Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 02:25

Məni müharibəyə aparmayın (Seçmə şeirlərdən)


-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilib. 17 hekayə və 8 şairin şeirləri imzası göstərilmədən Münsifə göndərilib. Onun çapa münasib bildiyi əsərləri yaxın günlər ərzində "Oxu zalı"nda oxuyun. Çap sırası şərtidir.


Məni müharibəyə aparmayın

Məni müharibəyə aparmayın düşmən öldürən deyiləm
Mənə silah verməyin satıb kitab alacam
Mənə düşmən göstərməyin dost olacam
Şeir oxuyacam əsgərlərə səhərdən- axşamacan
Məni müharibəyə aparmayın...

Qəflətən səngərdən çıxıb qışqıracam düşmənlərə
Eeyy, içinizdə şair varsa, gəlsin bura
Kim gəlsə üz- gözündən, saqqalından öpəcəm
Yeməyini , içməyini söruşacam,
Siz tərəfdən körpələr çox öldümü, deyəcəm?
Üzr istəyib əlillərdən, ərsizlərdən, ağlayacam....
Müharibəni oyunçağa çevirəcəm
Məni müharibəyə aparmayın.

Alın, nə qədər istəyirsiziniz silah verim deyəcəm
Isti paltarınız yoxdursa, alın,
Yeməyiniz azdısa, götürün...
Bizdə saat 3-dür, siz də saat neçədir?
Deyin saatımı düzəldim.
Bəlkə siz də Viqtor Hüqonun “Səfillər”i ola?
Sizi toyuma çağıracam gəlin...
Xəbərdar eləyirəm qaçın,
Bu gecə sizi qıracağıq.
Gəlin son dəfə öpüşək
Siz yaşamalısınız deyəcəm!
Məni müharibəyə aparmayın
Müharibəni güldürəcəm
Müharibəni kiprit qutularından qurulmuş ev kimi uçurdacam
Müharibəni nigah kimi pozacam
Istəmirsiniz?
Onda
Yaxşısı budur, gedin rahat müharibənizi eləyin,
Məni müharibəyə aparmayın...


Həyatım haqqında bir neçə kəlmə

Cibimdəki sənədləri metro qatarlarının təkərlərinin altına tullayıb
Gedib bir çiçəyn ləçəklərinin altında ağlamaq istəyirəm,
Qoymurlar,
Deyirlər, çiçəyi biz əkmişik.

Başımı götürüb Bakının ən ucqar kəndlərinin birində
Balaca bir koma tikmək istəyirəm
Qovurlar
Deyirlər, torpağı biz yaratmışıq.

Dənizdən balıq tutmaq istəyirəm
Hasar çəkirlər
Çimmək istəyirəm
Pul istəyirlər
Deyirlər dəniz bizimdi...

Meşədə kölgəni də satırlar...
Deyirlər bizim ağacın kölgəsidir.

Imkanları olsa havanı da balonlara doldurub satarlar
Bir dəfə nəfəs almaq 10 qəpik...
Körpələr 5 qəpik
Qocalar 3 qəpik...
Şəhid uşaqları 18 yaşına qədər pulsuz...

Allahım,
Mənə çiçək ver
Mənə meşə ver
Mənə dəniz ver
Mənə ev ver
Mənə hava ver....


Şəkil

Adam yaxınlarda yox,
Uzaqlarda şəkil çəkdirər.
Məsələn, əsgərlikdə,
Ya da 1-ci ildə...
Ya yıxılan halda
Ya qaçan vaxtı
Ya da gülən vəziyyətdə şəkil...
Elə bir şəkil ki, min il oxunub qurtara bilməsin.

Partiya biletlərnin şəklilləri sahiblərinə bənzəmirlər
Çünki onlar həyatlarında yalnız birçə dəfə o cür dayanırlar
Heç uşaqlar da tanımaz atalarını.

Partiya sədrlərinə bir təklifim var
Atalar övladları ilə
Oğlanlar sevdikləri ilə
Babalar nəvələri ilə
Şəkil çəkdirib
Vursunlar biletin birinci səhifəsinə.

Çıxıb getmək istəyirəm
Şəkil çəkdirdiyim yerə
Şəkil çəkdirdiyim aya,
Şəkil çəkdirdiyim ilə.

Onsuzda çəkdirdiyimiz bütün şəkillər bir azdan uzaq olacaq
Elə bir uzaq ki, ora hələ gedib çata bilməmişik!

Qəşəm Nəcəfzadə

XS
SM
MD
LG