Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:12

NİDA-çıların məhkəməsi: «Heykəlin özünün müraciəti olmalı idi» [Video]


Gənclərin növbəti məhkəmə prosesi keçirildi
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Gənclərin növbəti məhkəmə prosesi keçirildi

-
«Heykəlin özünün müraciəti olmalı idi» – Vəkil Elton Quliyev belə deyib. O bu sözləri noyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində 7 NİDA-çı gəncin və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadənin işi üzrə növbəti prosesdə dilə gətirib.

Elton Quliyev öncə İlkin Rüstəmzadəyə qarşı qaldırılan ittihamın əsassız olduğunu vurğulayıb:

«İttihamda göstərilir ki, gənclər dənizkənarı bulvardakı dekorativ heykəllərdən birinə zərər vurublar. İttihamda heykəldən söhbət gedirsə, deməli, yalnız o heykəl korlanıb-uçurulduğu halda hər hansı zərərvurmadan söhbət gedə bilərdi. İndiki halda «heykəlin şəxsi həyatı ilə bağlı» videogörüntülərin internetə yerləşdirilməsindən söhbət gedə bilər ki, bu da xüsusi ittiham qaydasında həll olunası məsələdir. Özü də şəxsin müraciəti əsasında. Konkret bu halda, nə qədər məntiqsiz görünsə də, heykəlin özünün müraciəti olmalı idi. Əgər prokurorluq heykəlin qayğısına qalırsa, o zaman prokurorluq bu addımı heykəlin etibarnaməsi əsasında ata bilər».

«TƏQSİRSİZLİK PREZUMPSİYASI POZULUR»

Prosesdə vəkil Xalid Bağırlı da bir neçə vəsatətlə çıxış edib. Təqsirləndirilən Zaur Qurbanlı və İlkin Rüstəmzadənin vəkili Xalid Bağırlı bildirib ki, gənclərin dəmir barmaqlıqlar arxasında oturması onların şərəf və ləyaqətini alçaldır, təqsirsizlik prezumpsiyası prinsipinə də ziddir.

Vəkil gənclərin onların yanlarında oturdulması barədə vəsatətlə çıxış edib. Növbəti vəsatət məhkəmə prosesində video və səsyazısına icazə verilməsi ilə bağlıdır. Başqa bir vəsatətdə vəkil İlkin Rüstəmzadəyə qarşı irəli sürülən ittihamlara xitam verilməsini tələb edir. Xalid Bağırlı xuliqanlıqla bağlı ittihamda heç bir zərərçəkənin olmadığını əsas gətirir və bildirir ki, hər hansı bir videonun çəkilib internetdə yayılmasına görə cinayət işinin açılması absurddur. Vəkil partlayıcı maddələrlə bağlı ittihamın da heç bir əsası olmadığını söyləyib.

«İŞ İSTİNTAQA QAYTARILSIN»

Xalid Bağırlının dediyinə görə, Zaur Qurbanlının vəkili Aslan İsmayılova istintaq materialları ilə tam tanış olmaq imkanı tanınmadan iş məhkəməyə verilib. Bununla da prosessual qaydalar pozulub. Vəkil bu hüququn pozulduğuna görə hakimdən prosesə xitam verilməsini və işin istintaqa qaytarılmasını istəyib.

Hakim prosesdə vəsatətlərə münasibət bildirməyib. Növbəti proses noyabrın 21-ə təyin olunub.

Məhkəmə prosesinə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli, Avropa Birliyinin Bakıdakı nümayəndəliyindən, ABŞ və Almaniya səfirliyindən də nümayəndələr qatılıblar.

Proses başlarkən, İsa Qəmbər məhkəmənin qurama olduğunu dedikdən sonra hakim Cavid Hüseynovla onun arasında fikir qarşıdurması yaranıb və Müsavat başqanı məhkəmə zalını tərk edib. O, məhkəmə zalından çıxarkən, gənclərə səslənib:

«Siz millətin sütunusunuz və azadlığa çıxacağınıza az qalıb».

«NİDA»çılara – Məmməd Əzizov və Bəxtiyar Quliyevə, Şahin Novruzlu və Rəşadət Axundova, Üzeyir Məmmədli, Rəşad Həsənov və Zaur Qurbanlıya «Əsgər ölümünə son» 10 mart aksiyası ərəfəsində aksiyada istifadə üçün «Molotov kokteyli» hazırlamaq ittihamı irəli sürülüb.

Bu ittihama əsasən, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldəetmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Bu gənclərin bir neçəsinə qarşı həm də narkotik maddə ittihamı irəli sürülüb. «Azad Gənclik» Təşkilatının fəalı İlkin Rüstəmzadə isə xuliqanlıqda ittiham olunur.

İstintaq dövründə gənclərə qarşı Cinayət Məcəlləsinin 220.1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak) maddəsi ilə əlavə ittiham elan olunub.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» müttəhimləri «vicdan məhbusu» elan edib.
XS
SM
MD
LG