Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Siyavuş Novruzov: «Bir iğtişaş baş verirsə, QHT rəhbərinin orda nə işi var?»


Siyavuş Novruzov
Siyavuş Novruzov
-
ZAHİD ORUC: “LEYLA YUNUS AZƏRBAYCANIN MƏNAFEYİNƏ CİDDİ ZƏRBƏ VURUR”


“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri”, “Qeyri-hökumət təşkilatları haqqında” qanunlara dəyişikliklər edilməsi haqqında layihələr barədə Əli Hüseynli məlumat verib.

Komitə sədri bildirib ki, hər iki qanuna edilən əlavə və dəyişiklərin məqsədi bu təşkilatların fəaliyyətinin şəffaflığına yönəlib. Bu həm də ölkənin milli təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlardan biridir. Nəzərdə tutulan dəyişikliklər də ancaq bu məqsədə xidmət edir.

Zahid Oruc bəzi QHT və QHT rəhbərlərini xarici kəşfiyyata işləməkdə, Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqda ittiham etdi. O xüsusilə Leyla Yunusun fəaliyyətinə münasibət bildirərək, onun Azərbaycanın mənafeyinə ciddi zərbə vurduğunu dilə gətirib.

Zahid Oruc eyni zamanda ATƏT-in İnsan Haqları və Demokratik Təsisatlarının Varşava bürosunu casusluq yuvası sayaraq bildirib ki, onun tərtib etdiyi hesabatlar Azərbaycanın əleyhinə olan hesabatlardır.

Fazil Mustafa qeydiyyatla bağlı məsələnin bu qədər sərtləşdirilməsinin yaxşı olmadığını bildirib.

Elmira Axundova isə Ukraynada baş verən aksiyalara toxunaraq bildirib ki, bu ölkədə keçirilən aksiyaların dəstəklənməsi üçün xarici ölkələrdən bu ölkənin QHT-lərinə 15 milyon dollar pul verilib.

“Bu baxımdan hesab edirəm ki, bu qanunlara Azərbaycanda edilən dəyişikliklər vaxtında atılan addımlardır”.

ZİYAFƏT ƏSGƏROV: “ŞƏFFAFLIQ, ŞƏFFAFLIQ, YENƏ DƏ ŞƏFFAFLIQ...”

Ziyafət Əsgərov
Ziyafət Əsgərov
Birinci vitse-spiket Ziyafət Əsgərov hər iki qanuna edilən dəyişikliklərin hər hansı başqa bir niyyətə xidmət etmədiyini deyib.

“Burda məqsəd şəffaflıq, şəffaflıq, yenə də şəffaflıqdır”.

YAP-çı deputat Siyavuş Novruzov da bu məsələyə etirazların anlaşılan olmadığını deyib:

“Sizin fəaliyyətiniz şəffafdirsa onda, nədən qorxursuz. Ömrü boyu şəffaflıqdan danışır, amma şəffaflıq məsələsi gələndə hay-küy salınır ki, QHT-lər sıxışdırılır. Burda məqsəd odur ki, xarici mənbələrdən pul alıb ölkə əleyhinə fəaliyyət göstərən QHT-lərin qarşısı alınsın.

Burada siyasi partiyalarla bağlı məsələ səsləndi. Azərbaycanda bir sıra partiyalar var ki, QHT-lər vasitəsi ilə beynəlxalq təkilatlardan maliyyə alıb hökumət əleyhinə fəaliyyət göstərirlər.

Onların vergi sənədlərində sıfır göstərilir. Amma rəngləri günü-gündən açılır, çəkiləri çoxalır, cangüdənlər və 30-40 işçi saxlayırlar. Amma fəaliyyətlərini və gəlirlərini göstərmirlər, bəs bunlar nə ilə yaşayırlar. Qərargah məsələsinə gəldikdə, burda söhbət yeni yaradılan siyasi partiyalardan gedir. İkinci tərəfdən dövlət heç bir təşkilat qarşısında öhdəlik götürməyib ki, ona qərargah verəcək. Get yer götür, icarə haqqı ödə, fəaliyyət göstər. Hələ bir dövlətin siyasətinə qarşı mübarizə apar, hökumət də səni qərargahla təmin etsin.

Kim qanun çərçivəsində fəaliyyət göstərmək istəyir buyursun, kim istəmir o da qanun qarşısında cavab verməlidir. Bir iğtişaş baş verir QHT nümayəndəsi ordadır, sənin orda nə işin var? Misal üçün REAL hərəkatının nümayəndəsi sənin orda nə işin var? Kənardan izlə, bax gör nə olacaq. İndi məhkəmə o işə baxır və müəyyənləşəcək ki, onun orda nə işi var idi”.

Siyavuş Novruzov dini təşkilatların fəaliyyətinin məhdudlaşdırlmasının da tərəfdarı olduğunu deyib.

Dəyişikliklər qəbul olunub.

------
PARLAMENT SƏDRİNDƏN DEPUTATLARA ŞAD XƏBƏR

Oqtay Əsədov
Oqtay Əsədov
Parlamentin iclası başlayan kimi spiker Oqtay Əsədov “Şahdəniz-2” layihəsinin imzalanması münasibəti ilə bağlı deputatları təbrik edib.

“Sizə bir şad xəbərim var. Azərbaycan Avropa dövlətləri ilə “Şahdəniz -2” layihəsini imzalayıb. Bu sənəd Heydər Əliyevin və Azərbaycanın neft stratrategiyasının təntənəsidir. Bu, prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Bu münasibətlə sizi təbrik edirəm! Bu sənəd, bu qərar Azərbaycan xalqının rifahına xidmət edəcək”.

ƏLİ MƏSİMLİ: “AVROPADAN BİR UMACAĞIM VAR”

Millət vəkili Əli Məsimli imzalanmış bu sənədi “Əsrin müvaqiləsi” ilə müqyisə etdi. Onun fikrincə, 1994-cü ildə imzalanmış “Əsrin müvaqiləsi” XX əsrin müqaviləsi idisə, bu, XXI əsrin müqaviləsi olacaq:

“Bu sənəd “Şahdəniz 3”ə doğru inkişaf edəcək. Bu, Azərbaycanın müstəqilliyinə real məzmun vermək istiqamətində mühüm addımdır. Azərbaycan energetika sahəsində ikili funksiya yerinə yetirəcək. Bu sənəd həm bölgənin enerji resurlarının Avropa istiqamətində ötürülməsində, həm də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayacaq”.

Ə. Məsimli eyni zamanda bunun qarşılığında Azərbaycanın da Avropadan müəyyən gözləntilərinin olduğunu qeyd etdi:

“Əgər Azərbaycan fikirdə, sözdə, işdə 500 milyon insanın yaşadğı məkanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirak edirsə, Avropa strukturları da Azərbaycanın bir nömrəli problemi olan Dağlıq Qrabağ problerminin həllində qəbul etdiyi sənədlərə hörmətlə yanaşmalıdır”.

Onun fikirlərini təsdiq edən Milli Məclisin sədri Oqtay Əsədov qeyd edib ki, “Şahdəniz 2” sənədi həriqətən də XXI əsrin layihəsidir.

Çıxış edən bir sıra digər millət vəkilləri belə bir mühüm sənədin imzalanması münasibətilə Azərbaycan xalqını təbrik edib, onun Azərbaycan xalqının rifahının yüksəldilməsinə töhfə verəcəyinə inandığını bildiriblər.

ZAHİD ORUC: “TÜRKİYƏ İZAHAT VERMƏLİDİR”

Zahid Oruc
Zahid Oruc
Zahid Oruc Türkiyə xarici işlər nazirinin Ermənistana səfərinə toxunub. O, iki rayonun qaytarılması və Azərbaycanın müəyyən maraqlarının qorunması və s. barədə deyilənlərin Azərbaycanın maraqlarına uyğun olmadığını bildirib.

“Hesab edirəm ki, Türkiyə bu məsələ ilə bağlı izahat verməlidir”.

“AY, ZAHİD MÜƏLLİM...”

Oqtay Əsədov Zahid Orucun dediklərinə etiraz edib:

“Ay Zahid müəllim, Türkiyə nə izahat verməlidir. Vaxti ilə Türkiyənin baş naziri Rəcəb Tayyib bu parlamentdə dedi ki, Qarabağ problemi həll olunmadan Türkiyənin Ermənistanla münasibətlər qurması mümkün deyil. Siz o ara sözlərə fikir verməyin”.

NURU PAŞAYA, NƏSİB BƏY YUSİFBƏYLİYƏ HEYKƏL QOYULSUN

Deputatlar Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları ilə bağlı yeni təkliflər səsləndiriblər.

Millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında qeyd edib ki, son zamanlar ölkə başçısına hansı məsələlərlə bağlı müraciət olunursa, ona daha çox diqqət yetirilir. Belə məsələlərdən biri də Məmməd Əmin Rəsulzadının 130 illik yubileyi ilə bağlı qərardır:

“Çox sevindirici haldır ki, artıq dövlət özü Məmməd Əmin Rəsulzadəyə sahib çıxır. Çox yaxşı olardı ki, Azərbaycan dövlətinin qurulmasında, onun ilk dəfə müstəqilliyinin əldə edilməsində rolu olmuş Nuru Paşanın da xatirəsinin əbədiləşdirilməsi istiqamətində addımlar atılsın, onun heykəli ucaldılsın”.

Deputat Qüdrət Həsənquliyev isə bir qrup ictimaiyyət nümayəndəsinin “Sahil” bağının “Cümhuriyyət” bağı adlandırıması ilə bağlı verilən təklifini bəyəndiyini deyib. Onun fikrincə, həmin bağın Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının şərəfinə adlandırılması daha məqsəduyğun olardı.

Deputat həmkarlarının təkliflərinə şərik çıxan Qənirə Paşayeva Məmməd Əmin Rəsulzadə ilə bağlı qərarın Azərbaycan xalqı tərəfindən müsbət qəbul olunduğunu və alqışlandığını deyib. Bununla yanaşı millət vəkili Azərbaycan Xalq Cümhuriyyətinin qurucularına və həmin hökumətin ilk baş naziri olan Nəsib bəy Yusifbəylinin xatirəsinin əbədiləşdirilməsi məsələsini gündəmə gətirib. O bildirib ki, ya Bakıda, ya da onun anadan olduğu Gəncədə heykəli ucaldılsın.

İQBAL AĞAZADƏ: “ANAR MƏMMƏDLİ HAQDA QONDARMA CİNAYƏT İŞİ QALDIRILIB...”

İqbal Ağazadə
İqbal Ağazadə
İqbal Ağazadə ölkədə insan haqlarının vəziyyətinə toxunub:

“Ölkənin həm mərkəzində, həm də regionlarında siyasi məhbus kateqoriyasına aid olan insanların məhkəməsi gedir. Bu məhkəmə proseslərində siyasi motivlər səsləndirilir. İsmayıllı hadisələrinə görə həbs olunan Tofiq Yaqublu, İlqar Məmmədov və daha 18 nəfər və dindarların həbsi var.

Dünən də SMDT rəhbəri Anar Məmmədli haqda qondarma cinayət işi qaldırılıb. Qondarma ona görə deyirəm ki, hər hansı QHT-nin təyinatı hər hansı bir ölkədən qrant alması Qrant haqqında qanunu pozsa belə, kommersiya fəaliyyəti ilə əlaqələndirilə bilməz. İstərdim ki, 31 dekabr ərəfəsində prezident əfv ya da amnistiya fərmanı ilə çıxış etsin. 2014-cü ildə ölkə yeni bir mühitə qədəm qoysun”.

SİYAVUŞ NOVRUZOV: “DEPUTATLARIN ƏMƏK HAQLARININ QALDIRILMASINDA AYRI MƏNALAR ÇIXARMAQ LAZIM DEYİL”

“Postsovet məkanında bir sıra parlamentlərlə müqayisədə bizdə deputatların əmək haqqısı azdır”.

Bu fikri “Milli Məclisin deputatlarının statusu haqqında qanuna dəyişiklər haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı YAP-dan olan deputat Siyavuş Novruzov səsləndirib.

“Bəzən deputatların maaşını müəllimlərin maaşı ilə müqayisə edirlər. Cəmi 125 deputat var. Amma təhsil sahəsində 500 min insan işləyir. Biz əlbəttə ki, bütün təbəqələrin sosial müdafiəsi ilə məşğul oluruq. Hesab edirəm ki, belə müqayisələr aparmaq doğru deyil. ABŞ-da senatorlar 14-16 min , müəllimlər isə 2 min dollar əmək haqqı alır”.

Milli Məclis
Milli Məclis
​Deputat deyib ki, deputatların əmək haqlarının qaldırılmasında ayrı mənalar çıxarmaq, ajiotaj yaratmaq, cəmiyyəti çaşdırmaq lazım deyil:

“İkincisi, dövlətin müdafiə sahəsindən sonra ən çox maliyyə təhsil sahəsinə ayrılıb. İqtisadiyyatı bilməyən, camaatı qızışdırmaq istəyənlər bu məsələləri araşdırmalı və düşünməlidir”.

Siyavuş Novruzov:

“Bu gün imzalanan müqavilələr də Azərbaycan xalqının mənafeyinə hesablanıb. Son 10 ildə 3 min məktəb tikilib. Bu cür məktəblər, xəstəxanalar, yollar heç vaxt olmayıb.
Avropaya inteqrasiya əməldə olmalıdır. Bizim Avropa ilə 30 milyard dollar civarında iqtisadi əlaqələrimiz var. Ukrayna, Ermənistan, Gürcüstan və Moldovanın birlikdə iqtisadi əlaqələri bu qədər deyil. Bu günkü müqavilə isə 45 milyard dollar həcmindədir.
Bu gün deputat mandatı ala bilməyənlərin gedib Ukraynada Avropaya dəstək vermək, gah narıncı şarf taxmaq, gah da yaxasına müxtəlif şeylər taxması ilə deyil. Dəstək bu real addımlardan ibarətdir.

DEPUTATIN MƏTBUATDAN XAHİŞİ

Siyavuş Novruzov mətbuatdan bir xahiş edib.

“Bir xahişim var, dünyada əmək haqqını soruşmaq anormallıq sayılır. Odur ki, hər gün bu haqda yazmaq doğru deyil”.
XS
SM
MD
LG