Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:24

Milli Şura qalıcı olmaq istəyir


Milli Şuranın 22 sentyabr mitinqi
Milli Şuranın 22 sentyabr mitinqi
-
Milli Şura rəhbərliyi qurumun saxlanacağını və daim fəaliyyət göstərən bir orqana çevriləcəyini açıqlayıb. Rəhbərliyin fikrincə, söhbət təkcə yeni seçkilərə hazırlaşmaqdan deyil, siyasi məhbusların buraxılması, demokratik azadlıqların təmin edilməsi uğrunda mübarizədən və korrupsiyaya savaş açmaqdan gedir.

«...BİZ BU YOLU GEDƏCƏYİK»

Qurumun prezidentliyə keçmiş namizədi Cəmil Həsənli deyir ki, əsas müxalifət Milli Şurada cəmləşdiyindən hakimiyyətlə mübarizəni də bu qurum aparacaq:

«Azərbaycanda vətəndaşlıq mövqeyi, vətəndaş ruhu olan, bu hakimiyyətlə barışmayan, bu hakimiyyətə qarşı mübarizə aparan qüvvələrin hamısı burada olacaq. Milli Şura bundan da güclü olacaq, çünki oğurluq səs hesabına formalaşmış bir iqtidar var, bir də milli mübarizədə iradə ortaya qoyan Milli Şura. Bu ölkəni Əliyev diktaturasından qurtaranadək, bu ölkədə azad, ədalətli, demokratik bir cəmiyyət qurulanadək biz bu yolu gedəcəyik».

Qurumun üzvlərindən başqa cür düşünənlər də var. Liberal Partiyasının rəhbəri Əvəz Temirxanın fikrincə, Milli Şura öz vəzifələrini yerinə yetirə bilməyib:

«Azərbaycanda azad, ədalətli cəmiyyət uğrunda mübarizə apardığı halda, Milli Şuranın özü qurumdaxili düşmənçiliyin girovuna çevrilib. Daxili düşmənçiliyin səbəbi idi ki, Lalə Şövkət Milli Şura üzvlüyündən istefa verdi. Girova çevrilmiş bir təşkilatda qalmağa artıq ehtiyac duymadıq».

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə
«ONLAR BUNA QADİR DEYİL»...

Politoloq Zərdüşt Əlizadə bildirir ki, bu qurumdakı ayrı-ayrı partiya liderləri birlikdə uzun yol gedə bilməzlər. Bu üzdən onların qarşıya qoyulan məqsədlərə çatması ağlabatan görünmür:

«Mən Milli Şuraya qalmasını, inkişaf etməsini və fəaliyyətini gücləndirməsini arzulayıram. Bu, sıravi vətəndaş kimi arzumdur. Amma şərhçi və siyasətşünas kimi deyirəm ki, Milli Şuranın missiyası bitib. Milli Şuranın vəzifəsi prezident seçkilərinədək və prezident seçkiləri dövründə idi. Onlar 2018-ci il seçkilərini nəzərdə tutub indidən ciddi şəkildə vahid namizəd, vahid proqram, vahid struktur haqqında düşünməyi bacarsalar, onda nəyə isə ümid bəsləyə bilərlər. Ancaq bu adamları tanıdığımdan əminəm ki, onlar buna qadir deyillər».

Bir başqa politoloq – Zəfər Quliyev daha nikbin düşünür. Onun fikrincə, Milli Şuranın indiki formatı təkmilləşsə, quruma əlavə qüvvələr cəlb olunsa, qurum öz məqsədlərinə yetişə bilər:
Zəfər Quliyev
Zəfər Quliyev

«Özəlliklə seçkisonrası dövrdə Azərbaycanda ciddi bir dəyişikliyə nail olmaq çox çətindir. Amma başqa gerçəklər də var. Seçkilər də göstərdi ki, cəmiyyətin özündə dəyişiklik istəyi həddən artıq güclüdür və sosial narazılıq da yetərincədir. Demək, Milli Şura cəmiyyətlə sıx ünsiyyətə girə bilsə, xalqla bütünləşməyi bacarsa, geniş auditoriya ilə münasibətlərini yaxşı qursa, hesab edirəm ki, bir çox şeylərə nail olmaq mümkündür».

Hakim Yeni Azərbaycan Partiyasının funksionerləri isə seçkisonrası çıxışlarında da Milli Şuraya qeyri-ciddi qurum kimi yanaşır, təşkilatın tezliklə dağılacağını söyləyirlər.

Milli Şura bu ilin iyununda qurulub. Təşkilatın sədri Rüstəm İbrahimbəyovdur. Qurumun gələcəkdə həmsədrlik əsaslarında fəaliyyət göstərəcəyi bildirilir.
XS
SM
MD
LG