Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:42

Özbəkistan prezidentinin qızları arasında müharibə davam edir


Gulnara Karimova
Gulnara Karimova

(AzadlıqRadiosunun Arxivindən: Bu məqalə 2013-cü ilin dekabrında hazırlanıb.)


Özbəkistan prezidentinin qızı Gulnara Karimova bu dəfə «ailə sirləri» barədə Britaniyanın «The Guardian» qəzetinə danışıb.

«The Guardian» yazır ki, Özbəkistanın «birinci qızı» illər boyu inanılmaz lüks həyat keçirib, lakin indi Gulnara Karimova klan müharibəsindən salamat çıxmaq uğrunda mübarizə aparır.

Britaniya qəzetinə müsahibəsində xanım Karimova bildirib ki, ailə üzvləri, ələlxüsus da bacısı və yeznəsi ölkənin yüksəkvəzifəli rəsmiləri ilə əl-ələ verərək onun məhvi üçün qəsd hazırlayıblar.

«Özbəkistanın bir nömrəli kübar xanımı çoxsahəli fəaliyyətə malik olub. Onun biznes maraqları, diplomatik statusu, zinət əşyalarının dizayn brendi və hətta müğənni kimi « Googoosha» adı var» – yazır «The Guardian». «Lakin indi o, iddia edir ki, anası və bacısı prezident atasına dezinformasiyalar ötürərək onun məhvinə çalışır».

Qəzet yazır ki, 2015-ci ildə Özbəkistanda növbəti prezident seçkisi keçiriləcək, bu mənada qoca və xəstə İslam Karimov-un yerini kimin tutacağı çox aktual məsələyə çevrilib.

Bir-neçə il əvvəl Gulnara Karimova-nın bu vəzifəyə real namizəd olduğu barədə çox danışılırdısa da, indi artıq belə bir əminlik yoxdur.

Məhz buna görə də Gulnara hazırda ölkənin yüksəkvəzifəli məmurlarına qarşı təbliğat müharibəsinə başlayıb, onları korrupsiya və başqa ağır cinayətlərdə ittiham edir.

HƏR ŞEY LOLA-NIN MÜSAHİBƏSİNDƏN BAŞLANIB

«The Guardian» yazır ki, Gulnara-nın bacısı Lola əvvəllər mətbuatdan qaçardı, lakin bir neçə ay əvvəl BBC-yə verdiyi müsahibəsindən sonra daha açıq şəkildə gündəmə gəlib.

Qəzetin yazdığına görə, adlarının açıqlanmasını istəməyən Rusiya rəsmiləri bildiriblər ki, indi atasının real xələfi kimi Lola Karimova-Tillayeva-nın namizədliyi aktuallaşıb.
Gulnara da bildirir ki, hər şey bacısı Lola-nın BBC-yə müsahibəsindən sonra başlanıb.

Lola Karimova-Tillyaeva
Lola Karimova-Tillyaeva

Gulnara Karimova iddia edir ki, bacısı və yeznəsi onun barəsində saxta internet yazıları təşkil etməklə onu mübarizə meydanından çıxarmağa hazırlaşırlar.

«The Guardian» yazır ki, Gulnara-nın ittihamlarına Özbəkistanın UNESCO-dakı səfiri kimi Parisdə yaşayan Lola-dan münasibət öyrənmək mümkün olmayıb. O, telefon zənglərinə və elektron poçta cavab vermir.

Bu arada Gulnara Karimova atasının guya onu döydüyü və saraydan qovduğu barədə iddiaları rədd edir. Bildirir ki, atası ilə onun arasında heç bir dava-dalaş və mübahisə olmayıb.

Bununla belə, Gulnara-nın «The Guardian» qəzetinə verdiyi başqa cavablar vəziyyətin son dərəcə gərgin olduğunu göstərir.

GULNARA-NI ZƏHƏRLƏMƏK İSTƏYİBLƏR?

Məsələn, Gulnara Karimova iddia edir ki, Özbəkistanın xüsusi xidmət orqanları onu və oğlunu mərgümüşlə zəhərləməyə cəhd ediblər. O, hətta «The Guardian» qəzetinə 2011-ci ildə Almaniya klinikalarından birindən verilmiş qan analizi nəticələrini göndərib. Gulnara-nın qanında ağır metalların konsentrasiyası qeydə alınıb.

Gulnara Karimova
Gulnara Karimova

Buna baxmayaraq, xanım Karimova onu kimin zəhərləyə biləcəyi barədə suala konkret cavab verməyib və ad çəkməyib.

«The Guardian» qəzeti yazır ki, Gulnara-ya qarşı hücumların arxasında Özbəkistan prezidentinin dayanıb-dayanmaması bəlli deyil, lakin prezident qızına aid bizneslərin son aylar ərzində nəzarətə götürüldüyü dəqiqdir.

Qəzet yazır ki, Avropa Birliyində korrupsiyaya dair iki təhqiqatın gedib Karimova-ya çıxdığından o, Cenevrədəki diplomatik postundan da geri çağırılıb.

ƏVVƏLLƏR KOR OLUB

Beynəlxalq insan haqları təşkilatları bildirirlər ki, Özbəkistan polisi və təhlükəsizlik qüvvələrinin zorakılığı və qəddarlığı barədə iddialar çoxdan səslənsə də, bu kimi məsələlərə Gulnara Karimova-nın işıq salması ən azı qəribə görünür.

«Human Rights Watch» təşkilatından Andrew Stroehlein bildirir ki, o, Twitter vasitəsilə Gulnara Karimova-nı Özbəkistanda uşaq əməyinin istismarı, 2005-ci il Əndican qətliamı barədə fikir söyləməyə çağırsa da, prezident qızı bundan imtina edib.
Andrew Stroehlein deyir ki, hətta Özbəkistanın BMT-dəki səfiri olduğu vaxtlarda da Gulnara Karimova bu məsələlər barədə susub.

Islam Karimov
Islam Karimov


«İndi onu kim ciddi qəbul edər ki?» –Andrew Stroehlein sual edir.

Karimova qəzetə müsahibəsində etiraf edib ki, ola bilsin, bu kimi həqiqətlərə əvvəllər gözü kor olub. O deyib ki, öz biznesi ilə məşğul olub və rəsmilərlə konfliktə girmək istəməyib.

ISLAM KARIMOV ÜÇÜN ÇƏTİN SEÇİM

«The Guardian» yazır ki, Gulnara Karimova uzun illərdir atasının siyasi xələfi hesab olunub, lakin son müsahibəsində belə bir iddiasının olmadığını söyləyib.

«Mən bir daha təsdiq edirəm ki, heç vaxt prezidentlik və ya başqa bir siyasi ambisiyalara malik olmamışam. Yenə də narahat olanlara belə bir niyyətimin olmadığını təkrar bildirirəm» – deyib Gulnara Karimova.

«The Guardian» yazır ki, 75 yaşlı İslam Karimov-un səhhətinin ağırlığı barədə şayiələr dolaşır, o, ictimaiyyət qarşısında nadir hallarda görünür və müsahibə vermir.

Gulnara Karimova müsahibəsində bildirib ki, atası bu hadisələrdən xeyli əsəbiləşib, lakin iki qızı arasında heç kimə tərəfkeşlik etmir.

«Mən qəti əminəm ki, hər hansı ata üçün çayın iki sahilindən birini seçmək çox ağır bir məsələ olardı» – deyib Gulnara Karimova.


Tərcümə etdi: Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG