Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:33

Moruq qırmızılıqları... (Mikayıl Rəfilidən şeirlər)


Mikayıl Rəfili
Mikayıl Rəfili
-

Mikayıl Rəfili (1905-1958) Azərbaycanda sərbəst şeirin əsasını qoyan yazarlardandır.


Sevgilim qapımı asta-asta döyər

Sevgilim qapımı asta-asta döyər.
Yağışlar pəncərədə bəhs edən şikəstədən.
Sevgilim bilməz ki, bu hədiyyələr
Hazırdır onunçün dünəndən.
Sevgilim bir söz deməz, oturar yanıma.
Qarşımda bir yığın kağız cırıqları.
Mənə doğru əyilən ipək yanaqlarında
Moruq qırmızılıqları.
Sevgilim gülümsəyərək toplar yetim kağızları
Gözləri məndən icazə istər.
Sonra dəstmal çıxarıb ehmalca silər
Kipriklərindəki gizli yumru ulduzları.
Sevgilim ceyran başını köksümə
Qoyar ki, bu axşam mən bir söz deməyim,
Hər yetən sözdən, hər yetən dostun
Lağlağı nitqindən inciməyim.
Sevgilim qapımı asta-asta döyər...
Bağçamda sadə yox, sanki yağıyam.
Hərdən bir az dəli sayağıyam
Lakin bir zərəm, ustası yox,
Udəba arasında dost havası yox!


Axşam gəzintisi

Axşam yay axşamıdı, axar ulduzlar
Xırda çıraqlarla yoluma tökülürdü
Ağaran gecənin yaxın bir səsi
Çağıran akkordlarla addımlarıma gülürdü,
Ürəyim od tutub yanırdı nədənsə,
Bu axşam siyahətinin əcəb hüsnü vardı:
Ulduzlar-südlü şəbnəmlərdə, mənsə -
Axşamın şəfəqilərində...
Dumanlı bir masal dənizində yanırdı.
Qayıq gah gedir, gah dayanarıdı.
Qızıl suya batmış hərflər boyanırdı
Günlərin mavi vərəqlərində.
Axşam yay axşamıydı, qırmızı lalələr
Xiyabanda salam edirdi gül dərənlərə,
Şəfəq ucalırdı, ulduzlar dönürdü,
Quşlar susub, yol verirdi ərənlərə.
Ərənlər başladı o axşam masal,
Sular səs verirdi, ulduzlar çıraq,
Aldı saz əlinsə şərqi oxuyaraq
Bir pir-nurani, Firdovsi misal.


Romans

Otağım subay gəncin damına bənzər,
Çarpayım, gözəl xalılarım, səsli patefonum var,
Pəncərəm açılanda rüzgar otağımda gəzər.
Tanqodan yorulanda, bəzən radio çalar.
Lakin barmaqlarım kəsər kitab arasında,
Gizlər kiçik xulyaların bir parasını.
Hər kəsin bir könlü var, mənimki iki:
Biri otağımda, o biri –
Nevski prospektindəki...

Moskva.


Haqq

Qaçaraq qurultulu şəhərdən bir qarlı gün
Qovuşmaq sevdasilə, koşdum bəyaz kırlara;
Küçələr etmişdi məni bir gün üçün sürgün,
Qəlbim qanad çalırdı o çamlı üfüqlərə.
İxtiyar qışın rüzgarı vermişdi səs-səsimə,
“Əlvida!” bağırırdı “geçmiş” cənazəsinə...
Ölmüş idim, dirildim, oldum həyat yolçusu:
Çok istəməm dünyadan: tələbim – çörək və su!
Bu xiyal içində mən uçunurkən bu gecə,
Şadlığımdan ağladım şəfəq üzü görüncə...
Fəqət birdən:
Yarıldı qarlı toprak, çıxdı alovdan bir əl,
Sordu, mənə baxakarq: - Yaxşı, kimsən və nəsən?
Qəlbum şad idi, haykırdım:
- Bu kiçik qəlbimdə mən bəslərəm tək bir əməl:
Sevmək böyük bəşəri, nə qədər var nəfəsim!

Moskva 1928


Düşüncə

Baxıram
Dünyanın gedişinə...
Bakmamak qabil deyil
Bəşərin işinə
Dünya geniş,
Bəşərin qəlbi qədər geniş,
Tarix – bir uzun yol,
Bu yol
Kürədən ulduzlara
Ucalan bir körpü qədər
Uzun bir yüksəliş...
Bir yüksəlişdir bu!
Hər devr
Bir mərdivən...
Ölümə məgrur enən:
Hər şey daima yüksəlir,
Hər şey davamıdır geçən günlərin...
Meyvəsidir bi atomda gizlənən hünərin...
Enənlər bir qaladır
Yapar mərdivənləri:
Gələcək yıkmış geçmişi
Ta əskidən-bəri.
İnanıram bu həqiqətə:
İnanıram ki bu gün
Bıçaq dişlərini
Div kibi qıcırdadan
“Vəhşi” Asya,
Yıkacaq
“Mədəni” qərblilərin
Ağ saçlı mədəniyyətini...
Düşünürəm tarixin bu həqiqətini
Baxıram
Avropanın
Çır-çıplaq budaq kimi
Titrəyən vücuduna...
Bu titrəmə -
Avropanı dolaşan
Qorxunc bir xəyalətin rüzgarıdır.
Bu günkü dünya
İxtiyarlamış bir kaftar qarıdır...
Qarılar öləcək;
Dağlara təkər taxaraq gəlir gələcək!
Baxıram günyanın gedişinə,
Baxmaq qabil deyil
Bəşərin işinə.

Moskva 1928.


“Faust”dan

İthaf

Gəncliyimdə gördüyüm ey dumanlı kölgələr,
Yenə peyda oldunuz bu qəmgin nəzərimdə!
Bir daha məni əhya edərmi titrəmələr
Əski dəli röyalar uçarsa üzərimdə?
Ey buluda bürünən zülmətlər xəyalət,
Sizi bir daha gördüm... və sevdim bu həyatı...
Lahuti ney səsindən ruhum gəldi həyəcana
Sehrinizi duyunca, yenə gəldi can mənə.


Qarşımda xəyal kibi doğdu nəşəli günlər,
Keçmişim, sevdiklərim, həp sevimli kölgələr;
Təkrar yada düşdü bir unudulmuş əfsanə:
İlk sevda və məhəbbət denən gözəl təranə;
Əsgi ələm içində ruhum oldu pərişan,
Çapar ömrün əlindən başladım sikayətə
Cavanlıq günlərində taleyin sayəsindən
Qeyb olan rəfiqləri çağırdım bur vüslətə.


Heyhat, şövqlə bir zaman rübabımı dinləyən
Kimsə rəfiqlərimdən eşitməz bu naləmi...
Ayrı düşdü dəstəmiz, ayrıldı bir-birindən
Sərabə döndü səslər, ötdü keçmiş aləmi.
XS
SM
MD
LG