Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:25

«Dini faşizm, mənə görə, faşizmin ən pisidir»


Adonis
Adonis
-

“Nobel”in Orxan Pamuka verilməsini düzgün hesab etmirəm.

Qadınları rahat buraxın. Necə istəyirlərsə, elə də geyinsinlər. Hicab məsələsi onların azad iradəsinə buraxılmalıdır.

Türkiyənin imici elə də gözəl deyil...



Ərəb dünyasının ən böyük şairlərindən biri Adonisin əsl adı Əli Əhməd Səid Eşberdir. 1930-cu ildə Suriyanın Lazkiyə şəhərində doğulub. 1955-ci ildə siyasi səbəblə həbsxanaya düşüncə Beyruta qaçıb. 1976-ci ildə Parisə gedib. Burada Ərəb diktatorluğuna və səfalətə qarşı şeirlər yazıb. Ərəb Birliyinin UNESCO nümayəndəliyi vəzifəsində çalışıb. Nobel Ədəbiyyat Mükafatına illərlə namizəd olur. Almaniyada 3 ildə bir dünyanın ən böyük şairlərinə verilən, şeir dünyasının ən nüfuzlu mükafatı “Höte Mükafatı”nı qazanıb. 83 yaşında olmasına baxmayaraq, hələ də şeir yazır.

Adonis 2001-ci ildə “Deutsche Welle”yə verdiyi bir müsahibədə baş verən hadisələri öncədən görürmüş kimi danışmışdı:

“Əgər Ərəb dünyasında siyasət dəyişməzsə, əgər idarəçilər iqtidarda qalmaq yerinə xalqın rifahını düşünməzsə, bundan daha betər fəlakətlərlə üzləşməyə hazır olmalıdırlar” və gördüyümüz kimi, 10 il sonra Ərəb dünyası, məhz bu səbəblə “domino daşı” kimi yıxıldı.

Daha sonra 2007-ci ildə “Əl-Ərəbiyə”yə verdiyi müsahibədə Ərəb mədəniyyətindən danışaraq demişdi: “Biz yox olmaq üzrə olan bir xalqıq. Nə insani bir əsər yaratma, nə də dünyanın qurulmasında iştirak etmə gücünə sahibik”.


Nobel mükafatı (medal)
Nobel mükafatı (medal)

- "Nobel" mükafatı bu il də olmadı...

- “Nobel” barədə danışmaq istəmirəm. Bu günə kimi aldığım mükafatların siyahısını unutmuşam. Amma onu da deyim ki, mükafat o qədər də vacib deyil. Vacib olan indiki günümüzlə bağlı daha fərqli şeylər yarada bilməkdir. Mənə görə Yaşar Kamal Türkiyənin ən böyük yazıçısıdır. “Nobel”in Orxan Pamuka verilməsini düzgün hesab etmirəm. Amma Yaşar Kamal onların istədiyi siyasi qəliblərə sığmır.

- Bağdad, Hələb, Şam dağılır. Ərəb dünyası zənginliyini öz əlləriylə dağıdır. Bəs bu sizə təsir etmir?

- Əlifbaya ev sahibliyi edən torpaqlarda muzeylər, köhnə kilsələr, evlər heç nədən məhv edilir. Bir inqilab öz zənginliklərini yox etməz. Mənim kədərim acı çəkməkdən daha ağırdı. Öz zənginliklərini öz əlləriylə yıxan Yaxın Şərq xalqının ağrısını yaşayıram. Mənim ölkəm Suriya şiddətlə parçalanır.

- Suriyada baş verənlərə necə baxırsız?

- Suriyada olub-bitənlər qorxuncdur. Təbii ki, bir şeylər dəyişməlidir, amma danışıqlarla. Müharibə, şiddət heç bir şeyi dəyişməz.

- Ərəb dünyası Türkiyə haqqında nə düşünür?
Yaşar Kemal
Yaşar Kemal

- Bəziləri Türkiyəni sevir, bəziləri də nifrət edir. Türkiyənin imici elə də gözəl deyil. Tayyib Ərdoğan sərt və qapalı bir idarəçidir. Türkiyənin Suriya siyasəti də qorxunc bir imic yaradıb. Türkiyə Suriyanı yox etmək istəyən barbarlara dəstək və cəsarət verib. Türkiyənin Suriya siyasəti "etik bir müvəffəqiyyətsizlikdir".

- Hicab ətrafında olan mübahisələr bu aralar çox fəaldır. Qadınlar və Hicab məsələsinə necə baxırsınız?

- Qadınları rahat buraxın. Necə istəyirlərsə, elə də geyinsinlər. Hicab məsələsi onların azad iradəsinə buraxılmalıdır. Kimə nə? Dövlətə gəlincə, dövlət buna qadağa qoymamalıdır. Mənim vaxtımda Şamda Hicab bir gözəllik simvolu idi. İndi Hicab simvolu da dəyişib.

- Siz başından bəri “Ərəb Baharı inqilab-filan deyil” deyirsiz. Niyə?

- Əvvəlcə Ərəb tarixinin yeni miladının Təhrir Meydanı olacağına ümid etdim. Amma 2-3 ay kimi qısa bir müddət ərzində işlər dəyişməyə başladı. Gənclər, şagirdlər, intellektuallar və qadınlar tərəfindən yaradılan bu fövqəladə sülhsevər inqilabı oğurladılar və şiddət ön plana çıxdı. Ərəb dünyasında yaşananlar bizə göstərdi ki, din təməlində qurulan bir ölkədə inqilab edə bilməzsiniz. Dini faşizm, mənə görə faşizmin ən pisidir. Bəlkə də indi Misirdə gerçək bir inqilaba gedirik. Hələ də ümidliyəm.

- Bütün dinləri nəzərdə tutursuz?

- Bəli aralarında dərəcə fərqi olsa da hamısı… İslama, ya da inanca qarşı deyiləm, əksinə insanların inam haqqını müdafiə edirəm. Amma bir iqtidar, bir güc tərəfindən təlqin edilən dini rədd edirəm. Bu səbəbdən siyasət və dini bir-birindən ayırmaq, dini insanla Allah arasında buraxmaq lazımdır

axar.az
XS
SM
MD
LG