Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:12

İlham Əliyev: «Son 10 ildə insanların rifah halı yaxşılaşıb»


Prezident İlham Əliyev
Prezident İlham Əliyev
-
Bakıda hələ də mavi qaz verilməyən yaşayış əraziləri var. Paytaxtda içməli su ilə bağlı problemlər hələ də qalır. Bu barədə ölkə prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Şəhər İcra Hakimiyyətində keçirdiyi iclasda danışıb. O, nitqində kommunal tariflərin qiymətindən tutmuş uşaq bağçaları, ictimai nəqliyyatla bağlı məsələlərə toxunub.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən yığıncaqda prezident deyib ki, növbəti illərdə Bakının və qəsəbələrinin infrastruktur obyektlərinə daha da böyük diqqət göstərilməlidir.

İlham Əliyev deyib ki, dövlət proqramında nəzərdə tutulmuş bəzi məsələlər öz həllini tapmayıb:

“Sadəcə olaraq vaxt çatmadı. Bu məsələlər öz həllini tapacaqdır”.

PAYTAXTDA QAZLAŞDIRMA 100 FAİZ OLACAQ

Prezident bildirib ki, Bakıda qazlaşdırma 96 faizdir:

“Qazlaşdırılmayan məntəqələr, yerlər də qazlaşdırılmalıdır ki, Bakı şəhəri 100 faiz qazla təmin edilsin. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın templəri çox yüksəkdir. Biz təqribən 90 faizə yaxınlaşırıq. Hətta sovet dövründə qazlaşdırılmayan rayonlara, kəndlərə qaz xətləri çəkilir. Yəni, bu, daha çox sosial xarakter daşıyan təşəbbüsdür. Biz bunu edirik, etməliyik ki, insanlar qazla təmin olunsunlar”.

ADAMLARIN İMKANI ARTDIĞINDAN...

İlham Əliyev deyib ki, elektrik enerjisi ilə təchizatda problem olmasa da gələcəkdə yeni stansiyalar tikiləcək:

“Son on il ərzində tikilən stansiyaların istehsal gücü mövcud potensialımızın təxminən 40 faizini təşkil edir. Əgər o stansiyalar tikilməsəydi, bu gün biz ölkəmizin uğurlu inkişafına nail ola bilməzdik. Ancaq son on il ərzində elektrik enerjisinə olan tələbat böyük dərəcədə artıb. Bu da təbiidir. Çünki son on il ərzində həm iqtisadiyyat, sənaye artıb, insanların rifah halı yaxşılaşıb. Əgər əvvəlki illərdə bizdə qışda və yayda enerji sərfiyyatında fərq var idisə, indi bu fərq yoxdur. Nə üçün? Çünki əvvəlki illərdə yay aylarında daha az istifadə olunurdu. Ancaq son illərdə insanların yaşayış səviyyəsinin yaxşılaşması nəticəsində demək olar ki, vətəndaşlarımızın əksəriyyəti kondisionerlər əldə ediblər və beləliklə, yayda da enerjiyə olan tələbat artıb”.

Prezident deyib ki, hazırda Bakıda yeni böyük elektrik stansiyası tikilir – “Şimal-2”:

“Ola bilər ki, bir dənə də böyük stansiyanın tikintisinə ehtiyac olacaqdır. Ötürücü xətlər də yenilənir. Ötürücü xətlərin yerin altına salınması prosesi də gedir. Biz buna da nail oluruq. Bir sözlə, elektrik təchizatı ilə hazırda şəhərdə heç bir problem yoxdur”.

MÜASİR STANDARTLI KANALİZASİYA VƏ YENİ SU XƏTLƏRİ, BİR DƏ “ATAPLENİYA”

Bakıda içməli su və kanalizasiya problemlərinə toxunan prezident deyib ki, bu gün də hələ Bakının bir hissəsi fasilələrlə içməli su alır:

“Yəni, bu sahəyə də göstərilən diqqət öz nəticəsini verir. Ümid edirəm ki, növbəti illərdə bu məsələ tam şəkildə öz həllini tapacaqdır. Oğuz-Qəbələ-Bakı, Taxtakörpü su kəmərləri, su anbarları və gələcək illərdə görüləcək işlər imkan verəcəkdir ki, biz bu problemi tam şəkildə həll edək. Bakıda ən müasir standartlara cavab verən kanalizasiya sistemi və yeni su xətləri yaradılmalıdır, yaradılacaqdır və bu məsələ birdəfəlik öz həllini tapacaqdır”.

Paytaxtın istilik sistemi ilə təchizatında hələ görüləsi işlərin çox olduğunu deyən İlham Əliyevin sözlərinə görə, bunun öz həllini tapacağına inanır:

“İstilik olan yerdə elektrik enerjisinə tələbat azalır. Çünki qış aylarında qızdırıcılara ehtiyac qalmayacaq. Vaxtilə elektrik enerjisi ilə olan problemlər də öz həllini tapıb. O vaxt mən demişdim ki, həm ölkə üzrə, o cümlədən Bakı şəhərində düzdür, çətinliklər, problemlər var idi. “Bakıelektrikşəbəkə”ni biz dövlət nəzarətinə qaytardıq. Ondan sonra investisiya da qoyuldu və məsələ öz həllini tapmağa başladı. Çətinliklər hər yerdə var. O vaxt yaxşı xatırlayıram, demişəm, elə olmalıdır ki, hər bir yerdə, hər bir evdə hər bir vətəndaş düyməni basıb elektrik enerjisi almalıdır”.

LİFTLƏR YENİLƏNMƏLİDİR

Prezident lift təsərrüfatına da toxunub:

“Bu da çox vacib məsələdir. Mən bir müddət bundan əvvəl maraqlandım ki, lift təsərrüfatı hansı vəziyyətdədir, bu sahədə vəziyyət necədir?! Mənə məlumat verildi ki, böyük problemlər var. Bəzi hallarda işləmir, köhnəlib, nasaz vəziyyətdədir. Ona görə qərar qəbul edildi ki, biz dünyanın aparıcı firmalarının istehsalı olan liftlərini Bakıya gətirək. Nəinki Bakıda Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində də lift təsərrüfatı yenilənir. Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. İndi burada məlumat verildi ki, min ədəd lift gətirilib, quraşdırılır. Növbəti illərdə biz Bakının lift təsərrüfatını tam şəkildə yenidən qurmalıyıq”.

“BİR DƏNƏ DƏ TORPAQ YOL QALMASIN”

Prezident hesab edir ki, Bakının, xüsusilə onun qəsəbələrinin ən ciddi problemlərindən biri yol təsərrüfatıdır:

“Qəsəbələrarası yollar yenidən qurulur. Biz artıq bunu görürük. Bu iş gələcəkdə davam etdiriləcəkdir. Qəsəbədaxili yollar bir qədər diqqətdən kənarda qalır. Ancaq qəsəbələrə tez-tez səfər edərkən vəziyyətlə maraqlanıram. Hələ ki, görüləsi işlər çoxdur. Biz çalışmalıyıq ki, Bakı qəsəbələrində daxili yolların hamısı asfalt yollar olsun. Orada bir dənə də torpaq yol qalmamalıdır. Ona görə, növbəti Proqramda bu məsələlər öz həllini tapmalıdır.

İlham Əliyev deyir ki, şəhər nəqliyyatı ilə bağlı son illərdə irəliləyiş var:

“Artıq bir dənə də olsun köhnə marşrut avtobusu, marşrut taksisi yoxdur. Artıq onlar yaddan çıxır. Amma biz yaxşı xatırlayırıq ki, bu, şəhərə nə qədər yaraşmayan bir nəqliyyat vasitəsi idi. Yeni avtobuslar alınıb. Ancaq hesab edirəm ki, Bakı kimi gözəl şəhər üçün daha da gözəl avtobuslar gətirilməlidir. Mən artıq müvafiq göstərişlər verdim. İndi baxmaq lazımdır ya özəl qurumlar, ya Nəqliyyat Nazirliyi, ya Bakı Şəhər İcra Hakimiyyəti, ya hər birisi bu işlə məşğul olsun. Mən burada istisna etmirəm ki, dövlət xətti ilə də yeni avtobusların gətirilməsi təmin edilə bilər”.

“QAZ, SU, BENZİNİN QİYMƏTİ AZƏRBAYCANDA DAHA UCUZDUR”

Dövlət başçısının fikrincə, insanlar üçün lazım olan, onları narahat edən məsələlərdə dövlət nəzarəti çox güclü olmalıdır:

“Ona görə, biz Azərbaycanda strateji infrastrukturu dövlət nəzarəti altında saxlayırıq. “Azərsu”, “Azəristilik”, “Azəriqaz”, əlbəttə ki, Neft Şirkəti, “Azərenerji”, “Bakıelektrikşəbəkə”, metro və digər sahələr dövlət nəzarətindədir. Ona görə dövlət orada tarif siyasətini uğurla apara bilər. Bildiyiniz kimi, Azərbaycanda olan kommunal tariflər dünya miqyasında ən aşağı yerlərdədir. Dövlət investisiyaları da cəlb edilə bilər bu sahələrə. Ona görə şəhər nəqliyyatı ilə bağlı məsələyə baxmaq lazımdır, təkliflər verilməlidir. Xüsusilə əlavə avtobuslar, taksilər alınmalıdır ki, insanlar özlərini daha da rahat hiss etsinlər.

Bizdə qaz tarifləri də ən aşağı səviyyədədir. Qonşu ölkələrlə müqayisədə bizdə qaz tarifləri aşağıdır. Su tarifləri də həmçinin, benzin də həmçinin, elektrik enerjisi də. Yəni, bütün bunları dövlət tənzimləyir. Bütün bunlar dövlət tərəfindən ödənilir”.

“İLƏ İKİ METROSTANSİYA TİKİNTİSİ OLMALIDIR”

Prezident metro tikintisinin Azərbaycanda genişlənəcəyini, 2035-ci ilə qədər Azərbaycanda, Bakıda 70 stansiya tikilməli olduğunu deyib:

“Deməli, hər il minimum 2 stansiya tikilməlidir. Buna biz nail olmalıyıq. Düzdür, bu çox böyük vəsait tələb edən, sırf sosial xarakter daşıyan məsələdir. Çünki bu gün metro tarifləri heç metronun ehtiyaclarının beşdə birini ödəmir. Dövlət tərəfindən subsidiyalar verilir. Bunu da istəyirəm əhali bilsin ki, metro ancaq dövlət subsidiyaları hesabına fəaliyyət göstərir. Əlbəttə, nə qədər çox stansiya tikilərsə, dövlət büdcəsinə bir o qədər də çox yük olacaq. Ancaq biz bu sahəyə digər kommunal sahələr kimi sosial prizmadan yanaşırıq”.

UŞAQ BAĞÇASI OLMAYAN YENİ YAŞAYIŞ MASSİVİNİN SALINMASINA QADAĞA

Ölkə rəhbəri uşaq bağçalarına ciddi problem kimi yanaşır:

“Son illərdə valideynlər uşaqlarını daha çox uşaq bağçalarına vermək istəyirlər. Bu da təbiidir. Çünki uşaq bağçaları çox yüksək səviyyədə təmir edilibdir. Ancaq bizim mövcud imkanlarımız hələ ki, məhduddur. Deyə bilərəm ki, uşaq bağçaları ilə təminat təqribən 20-25 faizdir. Ona görə biz növbəti illərdə uşaq bağçalarının tikintisinə, təmirinə böyük diqqət verməliyik. Yaxşı ki, vaxtilə - sovet dövründə həm məktəblər, həm uşaq bağçaları elə tikilmişdi ki, onların həyəti çox genişdir, böyükdür və orada yeni korpuslar tikmək mümkündür. Bu imkandan da istifadə etməliyik. Ondan sonra yeni yerlər müəyyən edilməlidir. Yeni yaşayış binaları, yeni massivlər tikilərkən orada məktəb və uşaq bağçası nəzərdə tutulmalıdır. Bunsuz tikinti üçün icazə verilməməlidir”.

“BÖYÜK ŞOR GÖLÜ” TƏMİZLƏNƏCƏK

Prezident deyir ki, Bakının ekoloji vəziyyətini ağırlaşdıran göllərdir:

“O göllərə axıdılan sular çirkab sularıdır, lay sularıdır, neft mədənlərindən çıxan sulardır. Bu göllər həm ekoloji vəziyyəti korlayır, həm ümumi görüntünü pozur. Artıq vaxt gəlib çatıb ki, biz bu məsələ ilə də məşğul olaq. Bu da maliyyə baxımından çox ağır bir məsələdir. O göllərin təmizlənməsi məsələsi gündəlikdədir. Bəzi təklİflər var idi ki, bu göllər qurudulsun. Digər təkliflər var idi ki, təmizlənsin. Hər bir gölə fərdi qaydada yanaşmaq lazımdır. Deyə bilərəm, ictimaiyyət də bunu bilməlidir ki, biz əgər belə demək mümkünsə, ən ağır göldən başlamaq istəyirik.

Biz Böyük Şor gölünün təmizlənməsinə başlamaq istəyirik. Böyük Şor gölü min hektarı əhatə edir. Bu, çox nəhəng bir göldür. Ona görə təklif verilmişdir ki, biz bu gölü iki yerə bölək. Göl üzərindən avtomobil yolu çəkiləcəkdir. Belə layihə vardır. Altızolaqlı avtomobil yolu çəkiləcəkdir. Gölün birinci hissəsini - 300 hektar olan sahəni biz təmizləməliyik, şəffaf gölə çevirməliyik. Bu, həm istirahət zonasına çevriləcəkdir, həm nəqliyyat üçün çox vacib bir infrastruktur olacaq”.
XS
SM
MD
LG