Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:40

Rafiq Tağının üzv olduğu təşkilat: "Barışmayacağıq"


Rafiq Tağı
Rafiq Tağı
-

Yazıçı Rafiq Tağının qətlə yetirilənədək üzvü olduğu Azad Yazarlar Ocağı bəyanat yayıb.

Təşkilat "qətlin istintaqının dayandırılması" ilə bağlı Baş Prokurorluğun yaydığı açıqlamanı tənqid edib:

"Heç bir siyasi partiyanın üzvü olmayan, demokratik prinsiplərə uyğun olaraq yaradıcılıq fəaliyyətini sürdürən görkəmli bir yazıçının istintaqının nəticəsiz şəkildə tamamlanması ölkəmizdə söz azadlığı ideyasının gerçək mənzərəsini gözlər önünə sərməkdədir.

Bu ölkədə yazıçılar, jurnalistlər, qələm adamları satın alınır, şantaj edilir, həbs olunur və öldürülür, qələm adamları cəmiyyətin ən müdafiəsiz zümrəsidir və onların istintaqı illərlə süründürülərək sonda nəticəsiz olaraq dayandırılır".

AYO hesab edir ki, RafiqTağının "qətlinin istintaqının nəticəsiz olaraq dayandırılması" Azərbaycanda Azad Sözün meydanının daha da daraldılması deməkdir, bu halın cəzasızlıq mühitinin daha da genişlənməsinə və jurnalistlərin özünüsenzurasının güclənməsinə səbəb olacağı şübhəsizdir:

"Biz Azad Yazarlar olaraq Rafiq Tağının qatillərinin cəzasız qalmasını pisləyirik və bu halla barışmayacağımızı elan edirik.

Qeyd edək ki, Baş Prokurorluq qatilin axtarışının deyil, yalnız iş üzrə icraatın dayandırıldığını bildirir.

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, "ibtidai istintaq zamanı irəli sürülmüş fərziyyələrin yoxlanılması istiqamətində mümkün olan bütün zəruri və təxirəsalınmaz istintaq və prosessual hərəkətlər, əməliyyat tədbirləri yerinə yetirilsə də, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq iş üzrə icraat dayandırılıb.

Amma təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinə əməliyyat tapşırıqları göndərilib və hazırda da bu istiqamətdə zəruri əməliyyat-axtarış tədbirlərinin icrası davam etdirilir".

Rafiq Tağı 2011-ci il noyabrın 19-da saat 22.00 radələrində işdən evə dönərkən yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb və o, noyabrın 23-də müalicə olunduğu Klinik Tibbi Mərkəzdə keçinib.
XS
SM
MD
LG