Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:30

Pərviz Həşimli MTN təcridxanasından yazır


Pərviz Həşimli ailəsi ilə birlikdə
Pərviz Həşimli ailəsi ilə birlikdə
-
«Qapını bağlamışdım. Bir neçə nəfər pəncərəni, hətta dəmir barmaqlığı sındıraraq evə soxuldu. O gün övladım da, mən də çox qorxduq».

Həbsdə olan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimlinin həyat yoldaşı İlahə Həşimova sentyabrın 17-də evlərində aparılan axtarış zamanı 5 yaşlı qızı Zeynəblə keçirdiyi qorxu və həyəcandan danışır:

«BİZİ ÖLDÜRMƏYİN»

«Əllərində silah görüb lap özümüzü itirdik. Zeynəb qorxusundan çığırırdı ki, «bizi öldürməyin». Onda mən hamilə idim. Xahiş etdik ki, bizim qohumlardan kimsə yanıma gəlsin. İcazə vermədilər. Axtarış apardılar və özləri qoyduqları silah və qumbaraları çıxardılar».

İlahə xanım qızının keçirdiyi sarsıntıdan indi də müalicə olunduğunu, özününsə hamiləliyinin pozulduğunu bildirir.

Pərviz Həşimli odlu silah və döyüş sursatı qaçaqmalçılığında, odlu silah, onun komplekt hissələrini və döyüş sursatını əldəetmə, saxlama və daşımada ittiham olunur. O, dekabrın 23-də «Azadlıq» qəzetinə göndərdiyi məktubda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında işgəncə altında saxlandığını yazır:

«SAÇIMIN AĞARDIĞININ ŞAHİDİ OLDUM»

«Bu üç ayda yaşadığım sarsıntı, psixoloji durumun nəticəsində ürəkağrısı tapmışam. Dəfələrlə bayılmışam. Saçımın ağardığının şahidi oldum. Qanunvericiliklə müəyyən olunan bütün hüquqlarım tapdalanır. Həm Cinayət Prosessual Məcəlləsi, həm də «Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında» qanun mənə ailə üzvlərimlə görüşmək və telefonla danışmaq hüququ verir. Bu hüququm niyə tanınmır? Sağlamlığım açıq təhdid altındadır. Bunun acı nəticəsini də yaşamaqdayam. Ona görə də tələb edirəm ki, məni 2 min məhbusun saxlandığı Bakı İstintaq Təcridxanasına köçürsünlər».

Həşimli yazır ki, onunla erməni ordusunun MTN təcridxanasında saxlanan əsirləri arasında heç bir fərq yoxdur:

«Onlar da ailə üzvləri ilə ünsiyyətə girə bilmir. Bu, Azərbaycan vətəndaşı olaraq, mənə də qadağandır. 3 aydan çoxdur valideynlərimin nə səsini, nə də üzünü görüb, eşidə bilirəm».

«İSRARLI TƏKLİFLƏR...»

Vəkil Yalçın İmanov AzadlıqRadiosuna deyir ki, Pərviz Həşimli saxlanma şəraitindən və saxlanma zamanı bir sıra mühüm prosessual hüquqlarının kobudca pozulmasından şikayətçidir.
Yalçın İmanov
Yalçın İmanov
Ailə üzvləri ilə görüşməyə, telefon danışıqlarına icazə verilmir, vəkilləri ilə gizli ünsiyyət hüququ pozulur, yazışma, bağlama alıb-göndərmək hüququ təmin olunmur, dövri mətbuatdan yalnız «Xalq qəzeti» verilir:

«Üstəlik, heç bir daxili nizam-intizam qaydasını pozmasa da, bir gün karsa salınıb. Saxlandığı kamera 5 kvadratmetrə yaxındır. Kamerada açıq tualet, zibilqabı var. Dözülməz mühit yaradılıb. Münasibətlərdə mənəvi-psixoloji təzyiqdən istifadə olunur. Tez-tez etirafedici ifadələr verməsi üçün sorğu-suala tutulur, israrla ona təkliflər edilir».

MTN TƏCRİDXANASININ FƏALİYYƏTİ QANUNSUZDUR

Dekabrın 23-də Bakı Apellyasiya Məhkəməsi Pərviz Həşimlinin saxlanma yerinin dəyişdirilməsi və Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə şikayətini təmin etməyib. Səbail məhkəməsinin qərarından verilmiş apellyasiya şikayəti də rədd olunub. Vəkil Yalçın İmanovun sözlərinə görə, Milli Təhlükəsizlik Nazirliyinin müvəqqəti saxlama yerinin istintaq təcridxanası olmaması barədə müdafiə tərəfinin dəlilləri qulaqardına vurulub:

«MTN-in müvəqqəti saxlanma yerinin fəaliyyətini tənzimləyən hər hansı normativ hüquqi akt da yoxdur. Qanunvericiliyə tam zidd olan bir saxlama yeridir. Barəsində təqsirləndirilən şəxs qismində qərar verilmiş və həbs-qətimkan tədbiri seçilmiş şəxslər istintaq təcridxanasında saxlanmalıdır. Bakı şəhərində 1 saylı istintaq təcridxanası və Şüvəlan istintaq təcridxanası var. Qanun tələb edir ki, Pərviz Həşimli bu təcridxanalardan birinə köçürülsün».

MTN TƏKZİB EDİR, OMBUDSMAN DİQQƏTDƏ SAXLAYIR

Vəkil deyir ki, Pərviz Həşimlini Bakı Apellyasiya Məhkəməsinə 7-8 nəfər maskalı şəxs gətirib. O bunun tam qanunsuz olduğunu, cəmiyyətdə xof yaratmaq məqsədilə edildiyini söyləyir.
MTN
MTN

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bir müddət əvvəl apa informasiya agentliyinə müsahibəsində MTN təcridxanasında işgəncə faktlarını yalanlayıb. O, «indiyədək MTN-nin müvəqqəti saxlanma yeri və istintaq təcridxanasında hər hansı işgəncə, yaxud qeyri-insani rəftara yol verilməsi barədə heç bir faktın qeydə alınmadığını» bildirib və deyib:

«Bu cür məlumatların yayılması subyektivdir, müəyyən mənada istintaqa təzyiq vasitəsidir, həqiqətdən uzaqdır».

Ombudsman Aparatının şöbə müdiri Zaur Əliyev AzadlıqRadiosuna bildirir ki, aparat əməkdaşları Pərviz Həşimliyə baş çəkərək, məsələni diqqətdə saxlayıblar:

«Pərviz Həşimli ilə təkbətək söhbət aparılıb. Bir sıra istəkləri olub. Müvəkkil tərəfindən aidiyyəti üzrə müraciət olunub və bu müraciətlər də nəzərə alınıb. Ailəsi ilə görüş istəyirdi. Ombudsman tərəfindən müraciət oldu və müsbət həllini tapdı. Bir sıra digər məsələlərlə bağlı da müraciətlər olunub».

«UŞAQ DAHA GÜCLÜ SARSINTI KEÇİRDİ»

Pərviz Həşimlinin həyat yoldaşı İlahə xanım qızı Zeynəbi atasının məhkəməsinə bircə dəfə aparıb:

«Apardım ki, bəlkə könüllərinə insaf düşə, uşağa atasıyla 5-cə dəqiqəlik görüşə icazə verələr. İcazə vermədilər. Uşağım daha güclü stress keçirdi. Ondan sonra onu məhkəməyə aparmıram».
XS
SM
MD
LG