Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:29

Azərbaycan Soçiyə 5 legioner idmançı ilə yollanır


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycan Soçidə keçiriləcək XXII Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.

Bunlar fiqurlu konkisürmə növündə Alexei Sitnikov - Yuliya Zlobina dueti (Rusiya) və xizəkçilər Patrick Brahner (Avstriya), Cedric Notz (İsveçrə) və Gaia Bassani Antivari-dir (İtaliya).

İdman şərhçilərinin fikrincə, Azərbaycan Soçi Olimpiadasına iştirak xatirinə qatılacaq, çünki legioner idmançıların qarşısına hər hansı hədəf qoyulmayıb.

İLK ONLUQ BELƏ UĞURDUR

Şərhçisi Sərxan Musayev deyir ki, ilk onluğa düşmək də Azərbaycanı təmsil edənlərin böyük uğuru sayıla bilər:

«Soçidə çıxış edəcək idmançıların hamısı legionerdir. Azərbaycanda, hələlik, qış idman növləri ilə məşğul olmaq mümkün deyil və bu üzdən legionerlərə üstünlük verilir. Onlar öz ölkələrində iddialı idmançı sayılmadıqlarından milliləşdiriliblər. Nə rəhbərlik, nə də Milli Olimpiya Komitəsi səviyyəsində onlar önündə ciddi hədəf qoyulmayıb. Hamısı sırf iştirak üçün çıxış edəcəklər. Bəlkə iddialılar zədələnsə, ya da qəfil uğursuzluqla üzləşsə, bizim idmançılar uğur qazana bilər. Ancaq onlar üçün ilk 10-luğa düşməyin özü uğur sayılar».

Elə Milli Olimpiya Komitəsi də bu idmançıları məhz iştirak üçün Soçiyə yollayacağını bildirir. Komitənin vitse-prezidenti Çingiz Hüseynzadə bu idmançılardan nəticə gözləmədiklərini bildirir:

«Gözləntilərimiz odur ki, iştirak eləsinlər, Azərbaycanı təmsil etsinlər. Bizdə bu idman növləri tam inkişaf etməyib ki, biz onlardan böyük nəticələr gözləyək. Hələ hədəf yoxdur».

Foto: Arxiv
Foto: Arxiv
2014-cü il Soçi Qış Olimpiya Oyunlarında Azərbaycan yığması bayraqdarının kimliyi məsələsinə hələ aydınlıq gətirilməyib. Nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayevanın verdiyi məlumata görə, həmin şəxsin adı yanvarın 20-dən sonra açıqlanacaq.

Nümayəndə heyətinin rəhbəri Soçi olimpiadasında Azərbaycanı təmsil edəcək idmançıların şanslarından da söz açıb:

«Düzdür, medal şansımız azdır, amma təmsilçilərimizdən kimlərinsə ilk 10-a düşəcəyinə ümidiyik. Bu, xüsusən Aleksey Sitnikov - Yuliya Zlobina duetinə aiddir».

AZƏRBAYCAN QIŞ OLİMPİYA OYUNLARINA NƏ VAXT ÖZ İDMANÇILARI İLƏ QATILACAQ?

İstər-istəməz sual yaranır: Görəsən, Azərbaycan qış olimpiya oyunlarına nə vaxt öz idmançıları ilə qatılacaq? Sərxan Musayev deyir ki, yerli idmançıların yetişməsində qış olimpiya komplekslərinin salınması böyük rol oynayacaq. 2013-cü ildə Qusarda «Şahdağ» Qış Olimpiya Kompleksi, Qəbələdə «Tufan» Kompleksinin birinci mərhələsi istifadəyə verilib. Şərhçinin fikrincə, sözügedən komplekslər tam istifadəyə veriləndən sonra yerli idmançılar yetirmək çətin olmayacaq:

«Cənubi Koreyada keçiriləcək 2018-ci il olimpiadasınadək yerli idmançıların yetişdiriləcəyinə inanmıram. Bu, müəyyən vaxt aparacaq. Ola bilsin, 2022-2026-cı illərdə öz idmançılarımız həm daha çox sayda və həm də daha çox növdə təmsil olunar».

Çingiz Hüseynzadə
Çingiz Hüseynzadə
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə daha optimist təsir bağışlayır:

«Mən ümid edirəm ki, 2018-ci ildəki qış olimpiya oyunlarına bizimkilər qatıla bilər».

İDMANÇILARIN GEYİMİ

Soçi Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyim dəsti diqqətə yetirilib.

Azərbaycan Milli Olimpiya Komitəsi mətbuat xidmətinin məlumatına görə, açılış və bağlanış törənlərində parad geyimlərini İtaliyanın «Larusmiani» moda evi hazırlayır.

Məlumatda deyilir ki, «Larusmiani»nin paltarları yalnız bahalı parçalardan tikilir.
Dəstin dizaynı milli kolorit və MOK, Soçi-2014 simvolları, eləcə də brendin loqotipi nəzərə alınmaqla işlənib.

Dəstlərin hazırlanarkən bəzək işləri vaxtaşırı Azərbaycan Milli Olimpiya Komitəsi və Dağ Xizək İdmanı Federasiyasının rəhbərliyi ilə razılaşdırılıb.

Azərbaycan daha öncə 2010-cu ildə Vankuver Qış Olimpiya Oyunlarında 2 idmançı ilə – dağ xizəkçiliyi və böyük slalom yarışlarında təmsil olunub. O vaxt komanda uğursuz çıxış edib.

Fevralın 7-də başlayacaq Soçi Qış Olimpiya Oyunları fevralın 23-dək davam edəcək.
XS
SM
MD
LG