdi» sualını belə cavablandırıb:

«Nazirliyə həmin şəxslərin ixtişaş törədəcəyi barədə məlumat daxil olmuşdu. O ehtimalla biz həmin butulkaları götürdük».

«PROTOKOL QANUNSUZDUR»

Vəkil Elton Quliyev şahidə bildirdi ki, mənzilə baxış keçirilməsi ilə bağlı məhkəmə qərarında başqa ünvan göstərilib, ancaq axtarış etdilən ünvan başqadır. Vəkil şahiddən bunu izah etməyi xahiş edib.

Şahid cavabında bildirib ki, ünvanı özləri müəyyən edib və baxış keçiriblər.

Vəkil Elton Quliyev tərtib edilən protokolla bağlı daha bir nüansa toxunaraq bildirib ki, Kamal Rəsulzadə axtarış apardığı ünvanda protokol tərtib edərkən Cinayət Prosessual Məcəlləsinin 236-cə maddəsinə əsaslanıb:

«Bu maddə yalnız müstəntiqə baxış keçirmə səlahiyyəti verir. Kamal Rəsulzadə müstəntiq deyil. Özünün dediyinə görə təhqiqatçıdır. Ancaq cinayət işinin materiallarında onun təhqiqatçı vəzifəsini icraetmə əmri yoxdur. Bu ayrı məsələdir. Ancaq o, müstəntiq deyil və 236-cı maddəyə əsasən, baxış keçirib protokol tərtibetmə səlahiyyəti yoxdur. Ona görə də bu sənəd qanunsuz hesab edilməlidir».

Vəkilin bu izahatı polemika yaradır. Məsələyə hakimlər kollegiyasının üzvü Eldar İsmayılov müdaxilə edir. O, «bu protokol qanunsuz ola bilməz» deyə vəkil Elton Quliyevə etiraz edir.

220 MANAT CƏRİMƏ

Bu fikir vəkilin etirazını doğurur və o, məhkəmədən fasilə istəyir. Prosesə qatılan vəkillərə də imzalatmaqla Elton Quliyev etirazının tanınması üçün vəsatət hazırlayır:

«Protokolun qanuni və ya qanunsuz olmasını müəyyənləşdirmək məhkəmənin işdir. Lakin ehtiyatsızlıqla belə olsa, hakimin fikir bildirməsi onun mövqeyini ortaya qoyur. Bu da həm təqsirləndirilən şəxslərdə, həm də müdafiəçilərdə məhkəmə istintaqının obyektiv, qərəzsiz və ədalətli aparılacağı ilə bağlı ən azı narahatlıq yaradır, məhkəməyə olan inamı titrədir».

Prokuror vəkilin bu etirazını əsassız və sübutsuz hesab edir və əsassız iddia qaldırdığına görə məhkəmədən Elton Quliyevin 220 manat məbləğində cərimələnməsini istəyir.

Müşavirədən sonra məhkəmə hər iki tərəfin vəsatətini təmin etməyib.
Məhkəmə yanvarın 16-da davam edəcək.

NİDA üzvləri mart-aprel aylarında həbs olunublar. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi əvvəlcə onları kütləvi iğtişaşlar təşkiletmə və ya belə iğtişaşlarda iştiraketmə cəhdində günahlandırıb.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaşırmışlar. Daha sonra gənclərin bir neçəsinə qarşı narkotik vasitələri qanunsuz əldəetmə, saxlama ittihamı da irəli sürülüb.

Tutulandan sonra NİDA-ya üzv olan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra isə zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkiletməyə və ya belə iğtişaşlarda iştiraketməyə cəhd ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir və həbslərini siyasi sifariş sayırlar.
XS
SM
MD
LG