Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

İlham Əliyev Vilnüsə gedir


İlham Əliyev və Jose Manuel Barroso, 21 iyun 2013
İlham Əliyev və Jose Manuel Barroso, 21 iyun 2013
-
Noyabrın 26-da Avropa Birliyinin rəsmi saytında yayılan məlumat Azərbaycanın dövlət başçısının Vilnüs toplantısına qatılıb-qatılmayacağı məsələsinə aydınlıq gətirdi. İştirakçılar siyahısında İlham Əliyevin də adı yer alıb.

«Şərq Tərəfdaşlığı»nın noyabrın 28-də və 29-da Vilnüsdə keçiriləcək bu zirvə toplantısı sayca üçüncüdür. Toplantıya Avropa Birliyinə daxil 28 ölkənin, eləcə də Azərbaycan və Ermənistanın, Belarus, Gürcüstan və Ukraynanın dövlət başçıları dəvətlidir.
Sammitə Avropa Birliyinin prezidenti Herman van Rompuy və Avropa Komissiyasının prezidenti José Manuel Barroso sədrlik edəcək.

Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton, Avropa Parlamentinin prezidenti Martin Schultz, Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissar Štefan Füle və başqaları da sammitə qatılacaqlar.

«DAHA İDDİALI MÜDDƏALAR ÜZRƏ İŞİMİZƏ DAVAM EDƏCƏYİK»

Avropa Birliyinin prezidenti Herman van Rompuy deyib ki, onların niyyəti regionda tərəfdaşlarla birgə demokratiyaya, inkişafa və qanuna söykənən qonşuluq çərçivəsində əməkdaşlıqdır.

Van Rompuy tərəfdaşlarla daha iddialı müddəalar üzrə iş gedəcəyini dilə gətirib. Söhbət azad ticarət əlaqələrindən, regiona sadələşdirilmiş viza rejimində səfərlərdən gedir.

Avropa Komissiyasının prezidenti José Manuel Barroso-nun sözlərinə görə, «Şərq Tərəfdaşlığı» Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna vətəndaşlarına yeni imkanlar acır:

«Avropa Birliyi bir neçə ilin içində Şərqdəki qonşularına böyük ticarət partnyoru, investisiya qaynağı və siyasi iştirakçı, eləcə də etibarlı tərəfdaş oldu».

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
Zirvə toplantısında Azərbaycan Avropa Birliyi ilə sadələşdirilmiş viza rejiminin tətbiqinə dair sənəd imzalamalıdır.

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycan prezidentinin Vilnüsə səfərini alqışlayaraq deyir ki, rəsmi Bakı bu sammitə qatılıb-qatılmamaqla bağlı tərəddüd etsəydi, bu, ölkənin zərərinə işlərdi:

«Rusiyadan təzyiqlər arta bilərdi, çünki görəcəkdi ki, Azərbaycan tərəddüd içindədir, nə Avropa Birliyini seçə bilir, nə də Gömrük İttifaqını. O halda ölkənin Gömrük İttifaqına yönəlməsi üçün basqılar daha da artacaqdı».

ASSOSİATİV RAZILAŞMAYA GEDƏN YOLUN BAŞLANĞICI

Elxan Şahinoğlu Avropa Birliyi ölkələrinə vizaların sadələşdirilməsini Azərbaycanı Assosiativ Razılaşmaya aparan yolun başlanğıcı sayır:

«Düşünürəm ki, Azərbaycan Avropayla bütünləşməlidir. İlham Əliyev də dəfələrlə vurğulayıb ki, Azərbaycan ərzaq təhlükəsizliyini təmin etmək üçün gələcəkdə mallarını xarici bazarlara çıxarmalıdır. Fikrimcə, Azərbaycan hakimiyyəti də Avropaya inteqrasiyanın qaçılmaz olduğunu düşünür. Sadəcə, Rusiyanın, yerli oliqarxların təzyiqləri var, çünki onların inhisar imkanları azalacaq. Çünki Avropayla inteqrasiya gömrükdə şəffaflıq tələb edəcək».

Elxan Şahinoğlunun fikrincə, əslində, Azərbaycan Vilnüs sammitində Assosiativ Razılaşmaya dair baxışlarını sərgiləməlidir.
Rasim Musabəyov
Rasim Musabəyov

Millət vəkili Rasim Musabəyovsa elə düşünür ki, Vilnüsdə imzalanması gözlənən sənədlər heç də Assosiativ Razılaşmaya hazırlaşmaq demək deyil:

«Bunun üçün Azərbaycan Dünya Ticarət Təşkilatının üzvü olmalıdır. Hələlik, danışıqlar gedir. Ondan sonra Assosiativ Razılaşma barədə danışmaq olar. Ukrayna və Moldova kimi ölkələrə Avropa bazarı vacibdir, amma Azərbaycanın belə məcburiyyəti yoxdur. Azərbaycan Avropaya neft satır, qaz satır, buna da alıcı tapılır».

Rasim Musabəyovun fikrincə, viza rejiminin sadələşdirilməsi sənədini imzalamaqla bağlı Rusiya Azərbaycana təzyiq göstərməyəcək, çünki özü Avropa Birliyi ilə bu istiqamətdə danışıqlar aparır. O, Azərbaycanın Assosiativ Razılaşma və ya Gömrük İttifaqı seçimi qarşısında qalacağına da şübhə edir. Politoloq düşünür ki, vaxtı çatanda ölkə daha praqmatik qərarlar verəcək.
XS
SM
MD
LG